İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə bu gün yeni həyat, yeni nəfəs qayıdır. Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerlə-yeksan edilən hər bir yaşayış məntəqəsində abadlıq-quruculuq işləri sürətlə davam edir. Prezident İlham Əliyev ardıcıl olaraq azad olunmuş ərazilərə səfərlər edir, aparılan işlərin gedişi ilə şəxsən özü tanış olur. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva bu günlərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına növbəti səfər zamanı bir sıra yeni tikililərin təməlini qoyub, eyni zamanda Böyük Qayıdışın başladığı Zəngilanın Ağalı kəndində orta məktəbin şagird-müəllim kollektivi və sakinlərlə görüşüblər. Dövlət başçısı deyib ki, burada həyat qaynayacaq: “Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər”.
Vətən müharibəsinin Qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra “Ağıllı kənd” layihəsinin ilk nümunəsi olaraq Zəngilanın rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Sakinlər yüksəkkeyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar.
Səfər zamanı mühüm hadisələrdən biri də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Bu, azad olunmuş ərazilərdə qısa müddət ərzində inşa edilən ikinci aeroportdur. Zəngilan Beynəlxalq Hava Limanının ilk ali qonağı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Beynəlxalq hava limanının istifadəyə verilməsi şübhəsiz ki, bölgənin inkişafında vacib rol oynayacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, Azərbaycan 2 ildən az müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verdi. Zəngilan aeroportu 45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura çatmağa imkan yaradır: “Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha gücləndirildiyindən xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş etdi. Qardaş ölkənin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edib. Regionda baş verən iqtisadi və geo-siyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limana niyə ehtiyacın olduğunu bir daha təsdiqlədi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək”.
Deputatın fikrincə, Zəngilan Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir: “Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə edilməklə yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir”.
Milli Məclisin deputatı Aydın Hüseynov isə deyib ki, dövlət başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir: “Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın da bu səfərlərdə iştirakı mühüm əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərdə çox vacib layihələr həyata keçirilir. Əsas məqsəd soydaşlarımızın öz ata-baba yurdlarına tezliklə qayıtmasıdır. Həm Qarabağ iqtisadi zonasında, həm də Şərqi Zəngəzur iqtisadi zonasında böyük işlərin görülməsinin şahidi oluruq. Hava limanlarının tikintisi, yolların çəkilməsi, yeni infrastrukturun yaradılması regiona böyük töhfələr verəcək. Digər tərəfdən həm Cəbrayıl, həm Qubadlı, bütövlükdə Şərqi Zəngəzur İqtisadi Zonası böyük iqtisadi potensiala malikdir. Orada kənd təsərrüfatı, turizm, eləcə də sənayenin bütün sahələrinin inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Əlbəttə infrastrukturların bərpası, yolların çəkilməsi görülən işlərin daha effektiv olmasına kömək edir. Bütün bu görülən işlər ölkə iqtisadiyyatına öz təsirini göstərəcək”.
çap et