Ermənistan rəhbərliyi sülh sazişi ilə bağlı prosesdən yayınmaq üçün müxtəlif variantlara əl atır. Məlum olduğu kimi, oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində keçirilən görüşlərdə Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərməsinə dair qərar verilib. Lakin Azərbaycan missiyanın ərazisində yerləşməsinə icazə verməyib, Ermənistan tərəfə gələn bu qrupla yalnız əməkdaşlığa razılaşıb. Ardınca isə ATƏT-in Ermənistana qiymətləndirmə qrupu göndərəcəyi bəlli olub.
Qurumun rəsmi saytının yaydığı məlumatda vurğulanıb ki, səfərin məqsədi ATƏT-in inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində onun mandatı və təcrübəsi əsasında müəyyən sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir. Qrup 21-27 oktyabrda Ermənistan hökumətinin dəvəti ilə ərazidə olacaq. Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan şərti sərhədi boyu ərazilərə səfər edəcək, eləcə də yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşəcək.
Əlbəttə ki, ATƏT-in missiya göndərməsi absurd addımdır və bu, heç bir halda Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasına xidmət etmir. ATƏT-in daxildə belə bu missiya ilə bağlı yekdil fikir yoxdur və məsələ razılaşdırılmayıb.
Digər sual yaradan məqam budur ki, Aİ missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var? ATƏT ötən 30 ildə sözdə münaqişənin nizamlanması ilə məşğul olub. Amma bir dəfə də işğal olunmuş ərazilərə missiya göndərməyib, fəaliyyəti yalnız 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin ezamiyyə pulları bölüşdürməsi, turistik səfərlərlə kifayətlənib. Dünyanın gözü qarşısında dağıdılan, məhv edilən Azərbaycan əraziləri ilə bağlı ATƏT bir dəfə səsini çıxarmayıb və münaqişənin nizamlanmasına heç bir töhfə verməyib. Necə ki, 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə “məşğul olublar” – nəticəsi isə bu gün də davam edən müharibədir.
Mövzunu “525”ə şərh edən Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Ermənistan rəhbərliyi sülh sazişini ləngitmək üçün bir sıra üsullara əl atmağa çalışır. Dünyaya, beynəlxalq təşkilatlara car çəkir, az qalır ki, digər planetlərdən də müşahidəçi dəvət etsin: “Məqsəd aydındır: sülh sazişi ilə bağlı prosesi ləngitmək. Ermənistan hakimiyyəti erməni diasporunun mövqeyindən çəkindiyi, ölkənin daxilindəki hakimiyyətdə olmuş keçmiş hərbi cinayətkarların etirazlarından qorxduğuna görə sülh sazişinin imzalanmasını uzadır. Baxmayaraq ki, bir sıra platformalarda onlar bu sazişi ilin sonuna qədər imzalanacağı barədə bəyanatlar veriblər. Təəssüf ki, Ermənistan tərəfi oyunlarını davam etdirir”.

A.Mollazadə düşünür ki, Ermənistan Ukraynada hadisələrin necə bitəcəyini gözləyir: “Onlar bundan asılı olaraq öz keçmiş sahiblərindən qaça biləcəklərini, hansı istiqamətdə qaçmalı olduqlarını, gələcək addımlarını düşünürlər. Bu məsələlərdə xaricdə yaşayan erməni diasporu ilə çoxlu ciddi ziddiyyət var. Onlar ümumuyyətlə, münaqişənin həllini istəmirlər, maraqlıdırlar ki, Azərbaycan ərazisində - Qarabağda yaşayan erməniləri bir qurban kimi istifadə etsinlər. Hansısa faciə baş versin, münaqişə yaşansın ki, onlar öz fondlarını, fəaliyyətini davam etdirə bilsinlər. Ermənistanda yaşayan əhali isə müharibələrdən yorulub, müharibə istəmir və bu ziddiyyət özü-özlüyündə Ermənistanı ağır vəziyyətə salıb. Onlar son qərarlarını verməkdən çəkinirlər, proseslərin necə inkişaf edəcəyini qorxu ilə gözləyirlər ki, növbəti dəfə bir imperiyadan digər imperiyalaların qucağlına atıla bilsinlər”.
Deputat hesab edir ki, ATƏT missiyasının regiona gəlməsinin münasibətlərin nnormallaşması prosesinə heç bir xeyri yoxdur: “Ümumiyyətlə, ATƏT və onun Minsk qrupu 30 ildə münaqişənin nizamlanmasında heç bir rol oynamayıb, sülh prosesinin irəliyə aparılmasında təşəbbüs göstərməyib. Ona görə də münaqişə hərbi yolla həll olundu. Digər tərəfdən qeyd etdiyim kimi, sadəcə olaraq Ermənistan tərəfi sülh sazişinin imzalanmasını ləngitmək üçün bu oyunları oynayır”.
A.Mollazadə hesab edir ki, missiya ilə bağlı ATƏT daxilində yekdil fikir olmması da başadüşüləndir: “Çünki bir sıra ölkələr Ermənistanın oyunlarını görür və təbii ki, həmin oyunlarda iştirak etmək istəmirlər. Sadəcə olaraq güclü, zəngin erməni diasporu olan ölkələrdə ilk növbədə ənənəvi olaraq lobbiçilik, siyasi korrupsiya texnologiyalarından istifadə edərək bu hökumətlərin qərarlarına təsir göstərə bilirlər”.
çap et