Dünya siyasəti sürətlə dəyişir. Artıq yalanı doğru kimi qələmə vermək işi çətinləşir. Bəşəriyyət sanki aldanmaqdan bezib. ABŞ prezidenti Barak Obamanın yeni doktrina adı altında Vest-Pointdə etdiyi çıxışa münasibət bu səbəbdən birmənalı deyil. Ekspertlər Vaşinqtonun atdığı konkret addımlarla təntənəli nitqlərdə deyilən fikirlər arasında fərqləri aydın göstərirlər. Bir çox ölkələrə qarşı aparılan piar kampaniyaları, onların daxili işlərinə qarışmaq kimi cəhdlər dünya ictimaiyyəti tərəfindən qəbul edilmir. Bütün bunların fonunda Obama administrasiyanın həyata keçirdiyi xarici siyasət kursunun təhlili maraqlı görünür.
ABŞ prezidenti B.Obamanın Vest-Pointdə hərbi akademiyada ölkənin xarici siyasətinin əsas prioritetləri haqqındakı çıxışına reaksiya birmənalı olmadı. Mütəxəssislər sırasında dövlət başçısının fikirlərinə tənqidi yanaşanlar çoxdur. Onlar prezidentin söylədikləri ilə rəsmi Vaşinqtonun həyata keçirdiyi siyasət arasında uyğunsuzluq olduğunu deyirlər.
Hətta Ağ Evin ekspertləri B.Obama komandasının xarici siyasətini qısaca belə qiymətləndiriblər: "Bəsdir, boş şeylərlə məşğul oldunuz" (bax: Karl Rove. Obama's Foreign Policy Fails His Own Test / "The Wall Street Journal", 11 iyun 2014). Bu tezisin əsassız yaranmadığını demək olar. B.Obamanın özü Asiya ölkələrinə səfəri zamanı təyyarədə jurnalistlərdən xahiş edib ki, həmin fikri alqışlasınlar. Yəni dövlətin rəhbəri açıq etiraf edir ki, xarici siyasətdə "boş şeylərlə məşğul olur".
Mütəxəssislər isə konkret faktlarla Amerikanın xarici siyasətinin ciddi problemlərlə qarşılaşdığını təsdiq edirlər. Məsələn, 2011-ci ildə B.Obama Bəşər Əsədin hakimiyyətdən getməli olduğunda israr edirdi. Lakin o, Suriya müxalifətinə yardıma risk etmədi. İndi B.Əsəd yenidən dövlət başçısı seçildi. B.Obama isə hələ də Suriya məsələsində konkret mövqe nümayiş etdirə bilmir. Başqa arqumentlər kimi Misir, İraq, İran və Əfqanıstan göstərilir. "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının Mosul və Tikriti də məhz Obamanın yanlış İraq siyasəti nəticəsində zəbt etdikləri yazılır (bax: əvvəlki mənbəyə).
B.Obamanın xarici siyasətinin "dişsizliyi" Rusiya və Çin istiqamətində atılan addımlarda da özünü göstərir. Rəsmi Vaşinqtonun Ukrayna məsələsində qərəzli davranması haqqında ekspert rəyləri vardır. Mütəxəssislər hesab edirlər ki, Amerika inkişaf etməkdə olan ölkələrlə Avropanın arasını vurmaqla məşğul olur.
Ukrayna böhranı ilə Brüssel dollar məkanına qaytarılır. Bir sözlə, ABŞ öz maraqları naminə dünyanın geniş bir məkanında növbəti dəfə ixtilaflar yaradıb (bax: Global systemic crisis-escalation in the US reaction for survival: trigger a cold war to make it easier to annex Europe / "Global Europe Anticipation Bulletin", №83, 16 mart 2014). Belə çıxır ki, Vaşinqton Aİ-Rusiya qarşıdurmasının müəyyən müddətə davam etməsində maraqlıdır.
Elə isə Amerikanın xarici siyasətdə hansı meyarlara əməl etdiyi haqqında sual meydana çıxır. Digər məlum faktları da nəzərə alanda B.Obamanın Vest-Pointdəki çıxışının sadəcə görüntü olduğu qənaətinə gələ bilərik. Konkret desək, orada prezident yeni tezisləri baş aldatmaq, yenilikçi kimi görünmək xatirinə deyib. Reallıqda isə ABŞ-ın xarici siyasəti köhnə mərəzlərdən qurtulmayıb.
Bunların fonunda son zamanlar Amerikada keçirilmiş bir sıra sorğunun nəticələri maraq doğurur. ABŞ-ın "FOX" telekanalının apardığı araşdırmalara görə, rəyi soruşulanların 56 faizi hazırkı xarici siyasi kursu bəyənmir. Respondentlərin 55 faizi isə B.Obama dönəmində Amerikanın zəiflədiyinə inanır. Sorğuda iştirak edənlərin 68 faizi B.Obama administrasiyasının B.Klintonun komandasına nisbətən zəif olduğunu deyib. Onu vurğulayaq ki, "FOX" telefonla təsadüfi nömrələri yığmaqla araşdırma aparıb. Yəni onun obyektivlik dərəcəsi yüksəkdir (bax: "Талибан" ослабил Обаму / "Gazeta.ru", 5 iyun 2014).
Bundan sonra "Gallup" İnstitutu sosioloji araşdırma aparıb. Rəyi soruşulanların 52 faizi B.Obamanın xarici siyasətdə fəaliyyətini bəyənmədiyini ifadə edib. Respondentlərin 55 faizi əmindir ki, B.Obama Amerikanı zəiflədib. Bu göstəricilər əvvəllər keçirilən sorğuların nəticələrindən aşağıdır. ABŞ prezidentinə inam azalıb, onu qətiyyətli siyasətçi kimi qəbul etmirlər (bax: Jeffrey M. Jones. Americans' Ratings of President Obama's Image at New Lows / www.gallup.com, 12 iyun 2014).
Şübhə yoxdur ki, bunlar təsadüfi rəqəmlər deyil. B.Obamanın illərdir apardığı xarici siyasətə ABŞ vətəndaşlarının verdiyi qiymətdir. Burada diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, ekspertlərin qiymətləndirməsi ilə vətəndaşların rəyi bir-birinə uyğundur. Dünyanın müxtəlif regionlarında Vaşinqtonun davranışlarının təhlili göstərir ki, yuxarıda ifadə edilən fikirlər reallığı əks etdirir.
Bu sırada Amerikanın müxtəlif ölkələrin daxili işlərinə qarışması diqqəti cəlb edir. Üstəlik, bu addıma qarşı müqavimət göstərənlərə qarşı təzyiqlər edilir. Düşündürücüdür ki, bu cür çirkin siyasi aksiyalara paralel olaraq "qara piar" kampaniyası aparılır.
Bütövlükdə götürdükdə Vaşinqtonun ikili yanaşmaya və ədalətsizliyə dayanan siyasət yeritdiyi haqqında mütəxəssislər həmişə deyiblər. Hətta Amerikanın tanınmış təhlilçiləri və politoloqları belə Amerikanın bir çox məsələlərdə qeyri-müəyyən mövqe tutduğunu, real vəziyyətə uyğun hərəkət edə bilmədiyini ifadə edən fikirlər söyləyiblər. Onların sırasında Vaşinqtonun Cənubi Qafqazdakı münaqişələrin həllinə ikili standartla yanaşmasını göstərə bilərik.
Uzun illərdir ki, Amerika işğalçı Ermənistanı müdafiə edir, ona maliyyə yardımı göstərir. Konkret məsələlər üzrə siyasi lobbiçiliyini əsirgəmir. Bu ölkədə baş verən korrupsiya, özbaşınalıq, insan haqlarının kütləvi pozulması, azərbaycanlıların tamamilə deportasiya olunması halları haqqında Vaşinqton inadla susur.
Rəsmi Bakıya gəldikdə isə, onun müstəqil siyasət yeritməsi okeanın o tayında kimlərisə razı salmır.
Onu da demək lazımdır ki, ümumiyyətlə, müsəlman dövlətlərə qarşı ABŞ-ın ikili standart siyasəti yeritdiyi özünü açıq-aydın göstərir. İraq dərhal vuruldu, Suriya sonu görünməyən böhrana düşüb, Əfqanıstanda illərdir ki, qan su yerinə axır, İraqı yenidən qarışdırırlar, İrana qarşı hansı planlar hazırlandığı sonra məlum olacaq, Türkiyənin sürətli inkişafını dayandırmaq üçün dəridən-qabıqdan çıxırlar. Bütün bunların fonunda xarici siyasətin hansı yeni doktrinasından danışmaq olar?
Burada doktrina deyil, boş söz yığını vardır. Bunu rəsmi Vaşinqton da bilir. Artıq dünya da ayılıb. İnsanlar anlayırlar ki, müxtəlif gəlişigözəl sözlərlə real siyasət arasında ciddi fərqlər vardır. Bəşəriyyət aldanmaqdan bezib. Bu səbəbdən də Vest-Pointdəki çıxış "ura" sədaları ilə qarşılanmadı. Müşahidələr göstərir ki, onun real geosiyasi proseslərə elə də təsiri yoxdur. Hadisələr əvvəlki axarı ilə davam edir. Qərb öz ikili standartlarına sadiqdir. Digər böyük dövlətlər də maraqlarını qorumaq üçün hər cür addımı atmaqdadırlar. Amerikanın səsi əvvəlki kimi gur deyil. Onun təsir gücü xeyli azalıb.
Newtimes.az
çap et