İri şəhərlərin iqtisadi-ictimai, sosial-mədəni və ümumən urbanık inkişaf perspektivlərinin konturları onların baş planı ilə müəyyənləşdirilir. Bu baxımdan, Azərbaycanın ikinci şəhərinin, tərtibi uzun müddət idi ki, davam edən baş planın ilkin variantının ərsəyə gətirilməsi Gəncənin müasir tarixi üçün əhəmiyyətli hadisədir.
Bir neçə gündür ki, Gəncənin baş planının həmin ilkin variantı səmərəli təklif və iradlar bildirmək üçün şəhər sakinlərinin müzakirəsinə çıxarılıb. Şəhər İcra Hakimiyyətinin inzibati binasının foyesində müqayisəli təhlil üçün həm əvvəlki, həm də yeni tərtib olunmuş baş planların böyük stendləri quraşdırılıb. Vətəndaşlar buradaca qeydiyyatdan keçib, yeni baş planın layihəsinə dair öz təklif və iradlarını yazılı şəkildə ifadə edə bilirlər. Vətəndaşlar tərəfindən bu yöndə qaldırılan məsələlər ümumiləşdirilərək, yenidən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuna göndəriləcək.
Xatırladaq ki, Gəncə şəhərinin yeni baş planın hazırlanması prosesi iki ildir ki, davam edir. Layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Fransanın "Vasconi Architects by Thomas Schinko" şirkəti tərəfindən həyata keçirilir.
Gəncə şəhərinin baş planının yeni tərtib edilmiş ilkin layihəsinə görə, şəhərdə əsasən, dörd, beş və doqquzmərtəbəli yaşayış binaların tikintisi nəzərdə tutulub. Baş planda həmin yaşayış massivlərinin konkret əraziləri, eləcə də yeni salınacaq yaşıllıq zolaqları və geniş dairəvi yollar öz əksini tapıb.

Ümumən 9700 yerlik məktəbəqədər müəssisələrin tikilməsi üçün 34 hektar ərazi ayrılması, Gəncəçayın sol sahil hissəsində isə 54 hektar ərazidə yeni regional əhəmiyyətli müalicə-sağlamlıq zonasının yaradılması da baş plandakı yeniliklər sırasındadır. Həmçinin, baş plana əsasən, ümumi hesabla klub, ictmai-icma mərkəzləri üzrə 20 min yerlik, kino-teatrlar üzrə 15 min yerlik, konsert zalları üzrə isə 2500 yerlik yeni obyektlərin tikilməsi, idman qurğularının da yenilənməsi planlaşdırılır. Baş planın yeni konsepsiyası şəhər həyatının canlandırılması ilə yanaşı, Gəncənin turizm potensialının yüksəlməsinə də xidmət edəcək.
"Bir müddət əvvəl Layihə Gəncə şəhəri İcra Hakimiyyətinin ictimai şurasında da müzakirə olunub, bir sıra təkliflər nəzərə alınıb. Şəhərdəki köhnə, fəaliyyəti dayanmış sənaye obyektlərinin ərazilərinin yaşıllaşdırılaraq, yeni "Nizami bağları"nın salınması da nəzərdə tutulur. Həmçinin, dahi mütəfəkkirimizin məqbərəsi ətrafında "Nizami şəhərciyi"nin, eləcə də Gəncəçay üzərindən tarixi "Xan körpüsü" salınması da təklif olunmuşdur. Hazırda da şəhər sakinlərinin yeni planı əyani araşdıraraq, təkliflərini bildirmək prosesi davam etdirilir" - deyə, şəhər Memarlıq və Tikinti şöbəsinin baş məsləhətçisi Səadət İmanova bildirib.
Gəncənin baş planı ilə əlaqədar şəhər sakinləri arasında sosial sorğular da təşkil olunub. Yaxın aylarda vətəndaş müzakirə və sorğularının nəticələri ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Gəncə şəhərinin baş planı ilkin mərhələdə 2027-ci, perspektivdə isə 2040-cı illər üçün inkişaf konsepsiyasına hesablanaraq hazırlanıb.
Zakir MURADOV, Gəncə
çap et