525.Az

21 oktyabr qəhrəmanları - Şahanə Müşfiq yazır


 

21 oktyabr qəhrəmanları - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Yəqin ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var olduğu müddətcə, hər il sentyabr ayının 27-dən noyabrın 10-na qədərki müddət şanlı Vətən müharibəmizin ildönümü kimi tarixdə və yaddaşlarda qalacaq. 2020-ci ilin bu 44 günü hər bir azərbaycanlı üçün önəmli, unudulmaz, həyəcan, sevinc, məyusluq, gözlənti, ümid dolu keçdi. Bu 44 gündə tək bir gün belə olmadı ki, gözümüzü sosial mediadan, televizordan, cəbhədən gələcək xəbərlərdən çəkib hansısa başqa bir mövzuyla maraqlanaq, nəyisə gündəmə çevirək. Gündəm mövzusu işıq sürətiylə dəyişən cəmiyyətimizdə deyəsən, ilk və tək mövzu idi ki, 44 gün və ondan sonra da bir müddət bütün ölkənin, hətta dünyanın gündəmini zəbt etməyi bacardı. Gözümüz, qulağımız, ürəyimiz, fikrimiz cəbhədən gələn xəbərlərə kökləndi, dualarımızdan ordumuz, əsgərlərimiz bir an olsun düşmədi. Biz bu 44 günlük müharibəni təkcə cəbhədə deyil, ruhumuzda, varlığımızda yaşadıq. Buna görədir ki, iki il keçməsinə baxmayaraq, hər il bu günləri eyni duyğularla keçirir, bu günlərdə şəhadətə qovuşan şəhidlərimizi hüznlə, azad olunan torpaqlarımızı isə sevinclə, qürurla anırıq.

lll

20 oktyabr 2020-ci il bir sıra kəndlərimizlə yanaşı, Zəngilan rayonunun azad olduğu möhtəşəm gündür. Bununla yanaşı, 20 oktyabrda Anar Əmirov, Cavid Həsənov, Elton Qənbərli, Hakim Bəşirov, Natiq Baxşəliyev, Ruslan Əsədov, Sadiq Həsənov, Vaqif İsmayılzadə və sair kimi ordumuzun qəhrəman zabit və əsgərləri şəhidlik zirvəsinə yüksəliblər. Necə deyərlər, bir gözümüz sevinərkən, o biri gözümüzün ağlamağa məhkum olduğu günlərdir bu günlər.

Bu gün- 21 oktyabr tarixi müharibənin 25-ci günüdür. Vətən müharibəsinin xronikasına nəzər salanda bu gün də qürur dolu hisslərlə tariximizə yazılıb. Çünki qəhrəman Azərbaycan ordusu bu gün Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib. Bu kəndlərin hər birinin azadlığı yüzlərlə vətən həsrətli, torpaq yanğılı insanın 30 illik həsrətindən qurtuluşu, torpağına, uşaqlığına, gəncliyinə, gözəl xatirələrinin uyuduğu doğma yurduna qovuşması deməkdir. Bəli, o insanlar bu günü yurdlarının düşmən işğalından azad olunduğu gün kimi xatırlayırlar.

Ancaq digər tərəfdə bu günü doğmasının, əzizinin, balasının şəhid olduğu, torpağa qarışdığı gün kimi yad edən yüzlərlə insan var. 21 oktyabr günündə Polkovnik-leytenant Anar Əliyev, baş gizirlər Azər Yusifli, Camal İsmayılov, kapitan Ruhin Xəlilov, leytenant Kamran Quluzadə, əsgərlər Mahsun Bağırzadə, Toğrul Atakişiyev və başqaları şəhadət zirvəsini fəth ediblər. Düz 25 gün torpaqlarımızın azadlığı uğrunda canıyla, qanıyla vuruşan bu qəhrəmanlar bu gün şəhidlik şərbətindən dadıblar.

lll

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev 40 illik ömrünün böyük hissəsini vətənə xidmətdə keçirmiş, müharibədən öncə də bir sıra önəmli əməliyyatlarda fərqlənmişdi.

Məsələn, 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunmuşdu. Anar Əliyev bu əməliyyatda yaxından iştirak edərək fərqlənmişdi.

O, Vətən müharibəsinə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının 11 oktyabr 2020-ci il tarixli 0120 saylı Sərəncamına əsasən qatılmışdı. Belə ki, Vətən müharibəsi zamanı A.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 günü Naxçıvanda xidmət etsə də, Komandanlığa müharibədə iştirak üçün müraciət edir.

Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. O, sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində vuruşur. Komandirliyini etdiyi briqadanın da iştirak etdiyi son əməliyyatlar nəticəsində, 21 oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilmişdi.

Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandan müavini Zaur Cavanşir və keçmiş Komandan müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, "772 metr" yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilmişdi.

Döyüş yoldaşlarının dediklərinə görə, o, qəfildən əvvəlcə, sağ qolundan, sonra isə gözündən vurulur. Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. A.Əliyevin gözünə iynə vurur. Lakin yaxınlıqda olan qarşı tərəfin açdığı güllə A.Əfəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Açılan intensiv atəş və atılan əl qumbarasından ağır yaralanan polkovnik-leytenant A.Əliyev və leytenant A.Əfəndiyev 21 oktyabr tarixində şəhid olurlar.

23 oktyabr tarixində onun nəşi mühasirədən çıxarılaraq Füzulidə yerləşən Diaqnostika mərkəzinə gətirilir. 24 oktyabr tarixində Diaqnostika mərkəzindən boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə son vida mərasimi üçün aparılır. 25 oktyabr 2020-ci ildə II Şəhidlər xiyabanında torpağa tapşırılır.

A.Əliyevin rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdı.

lll

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli 26 illik ömrünə şərəfli bir zabit həyatı sığışdırıb. O, əvvəlcə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Müharibə ərzində Sərhəd Qoşunlarının heyətində Cəbrayıl rayonunun Araz boyu olan yaşayış məntəqələri - Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ayın 18-də isə Dövlət Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat zamanı Xudafərin Körpüləri işğaldan azad olunmuşdu.

Oktyabrın 19-dan 20-nə ötən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlamışdı. Gecə saatlarında şəhər işğaldan azad olunmuşdur. Saat 04:00 radələrinə baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılıb. Təəssüf ki, igid döyüşçü oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində şəhidlik zirvəsinə yüksəlib.

lll

Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Aprel döyüşlərinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov müharibədə Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətlərində, həmçinin, Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşıb. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olub. Hadrut döyüşləri zamanı XTQ zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulur və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin edir.

C.İsmayılovun da daxil olduğu XTQ-nın 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin, digər dəstələrdən olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində C.İsmayılov və dəstənin bir neçə üzvü şəhadətə ucalıb.

lll

Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi, Birinci dərəcəli dövlət qulluqçusu Ruhin Xəlilov Ədliyyə kapitanı idi. O, Vətən müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib və 25 gün igidliklə vuruşub. 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. İkinci Fəxri xiyabanda dəfn edilib.

lll

Leytenant Kamran Quluzadə ali təhsilli hərbçi idi. O, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

K.Quluzadə Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub.

lll

22 yaşlı əsgər Mahsun Bağırzadə AMEA Lənkəran Regional Elmi Mərkəzində işləyirdi. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərliyə yazılıb, 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdı.

Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edən Mahsun Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. O, 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.

lll

20 yaşlı əsgər Toğrul Atakişiyev isə Müdafiə Nazirliyinin nəzdində Hərbi Polis İdarəsində çalışırdı. O, Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. T.Atakişiyev oktyabrın 21-də Hadrut döyüşləri zamanı şəhadətə yüksəlib. Beyləqan şəhərində dəfn olunub.

lll

Bu qəhrəmanlar müharibə zamanı xalqımızın bir gündə qurban verdiyi, öz şücaətləriylə, hətta şəhadətləriylə ordumuzun Qarabağa gedən yolunu açan Vətən fədailərimizdir. Onların hər birinin həyatı, keçdiyi döyüş yolu xalqımızın qürur yeri, gənc nəsillərin örnəyidir. Hər birini sayğı, ehtiram və qürurla anırıq. Allah rəhmət eləsin!

 





21.10.2022    çap et  çap et