Məlum olduğu kimi, İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib. Rəsmi açıqlamada təlimin illik plana uyğun olaraq təşkil edildiyi bildirilsə də, Tehranın məqsədinin fərqli olduğu açıq-aydındır. Antiazərbaycan xarakteri daşıyan təlim molla rejiminin əzələ nümayişdir. Necə ki, ötən ilin oktyabr ayında da İran Araz boyu ərazilərdə eyni ssenari sərgiləmişdi. "Güc nümayişi"nə cəhd edən İran, əksinə, bu təlimlərlə ordusunun qeyri-peşəkar, müasir hərbi standartlardan çox geridə qaldığını ortaya qoyur. Uzun illər tətbiq olunan sanksiyalar səbəbindən İran ordusu texnoloji baxımdan 1970-ci illər səviyyəsindən uzağa gedə bilməyib. Yayılmış kadrlardan aydın oldu ki, İranın ağır texnikası köhnə tanklar və s. ibarətdir. Təlimlər zamanı hədəflərin düzgün müəyyən edilməməsi, öz texnikasının hədəf götürülməsi və dağıdılması halları baş verdi ki, əvvəlki təlimlərdə eyni hallar dəfələrlə qeydə alınıb. Hətta İran ordusu buna görə artıq lağ obyektinə çevrilib.
Heç kəsə sirr deyil ki, bu gün İran Ukrayna şəhərlərinin, mülki əhalisinin hədəf götürülməsində birbaşa iştirak edir. Riyakarcasına inkar etməsinə baxmayaraq, bununla bağlı faktlar mövcuddur. Molla rejimi dronlarını, mütəxəssislərini Ukraynaya qarşı hərbi əməliyyatlarda iştiraka cəlb edib. İranın ciddi-cəhdlə təriflədiyi dronlar Ukrayna ordusu tərəfindən asanlıqla məhv edilir.
Əlbəttə ki, İranın əzələ nümayişi bu gün heç kimi, o cümlədən də, Azərbaycanı qəti narahat etmir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında bildirib: "Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır".
İran bu mesajdan ciddi nəticə çıxarmalı və hansı qüvvə ilə üz-üzə gəlmək istədiyini anlamalıdır. Başa düşməlidir ki, Azərbaycanın atdığı addımlar, o cümlədən də, Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi güdür.
Prezident Ərdoğan mətbuata birgə bəyanatında bununla bağlı bildirib: "Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır... Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək".
İran öz ənənəsinə sadiq qalaraq ermənipərəst və antiazərbaycan siyasətini davam etdirir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana son səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İrəvana səfər etdi. İran bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməli ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirib, birgə layihələr həyata keçirilib. İran rəhbərləri müntəzəm qaydada Ermənistanın Koçaryan və
Sarkisyan kimi əli Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə qucaq açıb, İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar veriblər.
30 illik işğal dövründə İran həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada məscidləri bərpa etməklə Ermənistanın "humanist" simasını qoruyub saxlamağa çalışıb. İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər.
44 günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinı və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib.
Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, hərbi təlimlər keçirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər. Müsəlmanların qanını axıdan bir dövlətə dəstək verən İranın İslami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir haqqı yoxdur.
İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət də rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərir.
Başqa bir məqam, İran hakimiyyətinin azərbaycanlılara münasibətidir. Orda soydaşlarımız bütün hüquqlardan məhrum edilib, ana dilində təhsil almaq, yazmaq hüquqları belə əllərindən alınıb. İranda azərbaycanlıların hər hansı birlik, təşkilat yaratması hakimiyyətə və dövlətə qarşı təhdid kimi dəyərləndirilir və bundan irəli gələn sərt addımlar atılır. Ermənilər isə İranda bütün imkanlardan istifadə edirlər, öz dillərində KİV-ləri fəaliyyət göstərir, ana dilində təhsil alırlar.
İranda hazırda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir.
Cənubi Azərbaycandakı 35 milyon soydaşımızın öz hüquqlarını tələb etmək, müstəqil olmaq və Cənubi Azərbaycanda öz dövlətlərini qurmaqla öz taleyini müəyyənləşdirməyə tam haqqı çatır. Molla rejimi, fars şovinizminin qəddarlığından bezən soydaşlarımız ayağa qalxmalı və İslami dəyərlərdən, ədalət, insaniyyət anlayışından uzaq olan molla rejiminin başında duranlara layiq olduqları yeri göstərməlidirlər. Bu, İranın ərazi bütövlüyünün pozulması demək deyil. Çünki bu dövləti də məhz biz - Səfəvilər, Nadir şah, Qacarlar və s. qurub. Bu, tarixi ədalətin bərpasıdır.
Bu gün İranın təsiri altında olan, bu ölkənin müxtəlif mənbələrindən maliyyə alan iranmeylli "5-ci kolon" fəalları başa düşməlidir ki, onlardan öz xalqına və dövlətinə, ölkəmizin milli maraqlarına qarşı istifadə olunur. İran mollaları belələrinin beyinlərini yumaqla, maliyyələşdirməklə Azərbaycan daxilində öz dayaq nöqtələrini formalaşdırır, təxribatlar üçün plasdarm hazırlayırlar. Bu şəbəkə ifşa olunmalı, onların fəalları Azərbaycan cəmiyyətinə təqdim edilməli və ən sərt şəkildə qınaq obyektinə çevrilməlidirlər.
çap et