Ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək, qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə hökumət tərəfindən neçə illərdir, ardıcıl və məqsədyönlü addımlar atılır. Bu məqsədlə prioritet təşkil edən fəaliyyət sahələrindən biri də turizm sektorudur. İndiyə qədər bu sahəni dirçəltmək, xarici turistlərin ölkəmizə marağını daha da artırmaq üçün bir çox layihələr həyata keçirilib. Ancaq statistikaya diqqət yetirəndə nəticənin gözlənildiyi kimi olmadığı üzə çıxır.
Bəs hökumətin də xüsusi diqqət və qayğısına baxmayaraq, turizm sektorunda qənaətbəxş nəticəyə nail olunmamasının səbəbləri nədir? İqtisadçı Pərviz Heydərovla söhbətimizdə də elə bu məsələlərə aydınlıq gətirməyə çalışmışıq.
- Pərviz bəy, sizcə, ölkənin turizm sektorunun indiki durumu necədir, bu sahədə inkişaf varmı?
- Pandemiya başlayana qədər ölkənin turizm sektorunda vəziyyət kifayət qədər yaxşı idi. Hökumət bu sahəyə xüsusi diqqət yetirdi, dövlət və özəl subyektlər tərəfindən turizm sektoruna yüksək səviyyədə vəsait yatırılmışdı.
2015-ci ildə dünya bazarında neftin qiyməti ucuzlaşdı, bundan sonra qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsi daha da aktuallaşdı, gəlinən qənaətlərdən biri də o oldu ki, təkcə neftə bel bağlamaq olmaz, qeyri-neft sektorunun inkişafı zəruridir və bu sahədə qısa müddət ərzində ciddi nəticələrə nail olunmalıdır. Bundan sonra qeyri-neft sektoruna aid olan digər sahələr kimi, turizm sektoruna da xüsusi diqqət yetirilməyə başladı. Hələ mən heç onu demirəm ki, həmin il Azərbaycanda "Avropa oyunları" keçirildi, ondan da öncə - 2012-də "Eurovision" mahnı müsabiqəsinin finalı Bakıda oldu, Azərbaycanda "Formula 1" yarışları təşkil edildi və bunlar Azərbaycana turist axınının təşkilində önəmli rol oynadı. Ümumiyyətlə, dövlətin həyata keçirdiyi ardıcıl təbdirlər hesabına otelçilik biznesi, turizm sektoru inkişaf etdi. Təsəvvür edin ki, 2017-ci ildən 2019-a qədərki dövrdə ardıcıl olaraq Azərbaycana turist axını sürətlə artırdı. Təəssüf ki, 2020-ci ildə pandemiya bunun qarşısını aldı. Təkcə Azərbaycanda yox, bütün dünyada pandemiya ən böyük zərbəni turizm sektoruna vurdu. Pandemiyadan öncə Azərbaycanda ərəb turistlərin əlindən tərpənmək olmurdu. Hətta rayonlarda da marketə girirdin, yerli müştərilərdən çox ərəblərə rast gəlirdin. Otellərə gedirdin, orda da əsasən, ərəblərlə rastlaşırdın. Bu da öz növbəsində ölkəyə valyuta gətirirdi. Təəssüf ki, bunun qarşısını, yenə təkrar edirəm, pandemiya aldı. Hələ də biz bunun nəticələrini hiss etməkdəyik. Amma 2021-ci ildən sonra biz bərpa dövrünə başladıq. Mən bu il Qəbələ rayonuna getmişdim, orada turizm sektorunda müəyyən bərpa proseslərinin şahidi oldum.
Demək istəyirəm ki, Azərbaycanda turizmin inkişafı üçün otelçilik sahəsi də, xidmət sektoru da yüksək səviyyədə təşkil edilib, burada yeganə mənfi amil qiymətlərin çox yüksək olmasıdır. Qiymət məsələsində biz Gürcüstanın, Türkiyənin turizm sektoruna uduzuruq.
- Nəyə görə Azərbaycana inkişaf etmiş ölkələrdən yetərincə turist axını olmur?
- Dediyim kimi, səbəb qiymətlərin həddindən artıq yüksək olmasıdır. Etiraf edək ki, turizm sektoruna yönəltdiyimiz investisiya və vəsaitlərin müqabilində təəssüf ki, Gürcüstana uduzuruq. Türkiyə ilə isə heç müqayisə etmək olmaz. Biz qonşu Gürcüstandan da geridə qalırıq. Bu, pandemiyadan öncə də, ərəblərin buraya güclü axını olduğu vaxtda da belə idi. Təsəvvür edin ki, sənin öz vətəndaşın pulunu Qəbələyə, Şəkiyə, Şamaxıya, Masallıya və digər turizm bölgələrinə sərf etmək əvəzinə, ölkədən çıxıb Türkiyəyə, Gürcüstana üz tutur. Nəyə görə? Müştəri puluna uyğun ucuz, keyfiyyətli xidmət istəyir. Bu mənada öz vətəndaşlarımızın da Gürcüstana üz tutması faktı bizə bir siqnal idi ki, Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı müəyyən problemlər mövcuddur. Bunun da əsasını dediyim kimi, birincisi, qiymət amili təşkil edir, ikincisi də xidmət. Əgər biz qiymət məsələsində mövcud nöqsanları aradan götürsək, onda yaxın müddətdə Azərbaycanda turizmin inkişafında yenidən yüksəliş dövrünü yaşamağa başlayacağıq.
- Bəs ölkədə xidmət səviyyəsinin aşağı olması, kafe və restoranlarda işləyənlərin xarici dil bilməməsi kimi faktorlar turizm inkişafına mane olmur?
- Əlbəttə, bu amillər bəlkə, qiymət məsələsindən də vacib problemdir: ofisiantların dil bilməməsi məsələsi, göstərilən xidmətin beynəlxalq standartlara uyğun gəlməməsi, otelçilik sahəsində təhsil səviyyəsinin, təlimin lazımi dərəcədə təşkil olunmaması və s. Müştərinin qabağına hər hansı bir qida məhsulunun aparılmasının özü də müəyyən bir təhsil, savad tələb edir. Bu, adi bir iş deyil. Əgər sən hər hansı bir rayonda beşulduzlu otel tikirsənsə və həmin rayonun kəndindən heç bir dil bilməyən, turizm sahəsində təhsili, təcrübəsi olmayan bir adamı oraya işçi kimi gətirirsənsə, əlbəttə, o adamın göstərdiyi xidmət, hələ Avropa ölkələrindən demirəm, heç ərəb ölkələrindən gələn turistin də xoşuna gəlməyəcək. Üstəlik də, menyudakı qiymətləri görəndə turist narazı qalacaq. Çünki xidmət o cür qiymətlərə uyğun deyil.
Bir nüansı da qeyd edim: məsələn, adını qoyurlar beşulduzlu otellər, rayonlarda komfortlu, yüksək dizayna malik otellər tikirlər, qarşısında park, hər cür şərait, taksi xidməti və sairə də var, amma faktiki olaraq xidmətindən istifadə etdikdə görürsən ki, bu, beşulduzlu otelə uyğun olmayan xidmətdir. Bakının mərkəzində beşulduzlu otellər var, amma onların bir çoxunda xidmət beşulduzlu otelə uyğun deyil axı.
- Xidmət sahəsindəki bu problemlər nədən qaynaqlanır və buna dövlət nəzarəti olmalıdırmı?
- Xidmət sahəsindəki problemlər turizm sektorunda müvafiq dövlət siyasətinə lazımi səviyyədə əməl edilməməsindən qaynaqlanır. Yəni əgər bir otel, bir istirahət mərkəzi, bir restoran ərəb, alman, türk, rus və ya digər ölkələrdən gələn turistlərə öz ağlına gələn, istədiyi qiyməti oxuyursa, bu, özbaşınalıqdan başqa bir şey deyil. Həmin xidmət sahəsi dövlət nəzarətində olmalıdır, dövlət həmin xidmətlərin standartlarına yaxından bələd olmalıdır və o standartlara uyğun da müvafiq tarif siyasəti həyata keçirilməlidir.
- Bəs restoran və kafelərdə işçilərin yetərli sayda olmaması və belə olduğu halda müştərilərdən servis haqqının alınması nə dərəcədə doğrudur sizcə?
- Bu, restoran və ictimai-iaşə obyektlərinin özbaşınalığından başqa bir şey deyil. Nəyə görə mən daxil olduğum hansısa restoranda ödənişi pos-terminal vasitəsilə ödəmək istəyəndə obyekt sahibi desin ki, bizdə pos-terminal aparatı işləmir və ya ümumiyyətlə, pos-terminal yoxdur? Nəyə görə? Bunun özü həmin obyektin vergidən birbaşa yayındığının, həyata keçirdiyi tarif siyasətinin onun göstərdiyi xidmətə uyğun olmadığının göstəriciləridir. Cibimdə nağd pul yoxdur, lakin kartla istənilən restoranda oturub yeyib-içirəm və hesabı kartla ödəmək istəyirəm, amma Bakı şəhərində hər 3 restorandan ikisində pos-terminal yoxdur, nəğd ödəniş tələb edirlər. İçkilərin üstünə xeyli pul qoyurlar, halbuki yaxınlıqdakı marketdə qiymət bundan qat-qat aşağıdır. Tutaq ki, restoranda "Coca-cola"nın qiyməti minimum 3-4 manatdır. Lakin yaxınlıqdakı mağazada onun qiyməti 1 manat 20 qəpikdir. Restoran da bunu yaxınlıqdakı mağazadan alıb gətirir də, uzaq yerdən gətirmir ki. Ona görə də həmin restoran pos-terminaldan istifadə etməkdən qaçır. Çünki sabah vergi orqanı ora gəlsə, soruşacaq ki, bu qədər qiyməti nəyə əsasən qoyursan? Bax turistləri də buradan qaçıran amillər bunlardır. Tutaq ki, ərəb turist taksidən istifadə etmək istəyir və taksi sürücüsünə deyir ki, məsələn, 28 maydan Hava limanına gedəcək. Taksi sürücüsü turistin onun pullu olduğunu düşünür və misal üşün, həmin məsafəyə görə taksi xidməti 20 manatdırsa, ona 40 manat qiymət oxuyur. Amma sabah həmin turist öz ölkəsində və ya Azərbaycandan çıxdıqdan sonra başqa bir ölkəyə getdiyi zaman onu Azərbaycanda aldatdıqlarını başa düşəcək, sonra ikinci dəfə bura gəlməyəcək. Təəssüf ki, bu özbaşınalıqlara görə kimdənsə hesabat tələb edən yoxdur. Halbuki pos-terminaldan istifadədən yayınmaq cinayət xarakteri daşıyır. Heç bir restoran sahibinin həyata keçirdiyi qiymət və tarif siyasətinə görə hesabatlılığı yoxdur. Bu isə ümumən Azərbaycanda xidmət sektorunun müvafiq qiymət siyasətinin tələb və təklifi əsasında formalaşmadığını göstərir. Ona görə də bu məsələyə müvafiq dövlət orqanlarının nəzarəti lazım və vacibdir. Bu, elə bir əziyyətli iş də deyil. Sadəcə müvafiq dövlət qurumları sahibkardan tələb etməlidir ki, məsələn, sahib olduğu obyektdə mütləq pos-terminalın olsun. Bunlar ilk baxışdan xırda məsələlər kimi görünsə də, ölkəmizdə turizmin inkişafına mane olan əsas amillərdən biridir.
- Bu xidmət sahələrinin inkişafı üçün hansı ölkələrin təcrübəsindən istifadə etmək daha yaxşı olar?
- Fikrimcə, bizim üçün Türkiyə nümunəsi əsas örnək olmalıdır. Bundan əlavə, Yunanıstanın, İtaliyanın, Fransanın təcrübəsindən də istifadə etmək olar. Bu ölkələrdə olduğu kimi, Azərbaycanda da tarixi abidələr çoxdur. Bu amil də turizm sektorunun inkişafı üçün çox əhəmiyyətlidir. Mövcud imkanlarla biz turizm sektorundan elə bir gəlir götürə bilərik ki, qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi məhz bu sahə ola bilər. Həm tarixi abidələrimiz, həm zəngin mətbəximiz, həm də qonaqpərvərliyimiz, mental cəhətlərimiz baxımından bizim çox böyük potensialımız var. Sadəcə olaraq bir sıra prosedurlar var ki, onlara diqqət yetirmək lazımdır. Məsələn, əgər bir obyekt işləməyə ofisiant götürürsə, o, xarici dil bilməlidir. Demirəm ki, o, dili mükəmməl bilsin, amma müəyyən dərəcədə, ünsiyyət qura biləcək səviyyədə bilməlidir. İstədiyi geyimdə yox, vahid formada olmalı, müştərinin qarşına yemək qoyanda əlində əlcək olmalıdır. Hətta belə xırda detalların da bu işdə çox böyük əhəmiyyəti var.
- Turizm sahəsində belə bir təcrübə də var: turizm bölgələrinin reklamını və marketinqini aparmaq.
- Turizm sektorunun özündə rəqabət olmasa, orada inkişaf da olmaz. Məsələn, nəyə görə Qəbələ rayonunun turizm potensialı, digər rayonlarla - Quba, Şamaxı, Lənkəran, Masallı ilə eyni vaxtda televiziyada, mediada reklam olunmasın? Hər rayonun, hər bölgənin spesifik potensialı var. Hətta fərqli mətbəxtlər də buraya aiddir. Məsələn, Lənkəran-Masallı bölgəsində ləvəngi yeməyi onların mətbəxinin ən şah əsəridir. Qəbələdə isə ləvəngi yox, başqa yeməklər üstünlük təşkil edir. İndi nəyə görə bunlar ayrı-ayrılıqda özlərini reklam etməsin? Xarici turisti qoyaq bir kənara, yerli turistlərin hesabına da xeyli qazanc əldə etmək potensialımız böyükdür. Yay aylarında xeyli vətəndaşlarımız dincəlmək üçün xarici ölkələrə üz tuturlar. Hər rayon, hər bölgə özünü yaxşı təqdim etsə, daha yaxşı olar. Onda səyahət çıxmaq istəyən adam da deyər ki, məsələn, keçən il Qəbələni görmüşdüm, bu il Lənkərana gedim, o biri yay da Şəkiyə gedərəm. Bunun üçün isə turizm sektorunda çalışan iş adamlarının öz işlərinə ciddiyyətlə və məsuliyyətlə yanaşmaları lazımdır.
Fərid SANÇAR
çap et