İyunun 18-də "Nizami" kino mərkəzinin konfrans zalında "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsinə həsr edilmiş mətbuat konfransı keçirilib. Sənədli filmlər həftəsi Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı şəhəri Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə iyunun 19-dan 26-dək açıq olacaq.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə mətbuat konfransında çıxış edib. O bildirib ki, Bakıda, Sumqayıtda, Ağdamda, Oğuzda, Göyçayda, Qubada, Biləsuvarda və Xaçmazda 11 sənədli film nümayiş etdiriləcək.
A.Sultanzadə demişdir: "Tədbir Azərbaycan Silahlı Qüvvələr Gününə həsr edilib. Filmlər "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyalarında çəkilib. Bundan əvvəl Qaxda Cavanşir Rəhimov haqqında "Cavanşir" filmi və Masallıda Səfərəli Məmmədov haqqında "Qəhrəman polis" filmləri göstərilib. Hər iki film tamaşaçılara güclü təsir bağışlayıb".
"Haqqa söykənmiş həyat" və "Həsrətlə cənnətə qovuşanlar" filmlərinin rejissoru Zamin Məmmədov vurğulayıb ki, bütün azərbaycanlılar öz xalqının böyük vətənpərvərlərinin keçdiyi mürəkkəb həyat yolu barədə bilməlidirlər.
Gültəkin Əsgərovaya həsr edilmiş "Gültəkin" filminin rejissoru Kəmalə Musazadə bu cəsur qadının həyatı barədə söhbət açaraq, qeyd edib ki, bu filmlərin əsas məqsədi gənclərdə və böyüməkdə olan nəsildə vətənpərvərlik ruhunu yüksəltməkdir.
"Bitməyən ömür" filminin rejissoru Seyran Mahmudoğlu bu mühüm tədbirin keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
Milli Qəhrəmanlar haqqında filmlər aşağıdakı cədvəl üzrə nümayiş etdiriləcək: 19 iyun - "Qəhrəman" (Əfqan Hüseynov haqqında, Bakı), 20 iyun - "Gültəkin" (Gültəkin Əsgərova haqqında, Bakı), "Vətənim mənim" (Koroğlu Rəhimov haqqında, Oğuz), "Azərbaycanlı Yura" (Yuri Kovalyov haqqında, Göyçay), "Bitməyən ömür" (Yavər Şahbazov haqqında, Xaçmaz), 22 iyun - "Haqqa söykənmiş həyat" (Asif Məhərrəmov haqqında, Ağdam), 24 iyun - "Mübarizlik zirvəsi" (Mübariz İbrahimov haqqında, Biləsuvar), 25 iyun - "Adadan başlayan yol" (Rasim İbrahimov haqqında, Bakı), "Həsrətlə cənnətə qovuşanlar" (Mətləb Quliyev haqqında, Sumqayıt), "Dostuma məktub" (Albert Aqarunov haqqında, Quba), 26 iyun - "Xatirələrdə yaşayan ömür" (Məzahir Rüstəmov haqqında, Bakı).
Seanslara giriş sərbəstdir.
çap et