Şəki şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycanın gənc sənətkarların dekorativ-tətbiqi sənət müsabiqəsinin yekunlarına həsr olunmuş yekun sərgi və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. XIX əsrə aid tarixi-memarlıq abidəsi "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində təşkil edilən mərasimdə Gənclər və İdman Nazirliyinin rəsmisi Kənan Kərimov çıxış edərək "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə keçirilən bu müsabiqənin yaradıcı gənclərin istedadlılıq qabiliyyətlərinin üzə çıxarılması, onların təcrübə, bilik və bacarıqlarının daha da artırılması məqsədi daşıdığını bildirib: "Müsabiqənin ilkin seçim mərhələsi bu ilin fevral-mart aylarında yerlərdə keçirilib. İlkin mərhələdə seçilmiş ən yaxşı əl işləri müsabiqənin yekun sərgisinə təqdim olunub. Müsabiqənin yekun sərgisində respublikanın 16 şəhər və rayonunu təmsil edən 120 gənc sənətkarın dekorativ-tətbiqi sənətin 8 növü üzrə 200-dən artıq əl işi nümayiş etdirilir".
Nazirliyin rəsmisi sərgidə iştirak edən gənc müəlliflərin gələcəkdə xarici ölkələrdə keçiriləcək beynəlxalq sərgilərdə, müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini bildirib.
Sərgi ilə tanışlıqdan sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Münsiflər heyətinin rəyinə əsasən, xalçaçılıq, qobelen, batika, dulusçuluq, zərgərlik, bədii şüşə, bədii tikmə və digər növlər üzrə qalib gəlmiş gənc müəlliflərə sertifikat və pul mükafatları təqdim olunub. Yekun sərgi iki gün davam edəcək.
çap et