525.Az

“Məktəblinin sualı və ya hansısa problemi olarsa, onu şagirdin aydınlaşdırmaq imkanı mütləq olmalıdır”


 

“Məktəblinin sualı və ya hansısa problemi olarsa, onu şagirdin aydınlaşdırmaq imkanı mütləq olmalıdır”<b style="color:red"></b>

“Son günlər məktəblərimizdə baş verən xoşagəlməz hallar, şagirdlərin bir-birini döyməsi, müəllimlərə qarşı hansısa addımları atmaları onu göstərir ki, məktəblərdə müəllim, şagird və valideyn münasibətlərinə yenidən baxmalıyıq. Bu bir reallıqdır ki, proses tənzimlənməlidir. Əgər tənzimlənməsə, növbəti dövrlərdə biz belə halların daha da artdığını müşahidə edəcəyik”.

525.az-ın xəbərinə görə, bunu millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkili qeyd edib ki, bu cür məsələlər qanunla, nümunəvi əsaslar və nizamnamə ilə tənzimlənməlidir:

“Ancaq Elm və Təhsil Nazirliyi bunu qaydalar formasında həyata keçirtmək istəyir. Görünən budur ki, burada həm də beynəlxalq təcrübə əsasında cəza qaydaları, normalar müəyyən edilib. Amma mən hesab edirəm ki, bu təşəbbüs maraqlıdır və biz bu prosesi tənzimləməli və burada daha çox əsasnamələrə, qanunlara, nizamnaməyə istinad etməliyik. Hələlik, bu bir təşəbbüsdür.Ona görə də, hesab edirəm ki, qaydaların daha çox və daha geniş müzakirəsi həyata keçirilməlidir ki, tam normal və yaxşı nəticə çıxarılsın. Bilirsiniz ki, reaksiyalar fərqli oldu, ona görə düşünürəm ki, cəmiyyətdə, məktəblər, ayrı-ayrı qurumlar tərəfindən geniş müzakirəsinə ehtiyac var. Ondan sonra müəyyən məsələlərə baxmaq, müzakirə aparmaq olar. Amma bütün hallarda biz çalışmalıyıq ki məktəblərdə belə halların baş verməməsi üçün hansısa addımları ataq. Yəni bu münasibətləri elə formada tənzimləyək ki, sonrakı dövrdə daha acınacaqlı və xoşagəlməz hallarla üzləşməyək”.

Millət vəkili həmçinin layihədə qeyd olunan “məktəb heyətinin üzvləri ilə iş saatlarında və ya təyin olunmuş vaxtda əlaqə saxlamalı, axşam saatları, istirahət və bayram günlər məktəb heyətinin üzvlərini ciddi səbəb olmadan narahat etməkdən çəkinməlidirlər” məsələsinə də toxunub:

“Burada beynəlxalq təcrübə əsas götürülüb. Amma belə sənədlər hazırlanarkən yerli təcrübə və ənənələr də mütləq nəzərə alınmalıdır. Bizdə vəziyyət bir qədər fərqlidir. Buna görə də, bu məsələ cəmiyyət tərəfindən qəbul edilmir. Amma mən hesab edirəm ki, əksinə bu cür problemlərin baş verməsinin kökündə kommunikasiya münasibətlərinin yüksək və yaxşı səviyyədə olmaması durur. Biz əgər bu münasibət və əlaqələri, kommunikasiyanı gücləndirsək, o cür hallar az olar. Hesab edirəm ki, bu məsələyə mütləq baxılmalı, müzakirə olunmalıdır. Məktəblinin sualı və ya hansısa problemi olarsa, onu şagirdin aydınlaşdırmaq imkanı mütləq olmalıdır”.

Sevinc Qarayeva

 





24.10.2022    çap et  çap et