525.Az

İranın əzələ nümayişi: köhnə silahlar, tövlə-konsulluq


 

İranın əzələ nümayişi:  köhnə silahlar, tövlə-konsulluq<b style="color:red"></b>

İranın son addımları, o cümlədən, Azərbaycanla sərhəddə hərbi təlim keçirməsi Tehran rejiminin riyakarlığını bir daha sübut etdi. Sözdə müsəlman həmrəyliyindən danışan İran təcavüzkar, terrorçu, müsəlman abidələrini təhqir edən, dağıdan Ermənistanın yanında olması ilə bu həmrəyliyə, birliyə ən böyük zərbəni də elə özü vurur. Torpaqlarımızın 30 ilə yaxın işğal altında olduğu dövrdə İran nəinki Ermənistanla əlaqələrini məhdudlaşdırdı, əksinə, bu işğalın davam etməsi üçün İrəvana hərtərəfli dəstəyini göstərdi, siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini genişləndirdi. Bu ölkənin sabiq rəhbərlərinə   - cinayətkar xunta rejiminə rəhbərlik etmiş Xocalı cəlladlarına - Koçaryana və Sarkisyana isti münasibət sərgilədi. İşğal dövründə İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar həmişə gündəmdə olub. Bu gün də eyni siyasət davam edir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İrəvana səfər etdi. Qafanda üzlüyü vurulmamış binada tələsik konsulluq açdı. Həm təlimləri, həm də tövləyə bənzəyən konsulluq binası ilə özünü lağ obyektinə çevirdi. Tehran əzələ nümayişi ilə əslində köhnə silahlarını, ordusunun qeyri-peşəkarlığını, müasir dövrün hərbi standartlarından çox geridə qaldığını göstərmiş oldu. Bəli, uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordusu texnoloji baxımdan 50 il əvvəlki səviyyədə qalıb. Amma istənilən halda, bu davranışları ilə İran Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini növbəti dəfə təsdiqlədi.

30 illik işğal dövründə İran Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin təhqir olunmasına susub. Bu azmış kimi İrəvanda, Şuşada məscidlərin "bərpa" adı altında əslində saxtalaşdırılması prosesində yaxından iştirak edib.  44 günlük Vətən müharibəsində də İran Azərbaycanın qələbəsini həzm etmirdi. Müharibənin gedişində Ermənistana silah yardımları edir, Azərbaycana qarşı hər cür vasitələrdən istifadə edirdi. Necə ki, indi oxşar ssenarini Ukraynada təkrarlayır. Ancaq çirkin niyyətinə nail ola bilmədi. İran rəhbərliyi Azərbaycanın qələbə qazandığına əmin olduqdan sonra sonuncular sırasında ölkəmizə dəstək ifadə edən bəyanat verib.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında da qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir: "Ancaq eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır".

İran da bu mesajdan ciddi nəticə çıxartmalıdır.

Siyasi şərhçi Eiçin Mirzəbəyli mövzu ilə bağlı "525"ə bildirib ki, İranın Azərbaycanla sərhəddəki təliminin məqsədi ilk növbədə Azərbaycanın regionda oynadığı rol və həyata keçirmək istədiyi layihələrlə bağlıdır: "Mahiyyət etibarilə bu gün bölgədəki təhlüksizliyə yeganə təhdid varsa, bu da Ermənistan tərəfindəndir. Çünki bəlli olduğu kimi Ermənistan bütün gücü ilə bölgədən kənar qüvvələri regiona cəlb etməyə cəhd göstərir. Ermənistanın yürütdüyü siyasət mahiyyət etibarilə açıq şəkildə ortadadır. Amma bəlli olduğu kimi İran tamamilə əks bir mövqedən çıxış edir. İki bölgə dövlətinin, iki müsəlman dövlətinin - söhbət Azərbaycan və Türkiyədən gedir, birlikdə olması indiki halda İranı daha çox narahat edir, nəinki xristian və xristianlıqdan bilavasitə öz məqsədləri üçün istifadə etməyə çalışan islamafob Ermənistan".

E.Mirzəbəyliyə görə, bu aspektdən də İranın atdığı addımlar açıq aqressiya, açıq qəzəbin nümunəsidir: "Çünki Türkiyə prezidentinin Azərbaycana səfəri və məhz Zəngilan hava limanınının açılışı zamanı tələm-tələsik Qafanda hazır olmamış bir binada konsulluq açılışı adına nəyinsə keçirilməsi əslində acınacaqlı bir durumdur və bu ölkənin elan etdiyi prinsiplərdən nə qədər uzaqda dayandığını sübuta yetirir. Bu gün İranın əsas arqumentlərindən biri bölgəyə kənar qüvvələrin cəlb edilməsi məsələsi ilə bağlıdır. Bu arqumentlər nədənsə Azərbaycana münasibətdə özünü büruzə verməyə başlayır. Halbuki Azərbaycanın yaxından əməkdaşlıq etdiyi ölkələr bölgə dövlətlərdir. Amma Ermənistanın xarici qüvvələri bölgəyə öz ərazisinə cəlb etməsi konkret olaraq indiki şəraitdə Avropa ittifaqı müşahidəçiləri missiyasının Ermənistana gəlməsi, o cümlədən, ATƏT-in də missiyasının mandatsız da olsa, gəlməsi ilə də bağlı məsələnin artıq gündəmdə olması İranı qətiyyən narahat etmir".

Siyasi şərhçi əlavə edib ki, Fransanın bölgəyə yönəlik addımları və bölgədə təhrikedici bir mövqe sərgiləməsi də Tehranı narahat etmir: "Yəni, bu artıq riyakarlığın ən qabarıq, ən açıq nümunəsidir. Ona görə də İranın davranışlarını əslində bu ölkənin çırpıntıları kimi qəbul etmək olar. Nəticə etibarilə bölgədə gedən proseslərə təsir göstərmək gücündə deyil. Başqa bir aspekt şübhəsiz ki, daxildə insan haqları ilə bağlı problemlərdən, sosial problemlərdən diqqəti yayındırmaq üçün ənənəvi olaraq xarici düşmən faktoru üzərində cəmiyyətin konsalidasiyasına nail olmaq niyyətidir. Çünki artıq cəmiyyəti saxta ideologiya ilə yedirtmək, dolandırmaq mümkün deyil. Nəticə etibarilə İran rejiminin bu günə qədər yeritdiyi siyasət öz vətəndaşları tərəfindən də ideoloji aspektdən gözdən düşüb. Biz etiraz dalğalarının məhz bu kontekstdən olduğunu görürük".

Milli Məclisin deputatı Aydın Hüseynov isə hesab edir ki, İran hakimiyyətini Ermənistanla təkcə Azərbaycan əleyhinə fəaliyyət birləşdirmir. Uşaq qatilliyi, zorakılıq kimi ortaq xüsusiyyətləri də var.

Deputat vurğulayıb ki, İran hakimiyyətinin Ermənistan sevgisi heç kimə sirr deyil: "Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və nəhayət postmünaqişə dövründə bununla bağlı çoxlu sayda nümunələr var. Hər iki müharibə dövründə Ermənistana mütəmadi hərbi və iqtisadi yardımlar, bu ölkəni dəstəkləyən açıq siyasi bəyanatlar, və s. Görünən odur ki, İranın erməni sevgisi, onun Azərbaycan əleyhinə sistemli fəaliyyəti ilə paralel inkişaf edir. Azərbaycanın qələbəsini və güclənməsini həzm edə bilməyən İran Ermənistana hərtərəfli dəstəyini artırır. Qafanda konsulluq açan İranın xarici işlər naziri Abdullahianın "Qafanlılara demək istəyirəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq" sözləri, ticarət dövriyyəsinin artırılması vədləri göstərir ki, Ermənistanın düşdüyü vəziyyət İranın iştahasını qabardıb. İran Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi vəziyyətdə özünə yer etmək istəyir. İşğalçı siyasətinin bədəlini ağır şəkildə ödəyən Ermənistan isə "dənizdə boğulan ilana sarılar" məsəlində olduğu kimi İrana meydan verir. İran isə, buna Azərbaycanı hədəf alaraq nail olmaq istəyir".

A.Hüseynov əlavə edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə bir dəfə də olsun Araz çayı ətrafında hərbi təlim keçirməyən İran indi bunu ənənəyə çevirib. Müxtəlif səviyyəli rəsmilər də açıqlamalarında bu təlimlərin Azərbaycana qarşı olduğunu gizlətmirlər: "Maraqlısı budur ki, İran daxilindəki gərginliklərin səbəbini də Arazın bu tayında axtarır. Uşaqları, qızları qətlə yetirməklə daxildəki etirazların qarşısını ala bilməyən İran hakimiyyətinə indi bütün bunların "günahkarı" olan xarici bir "düşmən" də lazımdır.

Görünən odur ki, İran hakimiyyətini Ermənistanla təkcə Azərbaycanın güclənməsini həzm etməmək birləşdirmir. Uşaq qatilliyi, zorakılıq kimi ortaq xüsusiyyətləri də var".

 

 





25.10.2022    çap et  çap et