525.Az

Ölümlə... Ölənəcən... - Şəfa Vəli yazır


 

Ölümlə... Ölənəcən... - <b style="color:red"> Şəfa Vəli yazır</b>

Ömrü yaşamaqdı hünər; bizə belə öyrətdilər. Amma nə ömrü, nə də yaşamağı öyrətməyə cəhd etdilər. Əlimiz ətəyimizə çatandan sonra özümüz başladıq yaşamağı tanımağa. Bəs, haçan "öyrənmiş", "bilmiş" sayılacağıq? Ömür bitəndəmi? Və ya sualı başqa cür qoyum: Ömür bitirmi? Onun sonu hardadır? O "mötəbər son"dan bizə danışan varmı?

Suallar dənizinin ən dərininə baş vura biləcək qədər üşüyürük duyğuların qazanının dibində; nə böyür-başına yapışacaq çömçə var başımız üstündə, nə də bir həmlədə yox oluşumuza səbəb olacaq su axarı... Əlac qalır olduğunla yetinməyə: "nə"sənsə "o"san! Vəssəlam!

Və bütün bunlar bizi ölüm haqqında düşünməkdən əl çəkməyə vadar eləmir. Hələ yaşamadığımız, bəlkə də, sonacan yaşamağı bacarmayacağımız bir həyatda fikrimizi istila edən "ölüm düşüncəsi"nin kökündə "Tanrının ürəyimizə qoyduğu ölümsüzlük arzusu" varsa, o zaman da Tanrının özüylə mübahisə etməyə zəmin yaranır. Və... Susuruq... Yaratdığını öldürən Tanrıya quluq, bir şeirinə görə bir şairin dərisinin soyanda "hökm verən"ik... Məntiqlə, biz də Tanrının şeiriyik axı...

Neçə ildi şeir yazıram; bilmirəm. Ömür yolumun 34-cü döngəsini burulmuşam. Və can evimin hər küncündə pıçıldaşan ağrılar bundan sonra yolun üzüaşağı olduğunu elə tez-tez təkrarlayırlar ki... Ölüm gəlib gözümün önündə dayananda dodağım qaçır: "Mənə elə gəlir ki, hələ də ən gözəl şeirimi yazmamışam... Yoxsa Tanrının bizi ölümə məhkum etməkdə, bizdən sonra yeni insan yaratmaqda məqsədi də özünün "ən gözəl şeir"ini axtarmaqdır?"

Yenə narazıyam; mən hələ heç bir şeirimi nə vaxtsa yazılacaq şeirimə qurban deməmişəm... Öldürdüyüm misraları belə, hansısa hekayədə, essedə "diriltmişəm", "can vermişəm"; "var olmaq, yaşamaq haqqı tanımışam" onlara... Bəs, Tanrının "ölüm məntiqi?" Anlamağa cəhd edimmi, bilmirəm. Yaxamı kənara çəkirəm, əllərimi uzadıram məndən əvvəl düşünənlərin "ətəkləri"nə...

Cəsarətim Migel de Unamunonun "Zaman necə keçir" hekayəsindəki əminliyinə söykənir: "Biz yaslı və bədbəxt günləri sevincli və məsud günlərdən daha dəqiq xatırlayırıq..." Bu dəqiqlik özümüzü də mat qoymaq qabiliyyətinə malikdir. İnanmırsınızsa, sınaqdan çıxara bilərsiniz. Yoxsa ölüm haqqında düşünmək o qədər qorxulu gələr ki, heç bu yazımı da sonacan oxumazsınız...

Hərçənd, Pu-Sung-Ling "Hakim Lu" hekayəsində tamam başqa fikir söyləyir: "...qavrayışlı bir insan üçün yaşam ilə ölüm eyni şeydir. Niyə yaşamı bir nemət, ölümü də qara yazqı olaraq görəsən ki?!" "Öldü, canı qurtardı!"-deyiminin özündə də bir rahatlama, dərindən nəfəs alıb "son"u yaşama var. Burda "son"un gözəlliyi, möhtəşəmliyi, bulunmaz nemət olduğu necə də gözəl cilvələnir təfəkkürümüzdə. Cek Londonun "Həyat eşqi" qədər gülümsəyib Pu-Sung-Ling ilə razılaşırıq. Bir də, Tanrının "torpaqdan gəlmisən, torpağa qayıdacaqsan" hökmü var axı...

Melisa Kesmezin "Nənəmin protez dişləri" hekayəsində qəhrəman ölümlə ilk tanışlığını diş ağrısı ilə anladır. Ağrı ölümün özü olmasa da, onun xəbərçisi, carçısı, elçisidir. Və son illər elm bizə "ağrı həyat əlamətidir" deyir. Bu dəfə də inanıb-inanmamaq nərdivanında diz yoruruq.

Elmə inana bilərikmi? Fransa ordusunun elmi-fantastik yazıçıların əsərlərindən ilhamlanaraq yeni texnologiyalar, silahlar yaratmaq cəhdləri haqqında 2019-cu ildə dünya mətbuatı silsilə xəbərlər hazırlamışdı. Gülüb keçdikmi? Bəli! Bəs, düşündükmü? Azacıq... Keçmişin xülyaları sabahın reallığıdır-buna gözümüzü yummaq yaşamağı öyrənmək cəhdimizi yalana çıxarar. Ölümsüzlüyü axtaran İsgəndərdən, "Dədəm Qorxdu" əfsanəsindən (Prof. Dr.Sədnik Paşa Pirsultanlı "Azərbaycan türklərinin xalq əfsanələri", Bakı. "Azərnəşr"-2009) üzü bəri, "fəlsəfə daşı"ndan süzülərək gəlir insan oğlunun "əbədi həyat arzusu".

Keçək, müasirlərimizin ölüm-qalım mücadiləsinə; təbii ki, düşüncə döngələrində...

2022-ci ilin əvvəlində Microsoft şirkəti yeni bir icadın patentini aldığını elan etdi. İcad "ölülərlə danışa biləcəyimiz cihaz" idi... Bitməyən müzakirələrə yol açan "var olmayan cihaz" haqqında o qədər razı-narazı fikirlər söyləndi ki, Microsoft`dan Tim O`Brien "tvit" atmaqdan başqa çarə görmədi: "İdeyanı reallaşdırmaq planımız yoxdur". Ya varsa? Ya 10 il sonra nənəmçün darıxanda bir düymə ilə onun 3D printerdən çıxmış modeli? Konstruksiyası ilə qarşı-qarşıya oturmaq şansım varsa? Bu, mənim ölümə qalib gəlmək cəhdim kimi dəyərləndirilməlidir? Yoxsa, sadəcə, nənəmə olan sevgim, onun üçün darıxmağım ön plana çəkilməlidir?

Qayıdıb Hədiyyə Şəfaqətin "Əbədi mövzu: ölüm" (edebiyyatqazeti.az 27.04. 2021) yazısındakı fikirlərdən yapışır, yenə barmağımı qarşıya tuşlayaraq günahkar axtarışına çıxıram: "Ölümü öyrənməyimiz üçün bizə yüzlərlə başqa şeyi-sevgini, düşmənliyi, nifrəti, intiqamı, acgözlüyü, igidliyi, qorxmazlığı və eyni zamanda, qorxaqlığı öyrətməlidirlər". Öyrətməlidirlər... Bəlkə, Tanrının bütün peyğəmbərləri dünyaya "ölüm"lə "olum"un əkiz olmadığını, birinin digərinin atası-oğlu olduğunu söyləməyə gəlmişdilər? Axı Tanrının özünü tanıtmaq üçün peyğəmbərlərin "giriş sözü" ilə çıxış etməyinə ehtiyacı yoxdur... Bir şey də var ki, həyat haqqında olduğu kimi, ölüm haqqındakı düşüncələr də hər an dəyişir. Bu andakı düşüncəm belədir: "Ölüm bəsitdir... Sadəcə, Tanrı bəşər ilə söhbətində hələ də səmimi deyil..."

Bəs, bizim ölməməkdən başqa çarəmiz varmı? "Seçim" demədiyimin, təfəkkürümüzdəki anlayışın qarşılığında dilimə "çarə" sözünü gətirdiyimin fərqinə varmağınız arzusuyla, bu dəfə də Edqar Podan misal çəkim. O, "Vizioner" hekayəsində yazır: "Bəzi şeylər o qədər komikdir ki, insan ya gülməlidir, ya da ölməlidir..." "Ölməkdə olan hər insanın içində o vəziyyətdən sıyrılıb çıxmağa çalışan bir canlı tərəf var". Bunu da detektiv janrın klassiklərindən olan Adam Hall "Casus postu" romanında deyir. Adam Hallın təsəllisi xatirələrdir: "Onu sevən biri var olduqca kimsə tamamən ölmüş sayılmaz"-deyə yazır romanın bir başqa səhifəsində...

Qocalığı xatirələr yazmaq üçün "ən uyğun dövr" olaraq qəbul edən Mina Urqan isə "Bir dinozavrın anıları" kitabında ölümü "pişik balası kimi sevimli" sayır... Mina Urqan sirrə vaqif olanlardandırmı? Yox... Məncə, o da təsəlli axtarışındaydı...

Məndən əvvəl dünya "ölüm qorxusu"nu çox yaşayıb, əminəm. 2020-ci ildə üstünə çökən "ölüm xofu"na gülümsəməyi təcrübəydi. "Bu da keçər" yazdırmışdı nağılların birində padşah öz üzüyünün qaşına... 2020-ci ildə birdən-birə anlayan-anlamayanın stolüstü kitabına çevrilən "Taun"da Alber Kamyu yazır: Ölümü anlamaq mümkün deyil, onu gözləmək lazımdır". Adını "yaşamaq" qoyduğumuzun, əslində, "ölümü gözləmək müddəti" olmadığına kim zəmanət verə bilər ki?!

2021-ci ilin payızında "Royal Society Open Science" dərgisində yayımlanan bir məqaləyə görə, "insan ömrü limitsizdir". Kinayə ilə gülümsəyir və adını unutduğum bir şairin anamın dilindən düşməyən misrasını pıçıldayıram: "Gözləyən olanda gəlmək asandır..."

"Ölüm həyatdan universaldır: hamı ölür, amma hamı yaşamır". Bu sitat da "Ölüm gözləyər" adlı bir ispan filmindəndi...

Bilirəm, yenə mesaj qutuma yazan tapılacaq: "Bunun yerinə "Şəfa Vəli" imzalı bir hekayə oxumaq istərdim..."  Heç özüm də düşüncə döngələrində gəzinərkən özümə "ağıllı" təsir bağışlamıram.

Oktyabr 2022, Şəki

 

 





25.10.2022    çap et  çap et