525.Az

Bir elin oğlu - Aydın Tağıyev yazır


 

Bir elin oğlu - <b style="color:red"> Aydın Tağıyev yazır</b>

İlkin Saməddin oğlu Ağaquliyev bir ocağın yeganə övladı idi. O, 2000-ci ilin oktyabr ayının 4-də Şabran şəhərində dünyaya göz açmışdı. 2017-ci ildə Şabran şəhər Tofiq Abbasov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Kollecin "Fiziki tərbiyə" müəllimliyi ixtisası üzrə tələbə adını qazanmışdı. Erkən yaslarında cüdo idman növü ilə məşğul olan İlkin rayon və zona yarışlarının dəfələrlə qalibi olmuşdu. 8 oktyabr 2018-ci ildə həqiqi hərbi xidmətə yollanmışdı. Vətən müharibəsi başlayanda Murov yüksəkliyi, Talış, Ağaçuq, Ətyeməz kəndlərinin və Suqovuşanın alınması uğrunda gedən ağır döyüslərdə cəbhədə ön sırada oldu. Döyüş tapşırığını yerinə yetirirərkən düsmənin mövqeyinə keçərək, kəşfiyyat məlumatlarını toplayıb sonra da geri qayıdanda ordumuz tərəfindən onların məhv edilmiş və qoyub getdikləri texnikanın, hərbi sursatların çəkilişini apardı. İlkin oktyabrın 16-da düşmənlə Suqovuşan yüksəkliyində gedən qanlı döyüşlərdə Azərbaycan əsgərinə xas bir şücaət göstərərək qəhrəmancasına şəhid oldu.

İlkin cüdo ilə məşğul olurdu. Rayon birinciliklərində, zona yarışlarında iştirak edirdi. Qələbələrinə görə aldığı mükafatlarla hələ ki, doğmaları, onu tanıyanlar məşqçiləri sevinirdi. Arzusu beynəlxalq yarışlarda iştirak etmək, I yeri qazanıb qalib kimi üçrəngli bayrağımızı başı üzərində dalğalandırmaq idi...

Ən müqəddəs savaşda, Vətən müharibəmizdə, döyüş meydanında mənfur düşmənə qalib gələn igid əsgəri döyüşçü yoldaşları çiyinlərində, o çiyinlərdə üçrəngli bayrağımıza bükülü tabutda İlkini, başı üzərində üçrəngli bayrağımızı dalğalandıra-dalğalandıra uğrunda şəhid olduğu torpağa tapşırdılar.

İlkin bir ananın, bir atanın tək övladı olmadı. Şəhid oğulları indi neçə-neçə ata, neçə-neçə ana doğma, əziz övladı bilir. Valideynlərinə indi səbr, toxtaqlıq verməyə isə hətta ilk yaranan Söz də acizdir...

Şabran şəhər Tofiq Abbasov adına tam orta məktəbin müəllimi, İlkinin əmisi qızı Günay xanım kövrələ-kövrələ nəql edir ki, Qarabağ işğal olanda İlkin heç dünyaya gəlməmişdi. Ancaq iş bunda idi ki, sonralar böyüyüb yeniyetmə bir oğlan olanda sosial şəbəkələrdə İlkinin paylaşmaları Qarabağla, yurd-yuvaya sevgi, məhəbbətlə bağlı olardı.

Məktəbli ikən xahiş edib evdə yazı stolunun üstünə üçrəngli bayrağımızı aldırıb qoymuşdu. Gözləri önündəki o bayrağa hər dəfə iftixarla, qürurla baxardı.

Və...  Bir gün bildi ki, "Bayraqları bayraq edən üstündəki qandır..."

Və işğal altındakı torpaqlarımızı qəsbkar yağıdan azad edib Vətəni bütövləşdirmək lazımdır. Qarabağ Azərbaycandır!

Hərbçi olmaq qərarına gəldi.

İlkin müharibənin 20-ci günündə, 20 yaşında Suqovuşan uğrunda gedən ağır döyüşlərdə düşmən gülləsinə tuş gəldi.

Evin tək övladı... Valideynlərinin dilinin əzbəri, gələcəklə bağlı xəyallarının ümid, çıraq  yerləri idi... Nazını çəkə-çəkə, əzizləyə-əzizləyə böyütdükləri övladları... Ancaq o igid oğul ata-anasının onu böyüdə-böyüdə çəkdikləri nazlarının, şıltaqlıqlarının əvəzini böyüyüb valideynlərinə qaytarmağa yox, anası qədər müqəddəs bildiyi doğma Vətəninin - Azərbaycanın "nazını" çəkməyə, ona övladlıq borcunu ödəməyə tələsdi...

İlkin xalça üzərində idman yarışların

da rəqiblərinə dəfələrlə qalib gəlmişdi. Ancaq İlkin ən böyük Qələbəsini döyüş meydanında qazandı. Otuz ildən bəri düşmən tapdağı altında olan torpaqlarımızı qəsbkarlardan azad edərək qalib oldu.

Bəlkə də şəhərimiz Şabranın küçələrində gəzib dolaşarkən onlarla yeniyetmə həmyaşıdı kimi məni tanıyıb hörmətlə salam verənlər arasında çox güman ki, İlkin də olub: "Salam, Aydın müəllim!" - deyə. Bəlkə də onu tanımadığımı hiss edib gülümsəyərək: "Mən sizi tanıyıram. Kitablarınızı oxumuşam..." da deyib.

İndi isə İlkini Vətən yolunda canından keçən bir şəhid oğul kimi bütöv Azərbaycan tanıyır və əsrlərlə, nəsillərlə şəhid adı ilə yaşayacaq.

Böyük şairimiz Səməd Vurğunun misrasıdır: "Biz gəldi gedərik, sən yaşa dünya..."

Biz gəldi gedərik, elədir. Vətən yaşasın! Və o Vətən, o vətənin vətəndaşları bütün şəhid oğulların adlarını öz yaddaşlarında əbədi yaşadacaq. Bu həm də hər birimizin vətəndaşlıq borcudur. Necə ki, "bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram..."

lll

Qarşımda bir sənəd var. Bu sənəd İlkin Saməddin oğlu Ağaquliyevə hərbi xidmət dövründə verilib.

... Qarabağ uğrunda Vətən müharibəmiz başlayanda şəhidlik zirvəsinə yüksələn İlkin komandanlığının bu xasiyyətnamədə yazdıqlarını qanı bahasına sübut etdi.

 





25.10.2022    çap et  çap et