Almaniyanın Köln şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən 525.az-a bildirilib ki, Komitənin dəstəyi və "Suite music" təşkilatının təşəbbüsü ilə baş tutan tədbir oktyabr ayından start götürən "Ethno Mystic" layihəsi çərçivəsində gerçəkləşdirilib.
Əvvəlcə konsertdə Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov iki il öncə ölkəmizin Vətən müharibəsində qazandığı parlaq qələbə barədə qısa məlumat verib, Zəfər Günü münasibətilə xalqımızı və dünya azərbaycanlılarını təbrik edib.
Sonra Seyran İsmayılxanovun və tanınmış musiqiçi Anna Goldun ifasında Azərbaycan və Avropa bəstəkarlarının mahnıları səsləndirilib. Təqdim olunan əsərlər xoreoqrafiya qrupunun (Faye Anderson və Ələkbər Ağalarov) çıxışı ilə müşayiət olunub. Konsert proqramı tamaşaçıların alqışları ilə qarşılanıb.
Konsert zamanı Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Zəfər Gününə həsr olunmuş növbəti konsert oktyabrın 28-də Leverkuzen, noyabrın 19-da Frankfurt-Mayn şəhərlərində keçiriləcək.
Konsertlər 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin təbliğinə, alman ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılması məqsədinə xidmət edir.
çap et