525.Az

İngiltərənin hind əsilli baş naziri


 

İngiltərənin hind əsilli baş naziri<b style="color:red"></b>

İngiltərədə hakim Mühafizəkarlar Partiyasının lideri olan Sunak həm də ölkənin yeni baş naziri seçilib.

525.az xəbər verir ki, iki uşaq atası olan 42 yaşlı Sunak ölkənin hind əsilli ilk baş naziridir. Sunakın valideynləri İngiltərəyə Şərqi Afrikadan gəliblər və hər ikisi hind əsillidirlər. 

O, 1980-ci ildə Sauthemptonda anadan olub, burada atası ümumi praktik həkim, anası isə öz aptekini idarə edirdi. O, Winchester Collegedə xüsusi məktəbdə oxuyub və yay tətili zamanı Sauthemptonda hind restoranında ofisiant kimi işləyib. 

Daha sonra fəlsəfə, siyasət və iqtisadiyyatı öyrənmək üçün Oksforda təhsilinə davam edib. O, əvvəlcə investisiya banklarında analitik işləyib. Sunakın sərvəti və özəl məktəb keçmişi keçən həftə baş nazirlik yarışında televiziya debatlarında diqqət çəkib. Onun ən varlı deputatlardan biri olduğu düşünülür, lakin nə qədər sərvətə malik olduğunu ictimaiyyətə açıqlamayıb.

Rişi Sunak 2015-ci ildə parlamentə daxil olub. 2020-ci ildə 39 yaşında maliyyə naziri təyin edilib. O, AB referendumunda ayrılmaq üçün kampaniya aparıb və bunun Böyük Britaniyanı "daha azad, daha ədalətli və firavan" edəcəyinə inandığını bildirib. 

O, koronavirus epidemiyası zamanı iqtisadiyyatı ayaqda saxlamaq üçün büdcədən vəsait xərcləyib və bu təcrübə ilə ictimaiyyətin dəstəyini alıb. O, dövrün baş naziri Boris Consonla birlikdə epidemiya zamanı Baş Nazirlikdə keçirilən partiyalara görə koronavirus tədbirlərini pozduğuna görə cərimələnib. 

Eyni dövrdə Sunakın həyat yoldaşının vergi endirimləri ilə bağlı qanun pozuntusu iddiaları da müzakirələrə səbəb olub. Sunakın maliyyə naziri vəzifəsindən istefa verməsi kabinetdə digər istefalara səbəb olub. Bu addım Conson hökumətinin gedişini sürətləndirib, deyə bilərik. 

Qeyd edək ki, Consonun istefasından sonra o, Mühafizəkarlar Partiyasının liderlik yarışına girdi, lakin ən güclü namizədlərdən biri olmasına baxmayaraq, Liz Trussa 21 min səslə məğlub oldu. Sunak, Trussın vergi planlarının baş nazir seçkiləri zamanı iqtisadiyyata zərər verəcəyini müdafiə etmişdi. Truss seçildikdən sonra iqtisadi siyasətin inflyasiyaya səbəb olduğunu əsas gətirərək tənqid etməyə davam etmişdi.

Malik Atilay

 





25.10.2022    çap et  çap et