525.Az

İlyas Hüseynov: "İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir"


 

İlyas Hüseynov: "İran Ermənistanın  təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir"<b style="color:red"></b>

İranın Azərbaycana qarşı sərgilədiyi mövqe yeni deyil. Sözdə müsəlman həmrəyliyindən, islam dəyərlərindən danışan qonşu ölkə həm Qarabağın işğalı dövründə, həm Vətən müharibəsinin gedişində, eyni zamanda, Azərbaycanın qələbəsindən sonra qərəzli münasibətini gizlədə bilməyib, ermənipərəst mövqe nümayiş etdirib. Tehran sərhəddə anti-Azərbaycan xarakterli hərbi təlimlər keçirir, Qafanda tələsik şəkildə konsulluq açır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı xarici işlər naziri Əmir Abdullahianı İrəvana göndərir. Əzələ nümayişinə çalışan İran bütün bu addımları ilə gülünc vəziyyətə düşür. Məlum olur ki, ordusu qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından tamamilə geridə qalıb. Təlimlər zamanı hədəflərin düzgün müəyyənləşdirilməməsi, İran texnikalarının hədəf götürülməsi və dağıdılması bu fikri bir daha təsdiq edir. Konsulluq deyilən suvağı qurumamış, təmirsiz bina isə sosial şəbəkələrdə, KİV-də lağ obyektinə çevrildi.

İran son 30 ilə yaxın müddətdə Qarabağda Azərbaycana məxsus İslam abidələrinin, məscidlərin dağıdılmasına, təhqir edilməsinə susub, Ermənistanın yanında olub, ona hər cür dəstək göstərib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən, regional gücə çevrilməsindən, Türkiyə-Azərbaycan birliyindən dərin narahatlıq keçirən İran Zəngəzur dəhlizinə qarşı çıxır, bu ölkənin xarici işlər naziri "Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirik" deyir. Bu, müsəlman, islam dövləti adına yaraşmayan bir ifadədir, İran özünə yaraşdırısa, deməyə söz qalmır.

Politoloq İlyas Hüseynov hesab edir ki, İran birtərəfli qaydada ermənipərəst mövqeydən çıxış edir. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi mühüm bir hadisədir: "Zəngilan Beynəlxalq Hava limanı açılan zaman İranın xarici işlər naziri İrəvana səfər etdi. Səfər çərçivəsində çox qərəzli bəyanatlar səsləndi. "Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirik"  kimi fikirlərə yol verildi. Bu cür halların yaşanması heç də yaxşı deyil, çünki Ermənistan işğalçı dövlətdir və Azərbaycana qarşı etnik-təmizləmə siyasətini həyata keçirərək, soyqırımlar və insan qətliamları törədib. İran da Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Təbii ki, bu cür yanaşmanı başa düşmək mümkün deyil".

İ.Hüseynov hesab edir ki, Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda yaşayan vətəndaşlarımızdan daha çox olduğunu bildirməklə birbaşa olaraq cənub qonşumuza da bir mesaj verdi: "Dövlət başçısı qeyd etdi ki, onların həyatının qorunması, sağlamlıqlarının təşviq olunması ölkəmiz üçün əsas prioritet məsələdir. Buna görə də Azərbaycana qarşı əzələ nümayişi həyata keçirən İran qarşısında Türkiyə-Azərbaycan qardaşlığını və hərbi müttəfiqliyini gözə almalıdır".

Politoloq xatırladıb ki, Türkiyə NATO-da ikinci böyük orduya sahib olan dövlətdir: "Həmçinin, Türkiyə dövləti Şimali Afrikada, Yaxın Şərqdə və Cənubi Qafqazda təhlükəsizliyin qorunması üçün önəmli addımlar atır. Bu gün Şuşa bəyannaməsi bizim qardaşlığımızın bir zirvəsi kimi özünü göstərir. Füzuli və Zəngilan hava limanlarının açılışında Rəcəb Tayyib Ərdoğan iştirak edib. Burada da biz Ərdoğanın bütün dünyaya müəyyən mesajlar verdiyinin şahidi olduq".

 

 





26.10.2022    çap et  çap et