525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Florensiya şəhəri

 

İtaliyanın gözəl şəhərlərindən biri olan Florensiyanın mənşəyi geri, Etrusklar dövrünə gedib çıxır. Bu vaxt Etruriyanın mühüm şəhəri olan Fiosole vadiyə ağalıq edən təpənin üstündə tikilmişdi. Onun sakinlərindən bir qrupu təpədən aşağıda olan Arno çayının sahilindəki kəndə düşmüş, onu əlverişli mövqeyi olan bir şəhərə çevirmişdi. Bu mövqe ancaq düşmənlərin və müdaxiləçilərin istənilən vaxt asan qurbanına çevrilə bilərdi. Əhəmiyyətli bir fakt da ondan ibarət idi ki, romalıların özləri burada çadırlarını qurmuş və Florensiya adlanan koloniyalarını yaratmışdılar, bunun da mənası "çiçəklənməyə layiq olan" demək idi.

Bizim eranın I əsrindən həmin Roman munitsipaliteti özünü sonralar Toskana şəhərləri arasında görkəmli bir yer tutan kimi möhkəmləndirməyi bacarmışdı. Orta əsrlərin qarışıq dövrlərində özünü qoruyub saxlamaqla, Fransanın Karolinq imperiyaları dövrü ərzində yavaş-yavaş diriltmiş və həm də mədəni cəhətdən yarımadanın mühüm mərkəzlərindən birinə çevrilmişdi.

Florensiya XV əsrdən etibarən getdikcə artıq muxtariyyət qazanmışdı, 1115-ci ildə isə ruhanilərə və regionun əsasını qoyanlara qarşı vuruşlarının sonunda praktiki olaraq Florensiya Kommunası yaranmışdı. On il sonra isə yeni dövlət rəqib Fiesoleni öz tabeliyinə saldı. Tezliklə şəhərin ərazisi yeni divarlarla əhatə olundu, ancaq bu malikanələrin sahibləri ilə korporasiyada təşkil olunmuş zəhmətkeş sinifləri arasında ilk ziddiyyətlər meydana gəldi.

Ziddiyyət iki fraksiya formasını aldı: Quelflər və Gibellinlər meydana gəldi. Birincilər papanın, axırıncılar isə Müqəddəs Roma imperiyası imperatorunun tərəfdarları idi. Buna baxmayaraq, Florensiya Quelflərin üstünlüyünə malik idi. XIII əsrin sonundan isə Quelflər özlərini iki fraksiyaya - Ağlara və Qaralara böldülər. Qara partiya pontifikin (papanın) dəstəyi ilə 1303-cü ildə Ağ partiyanı sürgünə göndərdi və onların arasında "sərgərdan Gibellin" kimi tanınan Dante Aligyeri də vardı.

Bu vaxt Florensiya öz rəqibləri ilə vuruşaraq hakimiyyətini xeyli möhkəmləndirdi. Bu rəqiblər Pistiya, Arettso, Volterra və Siena idi. XIII əsrin və XIV əsrin sonları arasında Florensiya həmçinin mədəniyyət və iqtisadiyyat cəhətdən İtaliyanın ən mühüm mərkəzlərindən birinə çevrildi. Bu, Dantenin və Cottonun, bankirlərin və tacirlərin, iri şirkətlərin - böyük yun və ipək sənayelərinin erası idi. XIV əsrin birinci yarımilliyində Florensiya bir sıra siyasi və ictimai təcrübələrdən keçməli oldu, onlardan birinin sonunda Gibellinlərə qarşı mübarizə getdi. Sonra isə Sinyoriya ərzində Afina hersoquna qarşı mübarizə baş vermişdi.

1348-ci il məhvedici taun xəstəliyi dövrü idi, onu Bokkaçço çox ifadəli qaydada təsvir edir. XIV əsrin ikinci yarısında "kök adamlar" arasında ziddiyyətlər böyüdü, varlı burjuaziyaya aid olan bu adamların dövləti zəruri qaydada "Böyük incəsənətdən" və "kiçik adamlardan" keçirdi.

İki sinif arasındakı vuruş özünün ən yüksək nöqtəsinə çatanda, itaətdə olan zəhmət adamları, əhalinin aşağı təbəqəsi olmaqla hökumətdə təmsilçilik əldə etdilər. Oliqarxlar yaxşı şəraitə malik oldular. Bu vaxt xalqa arxalanan Mediçi ailəsi başqalarından daha çox siyasi təsirə yiyələndi.

Qısa müddət Sinyoriya onun respublika kimi görünüşünü saxlamaqla, hakimiyyətə yiyələndi. Mediçi ailəsinin əsasını qoyan Böyük Kozimonun varisi sonralar Möhtəşəm adlanan Lorentso oldu. O, olduqca hiyləgər siyasətçi və böyük insan idi. Möhtəşəm Lorentsonun Sinyoriyası illəri Florensiya tarixinin ən işıqlanmış, maariflənmiş dövrü oldu. Bu, xüsusən mədəniyyət və incəsənət sahələrində hiss olunurdu. Bu həm də Florensiyanın özünün mərkəz olduğu humanizm erası idi. Xoşbəxtlikdən, bir neçə il ərzində şəhər azad respublika olaraq qaldı, həmin dövr XV əsrin sonu ilə XVI əsrin başlanğıcı illərini əhatə edirdi. Bu nəcib dövrdə Cirolamo Savonarolanın şəxsiyyəti aparıcı rol oynayırdı.

Mediçi yenidən hakimiyyətə qayıtdıqda Florensiya öz Sinyoriyasının başçılığı altında 1527-ci ilə qədər yeni üsyanla üzləşdi və bu üsyan şəhərə yenidən çox arzu edilən respublika quruluşunu verdi.

Mediçiləri Müqəddəs Roma imperiyasının imperatoru dəstəkləyirdi və papa şəhərin uzun müddət mühasirəsindən sonra (1530-cu il) geri çəkilməli oldu. Hətta narahat siyasi həyatın mövcudluğu vaxtı ərzində, XI əsrin sonu ilə XVI əsrin birinci yarısı arasındakı dövrdə şəhər rəssamlıq və ədəbiyyat sahələrində ən böyük nailiyyətlərlə zəngin idi. Məhz bu dövrdə yaşamış Mikelancelo, Makiavelliı öz əsrlərinin, hətta məxsus olduqları minilliyin sərhədlərini keçməyə müvəffəq olmuşdular.

1569-cu ildə Kozimo de Mediçi şəhərin başçısı olmaqla, Böyük Hersoq tituluna yiyələndi və bu titul Cian Qaston sülaləsi ölənə qədər (1737-ci il) öz varislərinə də verildi.

Axırıncı varislər lotaringiyalılar idi, onlar Napoleonun ağalığı dövrü istisna olmaqla, (1799-1814-cü illər) Florensiya və Toskananın İtaliya ilə birləşməsinə (1859-cu il) qədər mövcud olan Böyük Hersoqluğu qoruyub saxlamışdılar.

Nəticədə, Florensiya 1865-ci ilə kimi birləşmiş İtaliyanın paytaxtı oldu.

Florensiya dünyanın tarixi abidələrlə və arxitektura incələri ilə zəngin olan ən gözəl şəhərlərindən biridir, İtaliyada isə Romadan və Venetsiyadan sonra üçüncü yeri tuta bilər.

Florensiyanın arxitektura abidələrinin sayı-hesabı yoxdur, onlara heyran olmadan tamaşa etmək mümkün deyildir. Şəhərin ürəyi olan köhnə mərkəz Palazzio Vecchio-dur (Vekkio sarayıdır). Bu gözəl bina döyüşü müşahidə etmək üçün olan uca qüllədir, XII əsrdə tikilmişdir. Qüllənin üzərində Florensiyanın ilk ictimai saatı qurulmuşdur, buradan keçən yol "Saat küçəsi" adlanır. Sol tərəfdə Badia kilsəsinin zəng qülləsi ucalır, bu zəng orta əsr şəhərinin günün müəyyən vaxtlarında çalırdı. Yaxında baş polis qərargahı olan Barcello yerləşir, sonralar o, Toskanada lotaringiyalı I Leopoldun müdrik qanunları əsasında ölüm cəzasının ləğv olunmasına qədər dustaqxana kimi istifadə olunmuşdu. Badia kilsəsinin qabaq tərəfində olan bu yerdə məhkum olunmuş məhbuslar özləri barədə olan hökmü dinləməli idilər. Vekkio sarayı həm də Sinyoriya sarayı (Palazzo delle Signoria) adlanırdı, onun qarşısında müqayisəyə gəlməyən gözəl Sinyoriya meydanı yerləşir. Burada böyük fəvvarə və çox sayda abidələr vardır. Bu bütöv qrup yüksəkliyin və qüdrətin yaddan çıxmayan mənzərəsini yaradır. Burada faktiki olaraq əsrlər boyu şəhərin böyük siyasi və tarixi hadisələri yer almış, Florensiyanın bütün həyatı boyu daxili döyüşlər getmiş, buradan dünya sivilizasiyasına öz qüdrətinin ziddiyyətləri barədəki mesajları yayılmışdır.

Sinyoriya meydanındakı fəvvarə XVI əsrdə tikilmişdir. Fəvvarə kompleksində Neptunun (yunan mifologiyasındakı dəniz allahı Poseydon) qorxulu nəhəng heykəli ucalır. Heykəldə florensiyalıların belə gözəl şəhəri dağıdanlar barədə lənət dolu sözləri həkk olunmuşdur. Fəvvarənin gölməçəsini bəzək kimi satirlər və nayadlar təmsil etməklə, yenidən vətəndaşları həmin vandallardan qorxudurdu.

Sinyoriya Locciası isə erkən Renessansın xəbərdar etdiyi sonrakı Qotik işinin nadir nümunəsi idi. Bina monastır başçılarının seçilməsi, elan edilməsi və digər mərasimlər üçün tikilmişdi. Loccianın aşağı tərəfində olan heykəl inciləri müxtəlif dövrlərə məxsus olmaqla, açıq havadakı qəribə muzey təsiri bağışlayırdı.

Della Sinyoriya Locciasının heykəlləri arasında XVIII əsrin sonunda yaradılmış və girişdə olan antik qadın heykəlləri, həmçinin, iki şir heykəli Romadakı Villa Mediçidən götürülüb, burada yerləşdirilmişdi. Sol tərəfdə birinci tağın arxasında Benvenito Sallinin "Persey" bürünc incisi nəzərə çarpır. Onu heykəltəraş bu yer üçün XVI əsrdə 9 ilə yaratmışdı. Bu qrupun arxasında isə "Poliksenin zorlanması" adlı XIX əsr heykəli yerləşir. Bizim eradan əvvəl IV əsrə aid olan qədim yunan orijinalından götürülmüş "Patroklun bədənini tutub saxlayan Menelay" heykəli papa V Piy tərəfindən Böyük Hersoq I Kozimoya bağışlanmışdı və XVI əsrdə Florensiyaya gətirilmişdi. Aşağıdakı sağ tərəfdə Belçika heykəltəraşının yaratdığı, "Sabinli qadınların qaçırılması" heykəl qrupu, onun arxasında isə "Kentavr Nessi döyən Herkules" heykəl qrupu yerləşir. Bu heykəllər qədim Roma tarixində və yunan mifologiyasında təsvir edilən hadisələrə həsr olunmuşdur. Bu əsərlərin həsr edildiyi mövzuları nəzərdən keçirmək, bəlkə də, oxucuların da yaddaşını təzələyə bilər.

Romul Romanın əsasını qoyduqdan sonra şəhərin az sayda əhalisi ancaq onu tikən və orada yaşayan kişi cinsindən olanlardan ibarət idi. Bu Romulu çox düşündürürdü, axı şəhər inkişaf etməli, onda yeni nəsillər əmələ gəlməli idi. Nəhayət, çıxış yolunu tapdı. O, şəhərdə təşkil etdiyi bayrama qonşuluqda yaşayan sabinliləri arvadları və qızları ilə birlikdə dəvət etdi. Şənliyin qızğın yerində onun işarəsi ilə romalılar sabinli qızları qaçırmağa başladılar və bu, iki tayfa arasında düşmənçiliyin yaranmasına səbəb oldu. Bir neçə ildən sonra sabinlilər qisas almaq üçün romalılara hücum etdilər. Vuruşda çox qurbanlar ola bilərdi. Bu anda vaxtilə qaçılırmış sabinli qadınlar vuruşanların arasında irəli çıxıb, onları sülhə dəvət etdilər. Onlar hər iki tərəfə müraciət edib, dedilər ki, əgər sabinlilər qalib gəlsə, biz ərlərimizi itirəcəyik, romalılar qalib gəlsə isə atalarımız və qardaşlarımız qırılacaqdır. Hər iki nəticəyə görə biz qadınlar bədbəxt olacağıq.

Romalı əri olan sabinli qadınların həyəcanlı və olduqca müdrik çağırışı, yalvarışları öz valideynlərinə və ərlərinə təsir göstərdiyindən vuruş dayandırıldı və iki tayfa birlikdə mehriban qonşuluqda yaşamağa başladı.

Romanın ilk çarı Romul öləndən sonra şəhərlilərin təkidli xahişi ilə sabinli Numa Pompili ikinci çar oldu və respublika quruluşu yaranana qədərki iki əsr yarıma yaxın olan müddətdə taxt-tacda cəmi yeddi nəfər adam oldu. Numa Pompilı Romuldan fərqli olaraq müharibə etməyi sevmirdi və onun hakimiyyəti ərzində Roma heç vaxt müharibə etmədi və ya bunun göstəricisi kimi Yanus məbədinin qapıları bir dəfə də olsun açılmadı. Numa Pompili müdrik adam idi, öləndə demişdi ki, onu öz yazdığı kitablarla birlikdə dəfn etsinlər. Əfsanəvi çar kimi öz əməlləri ilə cazibədar bir şəxsiyyətə çevrilmişdi. Ondan Vesta odunu bakirə qızların qoruyub saxlaması ənənəsi də qalmışdı.

Sabinli qadınların romalılar tərəfindən qaçırılması sonralar rəsm əsərlərində geniş təsvirini tapmışdı.

Digər bir mövzuya gəldikdə, qədim yunan mifologiyasına görə kentavr Ness Heraklın (romalılar onu Herkules adlandırmışdılar) arvadı Deyaniranı çaydan keçirərkən zorlamağa cəhd etdiyinə görə Herakl bunu sahildən görmüşdü və qisas naminə Nessi öldürmüşdü.

Ness Deyaniraya məsləhət görmüşdü ki, onun qanını yığıb saxlasın, bu, Heraklın onu sədaqətlə sevməsinə kömək edəcəkdir. Nessin qanı bulaşmış yun sapdan arvadı Herakla xiton toxuyub göndərmişdi, qanda isə Heraklın bundan əvvəl Lerney Hidrasını öldürdüyü nizədə onun ödü qalmışdı. Bu zəhər xitona keçmiş, Herakl onu geyinəndə dəhşətli ağrıya dözə bilməyib, özünü yanan tonqala atıb öldürmüşdü. Əslində, zəhər Nessə məxsus deyildi, Hidranın qanından qılınc üzərində qalmışdı. Mifologiyadakı Herkulesin qisas alma səhnəsi  rəngkarlıq əsərlərində də öz ifadəsini tapmışdı.

Köhnə zamanlarda natiqlərin xalqa müraciət etdiyi sarayın qarşısında mühüm heykəllər qoyulmuşdu. Donatellonun yaratdığı "Yudif və Olofern" heykəli (1460-cı il) azadlığın simvolu kimi nəzərdə tutulmaqla, Afina hersoqunun Florensiyadan qovulmasının xatirəsi kimi burada yerləşdirilmişdi.

Yudifin işğalçı Assuriya zabitini öldürməsi, yəhudi xalqının yadelli düşmənə qarşı mübarizəsinin bir faktı kimi apokrif Bibliyasında öz əksini tapmışdır. Assuriya ordusunun zabiti Olofern yəhudi qızı Yudifin gözəlliyinə vurulmuş və onunla görüşmək istəmişdi. İntiqam hissi ilə coşan Yudif mühasirədə olan doğma şəhərindən çıxıb, assuriyalıların düşərgəsinə, Olofernin yanına gəlmişdi. Qız düşmən zabitinin başını onun qılıncı ilə kəsməklə öldürmüş, qismən də olsa, xalqının qisasını almışdı.

Bu səhnə çox sayda tablolarda və heykəllərdə bədii əksini tapmışdır. Ən təsirli əsər isə Corconenin əlində qılınc olan yarımçılpaq bədənli qız və onun ayaqlarının altında Olofernin başı olan səhnənin çox ustalıqla kanvasa köçürülmüş təsviridir.

(Ardı var)

 

 





26.10.2022    çap et  çap et