Son illərdə Nobel mükafatı laureatı barədə dünya ədəbiyyat arenasında olduqca fərqli fikirlər səslənir. Müəlliflərin bir qismi verilən mükafatın ədalətsiz olduğunu düşünür.
525.az olaraq bu mövzu ətrafında yerli müəlliflərlə sorğu keçirmək qərarına gəldik.
"Son illərdə ədəbiyyat üzrə Nobel mükafatı elə də çox tanınmayan müəlliflərə verilir. Hətta, adlar sensasiya doğurur. Sizcə bu mükafat ədalətli verilirmi? Ədalətli verilmədiyini hesab edirsinizsə kimə verilməli olduğunu düşünürsünüz?" - sualımıza verilən cavabları təqdim edirik:

İlqar Fəhmi - yazıçı, şair
Son 10-12 ildə Nobel mükafatı laureatlarına baxanda insanda bir təəssürat yaranır, elə bil ki, Nobel komitəsi 20-ci əsrdən qopmayıb, Çünki bütün müəlliflər özünü 20-ci əsrdə təsdiq eləmiş, 20-ci əsrin sonlarında tanınmış insanlardı. Və onların heç biri 21-ci əsrin insanı deyil, 20-ci əsrin düşüncəsində qalan insanlardı. Görünür, Nobel komitəsindəki insanlar da hələ 20-ci əsrdən qopmayıblar və verilən mükafatların da məhz bu gün üçün aktual olmağı sual altındadır. Diqqətlə baxanda görürük ki, o müəlliflərin yazdığı əsərlər, o əsərlərdəki qaldırılan problemlər, onların aktuallığı bu gün üçün deyil. Təbii ki, orda qaldırılan ümumbəşəri mövzular da var amma ümumilikdə götürəndə görürsən ki, müəlliflərin əksəriyyəti hələ 21-ci əsrə adaptasiya ola bilməyiblər, hələ 20-ci əsrdə qalıblar. Bilmirəm bəlkə düz düşünmürəm amma, məncə, 60-70-ci illərə fikir versək görərik ki, Nobel mükafatı alan yazarlar məhz həmin dövrdə, öz zəmanəsində aktual məsələlərə toxunan, aktual sosial məsələlər üstündə çalışan insanlar idi. Yəni belə demək olarsa, 60-cı illərdə mükafat alan insanlar 30-cü illərin insanı deyildi, məhz 60-cı illərin nəbzini tutan insanlar idi. Amma indi elə bil ki, Nobel mükafatı otuz il keçmişdə qalıb. Bu bəlkə məqsədyönlü bir siyasətdir, məqsədli şəkildə belə edirlər. Bəlkə başqa sahələrdə də belədir. Amma məhz ədəbiyyat üzrə Nobel mükafatı alanların hamısını tanıyıram. Hamısı 90-cı ildə oxuduğum müəlliflərdir. Yəni bu baxımdan, məncə, Nobel komitəsi xeyli dərəcədə zəmanədən geri qalıb.

Səlim Babullaoğlu - şair
Düşünmürəm ki, bizim ədəbi və qeyri-ədəbi mətbuatda dövriyyədə olan “çox da tanınmayan” ifadəsi doğrudur. Unutmaq lazım deyil ki, Nobel mükafatı coğrafiyası və qılafı ilə (xüsusən ədəbiyyat üzrə) ümumdünya mükafatı olsa da əslində bir Avropa, yaxud Qərb hadisəsidir. Odur ki, bizim tanıyıb-tanımama məsələmiz o qədər də vacib deyil. Tanımırıqsa, deməli çağdaş dünya müəlliflərinin əsərlərinin dilimizə çevrilməsi məsələsində ciddi problemlərimiz var və bu yalnız bizim problemimizdir.
Başqa tərəfdən, düşünmək ki, mükafatı yalnız “hamının tanıdığı”, başqa cür desək, əsərləri çox satılan müəllif almalıdır, bu da doğru olmaz; çünki, tiraj və məzmun başqa-başqa şeylərdir, indi bunu şərh eləməyə ehtiyac duymuram.
Məsələn, Əbdülrəzzaq Qurna, mükafatı alana qədər daha çox peşəkarların tanıdığı və yüksək qiymətləndirdiyi, yazıçılığından daha çox ədəbiyyatşünas, tənqidçi kimi qiymətləndirilən ədib idi; bu isə qətiyyən onun ustalığının az olması anlamına gəlməməlidir. Amma mükafatı alandan sonra az vaxtın içində yalnız İngiltərədə tiraji az vaxtın içində 5 dəfə artdı.
Ədalət məsələsi də şərtidir, mübahisəlidir. Subyektivlik... Bəli bu ola bilər və belədir də. Başqa cür olması mümkün deyil. Mükafat alanların əksəriyyəti birmənalı olaraq usta yazıçı və şairlərdir, bu şəxsən məndə şübhə doğurmur, doğurmayıb, bütün subyektiv, siyasi çalarlara baxmayaraq. Hətta Bob Dilan belə usta şairdir, zarafat eləsək belə də deyə bilərik: usta nəğməkar şair.
Mən başqa məqamı yada salmaq istərdim. Alfred Nobel 27 noyabr, 1895-ci il tarixli vəsiyyətində 5 mükafatın verilməsini istəyirdi və ədəbiyyatla bağlı hissədə bu sözlər vardı: “idealist istiqamətli vacib əsərə görə”. İndi bu “idealist istiqamət” məsələsi ötən 120 il ərzində necə nəzərə alınıb, yaxud Nobel akademiyasının möhtərəm akademikləri tərəfindən hər necə şərh olunub, bu şərh dəyişibmi, dəyişməyibmi... Məncə, məsələ budur...
Mən mükafatın ədalətsiz olub-olmaması məsələsini düşünmürəm, düşünməmişəm. Amma düşünmüşəm ki, tutalım, türkiyəli Nazim Hikmət, rumın Ana Blandiana, polyak Zbiqnev Herbert, çex Milan Kundera, suriyalı Adonis, rusiyalı Anna Axmatova, iranlı Sepehri və bizim Vaqif Səmədoğlu, Ramiz Rövşən kimi şairlərimiz bu mükafatı ala bilərdilər, bilərlər.
Amma şərtlər var, texniki şərtlər, tərcümə şərtləri, bunu öz ədəbiyyatımızla bağlı deyirəm. Bu olubmu? Məncə, yox.
Fikir verdinizsə, mən daha çox şairlərin adını çəkdim, bu isə nə qədər subyektiv olsa da, fikrimcə, mənim işimlə bağlıdır. Mənə görə poeziya həm qədimdir, həm də alicənab.

Kənan Hacı - yazıçı, şair
Mən bu mükafatın ədalətinə həmişə şübhə ilə yanaşmışam. Son illərdə bu mükafatı alan adamların adlarına və əsərlərinə diqqət yetirsəniz, hər şey aydın olar. Nobel heç vaxt ədəbi meyar ola bilməz və zaman göstərdi ki, deyil. Bob Dilanla Milan Kunderanı tərəziyə qoyun. Bunu təsəvvür edə bilirsinizmi? Heç mən də təsəvvür edə bilmirəm. Bob Dilan bu mükafatı alıb, dünya ədəbiyyatına yön verən nəhəng söz ustadı Kundera hələ də bu həndəvərə buraxılmır. Bu səbəbdən həmin mükafatın kimlərə verilməsi məni qətiyyən maraqlandırmır.

Fərid Hüseyn - şair
Nobel mükafatı ümümən ədalətli verilir, yəni heç zaman təsadüfü adam bu ödülün sahibi olmur. Sadəcə eyni ildə ola bilər ki, iki ən layiqlidən birinə verilə. Məsələn, Murakami, Milan Kundera, Salman Rüşdi neçə illərdir ki, bu mükafatı almaqda ən çox adı hallanan söz sənətkarlarıdır. Amma kim deyir ki, bu il Ədəbiyyat üzrə Nobel mükafatı alan Anni Erno buna layiq deyildi. Anninin mövzuları, xüsusən kliniki xəstəliklərlə bağlı yazdıqları inanın ki, adları hallanan yazıçıların əsərlərindən çox vacib nümunələrdir. Çünki XXI əsr xəstəliklər əsridir, eyni xəstəliyin 300-qədər məchul növləri yaranıb. Bizdə bu cür aktual yazıçıları tanımırlar. Çünki sözümüz söhbətimiz Kafka-Kamyu, Tolstoy-Dostoyevskidir. XXI əsrdə yaşasaq da, XXI əsr ədəbiyyatından bir çox hallarda təcrid olunmuşuq. Kafkanın kitabları öz vətənindən daha çox Azərbaycanda çap olunur. Eyni kitabı bir təşkilat bütöv çap edir, bir nəşriyyat “dilimləyib” yayımlayır, bir özgə qurum isə II hissəsindən nəşr edir.
Orijinaldan tərcümələr o qədər azdır ki, biz yazıçıların yox, tərcüməçilərin təhkiyəsini, “yazı səsi”ni eşidirik. Anni Ernonun Türkiyədə 8, Rusiyada 11 kitabı çap olunub. Gürcüstanda isə 5. Bəs bizdə? Hərdən deyirəm nə yaxşı, gözəl şair, qiymətli elm adamı Qismət var. O olmazsa bizim “xarici ədəbiyyat ixracı” hiss ediləcək dərəcədə azalar. Mən çağdaş dövrün 10-dan artıq maraqlı şairinin şeirlərini dilimizə çevirdim, heç bir reaksiya olmadı, sabah o şairlər Nobel alacaq, ayrı-ayrı ödüllər qazanacaqlar. Ondan sonra naşirlər əl-haya düşüb onların əsərlərini yaymaq barədə düşünəcəklər. Azərbaycanda bir sıra naşirlər bazara kitab çıxarmaqdansa, müəllifləri tanıtmaqdansa “qonorar hesablama qaydaları”na əl gəzdirməklə məşğuldurlar. Bir dəfə şair Aqşin gözəl bir söz dedi ki, bizim naşirlər oxucudan yox, ilk növbədə işçidən – redaktordan, korrektordan, tərcüməçidən pul qazanmağı (kəsməyi) qarşılarına məqsəd qoyublar. Ona görə də gərək bu məsələlər yubanmadan həll oluna. Peşəkar redaktorlar, tərcüməçilər qrupu yaradıla ki, biz dünyadan təcrid olunmayaq və dünyada böyük uğur qazanan adamlarla mükafat alandan sonra tanış olmayaq. Nəşriyyatlar detektiv ədəbiyyatın peşində olduqları kimi, ciddi ədəbiyyatın da yorulmaz izləyiciləri olsalar, onda ədəbi mühitimizdə dünyada uğur qazanan müəlliflərin varlığı, uğurları təəccüb mənbəyi olmaz.

Ümid Nəccari - şair
Nobel mükafatı ədəbiyyatla yanaşı, yazıçının həyatı və yaşadığı ölkənin ictimai-siyasi durumu ilə dəyərləndirilib, verilir. Mən elə düşünürəm ki, ədəbiyyat üzrə Nobel mükafatının qalibləri yetərincə dünya çapında tanınmış yazarlardır. Onların adı dünyanın bir çox “pen club”larında hallanır. Seçilən yazıçılar dünyanın tanınmış ədəbi festivallarında iştirak edib və yetərincə tanınırlar. Məsələn, 2022-ci ilin qalibi olan Anni Ernonun 5 kitabı İranda, 6 kitabı Türkiyədə çap olunmuşdur və ən çox satılan kitablar siyahısındadır. Və eləcə də, başqa ölkələrdə onun kitabları yetərincə tərcümə edilərək, çap olunub. Bu mükafat sırf ədəbiyyat və sənətlə bağlı bir mükafat deyil, dünya üzrə insan problemi və ictimai-siyasi problemləri nəzərə alaraq verilir. Sadəcə, bizə elə gəlir ki, bu yazıçılar tanınmırlar. Bu isə, Azərbaycanda bizim nəşriyyat və oxucuların problemidir. Tanınmış çağdaş dünya yazarlarının bir çoxundan bizim oxucular xəbərsizdir. Mən şəxsən illərdir Azərbaycanın tanınmış nəşriyyatlarına çap üçün tərcümə kitablarını təklif edirəm. Ancaq bazarı düşünərək, detektiv kitablarının çapı gündən-günə çoxalır. Və bu çox təəssüf doğurur. Mən düşünürəm ki, Nobel Komitəsi yetərincə proseslərə diqqət edir və öz prinsiplərinə sadiq olaraq, ən layiq yazarları seçir.

İlham Əziz - yazıçı
Nobel mükafatının verilməsinin meyarları var. Bu ədəbiyyat mükafatı olmasına baxmayaraq siyasi çalarları da var. Bu mükafatın verilməsindən ədalət gözləmirəm və o prinsipin bura aidiyyəti yoxdur. Amma, alan yazıçılar da sıradan yazıçılar deyil, böyük sənətkarlardı. Davamlılığı olan, ustalıqları üst səviyyədə, siyasi baxışları müəyyən yazıçılar alır. Və bu mükafata dünyada yüzlərlə yazıçı layiqdir, təəssüf ki, mükafat bir dənədir.

Təvəkgül Boysunar - yazıçı
Təəssüf ki, son illərdə Nobel alan yazıçı və şairlərin hamısının yaradıcılığı ilə yaxından tanış deyiləm. Amma hazırda ağlıma gələn və bizim ədəbi mühitdə bir sıra yazarlarımız tərəfindən kəc baxılan Bob Dilan, Orxan Pamuk və Elis Manronu xatırlayarkən Nobel komitəsinin qərarlarına və seçimlərinə rahatlıqla etibar edilə biləcəyini düşünürəm. Bob Dilanın şeirləri, nostalji hissinin sənətvari kədərini ustalıqla göstərən Elis Manronun hekayələri və Pamukun gözəl romanlarına əsasən Nobelin ədalətsiz olmadığına inanıram, amma bu inancımın daha da möhkəmlənməsi üçün digər müəllifləri də oxumalıyam. Yeri gəlmişkən, qocaman yazıçımız Əkrəm Əylisli bir neçə həftə öncə kitab sərgisində oxucularla görüşərkən təxminən buna bənzər bir cümlə işlətdi ki, əgər Nobel mükafatı Orxan Pamuka verilirsə, onda deməli hər hansı ortabab yazıçıya da bu mükafatı asanlıqla vermək olar. Təəssüf ki, Azərbaycan nəsr tarixində hələ heç bir romanın yaxınına belə gedə bilmədiyi, bundan sonra da gedib-getməyəcəyi şübhə altında olan “Qara kitab” kimi bir romanın müəllifi Orxan Pamuku bu cür haqsız, yarımçıq və bixəbərcəsinə dəyərləndirən yazarlarımız arasında Əkrəm Əylisli tək deyil.
Malik Atilay
çap et