525.Az

Pedaqoji mat


 

ALİ MƏKTƏBLƏRDƏN MƏZUN OLAN ƏLİDİPLOMLU PEDAQOQLARIN BÖYÜK HİSSƏSİ MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU İMTAHANLARINDA KEÇİD BALI TOPLAYA BİLMİRLƏR

Pedaqoji mat<b style="color:red"></b>

Hər il ölkənin ali təhsil müəssisələrindən yüzlərlə pedaqoji təhsilli kadr məzun olur. Sirr deyil ki, onların içərisində bu peşəyə böyük maraq, sevgi və həvəs göstərən, bilikli, bacarıqlı məzunlarla yanaşı, müəllimliyi təsadüfən seçib, diplom xatirinə bu ixtisasa yiyələnənlər də az deyil. Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında aşağı bal toplayan namizədlər də məhz 4 il universitetə diplom xatirinə ayaq döyənlərdir. Onların sayı isə az deyil və ildən-ilə artır. Belə "kadrların" təhsil mühitinə ayaq açması bisavad müəllimlərin sayını artırır, ölkənin təhsil sisteminə ağır zərbə vurur.

Ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə keçirilən sertifikatlaşdırma prosesinin nəticələri də bəzi müəllimlərin bu peşəyə yararsız olduğunu göstərir.

Elm və təhsil naziri Emin Əmrullayev də sertifikasiya imtahanlarının nəticələri barədə açıqlamasında məktəblərdə savadsız müəllimlərin olduğunu söyləyib. Müəllimlərin sertifikasiya imtahanının nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan müəllimlərinin müəyyən hissəsinin tədris aparmaqla bağlı ciddi problemləri var.

 

Yararsız müəllimlərin sayının artırılmasına nə ehtiyac var?

 

Bu gün çoxumuzu belə bir sual düşündürür: əgər vəziyyət belə acınacaqlıdırsa, diplomlu savadsız müəllimlərin sayını artırmağa nə ehtiyac var? Mütəxəssislər də hesab edirlər ki, vəziyyətdən yeganə çıxış yolu ölkə təhsilinə faydası olmayan belə "kadrların" yetişdirilməsinin qarşısının alınmasıdır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, ali məktəblərə giriş qapıları gen, çıxış qapıları isə dar olmalıdır: "Hesab edirəm ki, indiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac yoxdur. Universitetlərdəki tədris və imtahan prosesi çətinləşdirilməlidir. Qoy tələbə universitetdə seçdiyi ixtisas üzrə imtahan olunsun. Dörd il ərzində tələbəyə seçdiyi ixtisas üzrə mükəmməl təhsil vermək lazımdır. Sonra isə bu illər ərzində hansı biliklərə yiyələndiyini müəyyən etmək üçün onlar imtahan olunmalıdır. Yalnız bilikli, potensiallı, riyazi təfəkkürlü, ixtisası üzrə lazımi biliklərə yiyələnən gənclərə diplom verilməlidir. Biz təhsildə yeni çağırışlara cavab vermək, ölkəni keyfiyyətli təhsillə təmin etmək, sözün əsl mənasında potensiallı insanlar yetişdirmək istəyiriksə, onda mütləq təhsilə yeni baxış lazımdır. Təhsildə görünən və görünməz problemlər saymaqla bitməz. Ali məktəblərin diplomlarının keyfiyyətindən cəmiyyət razı deyil. Test nəticələrinə görə məzunların orta statistik balı illərdir ki, təqribən 300 bal ətrafındadır. İllər keçir, ancaq təhsildə irəliləmə yoxdur, fırlanma hərəkəti var. Bu problemlərin varlığı onu göstərir ki, təhsil bizim üçün hələ dərk olunmamış həqiqətdir".

Ş.Əsgərovun sözlərinə görə, Sovet dönəmində olduğu kimi, bu gün də elə valideynlər var ki, övladlarının savadlı mütəxəssis olmasından çox, diplomlu olmsına üstünlük verirlər: "Bu yanlış tendensiya diplomlu savadsızlar ordusu yaradır. Hazırda ölkəmizin sözün əsl mənasında savadlı mütəxəssislərə ehtiyacı var. Biz hamımız bunun üçün çalışmalıyıq. Unutmayaq ki, savadsız müəllim savadsız cəmiyyət deməkdir".

 

Ali təhsil müəssisələrinin tələbi ilə ayrılan yerlər

 

Təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, hazırkı bazar iqtisadiyyatı tələb-təklif üzərində qurulub. Universitetlər Elm və Təhsil Nazirliyindən tələbə qəbulunun sayının artırılmasını istəyir. Çünki universitetin marağındadır ki, tələbə çox gəlsin, ödənişlər artsın və beləcə ali təhsil müəssisələrinin gəliri də çoxalsın. Ali təhsil müəssisələrinin istəyi əsasında ayrılan yerlər abituriyentlərə təklif olunur. Abituriyentlər də müvafiq ballar əsasında bu ixtisasları seçir və qəbul olunur: "Bu gün biliyi olmayan, səriştəsiz, universitetlərin baza səviyyədə biliklərini öyrənməyən insanlar da məzun ola bilirlər. Əslində, tələbə kurikulumu yaxşı mənimsəməyibsə,  pedaqoji fakültədən məzun olmamalıdır. Universitet buna yol verməməlidir".

Ekspert deyir ki, bu gün ölkədə alitəhsillilərin sayının artırılması dövlət üçün prioritetdir. Ona görə də dövlət sifarişli yerlərin sayı ildən-ilə artırılır. Ancaq bu o demək deyil ki, biliyi, potensialı olmayanların hamısı mütləq alitəhsilli, müəllim olmalıdır. İnsan potensialına uyğun ixtisas, peşə seçməlidir. Universitetlər isə seçdiyi ixtisas üzrə mütəxəssis kimi yetişən, yeni bacarıqlara açıq, innovativ kadrlar yetişdirməli və onları məzun edib diplom verməlidir. Əsas məsələ keyfiyyətin üstün tutulmasıdır. Belə olsa, özünü müəllimlikdə sınayıb bacarmayan insanlar başqa peşələrə yönələcək və bilikli, bacarıqlı, səriştəli kadrların da sayı artacaq".

 

"Savadsız müəllimlərin məktəblərə ayaq açması faciədir"

 

Millət vəkili, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyevin sözlərinə görə, bu gün bisavad adlandırdığımız müəllimlər universitetə təsadüfən qəbul olunanlardır: "Bu peşəyə həvəsi və potensialı olmayanlar hansısa yolla ali məktəblərə qəbul olunurlar və keçdikləri dərsləri mənimsəyə bilmirlər. Tələbə vaxtı təkmilləşməyən, savadını artıra bilməyən tələbələr ali məktəbi bitirib sonrakı mərhələdə orta məktəblərdə tədrislə məşğul olurlar. Burada bir filtir olmalıdır ki, savadsız müəllimlər məktəblərə ayaq açmasınlar: "İbtidai təhsil üzrə dərs deyən müəllimlər var ki, işlədiyi təhsil pilləsinin adını düz yaza bilmirlər. Bu, faciədir. Belə müəllimlər məktəblərə ayaq açandan sonra nə qədər məktəb nəzarəti olsa da, nə qədər təlimlər, imtahanlar keçirilsə də, faydası olmur. Belə kadrların təhsil mühitinə buraxılması böyük qəbahətdir".

Millət vəkili deyir ki, artıq neçə illərdir, kolleclərdən universitetlərə inteqrasiya var. Bu zaman kollec balları nəzərə alınır və ali məktəbə keçid mümkün olur: "Etiraf edək ki, bu gün pedaqoji kadrlar hazırlayan ali məktəblər keyfiyyətli müəllimlər yetişdirə bilmirlər. Mən Pedaqoji universitetlərin proqramı ilə, pedaqogika və psixologiyanın tədrisi ilə tanışam. Ən böyük faciə odur ki, düşüncə elmi olan fəlsəfəni ali məktəblərdən yığışdırıblar, tədris olunan psixologiya fənni isə sovet psixologiyasıdır. Halbuki müəllim həm yaxşı pedaqoq, həm də psixoloq olmalıdır. Əgər bunları yaxşı əxz edə bilmirsə, müəllim tərbiyəçi funksiyasını da itirir. Bütün dünyada artıq öyrətmə pradiqmasından çox tərbiyə pradiqması ön plandadır. Müəllim statusunun mahiyyətinə varmaq lazımdır. İnsanlar dövlətdən sənəd alsalar da, müəllim statusunun fərqinə varmırlar".

E.Əliyev hesab edir ki, savadlı, üzərinə düşən vəzifəni yerinə yetirən müəllimlərlə yanaşı, hazırlıqsız müəllimlərin də olması pedaqoji təhsil sistemi ilə bağlıdır: "İndiki durum lazımi səviyyədə müəllim hazırlaya bilmədiyimizi əyani şəkildə göstərir. Belə müəllimlərin fəaliyyət göstərməsi düzgün deyil. Ancaq nə etmək olar, reallıq budur. Məktəbləri belə müəllimlərlə doldurublar, indi də onları təmizləmək sosial problem yaradacağına görə çətindir. Buna görə də daha hazırlıqlı, savadlı müəllimlərin hazırlanmasına cəhd edilməlidir. Hərçənd ki, mənim buna ümidim azdır".

 

60 min nəfər diplomlu, işsiz müəllim

 

Əməkdar müəllim Sona Əliyevanın fikrincə, ali təhsil sistemində müəyyən ciddi dəyişiklər edilməsə, yaxşı nəticə əldə olunmayacaq: "Müəyyən universitetlər inkişaf üçün addımlar atır və irəliyə getməyi bacarır. Lakin ali təhsillə bağlı tənzimlənmə çox vacibdir. Bu gün Azərbaycanda 60 min nəfər diplomlu, amma işsiz müəllim var. Onların böyük əksəriyyəti MİQ imtahanında çox aşağı nəticə göstərir. Niyə bu qədər diplomlu işsizlər ordusu yetişdirilir? Bu, nəyə lazımdır axı? Bazarın tələblərinə uyğun ali təhsil sistemi yaradılmalıdır. Ehtiyac olmadığı halda bu qədər kadr hazırlanmamalıdır. Məktəbəqədər təhsil müəssisələri tələbatın 15-20 faizini  qarşılaya bilmirsə, bu istiqamətdə kadr yaratmağın nə manası var? Hansı ixtisaslar vacibdirsə, onlara uyğun da kadrlar hazırlanmalıdır".

 

Gözəllik salonlarında işləyən əlidiplomlu pedaqoqlar

 

Son illər peşə təhsilinə xüsusi diqqət ayrıldığına diqqət çəkən Sona Əliyevaya görə, bu, əhalinin məşğulluğunu artırmaqla bağlıdır: "Peşə bilikləri çox vacibdir, çünki hamı ali təhsil ala bilmir, yaxud da həmin intellektə sahib olmur və ya buna imkanı çatmır. Yaxud da ali təhsil alır, yetərli bikiləri olmadığı üçün iş tapıb işləyə bilmir. Bu baxımdan da peşə sektoruna daha çox üstünlük verilir. Peşə təhsilinə tələbatın artmasına səbəb isə bazarda yeni və innovativ trendlərin meydana gəlməsidir: məsələn, yüngül sənaye, gözəllik sektoru, avtomobil təmiri və s. Bazarın tələbləri zaman-zaman dəyişir və buna uyğun olaraq yeni peşə sahələri meydana çıxır. Məsələn, əvvəllər restoranlar çox deyildi, indi isə onların sayında artım müşahidə olunur ki, bu da öz növbəsində aşpaz ixtisasına maraq yaradır. İllər öncə gözəllik sektorunda dırnaq ustalarına tələb yox idi. İndi isə bu sahəyə maraq olduqca çoxalıb. Bir dəfə gözəllik salonunda saç düzəldən xanım mənə alitəhsilli psixoloq olduğunu dedi. Digəri isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələndiyini söylədi və işə qəbul imtahanında lazımi nəticə göstərə bilmədiyi üçün dırnaq ustası kimi çalışdığını dilə gətirdi. Bu gün gözəllik salonunda işləyənlərin 70 faizi alitəhsillilərdir, onların əksəriyyəti isə pedaqoji sahəni bitirənlərdir. Bu, həqiqətən də biabırçılıqdır. Yaxşı olardı ki, bu insanlar əvvəldən 4 il universitetə boş yerə gedib-gəlmək, faydasını görmədikləri diplomu almaq yerinə elə ilk başdan peşə təhsilinə yönələydilər".

Sevinc QARAYEVA

 





27.10.2022    çap et  çap et