525.Az

O, yazmağı yox, necə yazmamağı öyrədirdi... - Müsəllim Həsənov yazır


 

O, yazmağı yox, necə yazmamağı öyrədirdi... - <b style="color:red"> Müsəllim Həsənov yazır</b>

Dünyanın düz vaxtları idi.

Lap düz vaxtları...

Onda jurnalistika hələ indiki kimi çoxprofilli deyildi. Heç bu qədər  cılızlaşmamışdı da.

Onda qəzetlər də az idi, jurnalistlər də. Tanınmış jurnalistlər, məşhur jurnalistlər lap az idi.

1981-ci ildən danışıram.

Həmin ilin yayında mən Jurnalistika fakültəsinin birinci kursunu bitirmişdim və ilk dəfə yaradıcılıq praktikasına getməli idim. Söhbət indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən gedir. Onda gələcək jurnalistlər yalnız burada - universitetdə hazırlanırdı. İndiki kimi hər yerdə jurnalist kadrları hazırlamaq yox idi!

Onda biz tələbələr praktika üçün o dövrün ən populyar qəzeti olan "Azərbaycan gəncləri" qəzetinə can atırdıq. Can atırdıq ki, yazı yazaq, dərc olunaq, imzamızı tanıdaq.

Tələbə yoldaşım Mehman Qayıbovla bu redaksiyaya üz tutduq. Bizi qəzetin təbliğat və təşviqat şöbəsinin müdirinin yanına apardılar. İlk baxışda soyuq, qaraqabaq adam təsiri bağışlayan şöbə müdiri bizə əyləşməyə yer göstərmədi. Heç hal-əhval da tutmadı. Bizə jurnalistikanın həm də məsuliyyət demək olduğundan, fakta - hadisəyə münasibətin fəlsəfəsindən "mühazirə" də oxumadı. Bütün tələbə yoldaşlarımızdan eşitmişdik ki, başqa redaksiyalarda onlara belə "dərslər" keçilib...

İlk dəfə gördüyümüz şöbə müdiri bircə sual verdi:

- Şıx çimərliyindən reportaj yaza bilərsiniz?

İndi fikirləşmək vaxtı deyildi. Bir-birimizə baxıb, "bəli" dedik...

Bir neçə gün sonra respublika mətbuatı üçün, "Azərbaycan gəncləri" qəzeti üçün ilk yazımızı böyük həvəslə, bir az da həyəcanla şöbə müdirinə təqdim etdik.

Yenə də soyuq baxış və bir az da laqeydliklə: "Oldu, oxuyaram, baxaram".

İki gün sonra yenə redaksiyaya gəldik.

Bu dəfə də heç nə olmamış kimi sakitcə dedi: "Sabah qəzetdə oxuyarsınız"...

Birinci kurs tələbəsi üçün bundan böyük mükafat ola bilərdimi?

Sabah qəzet köşklərinin açılmasını gözləmək həyəcanı da bir başqa mövzudur.

Köşkdən qəzeti alanda elə bilirdik ki, hamı bizə baxır. Elə bilirdik hamı bizi tanıyır. Onda qəzetin belə şirinliyi var idi.

Onda jurnalistikanın bir başqa dövrü, bizə bu sevinci yaşadan şöbə müdirinin adı isə Şakir Yaqubov idi...

O dövrün ən məşhur jurnalistlərindən biri, "Azərbaycan gəncləri" qəzetinin şöbə müdiri Şakir Yaqubov...

Mənim bu qəzetlə əməkdaşlağım belə başladı. Öz istədiyim mövzularda da yazdım, redaksiya tapşırıqlarını da yerinə yetirdim. Təbii ki, Şakir müəllimin diqqət və qayğısı ilə...

"Gənclər"ə o qədər qaynıyıb-qarışdım ki, bir gün belə redaksiyanın ştatında olmadığım halda məni hamı bu qəzetin işçisi hesab elədi. Hətta redaksiya əməkdaşları on illər sonra öz xatirələrində məni iş yoldaşları kimi yada saldılar. Yenə də Şakir Yaqubovun sayəsində...

Təvazökarlıqdan uzaq olsa da, deməliyəm: bu gün jurnalistika sahəsində az-çox nə uğur qazanmışamsa, bunlarda nəzəri biliklər aldığım müəllimlərlə yanaşı, Şakir Yaqubovun xüsusi rolu, əvəzsiz xidməti var.   

Şakir Yaqubov mənə cümlə yazmağı öyrətməyib.

Şakir Yaqubov mənə necə yazmamağı öyrədib!

Və təkcə mənə yox...

İndiki yaşlı nəsil jurnalistlərinin çoxu onu özünə müəllim hesab edir. Çünki

Şakir Yaqubov jurnalistikada tələbkarlıq etalonu idi.

Şakir Yaqubov mətbuatda təmənnasızlıq simvolu idi.

Şakir Yaqubov prinsipial qəzetçi idi!

Şakir Yaqubov həqiqətən mətbuatımızın sonuncu mogikanlarından idi.

Sonralar yollarımız ayrıldı. Qayğılar çoxaldı. Müxtəlif mətbuat orqanlarında işlədik. Görüşlərimizin də sayı azaldı. Amma bu yaxınlara qədər də böyük-kiçik nə yazdımsa, həmişə gözümün qabağına gəldi ki, bu yazını sabah Şakir Yaqubov oxuyacaq. Hər şey yerindədirmi?

Təəssüf ki, bu gün jurnalistikamızda hər şey yerində deyil! Kim nə istəyir, necə istəyir yazır! Çünki indi Şakir Yaqubov kimi  redaktorlar barmaqla sayılacaq qədər azdır. Çünki indi redaktə işinə az qala hər yerdə barmaqarası baxılır. Hər kəs özü həm müəllifdir, həm də redaktor.

Hətta bir az da irəli gedib cəsarətlə demək istəyirəm: Azərbaycan mətbuatı ona görə bu günə düşdü ki, Şakir Yaqubov kimi peşəkarlar jurnalistikadan getdilər, yaxud "yola salındılar"! 

Şakir Yaqubov jurnalistikadan yeni əsrin əvvəllərində getmişdi. Həm də mətbuatdakı xaosa etiraz olaraq...

Bir müddət naşirlik fəaliyyətinə keçdi, çox sayda kitablara redaktorluq etdi. Yenə də peşəkarlıqla, vicdan və məsuliyyətlə. Çünki bu prinsiplər onun qanındaydı. Və prinsiplərində güzəştə getmək söhbəti yox idi.

On il əvvəl yenidən mediada imzası görünməyə başladı və çox az müddətdə bir kitablıq oxunaqlı publisistika nümunəsi qoydu ortaya. Təxminən 45 illik jurnalistlik təcrübəsində müxtəlif hadisə və insanlarla bağlı yaddaşında ilişib-qalan çox məqamları, həyat həqiqətlərini elə "Yaddaşımın küncündən" adlandırdığı kitabda toplayaraq nəşr etdirdi...

Şakir Yaqubovun bu kitabı da, digər publisistik kitabları kimi yeni yazmağa başlayan, taleyini jurnalistikaya bağlamaqda qərarlı olan gənclər üçün əsl müntəxabatdır, "necə yazmaq" və "necə yazmamaq" suallarına cavabdır...

Səhhətindəki problemlərə baxmayaraq, onun yazıb-yaratmaq həvəsi ömrünün son günlərinədək sönmədi. Yəqin ki, şəxsi kompüterinin yaddaşında hələ üzə çıxarmadığı yazılar da var...

Uzun müddət əziyyət çəkdiyi xəstəlik səbəbindən Şakir müəllim nəinki ictimai tədbirlərə, heç qohum-dost məclislərinə də gedə bilmirdi. Amma televiziya, internet vasitəsilə günün nəbzini tutur, tanıdığı adamlarla bağlı xəbərə rast gələndə dərhal həmin adama zəng edirdi, rəyini, fikrini çatdırırdı. Etiraf edim ki, iş-gücdən başı açılmayan biz yetirmələri bəzən onun səhhəti ilə maraqlanmağı yaddan çıxarsaq belə, o, hər hansı yaradıcılıq uğurumuzdan xəbər tutar-tutmaz bizi arayıb-axtarardı.

Biz isə ona dəyməyi, baş çəkməyi sabaha saxlıyırdıq; bir gün onu narahat eləməmək üçün, bir başqa gün başqa işimiz çıxdığına görə...

Ömür qısa, dünya etibarsız imiş...

Və dünya həmin etibarsızlığını bir daha sübut etdi: Böyük müəllimimizi, böyük ustadımızı 71 yaşında son mənzilə yola saldıq.

Təzəpir məscidində adına layiq vida mərasimi təşkil edildi. Dostları, həmkarları, yetirmələri söz dedi. Kövrələn də oldu, onun şagirdi olmaqdan qürur duyanlar da!

Və... bu da son!

Ustad Şakir Yaqubov son mənzilə, son ünvana qədəm qoydu.

Xoş xatirələrini onu tanıyanların yaddaşında əbədi qoyub getməklə...

 

 

 





27.10.2022    çap et  çap et