2005-ci ildən etibarən Xəzər dənizinin səviyyəsi enməyə başlayıb. Həmin vaxtdan etibarən dənizin səviyyəsi müntəzəm enir. Dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,19 metr aşağı düşüb. Yəni ən çox enmə 30 santimetr olmaqla 2021-ci ildə qeydə alınıb. Son 5 ildə Xəzər dənizində suyun aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır.
Mütəxəssislərin sözlərinə görə, su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin büruzə verəcək. 2050-ci ildən sonra Xəzərdə suyun səviyyəsinin artması proqnozlaşdırılır.
Prezident İlham Əliyev də Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısında Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyətinin və dəniz səviyyəsinin aşağı düşmə dinamikasının narahatlıq doğurduğunu, bu problemlərin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu vurğulayıb. Dövlət başçısı Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı ölkələrin uğurlu qarşılıqlı fəaliyyətinin davam etdiyini, bu ilin sonunda Bakıda "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsinin nəzərdə tutulduğunu bildirib: "Biz Xəzərdə suyun azalmasını uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər".
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki, son 20 ildə Xəzərdə suyun səviyyəsinin düşməsi bizi çox narahat edir. Burada iqlim dəyişmələri əsas amildir. Ancaq digər amillər da var. Tələbat, əhali artıb: "Bizim məqsədimiz bu istehlakın daha səmərəli, daha ağıllı formada idarə olunmasıdır. Vətəndaşlar da, istehlakçılar da suya münasibətdə məsuliyyətli olmalıdırlar".
Nazirin sözlərinə əsasən, Azərbaycanda Xəzər dənizinin ətraf mühitə mənfi təsirlərini minimuma endirmək üçün ardıcıl tədbirlər görülür. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işlər davam etdirilir, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və ətraf mühitə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirir.
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov bildirib ki, bu proses iqlim dəyişikliyi ilə bağlıdır: "İqlim dəyişikliyi təbii prosesdir. 12 ildən bir belə dəyişikliklər müşahidə olunur. Yerin öz oxu ətrafında fırlanması də prosesə təsir edir. Xəzər dənizində 50-100 metr çəkilmə qeydə alınır. Son yüzilliklərdə bu hal dəfələrlə baş verib. Amma ümumilikdə Xəzərin problemləri regional bir məsələdir. Beş ölkənin çirkab sularının Xəzərə axıdılması dənizin biomüxtəlifliyinə də böyük təsir göstərib. Bilirsiniz ki, Xəzərin sərhəd hissələrində atılan çirkli sular dənizin dibində olan bitki örtüyünü məhv edir. Bitki örtüyünü məhv etmək həmin bitkilərlə qidalanan canlıların qidasını məhv etmək deməkdir. Bu bitkilərlə digər bitki orqanizmləri də qidalanır, onlar isə balıqların yemi sayılır. Qida zənciri ilə bağlı dənizdə böyük bir proses baş verir. Yer kürəsində oksigenın əmələ gəlməsində su bitkilərin rolu 60 faizdir. Təsəvvür edin ki, əgər quru ərazidə bitkilər məhv edilibsə, bunu insan müəyyən müddətdən sonra bərpa etmək imkanına malik olur. Qida zəncirində bu proseslər bir-birinə olduqca böyük təsir göstərir. Həm oksigen təminatı, həm də yem olaraq bitkilərin məhv olması bioloji resurslara böyük təsir göstərir. Bu gün Volqa çayı hövzəsində böyük bir ərazinin məişət tullantıları çaya axıdılır. Ən böyük zərbə də Xəzərin şimal ərazisinə dəyir. Eyni zamanda, Xəzər dənizində neft çıxarılması nəticəsində dəniz neftlə çirklənir, bu, biomüxtəlifliyə ən güclü təsir göstərən amillərdən biridir. SSRİ dövründə Azərbaycanda Ekologiya Nazirliyi yox idi, o zaman Xəzərin çirklənməsi kimsəni maraqlandırmırdı. Çıxarılan neftin müəyyən bir hissəsi dənizə axırdı. Bu, dənizin ekoloji vəziyyətinə çox pis təsir etdi. İndi də Xəzərin şelf əraziləri var ki, torpaq bir neçə metrə qədər neft məhsulları ilə zəhərlənib. Hazırda müasir texnologiyalarla neft çıxarıldığı üçün dənizdə çirklənmənin qarşısı müəyyən qədər alınır. İndi Xəzərin biomüxtəlifliyinin qorunması istiqamətində müxtəlif ölkələr, eləcə də Azərbaycan vəsaitlər sərf edir və balıq yetişdirmə təsərrüfatları təşkil olunur. Milyonlarla balıq hər il Xəzər dənizinə buraxılır, amma istər-istəməz dənizin bioresursları getdikcə azalır. Başqa dənizlərdən fərqli olaraq Xəzər dənizi unikal bir dənizdir, şimalı ilə cənub hissəsi bir-birindən fərqlənir. Xəzər dənizinin duzluluğu şimal, cənub və orta hissədə fərqlidir. Bu fərqi qoruyub saxlamaq müəyyən canlıları qorumaq baxımından vacibdir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəisi Mehman Axundov deyir ki, Xəzərin səviyyəsinin dəyişməsi fonunda onun canlı aləmi də dəyişikliyə məruz qalır. Belə ki, səviyyənin enməsi balıqların yerlərini itirməsinə, ümumiyyətlə, balıq ehtiyatının azalmasına gətirib çıxarır. Balıqların sayının azalmasının əsas səbəbləri sırasında brokonyerlik və suyun çirkli olması göstərilsə də, son illər çirklənmənin rolu olmadığı deyilir. Qeyd edilir ki, iqlim dəyişmələri ilə əlaqədar dənizdə suyun temperaturunun artması onların populyasiyasına təsir göstərir və onlar digər areallara doğru miqrasiya edirlər. Bunlar isə sırf iqlim faktorlarıdır.
Mehman Axundov qeyd edib ki, Xəzərdəki balıq populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi və temperaturla əlaqədardır. Anomal istilik Xəzər regionunda biomüxtəlifliyin azalmasına səbəb olur: "Bununla əlaqədar olaraq, balıqların təbii çoxalmasına şərait yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi azaltmaq məqsədilə Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmağa və su-elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmağa çağırırıq. Əks halda, Xəzərdə Aral dənizinin yoxa çıxmasına bənzər ssenari baş verə bilər".
Xəzər dənizinin öyrənilməsi istiqamətində müxtəlif ölkələrin alimləri tərəfindən araşdırmalar bu gün də davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə ildə 4 dəfə Xəzər dənizində şimaldan cənuba doğru monitorinqlər aparılır. Sahil zolağını da əhatə edən monitorinqlər zamanı götürülən su nümunələri üzərində fiziki-kimyəvi, mikrobioloji, toksikoloji təhlillər edilir. Bununla çirklənmə dərəcəsi müəyyən olunur. Monitorinqlər və kompleks tədqiqatlar xüsusən neft-qaz hasilatı ilə məşğul olan yerli və xarici şirkətlərin platformaları arasında - Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən "Bahar", "8 mart", "Ələt-dəniz", "Bulla-dəniz", "Ümid", "Şahdəniz", "Abşeron", "Çıraq", "Mərkəzi Azəri", "Günəşli", "Neft Daşları", "Palçıq pilpiləsi", "Çilov", "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə", "28 may" NQÇİ, JOCAP yataqlarında keçirilir. Monitorinqlər zamanı müxtəlif koordinatlar üzrə su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülür, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilir, hidrometeoroloji ölçmələr, biomüxtəliflik tədqiq edilir. Eləcə də həm şimalda, həm də cənubda Xəzər dənizinin fon müşahidələri aparılır. Neft-qaz hasilatı həyata keçirilməsinə baxmayaraq, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə nəticəsində dənizin çirklənmə səviyyəsinin azaldığı deyilir.
Dənizin çirklənmə səviyyəsindən danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, nazirlik bu sahədə sırf nəzarət funksiyasını həyata keçirir. Məqsəd hansısa sahibkarlıq subyekti, dövlət müəssisəsini müəyyənləşdirib cərimə tətbiq etmək deyil. Onun sözlərinə görə, fəaliyyət nəticəsində ətraf mühitə ziyan vuran sahibkarlar bunun qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirməli olduqlarını bilməlidirlər. Hər hansı sahibkarlıq subyekti çirkli suyu dənizə axıdırsa, məsuliyyəti özü daşıyır. Obyekt sahibləri təmizləyici qurğu quraşdırmalı və ya bir neçə sahibkar birləşib bu istiqamətdə iş görməlidir.
Sevinc QARAYEVA
çap et