525.Az

Ermənistanın Bərdə terrorunun ikinci ili


 

Ermənistanın Bərdə terrorunun ikinci ili<b style="color:red"></b>

İkinci Qarabağ müharibəsində Ermənistan amansız müharibə cinayətləri törətdi. Bu ölkənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, eləcə də oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirdi. Bu cinayətlər həm də onu göstərdi ki, Birinci Qarabağ müharibəsində mülki insanlarımıza görünməmiş qəddarlıqla qətlə yetirən, işgəncələr verən, Xocalı soyqırımını törədən Ermənistanın terrorçu, cinayətkar xisləti dəyişməyib. 

İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyətini anlayan, aciz duruma düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi mülki insanları məqsədli şəkildə hədəf almaqla müharibə və insanlıq əleyhinə növbəti cinayətlərə imza atdı.

Eyni zamanda, qarşı tərəfin burda məqsədi həm də panika, qorxu yaratmaq, Azərbaycanı cavab addımı ilə təxribata çəkmək idi. İrəvan müharibə bölgəsindən uzaqda yerləşən yaşayış məskənlərini, dinc insanları hədəf almaqla Azərbaycan tərəfini Ermənistan ərazisinə, mülki əhalinin yaşadığı yerlərə atəş açmağa təşviq edirdi. Bununla da üçüncü qüvvələri müharibəyə cəlb etməyə, beynəlxalq səviyyədə əleyhimizə təbliğatı genişləndirməyə çalışırdı. Amma heç birinə nail ola bilmədilər. Çünki Azərbaycan bütün beynəlxalq konvensiyalara, qanunla uyğun müharibə apardı, dinc insanları heç bir halda hədəf seçmədi. Panika yarada bilmıdi, əksinə, insanlarımızın döyüş ruhu hər gün daha da artırdı.

Ermənilər amansız cinayətlərindən birini də Bərdə də törətdi. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistanın silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbəsi endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəydi.

Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi tviter səhifəsində etdiyi paylaşımda bildirib: "Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".

Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşımda qeyd edib: "Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endiriblər. Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir.

Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur. Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir.

Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi.

Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram.

Azərbaycan Ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik. Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır!

Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!"

Bir gün əvvəl isə, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi raket atəşinə tutulmuşdu. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həlak olub, 14 mülki şəxs yaralanmışdı.

Ümumilikdə isə 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistan müharibənin gedişində təkcə Bərdəni deyil, döyüş bölgələrindən kənarda yerləşən Gəncə, Mingəçevir şəhərlərini, digər yaşayış məntəqələrimizi də mütəmadi olaraq raket atəşinə tutaraq mülki əhaliyə qarşı müharibə cinayətləri törədib. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar atəşkəs razılaşması əldə olunmasına baxmayaraq Ermənistan ilk günlərdən həmin razılaşmanı kobud şəkildə pozdu. Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni beş dəfə bombaladı.

44 günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan erməni silahlı birləşmələri bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik və kaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən, 11 azyaşlı və 27 qadın qətlə yetirilib, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın cinayətləri bu gün də davam edir. Azad olunmuş ərazilərimizi tamamilə minalayan Ermənistan çoxsayda insanımızın həyatını itirməsinə, ağır yaralanmasına səbəb olmaqdadır. 2020-ci ildə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 262 nəfərə çatıb.

Ermənistanın siyasi-hərbi rəhbərliyi həm dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə, eyni zamanda, ərazilərimizi minalarla çirkləndirərək çox sayda insanların ölümünə, sağlamlıqlarını itirmələrinı səbəb olduqlarına görə məsuliyyət daşıyırlar.

Ermənistanın Azərbaycana qarşı bütün cinayətləri, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti bütün  dünyanın gözü qarşısında baş verib. Nəyisə sübut etməyə ehtiyac yoxdur. Amma təəssüf ki, Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır. Dünya birliyi nəhayət, ikili standartları kənara qoyub Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan yaratmamalı, törətdiyi cinayətlərə qiymət verməlidir. Əks halda, elə dünya birliyi özü bu cür insanlıq əleyhinə presidentlərdən əziyyət çəkəcək. Necə ki, bu gün Ukraynada bunun şahidi oluruq...

 

 

 





28.10.2022    çap et  çap et