Kiyevdə, Ukrayna Milli Ədəbiyyat Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli tərcüməçisi, şair, ədəbiyyatşünas Mıkola Miroşnıçenkonun (1947-2009) anadan olmasının 75 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. Tədbir mədəni və biznes əlaqələrinin inkişafı üzrə beynəlxalq HUNAZ təşkilatının və Ukrayna Milli Yazıçılar İttifaqının dəstəyi ilə təşkil edilib.
Mıkola Miroşnıçenko Azərbaycan ədəbiyyatının Ukrayna dilinə ən görkəmli tərcüməçilərindən biridir. O, Azərbaycan, türk, qədim türk, Krım-tatar dillərini mükəmməl bilirdi. Mıkola Miroşnıçenko Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmaddədin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Hüseyn Cavid, Osman Sarıvəlli, Süleyman Rüstəm, Rəsul Rza, Ramiz Rövşən və başqa Azərbaycan şairlərinin əsərlərini Ukrayna dilinə tərcümə edib. Mıkola Miroşnıçenkonun Ukrayna-Azərbaycan ədəbi prosesinə əsas töhfəsi 2006-cı ildə Kiyevdəki "Etnos" nəşriyyatında ikicildlik "Azərbaycan poeziyası antologiyası"nın nəşr edilməsidir. Bu nəşr haqlı olaraq müstəqillik illərində Ukrayna-Azərbaycan ədəbi əlaqələrində əsas və tarixi əhəmiyyətli hadisə sayılır. Layihənin ideyasının uzun müddət yetişdirmiş Mıkola Mıkolovıç ikicildlik antologiyanın təşəbbüskarı, tərtibçisi və aparıcı tərcüməçisi kimi çıxış edib. 2007-ci ildə Ukrayna Milli Yazıçılar İttifaqının Rəyasət Heyətinin qərarı ilə "Azərbaycan poeziyası antologiyası"nın tərcüməsinə və tərtibinə görə Mıkola Miroşnıçenkoya Maksim Rılski adına Milli Ədəbiyyat mükafatı verilib.
Tədbirin təşəbbüskarı və təşkilatçısı Marına Qonçaruk deyib: "Neçə aylar ərzində ilk dəfədir ki, biz Ukrayna ilə Azərbaycan arasında mədəni və ədəbi dialoqun inkişafını davam etdirmək üçün bir tədbir çərçivəsində yığışmışıq. Bu, bir qədər çətin oldu, çünki tədbirin başlanğıcında elektrik işığı kəsilmişdi. Hazırda Ukraynada belə hallar demək olar ki, hər gün baş verir. Lakin qonaqların heç biri getmədi, biz tədbirə başladıq və onu çox səmimi şəraitdə keçirdik. Tədbir bizim qonaqlarımızın türk ədəbiyyatını öyrənmək üçün açıq olan qəlblərinin işığında keçdi. Mıkola Miroşnıçenko bu ədəbiyyat nümunələrini Ukrayna dilinə yüksək bədii səviyyədə tərcümə edib".
M.Qonçaruk qeyd edib ki, Miroşnıçenkonun ədəbi və tərcüməçilik irsinin populyarlaşdırılması üçün fövqəladə və səlahiyyətli səfir, TÜRKSOY təşkilatının sabiq baş katibi (2008-2022), professor Düsen Kaseinovun köməyi ilə çox iş görülür.
Marına Qonçaruk deyib: "Düsen Kurabayeviç Ukrayna-türk mədəni dialoqunun inkişafı üçün çox iş görüb. Bu il fevral ayında Düsen Kurabayeviç Ukraynada səfərdə olarkən Dneprdə Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş konsert, həmçinin, Kiyevdə və Dneprdə "Nizami Ganjavi. Reading" art-albomunun təqdimatı keçirilib, Miroşnıçenkonun 75 illiyinə həsr edilmiş bir sıra layihələrin həyata keçirilməsi məsələsi müzakirə edilib. Bu layihələrin bir qismi artıq gerçəkləşib. Məsələn, TÜRKSOY jurnalı üçün Mıkola Miroşnıçenkonun həyat və fəaliyyəti haqqında geniş məqalə hazırlanıb. Bugünkü tədbir də Düsen Kurabayeviçin dəstəyi sayəsində baş tutub. Buna görə Ukraynada ona çox minnətdarıq".
Ukrayna Milli Ədəbiyyat Muzeyinin baş direktorunun müavini Raisa Sennikova, Azərbaycan mənşəli məşhur Ukrayna yazıçısı, Taras Şevçenko adına Ukrayna Milli mükafatı laureatı, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Nizami Gəncəvi medalının laureatı Qriqori Hüseynov, ukraynalı yazıçı, qazax mənşəli alim Rüstəm Janqoja tədbir iştirakçıları qarşısında çıxış ediblər. Tədbirin bədii hissəsi çərçivəsində Milli Akademik Xalq Çalğı Alətləri Orkestrinin artisti Marına Vişnevska da çıxış edib. O, Azərbaycan melodiyalarını - Fikrət Əmirovun "Noktürn" əsərini və "Sarı gəlin" mahnısını bandura alətində yüksək səviyyədə ifa edib. Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi David Qoqiya "Sarı gəlin" mahnısını gitarada ifa edib, V.Vınnıçenko adına Mərkəzi Dövlət Universitetinin tələbəsi Emil Musayev Miroşnıçenkonun "Böyük saz" şeirini Azərbaycan dilində deklamasiya deyib (şeiri Ukrayna dilinə azərbaycanlı görkəmli ukraynaşünas Abbas Abdulla tərcümə edib), Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Darya Ponomarenko isə Azərbaycana həsr edilmiş "Küləklər şəhərindən qeydlər" adlı poetik silsilədən "Bakı" şeirini səsləndirib.
Tədbirin aparıcısı Marına Qonçaruk Ukrayna Milli Yazıçılar İttifaqının rəhbəri Mixail Sıdorjevskinin təbrikini səsləndirib. Tədbir çərçivəsində bu görüşün təşkilinə kömək etmiş professor Düsen Kaseinova və HUNAZ təşkilatının sədri Nazim Ağamalıyevə Ukrayna Milli Yazıçılar İttifaqının fərmanlarının təqdim edildiyi elan olunub.
Tədbir çərçivəsində Mıkola Miroşnıçenkonun kitablarının və əlyazmalarının sərgisi də təşkil edilib.
Tədbirdə Özbəkistanın Ukraynadakı konsulu Saidalixon İsaxanov, yazıçılar, ədəbiyyatçılar, jurnalistlər, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin və Kiyev Mədəniyyət Universitetinin tələbələri iştirak ediblər.
çap et