525.Az

Bir səhər taksidən düşsək şəhərə...


 

UCUZ TAKSİ XİDMƏTİ: YAXŞI NƏDİR, PİS NƏDİR?

Bir səhər taksidən düşsək şəhərə...<b style="color:red"></b>

Vur-tut beş-altı il əvvəl Bakıda taksi qiymətlərinin indiki kimi münasib, əhalinin hər təbəqəsi üçün əlçatan olacağını desələr, yəqin ki, heç birimiz inanmazdıq. Son illər nəyinsə qiymətinin düşmədiyinə, əksinə, hər sahədə qiymətlərin zaman-zaman qalxdığına adət etmiş bizlər bu inamsızlığa görə, əslində, haqsız da sayılmazdıq. Son bir neçə ildə beynəlxalq taksi aqreqatorlarının ölkəmizə də ayaq açması və şəbəkəsinin sürətlə genişlənməsi bu inanılmazı gerçəyə çevirdi.

Amma çox keçmədi, aqreqator xidmətlərinə müştəri tələbatının artması kəsə yolla, necə deyərlər, "fast food" üsulu ilə pul qazanmaq istəyən bir qrup işbazın da diqqətini çəkdi.

Hələ bir neçə ay öncə bu mənzərəni müşahidə edən tanınmış jurnalist, bloger Azər Qərib özünün sosial şəbəkə hesabında məsələni gündəmə gətirərək, belə işbazların öz fəaliyyətləri ilə əhali üçün əlverişli olan, taksi xidməti sektorunda sağlam rəqabətin formalaşmasına yol aça biləcək aqreqator xidmətlərinin işinə kölgə salmalarından narahatlığını bildirmişdi: "Əzəldən "Uber", "Bolt" kimi startapların fəaliyyətinin məntiqi bu idi ki, hər bir avtomobil sahibi işdən sonra və ya sərbəst vaxtlarında taksi fəaliyyətilə məşğul olub 5-10 manat çörək pulu qazansın. Bizdə bu startap çox iyrənc bir formada inkişaf etdi. Necə? Sahibkar 50-100 ədəd "Prius" alır, işsiz gəncləri yığır və hərəsinə qəpik-quruş verib bolluca işlədir. Daha doğrusu, istismar edir. Əksər hallarda gördüyümüz odur ki, həmin sürücülər şəhəri tanımırlar, kondisioneri yandırmaq, yaxud musiqinin səsini almaq xahişləri az qala aqressiya ilə qarşılanır, avtomobili idarə edərkən votsapda yazışırlar, ... yol qaydalarına məhəl qoymurlar, ən acınacaqlı məqam isə bəzi hallarda narkotik vasitənin təsiri altında olurlar. Açıq-aşkar görürsən ki, sürücü hansısa narkotik vasitənin təsiri altındadır.

...Kimsə 50-100 dənə maşını taksi kimi işlədirsə, bu, artıq taksiparkdır. Onun isə öz qaydaları var; həkimi olur, marşruta çıxanları yoxlayır, dispetçeri olur, maşınların təmizliyinə və texniki vəziyyətinə nəzarət edir, sürücülər şəhəri tanımaq üzrə imtahan verirlər, onların hüquqları qorunur, iş günü, bazar günü, məzuniyyət və s. Sürücü gözü yumulana qədər işləməməlidir, biz onlara həyatımızı etibar edirik".

lll

Bir müddətdir,  ölkə ərazisində əhalinin daha çox "sifarişli taksi xidməti" adlandırdığı taksi aqreqator xidmətinin fəaliyyətinin dayandırılması, vahid taksi sisteminin yaradılması ilə bağlı müzakirələr vüsət almağa başlayıb. Sosial şəbəkələrdə ayrı-ayrı vətəndaşların bu taksi xidməti sürücülərinin kobud, qeyri-adekvat davranışları ilə bağlı ara-sıra paylaşımlarına ara-sıra rast gəlsək də, ictimai rəydə onların fəaliyyəti ilə bağlı irad və narazılıqlar sistemli deyildi. Lakin son günlər bu mövzu ətrafında qəribə bir fəallıq müşahidə olunur, hətta müxtəlif televiziya kanallarında məsələ ilə bağlı ayrıca verilişlər efirə çıxır.

Yaşadığımız oktyabr ayının ilk günlərində  rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov jurnalistlərə açıqlamasında ölkədə vahid taksi xidmətinin yaradılmasının nəzərdə tutulduğunu, bununla rəqəmsal inkişaf və nəqliyyat nazirinin məşğul olduğunu bildirmiş, onu da vurğulamışdı ki, metro, avtobus, taksi xidməti vahid olsa, daha yaxşı olar.

Bəs vahid taksi xidmətinin yaradılmasında məqsəd nədir? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparat rəhbərinin müavini Asif İsmayılovun "525"in sorğusuna cavabında bildirdiyinə görə, burada əsas məqsəd sahibkarların maraqlarının qorunmasını təmin etmək və inhisarçılığın qarşısını almaqdır: "Ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədi ilə taksi xidmətinin işi kompleks şəklində tədqiq olunub, müasir texnoloji yeniliklərdən və innovativ üsullardan istifadə edilərək daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi imkanları müəyyənləşdirilib". A.İsmayılov qeyd edib ki, informasiya texnologiyalarının taksi fəaliyyətinə tətbiqi ilə ənənəvi taksi xidmətinə alternativ olan "yeni növ taksi fəaliyyəti" meydana gəlib və bu, bir çox dünya ölkələrində sözügedən sahənin tənzimlənməsilə bağlı çətinliklər yaradıb: "Hazırda ölkə ərazisində şəxsi minik avtomobillərilə taksi fəaliyyəti ilə məşğul olan, eyni zamanda taksi xidmətlərinin təşkilini, sifarişlərin idarə olunmasını həyata keçirən yerli və xarici şirkətlər fəaliyyət göstir. Taksi fəaliyyəti sahəsində görüləcək işlərin əsas məqsədi sahibkarların maraqlarının qorunmasını təmin edən, inhisarçılığın qarşısının alınmasına töhfə verən yeni yanaşmanın tətbiq edilməsidir".

Bu zaman sual ortaya çıxır: əgər vahid taksi sistemi yaradılsa, ölkədəki taksi aqreqator xidmətlərinin aqibəti necə olacaq və yeni sistemin tətbiqi indiki əlverişli tariflərə necə təsir göstərəcək?

Nəqliyyat üzrə ekspert Aslan Əsədov "525"ə açıqlamasında vahid taksi sisteminin yaradılacağı təqdirdə qiymətlərin məsafələr üzrə müəyyənləşdiriləcəyini və bu qiymətlərdən kənara çıxmağın mümkün olmayacağını bildirib: "Xatırlayırsınızsa, təxminən 6-7 il öncə ölkədə taksi aqreqator xidmətləri yox idi. İndi isə o xidmətlər var və vətəndaşların məmnunluğundan görünür ki, qiymətlər həqiqətən də qənaətbəxşdir. Əvvəlki illərdə qiymətlər yüksək olduğuna görə taksidən adətən imkanlı şəxslər istifadə edə bilirdilər. O ki qaldı taksi sisteminə keçidə, bu sistemin tətbiqi, əlbəttə, qiymətlərə müəyyən təsir göstərəcək".

Vahid taksi sisteminin tətbiqinin hansı  müsbət və mənfi tərəfləri ola bilər?

İqtisadçı-ekspert Pərviz Heydərovun "525"ə bildirdiyinə görə, nəqliyyat sektorunda vahid xidmət həyata keçirmək bazar iqtisadiyyatının prinsiplərinə ziddir: "Bazar iqtisadiyyatı prinsipi o deməkdir ki, sən də xidmət göstər, mən də xidmət göstərim, qiymətlər isə tələb əsasən müəyyən olunsun. Xidmət sektorunda sahibkarlıq subyektlərinin sayı nə qədər çox olsa, xidmətdə o qədər yüksək səviyyədə olar. Vahid taksi sistemi yaratmaq istəyirlərsə, yaratsınlar, bəs burada qiymətləri kim müəyyən edəcək? Bu zaman qiymətlərin müəyyən tələb və təklif normasından kənara çıxması halı baş verə bilər, taksi aqreqator xidmətlərinin bazardan tam çıxarılması qiymətlərin artmasına yol açmış olar. Bu mənada mən vahid sistemin yaradılması təşəbbüsünün müsbət nəticə verəcəyinə inanmram. Ümumiyyətlə, neçə illərdir ölkənin nəqliyyat sektorunda müəyyən boşluqlar, idarəetmədə çatışmazlıqlar var. Xatırlayırsınızsa, 2012-ci ildə Bakıya "London taksiləri" gətirilmişdi. Biz onun hansısa müsbət nəticələrini görə bildikmi? Demək olar ki, yox. Ona görə də mən vahid taksi xidməti sisteminin tətbiqindən müsbət nəticə gözləmirəm".

Qeyd edək ki, vahid taksi xidmətinə keçidlə bağlı təklifi ilk dəfə 2017-ci ildə Bakı Nəqliyyat Agentliyi irəli sürmüşdü. Hətta bununla bağlı 2020-ci ildə konsepsiya da hazırlanmışdı. Lakin o vaxt bu ideya ictimai dəstək qazanmadığından elə təklif olaraq da qaldı.

Bir müddət sonra bu təklifin yenidən gündəmə gəlməsinə səbəb nədir?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun "525"ə açıqlamasında bildirdiyinə görə, buna səbəb bu gün ölkənin taksi sektorunda hökm sürən xaosdur: "Əslində, dövlət müstəqilliyi bərpa olunandan bu günə qədər Azərbaycanda taksi fəaliyyəti tənzimlənmir, nizamlanmır, bu sektorda çox ciddi özbaşınalıq hökm sürür. Bunu, nəhayət ki, tənzimləmək lazımdır. Əsas səbəb də budur. Amma gəlin görək vəziyyəti tənzimləyə biləcəklərmi? Hələ keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vaxtında taksilərin fəaliyyətini nəzarətə götürmək cəhdi olsa da, bu cəhd çox uğursuz alınmışdı, hətta dava-dalaş da baş vermişdi. İndi yeni sistemi yaratmaqla nəyi tənzimləyəcəklər, necə nizamlayacaqlar, hələlik bilinmir. Amma bütün hallarda ölkənin taksi sektorunu tənzimləyəcək bir sistem olmalıdır. Indiyə qədər belə bir sistem yoxdur deyə, əhalinin şirkət dediyi transmilli aqreqatorlar yaranmış boşluqdan məharətlə istifadə edirlər. Son araşdırmalar göstərir ki, transmilli aqreqatorların dünyanın müxtəlif ölkələrində mövcudluğu, fəaliyyəti heç də müsbət nəticələr verməyib. Əslində, bizim ölkəmizdə, demək olar ki, taksi şirkəti yoxdur. Taksi şirkəti odur ki, onun özünün taksi parkı, avtomobilləri olsun, özünün əmək müqaviləsi ilə işə qəbul edilmiş taksi sürücüləri olsun və bu, həm taksilər, həm sürücülər, həm də bütövlükdə şirkət qanunvericiliyə uyğun fəaliyyət göstərsin. Transmilli taksi aqreqatorların heç birinin nə taksisi var, nə də sürücüsü. Sadəcə onlar müştəri ilə sürücü arasında əlaqə yaradıb pul qazanırlar. Vahid taksi sisteminin bu subyektlərin fəaliyyətinə necə təsir edəcəyini isə hələlik bilmirik. Çünki o sistemin necə olacağını hələ heç kim bilmir. Yaxşı olar ki, bu aqreqatorların hüquqi statusu, onların sürücülərlə, dövlət qurumları ilə qarşılıqlı münasibəti müəyyənləşdirilsin, onlara nəzarət mexanizmi və fəaliyyətlərinin tam şəffaflığı təmin edilsin. Əsas hədəf bu olmalıdır".

Bu gün ölkədə taksi fəaliyyəti ilə məşğul olanların sayı nə qədərdir?

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov "525"in sorğusuna cavabında bildirib ki, bu il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda taksi fəaliyyəti göstərən fiziki şəxslərin sayı 36450 nəfər, hüquqi şəxslərin sayı isə 63 vahid təşkil edib. Bu sahədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı cari ilin yanvar-avqust aylarında 612.8 manat olub.

lll

Ədəbiyyata, musiqiyə az-çox bələd oxucu yazının başlığının - "Bir səhər taksidən düşsək şəhərə" ifadəsinin sözləri Xalq şairi Vaqif Səmədoğluya məxsus məşhur "Bir axşam taksidən düşüb payıza" adlı mahnının adına uyğunlaşdırıldığını yəqin ki, hiss elədi. Məlumatlı oxucuya yəqin orası da bəllidir ki, sovet vaxtı bəstələnən bu mahnının mətnində sovet senzurasının israrı ilə bir neçə dəyişiklik edilib, şeirin bir neçə misrası başqası ilə əvəzlənib. Şeirin senzuraya tuş gələn misralardan biri də "Bağlı ümidlərin itmiş açarı" ifadəsidir. Ehtimal ki, bu fikirlə razılaşmayan senzura məmurları iddia ediblər ki, sovet adamının ümidləri bağlı ola bilməz. Bir halda ki, yazını bu şeirin mətnindəki bir misraya uyğunlaşdırmışıq, yazını da elə həmin şeirdəki bir vaxtlar senzuraya uğramış o misradakı ÜMİD sözü ilə bitirmək istərdik. Əslində bu yazı da böyük ümidlə - ölkənin ictimai nəqliyyat sistemində, o cümlədən, taksi fəaliyyəti sektorunda mövcud çatışmazlıqların, nəhayət, aradan qaldırılacağı, ən əsası isə yeni sistemin tətbiqi zamanı həm hazırda bu sektorda çalışan on minlərlə insanın, həm də bugünkü əlverişli qiymətlərdən yaralanan yüz minlərlə vətəndaşın mənafeyinin nəzərə alınacağı ÜMİDi ilə yazılıb. Ümidliyik, ona görə ki, bu gün nə sovet rejimi var, nə də onun senzurası və hər birimiz ÜMİDlərimizin qol-qanad açmasına yardımçı olacağına sonsuza qədər güvəndiyimiz müstəqil, güclü dövlətin vətəndaşlarıyıq.  

Fərid SANÇAR

 





28.10.2022    çap et  çap et