525.Az

Yazıçıların qurultayına sözardı - Elçin Hüseynbəyli yazır


 

Yazıçıların qurultayına sözardı - <b style="color:red"> Elçin Hüseynbəyli yazır</b>

Dostlar, son iki-üç gündə sosial mediada əsasən üç məsələ (sual) müzakirə olunur. 

1.Niyə Anar? 

2. Çingiz Abdullayev jurnalistə niyə sərt cavab verdi? 

3. Gənclərə niyə söz verilmədi?

Başlayaq birincidən. AYB-yə sədr olmaq üçün keyfiyyətləri qısaca deyəcəm: Peşəkarlıq, nüfuz, humanizm, ədalət və təmkin, yəni kübarlıq. Bütün bunlar Anarda var. Ürəyindən namizədlik keçən məşhur yazarlarımız bunu çox gözəl bilir. AYB üzvlərinin nazı ilə oynamağa çoxlarının hövsələsi çatmaz. Mən ilin əvvəlindən qurultaya hazırlığın kuratoru olmuşam və bunu yaxşı bilirəm. 

İkinci məsələ. Mətbuatı izləyənlər və təcrübəli adamlar Çingiz Abdulayevin emosianal və sərt davranışını anlaya bilərlər və anlamalıdırlar da. Ayıq başla, emosiyalar səngiyəndən sonra ağıl verməyə nə var ki? Özü də sual verən müxbirin kimliyi də bilinmir. Neçə ildir kimlərinsə marağına işləyən mətbuatda bu fikirlər dolaşır. "Çingiz Abdullayev AYB-nin birinci mərtəbəsini arendaya verib, pulları mənimsəyir", "Çingiz Abdullayev AYB-nin binasını girov qoyub kredit alıb", "203 min hara gedib?" və s. və i. Dostlar, biz uzun müddətdir ki, qurultaya hazırlaşırıq. Ölkəmiz üçün bu qədər əhəmiyyətli olan bir tədbirə belə bayağı yanaşmaq anlaşılan deyil. Mən Çingiz Abdullayevin ölkəmiz, AYB üçün hansı işlər gördüyünü, hansı əziyyətlər çəkdiyini demək istəmirəm. Bəzilərini bilirsiniz, çoxunu isə yox. Amma mən bütün bunların şahidiyəm. Anarın da, Çingiz Abdullayevin də, qurumda təmsil olunan yetkililərin də bu pulları mənimsəməyə ehtiyacı yoxdur. Ləyaqətli adam ona görə oğurluq etmir ki, bunu bacarmır, yaxud da bunun üstünün nə zamansa açılacağından qorxur, sadəcə ona görə etmir ki, bu əməl onun düşüncə tərzi, əxlaq prinsipləri ilə daban-dabana ziddir. 

Ləyaqətsizləri isə görmüsünüz: milyonları mənimsəyiblər və cəzalarını alıblar. Dövlət bu mötəbər tədbirə ona görə pul ayırıb ki, yazıçıların ölkəmizin həyatında, mədəniyyətində, mənəviyatında hansı önəmli işlər gördüyünün fərqindədir. Başqa şeyləri demirəm: hər kəs qonaq qarşılayanda (ən kasıbı belə) onun qarşısına urvatlı çıxmaq istəyir...

Bəli, Çingiz Abdullayev rusdilldir. Amma Solovyov kimi ermənipərəst, şovinist birisinin qarşısına çıxanda, ölkə dışında brendə çevrilən bir yazarımız kimi onunla fəxr edəndə belə düşünmürdünüz axı. Azərbaycan dilində danışmaq vacibdi, amma doğma dilimzidə danışan o qədər yararsız və mənasız adamlar var ki!

AYB-yə niyə pul ayırdılar deyənlər isə, inciməyin, qul psixologiyasının daşıyıcılarıdır. Hələ onu demirəm ki, (əslində deməliyəm) kimlərsə belə kritik bir məqamda dövlətlə yazıçıların arasına girməyə uğursuz cəhdlər edir. Savaş hələ bitməyib...

Üçüncü məsələ. Qurulataya namizədəm (ifadəyə bax e?!) deyə sosial şəbəkədə özünü didib-dağıdan bu gənclərin kimlər tərəfindənsə öyrədilməsi açıq-aydın görünür. Belə olmasaydı, onlar Qurultayın Rəyasət heyətinə yazılı müraciət etməli, sədrliyə namizədliklərinin qeydə alınmasını istəyərdilər. Gələcək sədr kimi (gülməli çıxmasın) platformalarını çap edib qurultay nümayəndələrinə paylamalıydılar. Amma nə bunların başbilənləri, nə də özləri bunu etməyiblər. Xətrlərinə dəyməsəydi, deyərdim ki, ağııları kəsməyib. Sosial şəbəkədə yazılan təhqirləri nəzərə alsaq, onlara söz verilsəydi, nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir. 
Özü də sədrliyə iddialı Fuad Cəfərli Gənclər Şurasının üzvüdür. Gənclər onu dəstəkləsəydilər, Gənclər Şurasının sədri Fərid Hüseyn öz çıxışında buna toxunardı…

Bir işi görməzdən əvvəl adam özünə sual verməlidir: mən bunu haqq eləmişəmmi? Bu yerdə suala cavab mənfidir. Nizamnamə və demokratiya populist çıxışlar üçün deyil və şantaj üsuluna çevrilməməlidir... 

Və bir vacib qeyd. Tanınmış yazarımız, Mətbuat Şurasının sədri Rəşad Məcid doğru deyir və biz də bunu illərdir, deyirik: Azərbaycan mətbuatının saflaşmağa, peşəkarlaşmağa ehtiyacı var...

Mətbuatda mərhəmət itib, dostlar. Deməli, insanlığa da mərhəmət azalıb...

Xeyirli günlər, dostlar!


 

 





28.10.2022    çap et  çap et