525.Az

Post-münaqişə dövründə ABŞ-ın siyasəti


 

 Post-münaqişə dövründə ABŞ-ın siyasəti<b style="color:red"></b>

“İkinci Qarabağ müharibəsi bitdikdən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar Cənubi Qafqazda maraqları, təsir imkanları olan bir sıra böyük dövlətlərin, güc mərkəzlərinin siyasətində də müəyyən korrektələr etməsinə səbəb oldu. Bu ölkələrdən biri də Birləşmiş Ştatlardır. Ağ Evin regional siyasətinin ən yeni tarixi haqqında onu qeyd etmək olar ki, son otuz ildə, daha dəqiq desək Sovet İttifaqı dağıldıqdan və Cənubi Qafqaz ölkələri beynəlxalq münasibətlərin müstəqil subyektinə çevrildikdən sonra bölgə ABŞ-ın geostrateji baxımdan maraqları dairəsinə daxil edildi. Cənubi Qafqazın coğrafi yerləşməsi, geosiyasi mövqeyi, malik olduğu enerji resursları Vaşinqtonun region ilə daha fəal məşğul olmasını şərtləndirirdi”.

525.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.

Ekspert bildirib ki, 1990-cı illərin əvvəllərində soyuq müharibəni qələbə ilə başa vuran və yeganə fövqəldövlətə çevrilən ABŞ-ın Cənubi Qafqaz siyasətinin prioritetlərini bu amillər təşkil edirdi: enerji, təhlükəsizlik və siyasi islahatlar. Onu da əlavə edək ki, hazırda da Vaşinqtonun regional siyasətində məhz bu üç amil ön sıradadır. ABŞ ölkəmizlə hər üç istiqamət üzrə, Gürcüstan və Ermənistanla isə daha çox təhlükəsizlik və siyasi islahatlar sahəsində əməkdaşlıq edib və etməkdədir. Son otuz ildə Vaşinqtonda düşünüblər ki, Cənubi Qafqaz dövlətləri ilə hər üç sahədə əməkdaşlığın dərinləşdirilməsi ABŞ-ın və bütövlükdə Qərbin regionda geostrateji maraqlarının təmin edilməsi baxımından əlverişli mühit yaradır:

“Enerji amili ABŞ-ın Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda siyasətini müəyyən edən əsas faktorlardan biri kimi çıxış edib. 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Birləşmiş Ştatların regionla bağlı siyasətində enerji faktorunun əhəmiyyəti Vaşinqtonun qəbul etdiyi strateji sənədlərdə də ifadə olunur. Məsələn, 2003-cü ildə qəbul edilmiş Milli Təhlükəsizlik Sənədində Xəzərin enerji mənbələrinin strateji əhəmiyyəti xüsusi qeyd edilir. Eyni zamanda, Cənubi Qafqazda təhlükəsizlik və siyasi islahatlar məsələləri də ABŞ-ın həmin dövrdə qəbul etdiyi analoji sənədlərdə öz əksini tapıb.

ABŞ-ın İkinci Qarabağ Müharibəsinə qədər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həyata keçirdiyi siyasət müəyyən istisnalarla (1992-ci ildə Konqres tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qəbulu və s.) əsasən tarazlığı qorumaq prinsipinə əsaslanmışdır. Vaşinqton həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri pozmaqdan çəkinərək Qarabağ münaqişəsində neytrallığını qorumağa çalışmışdır.  Birləşmiş Ştatlar bir tərəfdən ölkəmizin ərazi bütövlüyünə hörmət etdiyini bəyan etsə də, digər tərəfdən də Qarabağda yaşayan ermənilərin statusu və Ermənistanın təhlükəsizliyi məsələsini də daim diplomatik gündəliyində saxlamışdır. ABŞ-ın münaqişəyə münasibətdə sərgilədiyi bu mövqe ölkəmizi o qədər də qane etməmişdir. İlk növbədə, o səbəbdən ki, təcavüz edən dövlətlə təcavüzə məruz qalan dövlət arasında neytrallıq nümayiş etdirmək cəmiyyətimiz və dövlətimiz tərəfindən, haqlı olaraq, doğru hesab edilməmişdir. 1990-cı illərin ikinci yarısından ABŞ Ermənistan-Azərbaycan münaqişəsinə ATƏT-in Minsk Qrupunun həmsədri kimi cəlb olunmuşdur və digər həmsədr dövlətlər olan Rusiya, Fransa ilə birlikdə konfliktin dinc yollarla nizamlanması prosesində birbaşa iştirak etmişdir.

Həmçinin, 1990-cı illərin sonları – 2000-ci illərin əvvəllərində Vaşinqton münaqişənin həlli ilə bağlı fərdi təşəbbüslərlə də çıxış etmişdir. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, ölkəmizlə enerji sahəsində əməkdaşlıq  və 2001-ci ildə antiterror kampaniyası çərçivəsində Əfqanıstanda başlanan müharibə Birləşmiş Ştatlar üçün Azərbaycanın geoiqtisadi, geostrateji, tranzit əhəmiyyətini artırmışdır ki, bu proseslərin nəticəsində də Vaşinqton Ermənistanla münaqişə kontekstində ölkəmizə doğru müəyyən müsbət reveranslar  etmişdir. Hətta Trampın prezidentliyi dönəmində ABŞ ölkəmizə 200milyon dollar dəyərində silah satışını da həyata keçirib”.

M.Məmmdli qeyd edib ki, son otuz ildə ABŞ-ın Cənubi Qafqaz regionu və konkret olaraq, ErmənistanAzərbaycan münaqişəsi ilə bağlı 2020-ci ilin sentyabrına qədər həyata keçirdiyi strategiyaya qısa nəzər salmaqla, Vaşinqtonun İkinci Qarabağ Müharibəsindən sonra postmünaqişə dövrü problemlərinə yanaşmasında sərgilədiyi davranışlarda ciddi dəyişikliklərin baş verdiyini aydın görmək olar.

Bu dəyişiklikləri əsasən belə qeyd etmək olar ki, Birləşmiş Ştatlar Azərbaycanın mövqeyindən fərqli olaraq münaqişənin bitmədiyini və bu səbəbdən də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa edilməsi zərurətini bəyan edir, Ermənistan-Azərbaycan sərhədində, Qarabağ bölgəsində baş verən toqquşmalarda daha çox ölkəmizi ittiham edir. Həm Ağ Ev, həm də bir çox Konqres nümayəndələri bu məsələdə təxminən eyni mövqedən çıxış edirlər və bu da Vaşinqtonun iki ölkə arasında davam sülh prosesinə yanaşmasında tarazlığı Ermənistanın xeyrinə pozması mənzərəsini yaradır. Xüsusilə son aylarda ABŞ rəsmilərinin qeyd etdiyimiz mövzularda verdiyi açıqlamalara, bəyanatlara, atdığı addımlara xronoloji ardıcıllıqla baxdıqda, Vaşinqtonun Ermənistana doğru müsbət reveranslarının tezliyinin artdığını görmək mümkündür:

“Avqustun ilk günlərində Azərbaycanın Kəlbəcər və Laçın bölgələrində baş verən və Ermənistanın təxribatları nəticəsində meydana çıxan növbəti gərginlikdən   sonra ABŞ Dövlət Departamentinin rəsmi açıqlamalarında “Dağlıq Qarabağ” münaqişəsinin yalnız danışıqlar yolu ilə həllinin mümkünlüyü vurğulanırdı. Həmin dövrdə ABŞ Dövlət Departamentinin rəsmi saytında iki məlumat dərc olunub.
Birinci yazıda ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə zəng etməsi ilə bağlı məlumat verilib: “E.Blinken gərginliyi azaltmağa və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn məsələləri həll etmək üçün Azərbaycan və Ermənistanı birbaşa dialoqa çağırıb”. İkinci məlumatda da ABŞ dövlət katibi Blinkenin Ermənistan Baş naziri Paşinyana zəng edərək oxşar məzmunlu danışıqlar apardığı bildirilir.

Məsələ ilə bağlı ABŞ qanunverici orqanının nümayəndələri də 5-6 avqust tarixlərində müxtəlif açıqlamalar verib. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi tərəfindən paylaşılan tvitdə qeyd olunur: “Azərbaycanın Dağlıq Qarabağda törətdiyi ölümcül hücumlar təkcə atəşkəs rejiminin pozulması deyil, həm də bu ölkənin son zamanlardakı təcavüzkar davranışının qəbuledilməz davamıdır. Azərbaycan qüvvələri bölgədən geri çəkilməli və Dağlıq Qarabağ xalqına qarşı hərbi əməliyyatlara son qoymalıdır”. Avqustun 25-də ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqaz danışıqları üzrə baş müşavir və ATƏT-in Minsk Qrupunun həmsədri təyin etməsi ilə bağlı açıqlama verməsi də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən etirazla qarşılanmışdır. Avqustun 27-də Şuşada keçirilən beynəlxalq konfransda ABŞ və Fransa səfirlərinin nümayişkaranə formada iştirak etməməsi Azərbaycan hökuməti tərəfindən ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi dəyərləndirilib”.

Ekspertin dediyinə görə, sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan sonra ABŞ dövlət katibi Blinken Prezident İlham Əliyevə zəng edərək “Ermənistan-Azərbaycan sərhədində hücumlar, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr endirilməsi barədə məlumatlardan ciddi narahat olduğunu” bəyan edib.

Qeyd edək ki, sentyabrda baş verən hərbi toqquşmalardan sonra digər Amerika rəsmiləri, Konqres nümayəndələri də ölkəmizi günahlandıran açıqlamalarla çıxış etmişdir. Sentyabrın 17-də Ermənistana gələn ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi ölkəmizin ünvanına sərt ittihamlar səsləndirmişdir. Nensi Pelosi Ermənistana səfəri haqqında bildirmişdir ki, “bu səfər iki yüzdən çox insanın həlak olduğu sərhəd toqquşmalarına səbəb olan  Azərbaycanın Ermənistan ərazisinə qanunsuz və ölümcül hücumlarından sonra xüsusi əhəmiyyət daşıyır. ABŞ Konqresi adından Azərbaycanın Ermənistan üzərinə hücumlarını qətiyyətlə pisləyirik”. ABŞ dövlətinin üçüncü şəxsinin belə bir həssas dövrdə Ermənistana səfəri və bu səfər müddətində Azərbaycanı ittiham etməsi Vaşinqtonun postmünaqişə dövrü problemlərinə yanaşmasında vacib nüanslardan hesab oluna bilər. Nəhayət, bu yaxınlarda ABŞ Konqresində bir qrup konqresmen tərəfindən Azərbaycan əleyhinə qətnamə layihəsinin hazırlanmasını İkinci Qarabağ Müharibəsindən sonra Vaşinqtonun region və ölkəmizlə bağlı siyasətində yeni yanaşmaların məntiqi davamı kimi qəbul etmək olar. Beləliklə, qeyd olunanları nəzərə alaraq, İkinci Qarabağ Müharibəsindən sonra ABŞ-ın regionla bağlı siyasətində yeni ziddiyyətli məqamların olduğu qənaətinə gəlmək mümkündür:

“Fikrimcə, Vaşinqtonun postmünaqişə problemlərinə münasibətdə nümayiş etdirdiyi ziddiyyətli məqamlar əsasən ABŞ-ın İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlardan o qədər də məmnun qalmaması və bu ölkədə güclü olan erməni lobbi qruplarının fəaliyyəti ilə bağlıdır. ABŞ postmünaqişə dövrü problemlərinin həllində Rusiyanın üstünlük əldə etməsini, Moskvanın regionda mövqeyinin güclənməsini, Vaşinqtonun isə sülh prosesindən kənarda qalmasını özünün bölgə ilə bağlı geostrateji maraqlarına təhdid kimi qəbul edir. Görünən həm də odur ki, Rusiya-Ukrayna müharibəsi fonunda kəskinləşən Rusiya-Qərb geosiyasi qarşıdurması Cənubi Qafqaz da daxil olmaqla postsovet məkanının digər ərazilərini də əhatə etməkdədir. Vaşinqtonun son iki ayda Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesində fəallaşmasının digər səbəbi kimi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Moskvanın ciddi siyasi, iqtisadi, hərbi çağırışlarla üzləşməsini qeyd etmək olar. Daha dəqiq desək, Rusiyanın resurs itkisi səbəbindən regiona təsir imkanlarının zəifləyəcəyi ehtimalının artması Birləşmiş Ştatları Cənubi Qafqazda fəallaşmağa sövq edir.

Eyni zamanda, burada Demokratlar üzərində daha çox təsir imkanları olan erməni lobbi qruplarının fəaliyyəti də nəzərdən qaçırılmamalıdır. Xüsusilə də, noyabrda Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində bu lobbi qrupları fəallığını daha da artırır. Nəticədə ABŞ siyasətində mühüm hadisə olan aralıq seçkilər ərəfəsində hakim partiya erməni diasporunun dəstəyini əldə etmək üçün müəyyən ermənipərəst addımlar atmaqdan çəkinmir. Onu da qeyd edim ki, xüsusilə sentyabr ayında Vaşinqton tərəflər arasında vasitəçilik təşəbbüsləri ilə çıxış etmişdir. Məsələn, sentyabrın 14-də dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Birləşmiş Ştatlara gələn Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin görüşü keçirilib.

Görüşdə tərəflər son toqquşmalardan sonra yaranmış vəziyyəti müzakirə edib. ABŞ Dövlət Departamenti bu görüşün dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirildiyini açıqlayıb və bildirib ki, rəsmi Vaşinqtonun məqsədi münaqişə tərəfləri arasında danışıqları intensivləşdirməkdən ibarətdir. Daha sonra sentyabrın 27-də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub. Görüşün nəticələri ilə bağlı Ceyk Sallivan bildirib ki, “biz növbəti zorakılıqdan qaçmağın və vaxtında məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik”. 

Birləşmiş Ştatların təşəbbüsü ilə keçirilən görüşlər, bu görüşlərdə müzakirə olunan məsələlər və ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi ilə bağlı ABŞ-ın siyasi, elmi dairələrinin verdiyi açıqlamalar bir sıra vacib qənaətlərə, nəticələrə gəlməyimizə imkan verir. Bu nəticələri əsasən belə qeyd edə bilərik ki, ABŞ qısa müddət ərzində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır. Eyni zamanda Ağ Ev iki ölkə arasında Qarabağda yaşayan ermənilərlə bağlı problemlərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini qəbul edir. Vaşinqtonun sülh prosesində nümayiş etdirdiyi mövqenin digər vacib elementi Ermənistanın təhlükəsizliyi, Qarabağda yaşayan ermənilərə hər hansı bir formada statusun verilməsidir.

Beləliklə, Rusiya və Avropa İttifaqından sonra vasitəçilik təşəbbüsləri ilə çıxış edən Birləşmiş Ştatların postmünaqişə dövrü problemlərinin həllində əsas məqsədi kimi tezliklə regionda davamlı sülhə nail olmağı qeyd etmək mümkündür. Vaşinqtonda aydın dərk edirlər ki, bölgədə ciddi münaqişə potensialı olan problemlərin mövcudluğu ABŞ-a rəqib olan güc mərkəzlərinin Cənubi Qafqazda təsir imkanlarının qorunub saxlanmasına xidmət edir. Buna baxmayaraq, Vaşinqtonun postmünaqişə dövründə həyata keçirdiyi siyasətdəki bir sıra təzadlı məqamlar ABŞ-ın regionda sülhün əldə olunmasının vacibliyi ilə bağlı strategiyası ilə ziddiyyət təşkil edir. Bu isə onsuz da kövrək olan sülh prosesinin uğurla davam etməsinə mane olur. Eyni zamanda regionun aparıcı dövləti olan, Birləşmiş Ştatlarla da strateji tərəfdaşlıq münasibətlərinə malik ölkəmizlə də münasibətlərdə ciddi problemlər yaradır”.

Sevinc Qarayeva

 





28.10.2022    çap et  çap et