525.Az

Azərbaycandan Anadoluya mənəviyyat körpüsü: qardaşlıqdan strateji müttəfiqliyə - Mübariz Ağalarlı yazır


 

Azərbaycandan Anadoluya mənəviyyat körpüsü: qardaşlıqdan strateji müttəfiqliyə - <b style="color:red"> Mübariz Ağalarlı yazır</b>

Dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri də Azərbaycan və Anadolu bölgəsidir. Tarixlər boyu böyük bir çoğrafi məkanın – Avrasıyanın tərkib hissəsi olan bu coğrafi məkanlar qədim türk sivilizasiyasının mərkəzi və zəngin bir mədəniyyətin daşıyıcısı olmuşdur.
Bəşər sivilizasiyasının müəyyən zaman kəsiyində geosiyasi və iqtisadi baxımdan Qərblə Şərq dəhlizini bir-birinə bağlayan bu bölgələr türk-müsəlman dünyasının bir mədəniyyət və mənəviyyat körpüsü olmuşdur. 

XX əsrin əvvəllərində Avrasiya dünyasında baş verən siyasi hadisələr Anadolu bölgəsində və Azərbaycanda da öz təsirini göstərməkdə idi. Bu dövrdə cəmiyyətin şüurunda baş verən milli özünüdərk prosesi, millət, milli şüur, millət və ümmət münasibətlərini ortaya qoymuşdur. Azərbaycanda və Anadoluda baş verən maarifçilik hərəkatı bu proseslərin elmi-siyasi və mənəvi əsaslarını formalaşdırmaqda idi. Onlarla türk ziyalısı və demokratik düşüncəli din xadimləri milli-mənəvi və dini dəyərlərin modernləşməsi uğrunda yorulmaz mübarizə aparırdılar.

 Bu sahədə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun xidmətləri müstəsna dərəcədə böyükdür.
Dahi mütəfəkkir Əli bəy Hüseynzadə türk dünyasının, xüsusilə də Azərbaycan və Anadolu türklərinin milli oyanışında islamçılıq və qərbçilik ideyalarının inkişaf edilməsində müstəsna rol oynayan, turançılıq məfkurəsinin, türk millətinin islam ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk millətçiliyinə keçidinin əsas ideya və əməl rəhbərlərindən biridir. O, “türkləşmək, islamlaşmaq, avropalaşmaq” milli dirçəliş və milli istiqlal formulu ilə türkçülüyün siyasi məramnaməsini, elmi-nəzəri əsaslarını və milli istiqlal mücadiləsinin “Ana Yasası”nı hazırladı və ümumutürk tarixinə “türkçülüyün atası” kimi daxil oldu. Sonralar milli dövlətçilik ideologiyasına çevrilən bu üçlük azərbaycan türklüyünün müqəddəs üçrəngli bayrağındakı rənglərlə əbədilik qazanaraq böyük türk xalqının qan yaddaşına daxil oldu. 

Böyük türk mütəfəkkiri Yusif Akçura Əli bəy Hüseynzadə haqqında yazırdı: “Əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini təmamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş bir fövqəlbəşərdir”. Həmçinin Yusuf Akçura qeyd edirdi ki, “Əli bəy Hüseynzadənin şairanə turançılığı, 1908-ci ildən sonra İstanbulda digər turançıları, başlıca Ziya Gökalpı yaratmışdır".

Səməd Ağaoğlunun qeyd etdiyi kimi, “Əli Bəy Hüseynzadə ilk Turani idi. Təriqət səviyyəsində bir ideologiya, ideologiya səviyyəsində bir təriqət qurmuşdu. Osmanlı imperatorluğunun ümmət politikası ilə ayaqda dura bilməyəcəyi anlaşılınca vicdanlarda bir vətən olaraq Turan yolunu Əli bəy Hüseynzadə göstərdi".

Türkçülüyün patriarxı, ziyalı qələm sahibi, ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı və türkoloq Əhməd bəy Ağaoğlu... Yalnız Azərbaycanın deyil, bütün Türk-İslam dünyasının möhtəşəm şəxsiyyətlərindən biri olan Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılıq yolu özünəməxsusluğu və bənzərsizliyi ilə seçilməkdədir. Bu qeyri-adi istedad sahibinin Azərbaycanın və Türk dünyasının dirçəlişi üçün edə bildikləri bir insanın cismani və mənəvi imkanlarından heyrətamiz dərəcə böyükdür. Türkçülüyün patriarxı adlandırılan bu dahi şəxsiyyət Azərbaycanın və Türkiyənin, bütünlükdə isə çağdaş türk-islam dünyasının siyasi, mədəniyyət və ictimai fikir tarixinə çoxcəhətli və ensiklopedik şəxsiyyət kimi daxil olmuşdur.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi ki, “Onunla əməkdaşlıq etmiş bir adam kimi deyə bilərəm ki, o zamankı təlatumlu illərdə Ağaoğlu Əhməd qədər heç bir kəs milli hərəkat və milli dava cəbhəsinin atəş xəttində bulunmamışdır”
Türk tədqiqatçı, alim Fəxrəddin Gülsevən Əhməd Ağaoğlunu belə dəyərləndirmişdir: “O, heysiyyətli və möhtəşəm bir mütəffəkkirdir, mərd və cəsur mübarizə adamı, pofessor və maarifçi, usta qəzetçi-yazar, dürüst siyasətçidir. Hürriyyət və demokratiya aşiqi bir insan, milliyyətçi və inqilabçı ziyalı, inanılmış və vəfalı dost, yaxşı ailə başçısı, şəfqətli atadır. Deyə bilərik ki, o, insanlığın bütün üstün cəhətlərini və məziyyətlərini öz simasında toplamış böyük insan, heykəlləşmiş şəxsiyyətdir”.

Əhməd Ağaoğlunun qızı Sürəyya Ağaoğlu da türk dünyası, xüsusilə də Türkiyə Cümhuriyyətinin ictimai-siyasi xadimlərindən biri olmuş, atası kimi türk dünyasına əvəzolunmaz xidmətlər göstərmişdir. Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. İstanbul Universiteti hüquq fakültəsinin ilk qız tələbəsi olmuş, təhsilini bitirdikdən sonra şərqin, türk dünyasının ilk qadın vəkili, hüquqşünası olmuşdur. Sürəyya xanım Türkiyənin siyasi həyatında fəal iştirak etmiş, Yeni Türkiyə Partiyasının qurucularından olmuş, partiyanın İstanbul təşkilatına rəhbərlik etmişdir. 
XIX əsrdən başlayan Anadolu və Azərbaycan aydınlarının ədəbi-mədəni təmasları, XX əsrin əvvəllərində yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə elmi-mədəni və ədəbi əlaqələrlə yanaşı xeyriyyəçilik fəaliyyəti də geniş vüsət alır. Baş verən bu siyasi və ideoloji mübarizələr fonunda öz milli, siyasi və mənəvi maraqlarını qorumaq naminə, Azərbaycan və Anadolu toplumu mədəni, siyasi əlaqələrini genişləndirir, zərurət yarandığı təqdirdə bir-birlərinə qardaşlıq yardımlarını əsirgəmirdilər. 

 XIX əsr - XX əsrin əvvəllərində ümumtürk mədəniyyətinin, milli-mənəvi dəyərlərinn oyanışı və inkişafında milli burjuaziyanın mesenant və maarifçi nümayəndələrinin böyük rolu olmuşdu. Azərbaycanlı mesenantlardan Hacı Zeynalabdın Tağıyev, Ağa Musa Nağıyev,  Mutruza Muxtarov, Şəmsi Əsədullayev kimi sahibkarlar böyük xeyriyyəçilik işləri ilə məşğul olmuş, xalqımızın mədəniyyətinin, elm və təhsilinin inkişafında böyük məbləğdə maddi vəsait xərcləmişlər. 

Azərbaycanlı milyonçuların xeyriyyəçilik fəaliyyəti Azərbaycanın hüdudlarını aşaraq digər ölkələri də əhatə etmişdir. Azərbaycanlı mesenantlar qardaş Osmanlı dövlətində də böyük xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşlar. Balkan Savaşları (1912-1913) və Birinci Dünya Savaşının (1914-1918) o sıxıntılı günlərində Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi altında fəaliyyət göstərən “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin Anadoluya çox önəmli yardımlar təşkil etdiyi məlumdur. Eyni zamanda xeyriyyəçilik fəaliyyəti Anadoluda erməni zülmləri nəticəsində yetim qalan uşaqları, qadınları, yaşlıları da öz himayəsinə almışdır. Xeyriyyəçilik fəaliyyətinə görə Hacı Zeynalabdın Tağıyevin həyat yoldaşı Sona xanımın Osmanlı hökmdarı Sultan Mehmed Rəşad tərəfindən 1914-cü ilin 17 mart tarixində verdiyi fərmanla “Şəfqət Ordeni” ilə təltif olunmuşdur.
Azərbaycan türkləri Rusiya imperiyasının işğalında olmasına baxmayaraq, qeyd olunan dövrdə xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, hərbi baxımdan da Anadolu türk qardaşlarına öz yardımalarını göstərmiş, xüsusilə də Çanaqqala savaşında könüllü olaraq döyüşmüşlər.

Aparılan çoxsaylı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Birinci Dünya müharibəsi dövründə, xüsusilə 1915-ci ildən başlayaraq Qafqaz müsəlmanlarından və Azərbaycan türklərindən olan könüllülərdən ibarət taburlar təşkil edilmiş, Qafqaz cəbhəsində, həmçinin Çanaqqala döyüşlərində iştirak etmişlər. Osmanlı arxiv sənədlərindən əldə olunan məlumatlardan aydın olur ki, Azərbaycan türkləri və Qafqaz müsəlmanlarından ibarət minlərlə konüllü döyüşçülər  Qafqaz cəbhəsində və Çanaqqala döyüşlərində böyük rəşadət göstərərək şəhid olmuşlar.  
Məlumdur ki, türk tarixinin qanlı hərbi faciələrindən biri Sarıqamış faciəsidir. Bu dövrdə Azərbaycanın çar Rusiyasının işğalı altında olmasına baxmayaraq bacardığı qədər Anadolulu qardaşlarına kömək və mənəvi dəstək göstərmişdir. Məlumdur ki, 1914-cü il dekabr ayının 22-dən 1915-ci il yanvar ayının 15-dək olan dövrdə Osmanlı ordusunun acı məğlubiyyəti ilə bitən Sarıqamış döyüşündə 90 min türk əsgəri şəhid olmuş, təxminən 5000 döyüşçü rusların əlinə əsir düşmüşdü. Türk əsirləri Bakıya Böyük Zirə (Nargin adası) adasına gətirilərək böyük işgəncələrə məruz qalmışdırlar.

"Hümmət" qəzetinin 28 noyabr 1917-ci il sayında "Göz yaşı tökdürən cəzirə" məqaləsində Nərimanov yazırdı: "Kaş bu cəzirəyə (Nargin) getməzdim, kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməzdim. Kaş "Əfəndim, su", "Əfəndim, yemək", "Əfəndim, paltar" sözlərini eşitməyəydim. Kaş çılpaq dodaqları soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balalarla sözləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim".

Nargində yaşanan müsibətlərdən, ermənilərin burada türk əsirlərin başına gətirdikləri amansızlıqlardan xəbər tutan Azərbaycanın sayılıb-seçilən varlı şəxsləri və ziyalıları türklərin xilası üçün kömək etməyə çalışırdılar. Bu məsələdə Müsəlman Xeyriyyə Cəmiyyəti, Hacı Zeynalabdin Tağıyev, İsmayıl bəy Səfərəliyev, Murtuza Muxtarov və Əjdər bəy Aşurbəyov, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qadın bölməsinin sədri Sona xanım Hacıyevanın fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Onlar əsirlərin bəzilərinin qaçışını təşkil edir, sağlam əsgərləri Türkiyəyə göndərir, uzun müddət xəstə olanları isə öz evlərində gizlədib, müalicə edirdilər.

Azərbaycan türklüyü ilə Anadolu türklüyünün qardaşlığının ən yüksək zirvəsinin bariz nümunəsini 1918-1920-ci illərdə də görmək olur.  Bu dövrdə öz istiqlaliyyəti və dövlət müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə çıxmış azərbaycan türklüyünün yanında yenə də Anadolu türkləri, Osmanlı imperiyası  var idi. İstər Cənubi Qafqazın gələcək siyasi taleyini həll edən Trabzon (1918, mart) və Batum (1918, may) danışıqlarında, istərsə də türk-müsəlman dünyasının ilk milli demokratik dövləti olan Azərbaycan Cümhuriyyətinin qurulmasında Osmanlı imperiyasının əvəzolunmaz rolu danılmazdır.

1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Cümhuriyyəti elan olundu. Azərbaycan Cümhuriyyəti türk dünyası üzərində doğan bir milli dövlətçilik günəşi idi. Bu dövrdə Azərbaycan mill dövlətçilik günəşinin parlamasına sevinən yenə də Anadolu türkləri idi. Azərbaycan Cümhuriyyətini tanıyan ilk dövlət də məhz Osmanlı dövləti idi. 

Azərbaycan müstəqillik qazansa da hələ də istər geosiyasi, istərsə də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən Bakı və ətrafının bolşevik-erməni işğalı altında idi. Bakının geosiyasi və strateji əhəmiyyətini dərindənə dərk edən Osmanlı və Azərbaycan hökumətinin əmri ilə Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu sentyabr ayının 15-də Bakını işğaldan azad etdi. 

5-ci Qafqaz piyada diviziyasının komandanı podpolkovnik (yarbay) Rüşdü bəy Bakının azad edilməsini öz xatirələrində belə təsvir edirdi: “Eyni irqə mənsub bu iki millət arasında əlaqə və münasibət, axıdılan qanlarla bir qat daha yaxınlıq peyda etmişdir. Anadolu türklərinin, Azərbaycanın istiqlalı uğrunda yapdıqları çətin və qanlı müharibələr əminəm ki, nəsildən-nəsilə nəql ediləcək unudulmaz birgə dastan halında qalacaqdır”. 
Bakının bolşevik-daşnak birləşmələrindən azad olunması xəbəri Türkiyə mətbuatının da əsas aparıcı mövzularından biri olmuşdu. "Yeni gün" qəzeti bu barədə yazırdı: "Bakıda artıq Azərbaycan bayrağı dalğalanır. Azərbaycan hərbi hissələri Bakını azad etmişlər. Eyni dinə və eyni qana sahib olduğumuz qardaşlarımızı təbrik edirik..."

Bakının azad edilməsi münasibəti ilə noyabr ayının 10-da Yay klubunun zalında Nuru Paşanın şərəfinə böyük bir ziyafət verildi. Ziyafət törənində çıxış edən Azərbaycanın dövlət rəsmiləri, ziyalılaröz sevgi və təşəkkürlərini ifadə etmişlər. 

Ziyafət məclisində görkəmli ədəbiyyatşünas Salman Mümtaz Nuru Paşaya itihaf etdiyi “Öyün millət” şeirini oxumuş, tanınmış aktyor Abas Mirzə Şərifzadə isə Osmanlı generallarına məxsus geyimdə zala daxil olaraq Ənvər Paşanın qiyafəsində monoloq söyləmişdir. Ziyafətdə Baş Nazir Fətəli Xan Xoyski “Ədirnənin fəthi” əsərinin müəllifi Cəfər Cabbarlını Nuru Paşaya təqdim etmişdir. 

Bu dövrdə Osmanlı dövləti Quzey Azərbaycan türklərinə hərbi-siyasi yardım etməklə yanaşı, Cənubi Azərbaycanda da erməni və aysorların Azərbaycan türklərinə qarşı kütləvi qətliamlarının daha geniş miqyas almasına imkan verməmişdir.   

1918-ci il oktyabrın 30-da imzalanmış Mudros sazişinə əsasən Osmanlı qoşunları məcburiyyət qarşısında Cənubi Qafqazı və Azərbaycanı tərk edir. Nuru Paşa İstanbula gələrkən oradakı ingilis qüvvələri tərəfindən həbs edilir və Batuma göndərilir. Paşa ermənilərin qətliamının iştirakçısı adı ilə edam hökmünə məruz qalır. Lakin Azərbaycan hökuməti təcili tədbir görür, Baş Nazir Nəsib bəy Yusifbəyli ilə Nağı Şeyxzamanlı xüsusi plan hazırlayırlar. Batum həbsxanasına hücum təşkil edilir və Nuru Paşa xilas olunur.

Qürur hissi ilə vurğulamaq lazımdır ki, Nuru Paşa tək Osmanlı dövlətinin deyil, Azərbaycanın Cümhuriyyət dövrü hərb tarixinin də əvəzolunmaz şəxsiyyətlərdən biridir. O, Qafqaz İslam Ordusunun qurucusu və komandanı, Bakının fatehi, ziyalıların dostu idi. Təkcə bu deyil... Nuru Paşa Güneyli, Quzeyli Bütöv Azərbaycanı canı qədər sevən böyük bir şəxsiyyət idi. Azərbaycan Cümhuriyyəti bolşeviklər tərəfindən işal olunduqdan illər sonra Nuru Paşanın Azərbaycan haqqında ürək ağrısı ilə dediyi sözlər bunu bir daha təsdiq edir;  “Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayaydı”.

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra dövlətin başlıca vəzifəsi ölkənin ərazi bütövlüyünü təmin etmək idi. Nuru Paşanın rəhbərliyi ilə Bakı bolşevik-daşnak qüvvələrindən azad edilsə də, hələ də Naxçıvan, Zəngəzur, Qarabağ, Dərələyəz bölgələrinə erməni təcavüzü davam etməkdə idi. Bu təcavüzün qarşısının alınmasında, ermənilər tərəfindən bölgə əhalisinin qırğınlarının miqyasının azalmasında müstəsna xidmətləri olan şəxsiyyətlərdən biri də Atatürkün ən yaxın silahdaşı, Türkiyənin istiqlal savaşına böyük töhfələr vermiş, Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyaraq bu bölgənin xilaskarı kimi tanınan  Kazım Qarabəkir Paşadır.

Qazi Mustafa Paşa Atatürkün “Naxçıvan türk qapısıdır. Bu xüsusu diqqətə alaraq onun mövcudiyyətini qorumaq üçün əlinizdən gələni edin!” tapşırığının ardınca Kazım Qarabəkir Paşa ordusu ilə Naxçıvana yardıma gəlir. Naxçıvanlı müəllim, o günlərin çanlı şahidi Lətif Hüseynzadə xatirələrində yazırdı ki, “üç günlük vuruşmadan sonra Şanlı türk ordusu Naxçıvana daxil oldu. Kazım Qarabəkir Paşanı yerli əhali böyük ruh yüksəkliyi ilə qarşıladı. Şəhərdə bayram tədbirləri başladı. Türk bayragının qaldırılması münasibəti ilə təşkil olunmuş izdihamda çıxış edənlərin hər biri xilaskar türk ordusuna sonsuz sevgilərini çatdırırdılar”.

Kazım Qarabəkir Paşa Naxçıvanda oldugu zaman görkəmli Azərbaycan şairi Hüseyn Cavidlə birgə bölgənin maarif və mədəniyyətinin inkişafına böyük səy göstərir. Naxçıvan teatrının inkişafında yaxından iştirak edir.  Namiq Kamalın “Vətən və ya silistrə” tamaşasına rejissorluq edərək hətta səhnə tərtibatını da özü verir. O, Naxçıvanda olarkən burada türk klassik yazarları - Namiq Kamalın, Tofiq Fikrətin, Xalidə Ədibin, Əbdülhəq Hamidin, Yəhya Kamalın və digər türk klassiklərinin əsərlərini toplayaraq böyük bir kitabxana yaradır.

1918-ci il oktyabrın 30-da Antanta dövlətləri ilə imzalanmış Mudros sazişi Anadolu dövlətçiliyinə böyük zərbə vurdu. Təkcə Osmanlı imperiyasının uzaq hüdudları deyil, qədim türklüyün beşiyi Anadolu bölgəsi də böyük ölçüdə xarici hərbi-siyasi təhlükə ilə ciddi şəkildə üz-üzə qaldı. Belə bir mürəkkəb şəraitdə Dahi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Anadoluda xarici qüvvələrə qarşı Milli Mücadilə Hərəkatı başladı (1919-1922-ci illər). Bu dövrdə Anadolu türkləri xarici işğalçılara qarşı Milli Mücadilə savaşı apararkən, Azərbaycan türkləri də öz qanları və canları bahasına türk-müsəlman dünyasının yeganə respublikası olan Azərbaycan Cümhuriyyətinin suverenliyini və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizə aparırdılar. İki doğma qardaşın taleyi eyni olduğu kimi, düşmənləri də eyni idi. Məhz buna görə idi ki, dövrün real siyasi gerçəkliklərinə nəzərən Qazi Mustafa Kamal Paşa söyləyirdi ki, “Türkün türkdən başqa dostu yoxdur”. Həqiqətən də həmin dövrdə Avrasiya dünyasında baş verən siyasi proseslərə diqqət yetirsək, Türk Liderin nə qədər haqlı olduğunun birmənalı şəkildə şahidi oluruq. 

Anadoluda Milli Mücadilə Hərəkatı zamanı özünün mürəkkəb siyasi və sosial-iqtisadi dövrünü yaşamasına baxmayaraq Azərbaycan Cümhuriyyəti hökuməti Anadolu qardaşlarını tək qoymadı. Bacardığı qədər maddi və mənəvi yardımını əsirgəmədi. 

Azərbaycan Xalq Cumhuriyyəti hökuməti siyasi və iqtisadi baxımdan çətin durumda olmasına baxmayaraq Anadoluda başlayan Milli Mücadilə hərəkatına imkan daxilində yardım göstərmişdir. Həmin dövrdə Azərbaycan Cumhuriyyətinin Baş Naziri Nəsib bəy Yusifbəyli tərəfindən, 1, 5 milyon fransız frankı miqdarında pul yardımı göstərmək, Anadoluya neft məhsulları çatdırmaq üçün çek qəbzləri imzalanmış və Milli Mübarizə rəhbərlərinə çatdırılmışdır.  

Azərbaycan Milli Mərkəzinin rəhbəri və Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi Məhəmməd bəy Kəngərli öz xatirələrində qeyd edirdi ki, “1,5 milyon franklık köməkdən əlavə daha yüksək miqdarda başqa bir pul yardımı da Nağı Keykurun (Şeyxzamanlı) tərəfindən Türkiyəyə gətirilərək hökümətə təqdim edilmişdir. Mən Şeyxzamanlı ilə görüşlərin birində yardımın miqdarını soruşsam da, ancaq o “Doktor, bu qardaş yardımıdır, bu yardımı edən mən yardım etdim deməz”- deyərək söhbətdən yayınmışdı”.

1920-ci ilin aprel ayının 27-də bolşevik Rusiyasının hərbi qüvvələri qeyri-qanuni olaraq Azərbaycana hərbi müdaxilə edərək Cümhuriyyət hökumətini devirdi və Azərbaycanı işğal etdi. Azərbaycanın siyasi təsisatları dağıdılaraq bolşevik Rusiyasının nəzarətinə keçdi. 28 aprel işğalından az sonra Azərbaycanda rus işğalına qarşı milli mücadilə hərəkatı başladı. Qarabağda, Gəncədə, Zaqatalada, Qubada, Lənkəranda, Şəmkirdə, Muğanda və digər bölgələrdə baş verən bu hərəkat Azərbaycanın istiqlalının bərpasına yönəlmiş bu azadlıq hərəkatı idi. 

Qırmızı imperiyaya qarşı başlanan ilk azadlıq hərəkatı Bakının fatehi Nuru Paşanın rəhbərliyi ilə Qarabağ bölgəsində baş verdi. Üsyançılar Qarabağda Sovet işğalına son qoyub Qarabağ İnqilab Komitəsinin üzvlərini həbs etdilər. Nuru paşa Qarabağın hakimi elan edildi. Lakin bolşeviklərdən əlavə kömək almış yerli bolşevik hakimiyyətinin hərbi birləşmələri ermənilərin yaxından iştirakı ilə azadlıq uğrunda mübarizəyə qalxmış əliyalın əhalini qırmağa başladı. Bərdədə və Ağdamda xalqa divan tutan istilaçı ordu iyunun 15-də qüvvələr nisbətinin üstünlüyündən istifadə edərək Şuşanı da ələ keçirdi. Milli ordunun hissələri və Nuru paşa Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib ölkəni tərk edərək Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin nəzarəti altında olan Cənubi Azərbaycana keçdilər. Onlar buradan Türkiyəyə keçib Mustafa Kamal paşanın ordularına qoşuldular.

Azərbaycan Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra Cümhuriyyət Xadimlərinin və ziyalılarının bir hissəsi rus-erməni terroru nəticəsində qətlə yetirildi, böyük bir qismi isə Avropaya və Türkiyəyə mühacirət etmək məcburiyyətində qaldı. Avropaya, xüsusilə də Türkiyəyə mühacirət edən siyasi xadimlər və görkəmli ədiblər bütün siyasi və mətbu vasitələrindən istifadə edərək, Azərbaycanın müstəqilliyinin bərpa olunmasına çalışmış, bütün ömürlərini bu ali məqsəd uğrunda mübarizəyə həsr etmişlər.

1923-cü ilin sentyabr ayında İstanbulda “Yeni Qafqasya” jurnalının nəşrə başlaması ilə Azərbaycan mühacirət mətbuatının əsası qoyulmuşdur. Türkiyədə fəaliyyət göstərən siyasi və ədəbi mühacirlərin görkəmli simaları arasında Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, Kərim Odər, Hüseyin Baykara, Məhəmməd Kəngərli, Əbdülvahab Yurdsevər, Nağı Şeyxzamanlı, Süleyman Təkinər, Almas İldırım və onlarla vətənsevər mühacir doğma Anadoluda Azərbaycanın siyasi müstəqilliyi uğrunda, tarixi və mədəniyyətinin təbliği istiqamətində yorulmadan uzun bir mücadiləyə başlayırlar. 

Azərbaycanın Türkiyədə fəaliyyət göstərən fenomen mühacir ədibləri içərisində Almaz İldırımın özünəməxsus yeri vardır. 1933-cü ildə gizli yollarla sürgün olunduğu Türkmənistanı tərk edərək Irana gələn istiqlal şairi, İran şahlıq rejiminin Sоvеt Ittifaqındakı bоlşеvik rеjimindən hеç nə ilə fərqlənmədiyini anlayır və о zaman türk dünyasının yеganə müstəqil ölkəsi оlan Türkiyə Cümhuriyyətinə pənah aparır. 1933-cü ildə Türkiyəyə gеdən A.İldırım, bu ölkənin simasında özünə ikinci vətən tapır. Dili, dini, kültürü bir qardaş-bacılarına qоvuşur. Şairin Vətən həsrətilə təşnə оlan qəlbi, az da оlsa, rahatlıq tapır. Türkiyədə yaşadığı təqribən 17 illik mühacirlik həyatı dövründə Almaz İldırımın “Çinaraltı”, “Göybоru”, “Bоz qurd”, “Оrkun”, “Özləyiş”, “Kоmmunizmlə mücadilə” kimi türkçülük fikrini yayan məcmuələrdə şеirləri yayımlanır. Azərbaycanın müstəqillik idеyası həsrətlə birləşərək, Almas İldırımın lirik şеirlərində qоvuşur və оnun şəхsiyyətinin tam açılması aydınlaşır. 

A.İldırımın həyatı əziyyət və məşəqqətli оlmuş, buna baхmayaraq, оnun dоğma Azərbaycana məhəbbəti sönməmiş və о, ana Vətəninin istiqbalına, müstəqilliyinə dərin bir ümid bəsləmişdir. Onun Azərbaycan sevdalılığı, müstəqillik yanğısını “Mənim incim” şeirində də açıq şəkildə görmək mümkündür:

Nə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən, 
Mən bir inci tapmışdım Qafqasların içindən, 
Оynadarkən, əlimdən düşdü tоrpağa incim, 
Nеrdə mənim gəncliyim, nеrdə mənim sеvincim? 
Duymadım, uçdu gеtdi о məndən çох uzağa, 
Talеh quşum başından еnib düşdü tuzağa.
О zamandan ki, mənim öz incimi çaldılar, 
Sanasan ki, еşqimi, sеvincimi çaldılar...

27 aprel 1920-ci il tarixində rus-bolşevik ordusunun Azərbaycanı işğal etməsi ilə ölkədə Nəriman Nərimanovun rəhbərlik etdiyi Azərbaycan Soveti Hökuməti dövrü başlayır. Bu dövrdə də Anadoluda İstiqlal Hərəkatı rəhbərliyi ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə davam etmişdir. Bu münasibətləri nəzərə alan Atatürk hökuməti Bakıda təmsilçilik açılması qərarına gəlmiş və Memduh Şövket (Esendal) bəy 15 avqust 1920-ci il tarixində TBMM Bakı təmsilçisi təyin edilərək Bu TBMM-nin xaricdəki ilk təmsilçiliyi idi. Bakıya təmsilçi təyin edilməsindən təxminən 13 ay sonra Azərbaycan Sovet Hökuməti də İbrahim Əbilovu Ankaraya təmsilçi təyin etmişdir. 

Azərbaycanın Ankara təmsilçiliyi binasının açılışında İbrahim Əbilovun etimadnaməsinin təqdim edildiyi zaman Əbilov və Mustafa Kamal Paşanın çıxışlarından Türkiyə-Azərbaycan qardaşlığının nə qədər möhkəm olduğu bir daha üzə çıxır. İbrahim Əbilov 14 oktyabr 1921-ci il tarixində etimadnaməsini TBMM başqanı Mustafa Kamala təqdim edərkən bu sözləri söyləmişdir: "Rusiya inqilabı sayəsində əsarətdən xilas və muradlarına nail olan Azərbaycan türkləri bir vücud kimi türk xalqının şadlığını öz şadlığı və matəmini öz matəmi bilərək son qətrə qanları qalıncaya qədər Türkiyənin və bütün Şərq məzlumlarının xilas olması üçün əziz övladlarını qurban etməkdən vaz keçməzlər." 

Mustafa Kamal Paşa isə Əbilovun çıxışına eyni səmimiyyətlə cavab verir və bu tarixi sözləri söyləyir: "Azərbaycan türklərinin kədəri öz kədərimiz və sevincləri öz sevinclərimiz olduğu üçün onların muradlarına nail olmaları, hür və müstəqil olaraq yaşamaları bizi pek ziyadə sevindirir."

Əbilovun etimadnaməsini təqdim etməsindən bir neçə gün sonra, 18 oktyabr 1921-ci ildə Azərbaycanın Ankara təmsilçiliyi təntənəli şəkilə açılır. Açılış mərasimində Mustafa Kamal Paşa tarixi bir çıxış edərək deyir: “Səfir həzrətləri! Azərbaycan bayrağını Türkiyə bayrağının yanında, Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır...”. Açılış mərasimində Azərbaycan bayrağı Mustafa Kamal Paşa tərəfindən qaldırılır. 

Bu dövrdə də Azərbaycandan Anadoluda davam edən Qurtuluş savaşına böyük ölçüdə qardaşlıq yardımı göndərilmişdir. Nəriman Nərimanov Türkiyədəki vəziyyəti diqqətlə izləyir, diplomatik-mənəvi və iqtisadi yardımı gücləndirirdi.

Azərbaycan Sovet Höküməti ilk növbədə Azərbaycan Xalq Cumhuriyyəti dönəmində ödənilməsi nəzərdə tutulan 1 milyon franklıq yardımı pul şəklində göndərmiş, daha sonra Qurtuluş savaşı boyunca, ən çox ehtiyac duyulan mazut, benzin və maye qaz yardımı edilmişdir. İnönü savaşlarının ardından Azərbaycan xalqının sevincinin bir əlaməti olaraq, 32 vaqon mazut və benzin ilə 8 vaqon maye qaz göndərmişdir. 

Mustafa Kamal Paşa, 1 Mart 1921-ci il tarixində 2-ci İnönü Savaşından az öncə, Mehmud Şövkət bəy vasitəsiylə Nəriman Nərimanova bir məktub göndərərək maliyyə dəstəyi istəmişdir. Nəriman Nərimanov bu istəyə müsbət cavab verərək, 500 kq qızılı Ankaraya göndərmişdir. Bundan bir az sonra Ankara Hökumətinə bir məktub göndərən Azərbaycan xarici işlər naziri İstiqlal savaşı sona çatıncaya qədər hər ay 62 vaqon mazut və benzin, 3 vaqon maye qaz göndərəcəklərinə söz vermişdir. 1922-ci ildə isə Batum yolu ilə 350 ton neft və 9 min tondan artıq maye qaz göndərmişdir.

Milli Mücadilə zamanı Azərbaycanın qardaş Anadolu türklərinə edilən təmənnasız yardımının maddi dəstəkdən çox bir mənəvi borc olduğunu Nəriman Nərimanovun 23 mart 1921-ci ildə Atatürkə yazdığı məktubundan da görmək olar: " "Paşam,Türk millətinin bir gələnəyi (ənənəsi) vardır; qardaş qardaşa borc verməz. Qardaş hər durumda qardaşın əlindən tutar... Biz qardaş xalqlarız. Hər zaman və hər şərtdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi mütləq bir ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışacağıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz, bir qardaşın, öz qardaşı üçün etmək istədiyindən başqa bir şey deyildir”. 

İstər Azərbaycan Cümhuriyyəti istərsə də Azərbaycan Sovet hakimiyyətinin ilk illərində Azərbaycan ərazilərinin təhlükəsizliyinin və suverenliyinin hüquqi əsaslarının təsbit olunması zamanı bağlanan müqvilələrdə Türkiyə hökumətinin böyük rolu olmuşdur. Bu sazişlər arasında Moskva və Qars müqavilələrinin əhəmiyyəti böyükdür. Türkiyənin birbaşa iştirakı ilə bağlanan Moskva və Qars müqavilələri Naxçıvan bölgəsinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycanın tərkibində muxtariyyət verilməsi yolunda imzalanan çox mühüm hüquqi sənədlərdir. 

Bu illərdə Azərbaycanda, eləcə də Naxçıvan diyarında baş verən hadisələr çox mürəkkəb, ziddiyyətli və çətin olmuşdur. Azərbaycanın düşdüyü daxili, qarşılaşdığı beynəlxalq vəziyyət elə ağır idi ki, bir sıra hallarda Naxçıvan bölgəsinə lazımi səviyyədə kömək göstərə bilmirdi. Bundan istifadə edən məkrli düşmənlərimiz hələ XX əsrin əvvəllərində Naxçıvan bölgəsini ələ keçirərək həm geniş münbit torpaqlara sahib olmaq, həm də Türkiyənin Azərbaycan və dolayısilə Orta Asiya ilə əlaqəsini gücləndirən yeganə koridoru bağlamaq istəyirdilər. Ancaq Türk Milli mübarizəsinin liderləri Mustafa Kamal Paşa və Kazım Qarabəkir Paşa Naxçıvanın strateji əhəmiyyətini çox gözəl anlayırdılar. Kazım Qarabəkir Paşaya görə, Naxçıvan “Şərqin qapısı”, Mustafa Kamal Paşaya görə isə “Türk qapısı” idi. 

Sovet imperiyası Azərbaycanda öz siyasi hakimiyyətini tamamilə bərqərar etdikdən sonra ölkənin siyasi müstəqilliyi tamamilə ləğv edildi, bunun nəticəsi olaraq Azərbaycan SSR-nin qonşu dövlətlərlə, həmçinin Türkiyə ilə birbaşa münasibətlərinin qarşısına sədd çəkildi. Lakin siyasi qadağalara baxmayaraq Sovet işğalı dövründə Azərbaycanın dünya dövlətləri, xüsusilə də Türkiyə ilə mədəni əlaqələri  davam etmişdi. 
Türkiyə-SSRİ münasibətlərinin normallaşdığı dövrlərdə bir neçə dəfə SSRİ-yə səfər edən Türkiyə Cümhuriyyətinin dövlət başçıları səfər çərçivəsində Azərbaycanada gəlmiş və burada böyük hərarətlə qarşılanmışlar. 

Bu səfərlərdən biri 1967-ci ilin sentyabrında baş nazir Süleyman Dəmirəlin SSRİ-yə səfəri zamanı gerçəkləşmişdir. Sovet hökumətinin dəvəti ilə 1967-ci il sentyabrında Süleyman Dəmirəl, həyat yoldaşı Nəzmiyə xanım və müşayiət edən 51 nəfərlik nümayəndə heyəti Moskvaya gəlmişdir. Türkiyə nümayəndə heyətinin səfər proqramına Azərbaycana səfər də daxil edilmişdi. SSRİ-yə səfəri çərçivəsində Türkiyə Baş Nazirinin

Azərbaycana gəlişi ikitərəfli münasibətlərdə mühüm hadisə idi. Dəmirəl həmin ilin sentyabrın 25-də Bakıya gəlmişdi. 

Səfər zamanı Bakı şəhəri soveti İcraiyyə Komitəsi hava limanını və iqamətgaha qədər yolları SSRİ, Türkiyə, Azərbaycan bayraqları və transparantlarla bəzəmişdir. Transparantlarda “Hörmətli türk qonaqlar, xoş gəlmisiniz!”, “Türkiyə Respublikasının baş naziri Süleyman Dəmirələ səmimi salamlar!”, “Qoy Sovet İttifaqı ilə Türkiyə Respublikası arasında mehriban qonşuluq münasibətləri inkişaf etsin və möhkəmlənsin!”.

SSRİ dönəmində Türkiyə ilə Azərbaycan arasında ən əlamətdar hadisələrdən biri də 1969-cu ildə Türkiyə Prezidenti Cövdət Sunayın Bakıya səfəri idi. 

1969-cu il noyabr ayında  SSRİ-yə səfəri çərçivəsində Türkiyə prezidenti Cövdet Sunay Bakıya da səfər etmişdi. Noyabrın 18-də  xüsusi reyslə Bakıya gələn Türkiyə Prezidenti xalq tərəfindən böyük coşqu ilə qarşılanmışdı. Prezident Cövdət Sunayın keçdiyi yollarda xalq ona “bizim qardaş“, “əziz qardaş” deyə müraciət edir, maşınının təkərləri altına çiçəklər atır, şərəfinə şüarlar səsləndirirdilər. Yüzlərlə azərbaycanlı “can qardaş” deyərək hayqırır, hətta göz yaşlarını belə saxlaya bilmirdilər.

Prezident Cövdət Sunayın Azərbaycana səfəri bəzi diqqət çəkən məqamları da üzə çıxardı. Bəzi rəhbər işçilər və ziyalılar protokolda nəzərdə tutulsa da, türk qonaqları qarşılamaq üçün hava limanına, ziyafətə və yola salma mərasiminə gəlməmişdilər. Bu da səbəbsiz deyildi. Rəsmi şəxslərin və ziyalıların bəziləri sovet rejiminin azərbaycanlı vəzifəli adamların Türkiyə türklərinə münasibətini üzə çıxarmaq və nə vaxtsa cəzalandıracağı niyyətindən çəkinirdilər. Dоğrudan da Sovet hakimiyyətinin ilk illərində mərkəz əvvəlcə münasibətləri üzə çıxarmaq üçün Azərbaycanla Türkiyə arasında əlaqələrə əlverişli şərait yaratmış, sonra isə həmin şəxsləri müxtəlif bəhanələrlə vəzifələrindən uzaqlaşdırmış və ya repressiyaya məruz qoymuşlar. Məhz 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultay zamanı Türkiyə ilə münasibətlərə, türk dünyasına sevgisinə görə bir çox azərbaycanlı ziyalı nəzarətə götürülmüş və sonrakı illərdə bu ziyalılar sovet repressiyasının qurbanına çevrilərək güllələnmiş və yaxud Sibirə sürgün edilmişlər. 

1986-cı ildən SSRİ-də cərəyan edən ictimai-siyasi proseslər Azərbaycan üzərində müstəqillik  mehini yenidən əsdirdi. Milli  azadlıq duyğusu oyandı. Beləliklə, Sovet imperiyasının dayaqlarını sarsıdan, bütün dünyanın diqqətini Azərbaycana çəkən Meydan hərəkatı başladı. 1988-ci ilin 17 noyabrdan Bakının Azadlıq meydanında başlayan fasiləsiz izdihamlı dinc  mitinqlərin dekabrın 5-də  vəhşicəsinə yatırılması,  1990-cı ilin  yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda Sovet qoşunlarının öz haqqını tələb edən əliyalın  xalqı   qırğına məruz qoyması   çürüməkdə və çökməkdə olan Sovet imperiyasının ömrünü bir qədər də qısaltdı,  ölkəmizin müstəqillik yolunu işıqlandırdı.  

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşdu. Müstəqilliyin bərpası Azərbaycanın müasir beynəlxalq münasibətlərdə iştirakı üçün əlverişli şərait yaratdı. Bu şəraitdən istifadə edən Azərbaycan Respublikası xalqın milli mənafelərini nəzərə alaraq fəal xarici siyasət yeritməyə başladı.

1991-ci il noyabrın 9-da Azərbaycan Respublikasını tanıyan ilk dövlət Türkiyə oldu. 1992-ci ilin yanvar ayının 14-də Azərbaycan – Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqust ayından isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır. 

Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev bu istiqamətdəki kursunun yüksələn xətt üzrə inkişafını təmin etmişdi. Müştərək tarixi keçmişə, vahid bir etno-siyasi və mədəni birliyə söykənən Azərbaycan – Türkiyə əlaqələri bu dövrdən etibarən daha da inkişaf edərək qardaşlıq səviyysindən strateji müttəfiqlik mərhələsinə qədəm qoydu. 
Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin gerçəkləşməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirmişdi.

Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən Böyük İpək yolunun bərpası istiqamətində görülən işlər iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə yeni stimul vermişdir. Bununla yanaşı, digər iqtisadi layihələrin gerçəkləşməsi, o cümlədən Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində aparılan işlərdə Azərbaycan ilə Türkiyənin davamlı işbirliyi qurması hər iki dövlətin mənafelərinin qorunmasına xidmət etməkdədir.

Hazırda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin hərbi sənaye kompleksləri arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir və sürətlə inkişaf edir. Qardaş Türkiyənin sahib olduğu müasir hərbi sənaye Azərbaycan üçün də fəxr mənbəyidir, çünki güclü Türkiyə eyni zamanda güclü Azərbaycan deməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin Türkiyə ilə münasibətləri daha da möhkəmləndirmək siyasətini layiqincə davam etdirir. İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, beynəlxalq müstəvidə Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl olaraq atılan  diplomatik-siyasi addımlar, ordu quruculuğu və hərbi sənaye sahəsində əldə edilən uğurlar Azərbaycanın Türkiyə ilə hərbi-siyasi sahədə əlaqələri daha da gücləndirilmişdir. Hər iki dövlətin hərbi birlikləri arasında keçirilən müştərək hərbi təlimlər müştərək ordu quruculuğunda böyük nailiyyətlərə imza atmışdır.  

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun haqlı tələblərini ardıcıl müdafiə etmiş, respublikamızın ərazi bütövlüyünün və suveren hüquqlarının təmin olunması üçün böyük səylər göstərmişdir. Münaqişənin həlli yolunu yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə münaqişə nizamlanana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və iqtisadi əlaqələr yaratmayacağı barədə öz qətiyyətli mövqeyindən dönməyəcəyini dəfələrlə bəyan etmişdir.

Türkiyə Cümhuriyyəti bu qətiyyətli mövqeyini Tovuz döyüşlərində və II Qarabağ savaşı - Vətən müharibəsində də ortaya qoyaraq, Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəməmişdir.  

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibə nəticəsində müqəddəs torpaqlarımız düşməndən azad edilmişdir. 
İkinci Qarabağ müharibəsi başladığı ilk saatlardan etibarən öz qəti mövqeyini bəyan edən Türkiyə Respublikasının istər rəsmi dairələri, istərsə də Türkiyə ictimaiyyəti Azərbaycana siyasi və diplomatik dəstəyini nümayiş etdirmişdir. 

II Qarabağ savaşında Ali Baş Komandan İlham Əliyevin Komandanlığında müzəffər Azərbaycan ordusu qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi ilə erməni işğalçılarını müqəddəs Qarabağ torpağından qovaraq böyük zəfər qazandı. Vətən Müharibəsində Azərbaycan ordusu Şəhidlərimizin qanı, Qazilərimizin canı bahasına üçrəngli Azərbaycan bayrağını Şuşa şəhərinə sancdı. Azərbaycan bu möhtəşəm qələbə bayramı münasibətilə Bakıda Azadlıq meydanında 10 dekabr 2020-ci ildə zəfər paradı keçirdi. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.

Azərbaycan öz torpaqlarını erməni işğalçılarından azad etdikdən sonra regionda geosiyasi və geoiqtisadi mövqeləri nəzərəçarpacaq dərəcədə güclənmişdir. Belı bir vəziyyətdə Türkiyə ilə strateji əlaqələrin daha da inkişaf etdirilməsi olduqca böyük əhəmiyyət daşımaqdadır.

2021-ci ilin iyun ayının 15-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” imzalanmışdı. İki ölkə arasındakı bir çox sahələrə dair əməkdaşlığın daha da genişləndirilməsini özündə ehtiva edən Şuşa “Bəyannaməsi”ndə əks olunan iki məqam olduqca vacib əhəmiyyət daşımaqdadır. Bunlardan biri müdafiə sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Belə ki, “Bəyannamə”də “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi, bir-birinə BMT Nizamnaməsinə uyğun lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili” ilə bağlı məqamın əks olunması mühüm və strateji əhəmiyyət kəsb edir. Digər bir əhəmiyyətli məqam isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılmasının xüsusi bənd kimi “Bəyannamə”də öz əksini tamasıdır. 

Vətən müharibəsində əldə edilən Zəfər Qələbəsi kimi, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa “Bəyannaməsi” də Türk dünyasının tarixinə qızıl hərflərlə yazılmışdır. Eyni zamanda Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa “Bəyannaməsi” müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoymuşdur.
 

 





28.10.2022    çap et  çap et