525.Az

Soçi görüşündən nə gözləmək olar? 


 

POLİTOLOQLARIN FİKRİNCƏ, LİDERLƏRİN RAZILIĞA GƏLMƏSİ MÜMKÜNDÜR, LAKİN SONDA İRƏVAN HƏR ŞEYİ POZACAQ

Soçi görüşündən nə gözləmək olar? <b style="color:red"></b>

Məlum olduğu kimi, oktyabrın 31-də Azərbaycan, Rusiya, Ermənistan liderlərinin Soçidə üçtərəfli görüşü planlaşdırılıb. Bu, oktyabr ayı ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair ikinci görüş olacaq. Bundan əvvəl oktyabrın 7-də Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin Praqada görüşü olub. Bu görüşdə Fransa prezidenti Emmanuel Makronun ənənəvi olaraq ermənipərəst mövqe sərgiləməsinə baxmayaraq, Azərbaycan lideri ölkəmizin maraqlarını layiqincə qorudu və görüşdə bir sıra müsbət razılaşmalar əldə olundu. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin İkinci Qarabağ müharibəsini dayandıran üçtərəfli bəyanatı imzalamasından 2 il ötür. İrəvan ötən müddət ərzində həm bu, eyni zamanda qeyd edilən digər razılaşmalardan irəli gələn müddəaları yerinə yetirməyib. Bununla da sülhyaratma prosesini uzatmaqla məşğuldur.

Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun oktyabrın 27-də keçirilən plenar iclasında deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi lazımdır: "Bizim mövqeyimiz sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir. Eləcə də sərhədlərin delimitasiyasını, sərhəd məsələsinin tam nizamlanmasını dəstəkləyirik. Biz bunun tərəfdarıyıq. O ki qaldı hansı variantı seçməyə, bu, Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. Bütün hallarda, hansı variant seçilsə, əgər bu sülhə gətirib çıxaracaqsa, biz ancaq bunu dəstəkləyirik".

Rusiya lideri bildirib ki, ölkəsi heç kimi məcbur etmir: "Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar".

Putinin sözlərinə görə, erməni xalqının bütün seçimləri dəstəklənəcək: "Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa xüsusiyyətə malikdir və xüsusiyyət nəzərə alınmalıdır, o zaman belə də mümkündür. Sözsüz ki, Azərbaycanla razılışmaq lazımdır. Elə eləmək lazımdır ki, bu razılıq Azərbaycan üçün də məqbul olsun. Bu çox çətin, birbaşa desək ağır məsələdir".

Putinin bu bəyanatı da nəzərə alınsa, Soçi görüşündən nə kimi gözləntilər var? Danışıqlarda hansı məsələlər gündəm təşkil edəcək?

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tvitter hesabında yazıb ki, Ermənistan Rusiyanın təqdim etdiyi Bakı ilə münasibətlərin qurulmasının əsas prinsipləri ilə razılaşır: "Sentyabrın əvvəlində Ermənistan Rusiyanın təqdim etdiyi Ermənistan və Azərbaycan arasında beynəlxalq münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya özünün təkliflərini dəstəkləyəcək".

Mövzu ilə bağlı "525"ə danışan Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, Ermənistan bütün danışıqlarda bir mövqe sərgiləyir, danışıqlar bitəndən, yekunlara dair bəyanat qəbul ediləndən sonra İrəvan verdiyi sözə əməl etmir: "Buna görə də gözləntim ondan ibarətdir ki, Ermənistan Soçidə də indiyə qədər nümayiş etdirdiyi mövqeyini  təkrarlayacaq. Hətta hansısa razılığa gəlinsə, sənəd imzalansa belə sabahı gün verdiyi sözləri danacaq".

A.Mollazadə Rusiya lideri Vladimir Putinin son açıqlamasına da toxunub. Onun sözlərinə görə, Rusiya Qarabağ məsələsinə, irəli sürülən təşəbbüslərə çox qısqanclıqla yanaşır, özünün isə bir çox hallarda bölgədə daha fəal mövqe sərgiləməyə imkanları çatmır: "Belə qıcıqla nəsə deyə bilər, lakin imkanları məhdud olduğuna görə bilavasitə hansısa ciddi addımlar atıb vəziyyəti nəzarətə götürmək imkanlarına malik deyil. Başqa işlərlə məşğuldur".

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair mövcud olan "Brüssel prosesi", "Moskva prosesi" və digər təşəbbüslər bir-birləri  ilə nə dərəcədə ziddiyyət təşkil edir? A.Mollazadə düşünür ki, hazırda məsələ ilə bağlı 3-4 proses mövcuddur: "Bir neçə platforma var. Təkrar edirəm ki, Ermənistan yenə də prosesi uzadır, gözləyir ki, Ukraynada hadisələr necə yekunlaşacaq. O Rusiyadan uzağa qaçacaq, yoxsa yox. Ona görə də Ermənistan hər bir imkandan istifadə edərək münaqişənin həllini uzadır və gözlənti içindədir".

Deputat düşünür ki, "status"la bağlı məsələ heç bir halda gündəmə gətirilə bilməz: "Status gorbagor olub və daha bunu reanimasiya etmək mümkün deyil. Məsələ bitib".

Soçidə Putinin nə təklif edəcəyinə gəlincə, A.Mollazadə söyləyib ki, Ermənistan istənilən əldə ediləcək razılaşmanı onsuz da yerinə yetirməyəcək: "Elə Soçinin özündə, Moskvada neçə dəfə görüş olub. Brüsseldə, Vaşinqtonda danışıqlar keçirilib. İrəvan hər zaman hə deyir, amma verdiyi sözlərə əməl etmir. Ermənistan prosesi uzatmaq istəyir, hansısa ciddi qərarlar vermək istəmir. İrəvan hansı istiqamətə gedəcəyini, hansı imperiyanın qucağına atılacağını gözləyir. Bu, tarixən belə olub. Vaxtilə Osmanlıdan Rusiya tərəfə qaçmışdı, ondan əvvəl İrandan Osmanlı tərəfə qaçmışdı. Hər zaman onlar sığındıqları imperiyanın zəifliyindən istifadə edərək bu imperiyanın rəqiblərinə doğru qaçırlar. Buna görə də Ermənistan gözləyir ki, Rusiyanın taleyi necə olacaq".  

Rusiyalı politoloq Sergey Markov da Soçi görüşü ilə bağlı fikirlərini bölüşüb. O hesab edir ki, bu, çox vacib danışıq olacaq və istənilən halda dramatik nəticələrə gətirib çıxaracaq: "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qarşıdan gələn görüşü nizamlanmanın, regionun gələcəyini və buradakı qüvvələrin tənzimlənməsini müəyyən edəcək. Danışıqların nəticələrinin ssenariləri Rusiya, Azərbaycan və Ermənistanın razılığa gəlib-gəlməməsindən və hər şeydən əvvəl Paşinyanla müsbət razılaşmanın mümkün olub-olmayacağından asılıdır. Əgər liderlər razılaşmasa, o zaman böyük ehtimalla Paşinyan Fransa və ABŞ-ın qucağına yürüşünü davam etdirəcək. Bunun nəticələri elə olacaq ki, gec-tez Ermənistanda NATO qoşunları peyda olacaq. Çox güman ki, Fransanın təşəbbüsü ilə Ermənistan ərazisinə birləşmiş dəstə göndəriləcək. O zaman Rusiyanın Ermənistanda Nikol Paşinyanın daha çox rusiyayönlü liderlə əvəzlənməsi üçün səy göstərməkdən başqa yolu qalmayacaq. Çünki bu edilməsə, Rusiya-Ermənistan münasibətləri daha da pisləşəcək və Cənubi Qafqazda vəziyyət qeyri-sabit olacaq. Düzdür, belə bir variant var ki, Moskva bu halda Azərbaycana hələ də erməni separatçılarının nəzarətində olan ərazilərini geri almağa icazə verəcək. Amma istənilən halda Ermənistandakı amerikapərəst hökumətlə regionda yaxşı heç nə gözləmək olmaz. Rusiya region üçün yeni inkişaf səhifəsi, yeni təchizat zəncirləri açmaq, qarşılıqlı əlaqəni gücləndirmək və yeni dünya qurmaq istəyir. Amma Ermənistan qərbyönlü olarsa, Cənubi Qafqazda daim neqativ prosesləri qızışdıracaq".

Markov liderlərin görüşündə daha əvvəl əldə edilmiş və üçtərəfli bəyanatlarda qeyd olunan məqamların həyata keçirilməsində sürətli irəliləyiş variantını da istisna etmir. Bura nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası, erməni birləşmələrinin Qarabağdan çıxarılması daxildir.

Politoloqa görə, Soçi görüşündə mümkündür ki, liderlər razılığa gəlsin, amma sonda İrəvan hər şeyi pozacaq: "Paşinyan ümid edir ki, Fransanın protektoratı altında daxili siyasi mövqeləri üçün Rusiyanın vasitəçiliyindən daha çox nailiyyətlər əldə edəcək və addım-addım Qərbə doğru gedəcək. Çünki bilir ki, Rusiya ilə əlaqəni dərhal kəssə, devrilə bilər".

 

 

 





29.10.2022    çap et  çap et