525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

 Kamill əlverişli gecəni seçib, düşmən düşərgəsinə yaxınlaşdı. Dan şəfəqi söküləndə sərkərdə ağır silahlanmış piyadalarını hücuma apardı. Qallar döyüş sırasına düzlənməyə macal tapmamış, onların üzərinə ox və daş dolusu yağmağa başladı.

Əlbəyaxa döyüş başlananda qalların qılıncı dəmir dəbilqələrə dəyib, korlaşırdı. Qalları, bu, dəhşətə gətirdi və onlar düşərgədən qaçırdılar. Məğlubiyyət tam və qəti idi.

Mark Furi Kamill və onun qoşunu şadlanan Romaya zəfərlə qayıtdı. O, senatda patritsilərlə plebeylərin mübahisəsinə də son qoydu. İki konsul seçkisini keçirdi, onlardan biri patritsi, digəri isə plebey idi.

Alba çayı üzərindəki qələbədən iki il sonra b.e.ə. 365-ci ildə ahıl sərkərdə olan Kamill oldu.

Kamillə paxıllıq edənlər də az deyildi. Veyidəki qələbəsindən sonra Kamillin şərəfinə triumf keçirildi. Təntənənin dəbdəbəsi həm də çox sayda paxıllıq nümunələri yaradır. Kamillin triumfdakı hərbi arabasına dörd ağ at qoşulmuşdu. Paxıllar deyirdi: "Heç kəs belə etməmişdi, Kamill özünü allahlarla müqayisə etmək istəyir".

Lakin Kamillə göstərilən ehtiramlara onun layiq olmasını sonrakı qələbələri bir daha sübut etdi. Onun Faleri xaininə göstərdiyi qəzəb həmin müəllimi cəzalandırıb, şəhərə qaytarması rəvayətlər mövzusuna çevrildi. Kamillin alicənablığı yenə öz mükafatını aldı, şəhər müqavimət göstərmədən qapılarını onun üzünə açdı.

lll

Qədim Roma tarixinin görkəmli simalarından biri olan Furi Kamill barədə əfsanə xarakterli çox şeylər danışılır. Lakin onların hamısı bu mərd siyasi xadimin həyatında baş vermişdi. O, bir sərkərdə kimi çoxlu məşhur qələbələr qazanmış, beş dəfə diktator seçilmiş, dörd dəfə triumfunu bayram etmişdir. Təsadüfi deyil ki, onu "Romanın ikinci əsasını qoyan" adlandırırlar. Bu böyük xidmətlərinə baxmayaraq, o, bir dəfə də olsun konsul seçilməmişdi. Çünki senatla mübahisə aparan xalq konsulu seçməyib, dövlətdə yüksək vəzifəni özünün seçdiyi hərbi tribuna verirdi. Onların hakimiyyəti və vəzifəsi konsul səlahiyyətlərinə bərabər idi. Bu vaxt Kamill şərəfin və igidliyin yüksək nöqtəsində dayanmışdı. O, xalqın iradəsindən kənar konsul olmaq istəmirdi, hakimiyyət ona mənsub olanda, başqaları ilə bölüşürdü. Qoşunlara digər adamlarla birlikdə başçılıq edəndə isə, qələbənin şöhrəti müstəsna qaydada ona mənsub olurdu. Bunlara o, təvazökarlığına görə, həm də öz ağlına görə qazanırdı. Hamının rəyinə görə Kamillin şöhrəti başqalarından xeyli yüksək idi.

Mark Furi Kamill b.e.ə. 447-ci ildə anadan olmuşdur, onun valideynləri patritsi olsalar da, böyük nüfuz sahibi deyildilər. Ona görə də bu məşhur adamın nailiyyətləri şəxsən onun özünə məxsus idi. Furi nəsli heç tanınmayanda, Kamill bu ailənin ilk üzvü idi ki, özünü şöhrət sahibi eməyi bacarmışdı. O, böyük bir döyüşdə budundan yaralansa da, əsgərlər sırasından çıxmamışdı, nizəni yarasından çıxarıb, düşmənin ən igid döyüşçüləri ilə, onlar döyüş meydanından qaçana qədər vuruşmuşdu. Buna görə o, senzor vəzifəsini almışdı, bu vəzifə isə o vaxtlar böyük nüfuza malik idi. O, sözlərin köməyi və hədə vasitəsilə, cərimə tətbiq etməklə subayları, həlak olmuş ərlərini itirmiş dul qadınlara evlənməyə məcbur etmişdi. Tez-tez baş verən müharibələr hesabına həmin vaxt dul qadınlar həddən çox idi. XX əsrin sonlarında İraq-İran müharibəsində həlak olmuş ərlərini itirmiş iranlı dul qadınların tənhalığına son qoymaq və əlil veteranların özlərinə ailə yaratması üçün ölkənin ali dini rəhbəri ayatolla Xomeyni onların arasında nikahın bağlanması kimi kütləvi işə məscidləri cəlb etmişdi.

Sonra Kamill zəruri olduqda, yetimlərə maddi kömək verilməsini tətbiq etdi. Bundan beş əsr sonra Romanın nəcib imperatoru Trayan kasıb uşaqlara yardım göstərilməsi barədəki yeniliyin - "alimenta" adlanan ictimai fondların yaradılmasını tətbiq etmişdi.

Çox maraqlı hadisə Etruriyada olan Veyinin mühasirəsi vaxtı baş vermişdi. Bu etrusk şəhəri silahının çoxluğuna və qoşunlarının sayına görə Romadan geri qalmırdı. Öz var-dövləti ilə öyünməklə onun sakinləri dəbdəbəli həyat sürürdü. Romalılarla vuruşanda isə onun əsgərləri çoxlu parlaq igidliklər göstərmişdi. Lakin bir neçə döyüşdə məğlubiyyətə uğrayıb, onlar ədalı planlarından əl çəkdilər. Öz şəhərini onlar hündür və möhkəm divarlarla əhatə etmişdilər, onun daxilində çoxlu silah və çörək ehtiyatı toplamışdılar ki, mühasirəyə dözümlüklə davam gətirə bilsinlər. Mühasirə isə uzun çəkdi, hətta mühasirə edənlərin özü üçün də bu, çətin və ağır bir iş idi. Romalılar qısa müddətli müharibələrə öyrəşmişdilər, yayda yürüşə yollananda qışda evlərinə qayıdırdılar. İlk dəfə idi ki, hərbi tribunlar onlara istehkamlar tikməyi və düşmən torpaqlarında qışı və yayı keçirməyi əmr etdilər. Müharibə, demək olar ki, yeddi illiyə uzandı. Xalq ordu başçılarını ittiham edirdi ki, mühasirəni heç də yaxşı həyata keçirə bilməmişdilər. Bu vaxt Kamill ikinci dəfə hərbi tribun seçilmişdi. O, mühasirəni qabağa çəkə bilmirdi. Romalılar mühasirə ilə məşğul olanda etrusklar bir neçə dəfə onların torpaqlarını qarət etmişdilər. Kamill onları cəzalandırdığına görə, ağır itkilərdən sonra onlar öz şəhərlərinin divarları arxasına çəkilib, oradan bir daha çıxmadılar.

Uzun müddətli mühasirədə, dəfələrlə baş verən kimi, düşmən tərəflər arasında canlı təmas yaranır və danışıqlar gedirdi. Bir romalı mühasirədə olan etrusk ilə tanış olmuşdu, onlar tez-tez danışırdılar. Veyi sakini təbiət möcüzəsindən söhbət salıb, bu möcüzə də Alban gölü ilə əlaqədar idi, romalıdan hansısa bir sirri öyrənmək istədi. Söhbət əsnasında romalı onu xeyli uzağa apardı, darvazadan çox uzaq olanda onu tutdu və sərkərdələrə təhvil verdi. Etrusk bildirdi ki, nə qədər ki, Alban gölündən çıxan su geri qayıtmayıb, onun şəhərini götürmək mümkün olmayacaqdır. Senat bunu eşidəndə Delfə orakulun yanına səfirlik göndərdi. Orakulun məsləhətindən sonra kahinlər ibadət etməyə başladılar.

Müharibənin onuncu ili senat bütün magistratları ləğv edib, Kamilli diktator seçdi. Süvarilərin rəisliyinə isə o, gələcək məşhur sərkərdə Korneli Stsipionu təyin etdi.

Kamill and içib, qoşunları ilə iki şəhər- dövlətin qoşunlarını məğlub etdi. Ondan sonra Veyin mühasirəsini davam etdirdi və əmin oldu ki, hücumla şəhəri tutmaq çətindir və hətta mümkün deyildir, ona görə də divarın altını deşməyə başladı. Lağım qazmaq işi çox dərində gedirdi. O istəyirdi ki, divardan kənarda guya ona hücum etdiyini göstərsin ki, düşmən divarın üstünə çıxanda, Kamillin əsgərləri bu vaxt gözə çarpmadan yeraltı girişlə qazılmış çalaya girib, şəhərdəki məbədə yaxınlaşdılar. Bu vaxt etruskların başçısı qurban verirdi. Romalılar meydandakı  döşəməni deşib, oradan çıxdılar, qışqırıqla və silahlarını döyməklə məbədə yollandılar.

Şəhər hücumla alındıqda romalılar əhalini qarət edib, böyük var-dövləti özləri ilə apardılar. Kamill buna qaladan baxıb, əvvəlcə ağladı, sonra ətrafındakıların təbrikinə cavab olaraq əllərini göyə qaldırıb, bu duanı oxudu. "Qüdrətli Yupiter və siz allahlar, xeyir və şər əməllərin şahidi olmaqla, bilirsiniz ki, biz, romalılar bizə ədalətsizcəsinə düşmən olan xalqın şəhərini haqqın ziddinə deyil, zərurətə görə, onların hücumlarından qorunmaq üçün işğal etmişik. Bizə də öz növbəmizdə bədbəxtliyi sınaqdan keçirmək qismət olsa, bizim indiki təntənəmizin cəzası kimi, qoy o, mümkünsə az dərdlə, Romanın və Roma qoşununun xeyiri naminə yalnız mənim başımın üzərində öz işini görsün".

Bu duasını bitirib, romalıların adətinə görə, o, adamlara müraciət etmək istəyəndə yıxıldı. İştirak edənlər bu mənzərəyə görə utandılar. Lakin o, qalxıb dedi ki, onun duası eşidilmişdir: böyük xoşbəxtlikdən sonra ona kiçik bədbəxtlik baş vermişdir. O, bu vaxt əsgərlərinin şəhəri qarət etməsini nəzərdə tuturdu.

İnsan ağlı öz zəifliyində sərhəd tanımır. Özünü ələ almağı bacarmır, ən yaxşısı yavaş tərpənmək və mülayimlikdir.

Doqquz illik mühasirədən sonra Roma ilə rəqabət aparan şəhər fəth edildi və Kamill heç də öz böyük igidliyi ilə qürrələnmirdi.

Kamill yenidən beş nəfərlə birlikdə hərbi tribun seçildi, işlərin vəziyyəti tələb edirdi ki, sərkərdəliyə hörmətli, tanınmış, həm də təcrübəli adam seçilsin. Kamill hakimiyyətə gəldi və möhkəmləndirilmiş, hər cür zəruri mallarla bolluca təchiz edilmiş Faleri şəhərini mühasirəyə aldı. O bilirdi ki, şəhəri tutmaq çətindir və çoxlu vaxt tələb edəcəkdir.

Falerililər şəhərin mühasirəsinə çox laqeydliklə yanaşırdılar, öz divarlarına arxayın olub, küçələrdə sərbəst qaydada gəzirdilər. Uşaqlar da məktəbə gedir, müəllimləri ilə birlikdə şəhərin divarlarından kənara çıxıb, təbiət gözəlliklərinə tamaşa edirdilər. Yunanlarda olan kimi falerililərdə də yalnız bir müəllim var idi və o, uşaqları körpəlikdən tərbiyə edirdi.

Bu müəllim öz məkrli planı üçün uşaqları alət seçib, faleriyalılara xəyanət etmək istədi. O, hər gün onları şəhər divarları arasından çıxarıb, əvvəlcə yaxın məsafələrdə gəzdirir və sonra geri qaytarırdı. Sonra o, daha uzaq məsafədə gəzintilər təşkil edirdi, uşaqlarla birlikdə bu vaxt əsas Roma postlarına yaxınlaşdı, onları mühafizəçilərə təhvil verib, özünü Kamillin yanına aparılmasını istədi. Onu sərkərdənin yanına gətirəndə uşaqların tərbiyəçisi və müəllimi olduğunu bildirdi və dedi ki, gəlmişdir ki, uşaqları girov götürsünlər və bu yolla şəhəri ona təhvil versin. Kamill onu dinləyib, onun hərəkətinə çox hirsləndi. Ətrafındakılara müraciət edərək dedi ki, müharibə əlbəttə bəladır; böyük ədalətsizliklərin və zorakılığın köməyi ilə aparılır. Lakin vicdanlı adamlar üçün müharibədə də bəzi qanunlar vardır. Qələbənin arxasınca o vaxt qaçmaq lazım deyildir ki, o, alçaqlıq və cinayətlər hesabına əldə edilir. Böyük sərkərdə öz igidliyinə arxalanıb müharibə aparmalıdır, digərləri tərəfdən öz borcuna xəyanət edilməsinə bel bağlamamalıdır. O, liktorlarına əmr etdi ki, xainin paltarlarını çıxarıb, qollarını belinə sarısınlar, uşaqlara isə çubuğu və qamçını versinlər ki, əsiri döysünlər və şəhərə qovsunlar. Bu dəhşətli hadisə şəhərə məlum olanda sakinlər ağlamağa başladı. Valideynlər çılpaq və qolubağlı müəllimlərini qovan uşaqlarını gördükdə, Kamilli özlərinin xilaskarı adlandırdılar. Təkcə valideynlər deyil, digər sakinlər də Kamillə hörmət və məhəbbət hiss etdilər, onun ədalətliliyini yüksək qiymətləndirdilər. Xalq yığıncağında qərara alındı ki, ona səfirlər göndərilsin və elan edilsin ki, onlar təslim olurlar. Kamill onları Romaya göndərdi. Senatda onlara dedilər ki, romalılar ədaləti qələbədən yüksək tutmaqla onları məcbur etdilər ki, azad olaraq qalmaqdansa, romalılara tabe olsunlar. Ona görə yox ki, onlar romalılardan zəifdirlər, məhz ona görə ki, romalıların alicənablığı onları özünü məğlub etiraf etməyə məcbur etmişdi. Senat öz tərəfindən Kamillə icazə verdi ki, bu vəziyyətdə özü bildiyi kimi sərəncam versin. O, falerililərdən pul aldı; onların digər müttəfiqləri ilə isə ittifaq bağlayıb geri çəkildi.

Əsgərlər Falerini qarət etməyə ümid edirdilər, lakin Romaya əliboş qayıtdılar. Buna görə onlar Kamilli ittiham edirdilər ki, o, heç də kasıbların vəziyyətini yüngülləşdirmək istəmir. Onu məhkəməyə verdilər ki, etrusklardan əldə etdiklərini gizlətmişdir. Ona cərimə kəsdilər və dostlar bu cəriməni verməyə hazır idilər. Kamill dözməyib, şəhərdən sürgünə getmək istədi. O, ikinci Axilles kimi öz həmvətənlərini lənətləyib, şəhəri tərk etdi və məhkəməyə gəlmədi. Onu iri məbləğdə cəriməyə məhkum etdilər. Elə romalı yox idi ki, Kamillin duasının tezliklə həyata keçiriləcəyinə inanmasın. Romaya dəhşətli bədbəxtlik və təhlükə baş verdi. Bir sadə romalı plebey tribunlara tezliklə qalların basqınını gözləməli olacaqlarını dedi. Tribunlar onun bu sözünü gülüş və zarafatlarla qarşıladılar.

Kelt tayfası olan qallar özlərinin çoxluğundan, onların hamısını qidalandıra bilməyən öz ölkələrini tərk edib, digər torpaqları axtarmağa yollandılar. Onlar  minlərlə sayda olmaqla, gənc və döyüşkən adamlar idilər, onların arxasınca sayca daha çox olan arvadları və uşaqları gəlirdi. Onların bir hissəsi Avropanın şimalını tutmuşdu. Digərləri isə Pireneylərlə Alpların arasındakı ölkədə məskunlaşmışdılar. Xeyli vaxtdan sonra onlar İtaliyadan gətirilmiş şərabı dadmışdılar. Şərab onlara çox xoş gəldiyindən, bu ləzzətdən o qədər sevinmişdilər ki, silahlanıb, Alplara doğru hərəkət etdilər, həmin giləmeyvəni verən torpağı axtarmağa başladılar. Digər torpaqları onlar bəhrəsiz və becərilməyən hesab edirdilər.

(Ardı var) 

 

 





29.10.2022    çap et  çap et