Dünyada cəmi 4 nüsxəsi olan Fatih Sultan Mehmetin təsvir olunduğu antik medal İngiltərədə keçirilən hərracda 38 min funt-sterlinqə satılıb.
525.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda "Christie's" hərrac evində "İslam və Hindistan dünyası sənəti, Şərq kilimləri və xalçaları" adlı hərrac keçirilib. Hərracda Türk hökmdar Fatih Sultan Mehmetin təsvir olunduğu çox nadir medal hərraca çıxarılıb. Fatehin titulu "Bizans imperatoru" kimi yazılan medal 38 min funt-sterlinqə özünə alıcı tapıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu “Twitter” hesabından paylaşım edərək medalın onlar tərəfindən alındığını açıqlayıb. Medalın üzərində "Bizans imperatoru Osmanoğlu Sultan Məhəmməd" yazılıb. Bürüncdən hazırlanmış 11,5 sm diametrli medal İntibah dövrünün ən gözəl portret medallarından biri hesab olunur.
Qeyd edək ki, italyan heykəltəraş və rəssam Kostanza de Ferraranın hazırladığı medal fransız kolleksiyaçı Şarl Düprizin ailəsi tərəfindən hərraca çıxarılıb.

Məhəmməd Tağıyev
çap et