525.Az

Yazıçı-publisist Əlisəfa Azayevlə oxucuların görüşü keçirilib


 

Yazıçı-publisist Əlisəfa Azayevlə oxucuların görüşü keçirilib<b style="color:red"></b>

N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialını və Kürdəmir rayon Mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində yazıçı-publisist Əlisəfa Azayevlə kürdəmirli oxucuların görüşü keçirilib.

525. az xəbər verir ki, muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Əlisəfa Azayevin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirib  ki, detektiv janrda yazdığı əsərləri ilə böyük rəğbət qazanan yazıçının 30-dan çox kitabı təkrar nəşrlə 100 000-dən artıq tirajla çap olunub.

Görüşdə qocaman jurnalist Tofiq Abdullayev, Kürdəmir rayon Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev, AYB-nin üzvü şair Abduləziz Xanəhmədoğlu, əmək veteranı Ağasəməd Abdullayev, şairə Tənzilə Əliyeva, şəhid atası Bahadur Paşayev və başqaları çıxış edərək Ə.Azayevin qanunlarımızı hər zaman ali tutan, savadlı hüquqşünas və əsl vətənpərvər olduğunu vurğulayaraq yazıçının əsərlərinin sujet xətti, ideyası, personajları haqqında maraqlı fikirlər söyləyiblər. 

Sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun, dünya şöhrətli Xalq yazıçısı Çingiz Abdullayevin, yazıçı Əlfi Qasımovun, Mustafa Çəmənlinin, yazıçı-publisist Flora Xəlilzadənin və digər məşhurların Ə.Azayev  yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər muzeyin əməkdaşı Nuray Muxtarzadə  tərəfindən səsləndirilib. Oxucuların yazıçının əsərlərindən hazırladığı kompozisiyalar, o cümlədən çıxışları böyük maraqla qarşılandı.

Tədbir iştirakçıları tanınmış muğam ifaçısı Səfalı Əliyevin ifa etdiyi muğam və təsniflərləri gurultulu alqışlarla qarşılayıblar.

Sonda çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun adından Ə.Azayevi təbrik edərək ona yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayıb və İcra Başçısının imzaladığı Fəxri fərmanı yazıçıya təqdim edib. Daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təbrik məktubu və imzaladığı Fəxri fərman Əlisəfa Azayevə təqdim olunub. Öz növbəsində  Kürdəmir Mədəniyyət müəssisələri adından yazılmış təşəkkürnaməni Mərkəzləşdirilmiş kitabxana sisteminin müdiri İradə Mahmudova yazıçıya təqdim edib.

Sonda yazıçı publisist Ə.Azayev oxucuların ona ünvanladığı sualları cavablandırıb və maraqlı görüş üçün təşkilatçılara və ovucularına minnətdarlığını bildirib.

 





29.10.2022    çap et  çap et