Hər daşında illərin sirri gizli olan dünyada, bir də torpağın altında qalan sirlər var.
525.az 1800 illik Derinkuyu Yeraltı şəhəri barədə araşdırmanı təqdim edir.
Derinkuyu Yeraltı Şəhərində, II əsrdə Roma zülmündən qaçaraq Mesopotamiya vasitəsilə Kayseriyə, oradan da Kapadokyaya gələn ilk xristianların yaşadığı məlumdur. Asanlıqla girilməyən, girişləri asan tapılmasa da, ilk xristianları Roma əsgərlərindən və ərəb basqınlarından qoruyan bu gizli dünya, əsrarəngiz arxitekturası zaman səyahətçilərini “görəsən, yadplanetlilər edibmi” düşünməyə vadar edir.
1830-cu illərə qədər Kapadokiyanın Derinkuyu bölgəsində yerin üstündə belə yaşayış məntəqəsi yox idi. 1963-cü ildə təsadüfən kəşf edilən və 1967-ci ildə ziyarətçilərin üzünə açılan Derinkuyu Yeraltı Şəhəri adını 60-70 metr dərinlikdə olan 52 içməli su quyusundan almışdır. O vaxtdan bəri ümumi sahəsi 4 kvadrat kilometr olan yeraltı şəhərinin 2,5 kvadrat kilometri, yəni cəmi 8 mərtəbəsi təmizlənərək ziyarətçilərin istifadəsinə verilib. Ziyarətçilərin üzünə açılan 8 mərtəbənin dərinliyi 50 metr olduğu halda, bütün mərtəbələr təmizlənərsə, dərinliyin 85 metrə, mərtəbə sayının isə 12-13-ə çatacağı təxmin edilir. Memarlıqdakı möhtəşəmlikdən biri də təxminən 50 min insanın bu dərinliklərdə uzun müddət heç çölə çıxmadan yaşaya bilməsidir.
Ziyarətçilərə açıq olan Derinkuyu Yeraltı Şəhərinin 8 mərtəbəsini ziyarət etməyə başlamazdan əvvəl xatırlatmaq istərdik ki, bəzən dar tunellərlə 50 metr dərinliyə enmək mümkündür. Əgər klostrofobiyanız varsa, sizə çətin gələ bilər, amma unutmayın ki, dünyanın ən sirli yeraltı şəhərlərindən birinə baş çəkəcəksiz.

Çox köhnə bir tarixə malik olan, lakin çox yeni bir kəşf olan Derinkuyu Yeraltı Şəhəri Misir Piramidaları kimi açılmamış sirlərlə doludur. “Az qala yerin mərkəzinə yaxın” deməyə vadar edən dərinlik, “sərhədlər harda bitər” deyə düşünməyə vadar edən ölçü və “o dövrdə bu şəhəri quran memarlar və mühəndislər varmı?” sualı yaranır. Oksigeni hətta ən aşağı mərtəbəyə qədər ötürə bilən havalandırma sisteminin necə qurulduğu, tunellərin bir-birinə necə bağlandığı, qara torpağın maşınsız necə oyulduğu sirr olaraq qalır.
Təxminən 50 min adama ev sahibliyi etmək gücünə malik olan bu yeraltı şəhəri müasir mühəndislər tərəfindən belə hər detalı riyazi olaraq planlaşdırılmış mükəmməl bir quruluş olaraq göstərilir. Tədqiqatlarda ilk xristianların burada yaşadığı bildirilsə də, onların tikib-tikdirməmələri barədə dəqiq məlumat yoxdur. Derinkuyu Yeraltı Şəhəri ilə bağlı bu açılmamış sirlər bütün dünyada maraq doğurur. “Tanrıların arabaları” kitabı ilə tanınan isveçrəli tədqiqatçı və yazıçı Erix Von Daniken bu sirri araşdırmaq üçün 1982-ci ildə bölgəyə gəlib. Daniken Kaymaklı və Derinkuyu yeraltı şəhərlərində araşdırmalar aparıb, maraqlı tezislər irəli sürüb. Danikenin sözlərinə görə, təhlükələrdən qorunmaq üçün salınan bu yeraltı şəhər əslində havadan gələn hücumlara qarşı tikilib və o dövrdə dünyanı işğal edən yadplanetlilərdən qorunmaq üçün istifadə edilib.
Daniken kimi bir alimin irəli sürdüyü havadakı yadplanetli tezisi, bu alimi heç tanımayan Derinkuyu kəndlilərinin “Havadan gələn mələklər” hekayəsinə bənzəyir. Kəndlilərin babadan nəvəyə danışaraq yaydıqları Derinkuyu Yeraltı Şəhər hekayəsinə görə, qədim zamanlarda Derinkuyu bölgəsində mələklər yaşayıb. Mələklər göydən uçaraq bu bölgəyə gələrək ölkə qurmuşlar. Bir müddət sonra mələklərin qurduğu bu gözəl ölkəni onlar kimi göydən uçan pis iblislər təqib edib mələklərin bu yeraltı şəhəri sehrli şəkildə tikib bəlalardan xilas olub buraya sığınması ilə cinlərlə pərilərin müharibəsi sona çatıb. Kənd camaatının dediyinə görə, bəzi gecələr mələklər öz nuru ilə işıq şüası kimi yerə gəlir və hələ də heç kim görmədən bu yeraltı şəhərlərdə yaşamağa davam edir.
Bu sirli yeraltı şəhər turunuza dar bir keçiddən girərək başlayırsınız. Girişdən təxminən 5 metr aşağıda ustalıqla gizlənmiş dəhliz şəklində 1-ci mərtəbəsi var.
Anbar, mətbəx, şərab zavodu və qonaq otaqlarından ibarət olan bu mərtəbə yeraltı şəhərin üst mərtəbəsini təşkil edir. Döşəmələr enməyə başladıqca, mühəndisliyin hələ məlum olmadığı o dövrlərdə şəhərin bərk torpaqlarının necə bu qədər məharətlə oyulduğu, ventilyasiyanın fasiləsiz olaraq necə aparıldığı suallarına cavab axtarmağa başlayacaqsınız. Yuxarıdan aşağıya doğru enən hava kanallarını gördükdə isə təəccübünüz dəfələrlə artacaq. 2-ci mərtəbəyə çatanda sizi qonaq otaqları, ərzaq anbarları, mətbəx və birinci mərtəbənin sonundakı anbar kimi istifadə olunan bölmə qarşılayacaq.

Yeraltı şəhərin bütün mərtəbələrinə enən və hava sirkulyasiyasını təmin edən havalandırma boşluqlarının mərkəzi 3-cü mərtəbədədir. Derinkuyunu digər yeraltı şəhərlərdən ayıran və başqa yerə qoyan Missioner Məktəbini də bu mərtəbədə görəcəksiz. Yeraltı şəhərin ümumi görüş yeri olan bu mərtəbədə xaç formalı kilsə, konfessiya sahələri, qəbiristanlıq kimi sahələr də var. Baxacağınız 9 kilometr uzunluğundakı tunelin hara getdiyi ilə maraqlanırsınızsa, bunun digər yeraltı şəhərlərə, xüsusən də Kaymaklı Yeraltı Şəhərinə giriş qapısı olduğu deyilir. 4 nəfərin əyilmədən, fırlanmadan yan-yana gəzə bildiyi bu tunelin tavanı 2 metrdir və az qala indiki metroları xatırladır.
4-cü mərtəbəyə çıxanda bəlkə də qədim zamanlarda qapıda məşəlli mühafizəçilərin gözlədiyi zindana rast gələcəksiz. Yeraltı şəhərlərin qurulmasının əsasını təşkil edən “təhlükəsizlik və qorxu ehtiyacı”nın ən qorxulu olduğu mərtəbə bura olmalıdır, çünki sığınacaqlar da bu mərtəbədə yerləşir. Bütün şəhəri tor kimi dövrəyən havalandırma kanalları, su quyuları, qəbiristanlıqlar bu mərtəbədə qarşılaşacağınız ən əsas şeylərdəndir.
5-ci mərtəbə şəhəri, daha doğrusu, ürəyini birləşdirən paylama mərkəzidir. 3-cü mərtəbədən gələn tunel eniş və ventilyasiya şaxtası ilə bitir və yeddinci mərtəbəyə enən başqa bir tunel ventilyasiya şaxtasından dərhal sonra başlayır.
6-cı mərtəbədə isə tuneldə oyulmuş 5 kamera var. Bu otaqlardan ikisinin qapı otaqları, digər üçünün isə tunelin giriş-çıxışına nəzarət edən nəzarət otaqları olduğu düşünülür. Nəzərinizə çatdıraq ki, 5-ci mərtəbədən aşağı mərtəbələrə enməkdə çətinlik çəkəcəksiniz. Ancaq bir insanın keçə biləcəyi dar tunellər buradan başlayır.
7-ci mərtəbəyə çatdığınız zaman Derinkuyu Yeraltı Şəhərinin ən böyük ərazisi sizi qarşılayacaq. Bu mərtəbədə böyük iclas zalı, qəbiristanlıq, yerlə əlaqəsi olmayan su quyusu, kilsə var.
8-ci mərtəbə ziyarətçilər üçün açıq olan sonuncu mərtəbədir. Burada havalandırma mərkəzi olan kiçik bir otaq görəcəksiniz. Amma qeyd edək ki, gördüyünüz yerlər yeraltı şəhərin çox kiçik bir hissəsidir. 8 mərtəbə aşağı enib yolun yarısında olduğunuzu demək yerinə düşərdi.
Derinkuyu Yeraltı Şəhəri, e.ə. 3000-ci illərə qədər uzanan tarixi yaşayış və müdafiə sahəsi olan müvəqqəti yaşayış məntəqəsi deyil, istehsalın və sosiallaşmanın baş verdiyi yataqxana təəssüratı yaradır. İş o yerə çatıb ki, 1 nəfərin belə çətinliklə sığdığı tunellərin qapılarında istifadə olunan insan boyda silindrik daşlar bugünkü dövlət sərhədlərinin məftil hörgüləri kimi şəhəri təhlükəli düşmənlərdən qoruyur. Bilinən ən qədim ruhi xəstəxananın da bu yeraltı şəhərində olduğu deyilir.

Malik Atilay
çap et