525.Az

Kosmik tədqiqatlarla bağlı beynəlxalq seminar keçiriib


 

Kosmik tədqiqatlarla bağlı beynəlxalq seminar keçiriib<b style="color:red"></b>

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tərəfdaşlığı və dəstəyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirinin (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) açılış mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirin açılış mərasimində BDU-nun rektoru Elçin Babayev çıxış edib. O bildirib ki, son illər Azərbaycanda kosmik tədqiqatların və kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir. Hazırda bu sahə ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilib. 2018-ci ildə Prezident İlham Əliyev “Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Hazırda “Azərkosmos”un idarə etdiyi “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri yüksək keyfiyyətli və etibarlı telekommunikasiya, eləcə də Yerin müşahidəsi üzrə xidmət və həllər təqdim edir.

Bu gün Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və geoloji kəşfiyyat peyk xidmətləri göstərir.
Rektor bildirib ki, hazırda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Aerokosmik və Atmosfer Tədqiqatları elmi-tədqiqat laboratoriyasında, həmçinin Fizika fakültəsinin Astrofizika kafedrasında müvafiq tədqiqat və tədris layihələri yerinə yetirilir. Bu tədqiqatların əsas məqsədi Günəş-Yer əlaqələri, bu mühitdə kosmik plazma fizikası üzrə araşdırmalar, Günəş fizikası, habelə Günəşin Yerə, Yer atmosferi, ionosferi və maqnitosferinə, texnoloji və bioloji sistemlərə və iqlimə potensial təsirinin öyrənilməsidir.
Elçin Babayev qeyd edib ki, beynəlxalq tədbirdə dünyanın 36 ölkəsindən və 4 qitəsindən tədqiqatçılar bilavasitə iştirak edir, xeyli sayda alim isə onlayn olaraq qoşulub:

“Seminarın gündəliyi Günəş və Günəş-Yer əlaqələri fizikasının nəzəri və praktiki aspektləri, Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri kimi bir çox maraqlı mövzuları əhatə edir. Beynəlxalq elmi tədbirin əsas məqsədləri inkişaf etməkdə olan ölkələrdə müvafiq elmi cihazların quraşdırılması və kosmik hava məlumatlarının emalı işlərini davam etdirməklə yanaşı, xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirmək, eyni zamanda beynəlxalq koordinasiya və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdan ibarətdir. Ümid edirik ki, bu mötəbər tədbir ölkələr arasında elm, təhsil və mədəni əlaqələri inkişaf etdirmək yolunda mühüm bir addım olacaq, maraqlı və cəlbedici müzakirələr və bilik mübadiləsi ilə yadda qalacaq. Seminardan faydalanan bütün iştirakçılar bunu öz tədqiqatlarında da tətbiq edə biləcəklər”.

Konfransda vurğulanıb ki, Beynəlxalq Kosmik Hava Təşəbbüsü (The International Space Weather Initiative - ISWI) kosmik hava məlumatlarının əldə edilməsində zəruri sayılan cihazların quraşdırılmasına, həmin məlumatların təhlilinə və alınan nəticələri digər rəqəmsal elmi məlumatlarla əlaqələndirməklə analizinə xidmət edən beynəlxalq əməkdaşlıq proqramıdır. “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” beynəlxalq tədbiri ölkədə adıçəkilən sahənin inkişafı üçün geniş imkanlar açacaq, kosmik tədqiqatların və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq.

Beynəlxalq elmi tədbirdə Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi, təcrübi biliklərin mübadiləsi və müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin plenar, şifahi və poster məruzələrlə Günəş fizikası, Günəş-Yer əlaqələri, Kosmik Hava Cihazları və Məlumatlar Bazası, Kosmik Havanın Modelləşdirilməsi, Qlobal Naviqasiya Peyk Sistemlərinə Kosmik Hava Təsirləri, Geosfer, Maqnitosfer-İonosfer-Termosfer əlaqələri, Milli Kosmik Hava Proqramları və Tədqiqatları, Təhsil və Təcrübə proqramları üzrə çıxışları, həmçinin, yerli və xarici elmi təşkilatların əməkdaşlarının və ali təhsil müəssisələrindən təhsilalanların dinləyici qismində iştirakları nəzərdə tutulur.

Seminarın gözlənilən nəticələrinə kosmik hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, habelə qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə və proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlığının artırılması üçün tövsiyələrin hazırlanması daxildir.
Sevinc Qarayeva

 





31.10.2022    çap et  çap et