İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərlə bağlı paytaxt Tehranda minə yaxın ittihamnamənin hazırlandığı bildirilib.
525.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehranın baş hakimi Əli Əl-Kasi Mihr Ali Məhkəmənin iclasında mövzu ilə bağlı açıqlama verib. Əl-Kasi Mihr: "Son hadisələrdə dağıdıcı hərəkətlər törətmək, təhlükəsizlik qüvvələrinə hücum edərək yaralanma və ya ölümə səbəb olmaq, ictimai əmlakı yandırmaq kimi ağır cinayətlərlə bağlı minə yaxın ittiham aktı hazırlanıb", - deyib.
İran rəsmisi həmçinin bildirib ki, dinləmələr açıq olacaq. Sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra komada xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da ölümü İranda etirazlara səbəb olub. Rəsmi mənbələrdən hadisələrdə mülki şəxslərin və təhlükəsizlik qüvvələrinin öldüyü barədə açıqlamalar verilsə də, ölənlərin sayı ilə bağlı dəqiq məlumat verilməyib. Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı isə nümayişlərdə 200-dən çox adamın öldürüldüyünü açıqlayıb.
Qeyd edək ki, ölkədə nümayişlər davam edir.

Məhəmməd Tağıyev
çap et