Elşən Əzim, filoloq:
- Tanınmış adamlara, ziyalılara qarşı sadə adamların aqressiv münasibəti anlaşılandır. İnsanlar "uman yerdən küsürlər", ancaq bəzən ziyalını gözdən salmağa hesablanmış görünməz əllər də araqarışdırma fəaliyyətində olurlar. Bax insanlar o əli görmür. Hər birimiz beləyik. Hər kəs öz aid olduğu sahənin mətbəxini yaxşı bilir.
Cəmil Həsənli, tarix elmləri doktoru:
- Axır ki, Putin uzun müddət mus-mus deyəndən sonra Mustafanı dedi: O, ermənilərə bildirdi ki, Vaşinqtonun indi təklif etdiyi tənzimləmə variantında Azərbaycanın Qarabağ üzərində suverenliyi tanınır. Əgər buna razısınızsa, əgər Qarabağın xüsusi statusa sahib olmasına ehtiyac görmürsünüzsə, o zaman Vaşinqtonun təkliflərini qəbul edin, biz etiraz etmirik.
Fərid Pərdəşünas, texnobloger:
- Türk mühəndislər yerli istehsal olan SARBOT "cyber dog"nu təqdim edib. Silah istehsalçısı "Sarsılmaz" yeni silahlı robotu ilk dəfə mediaya göstərib. Robot üzərində dəqiqədə 750 ədəd 20 mm kalibrli güllə ata bilən silaha sahibdir. Xüsusilə dağlarda, mağaralarda türk əsgərini qoruyacaq bu silah 2023-də arsenala girməyi hədəfləyir. Türkiyə sürətlə hərb sahəsində texnologiyanı tətbiq etməyə davam edir.
Nigar Köçərli, "Əli və Nino" kitab mağazalar şəbəkəsinin rəhbəri:
- Bu gün ilk dəfə olaraq Bakı-Gəncə qatarı ilə səyahət etdim. Bir sözlə, çox bəyəndim.
Biletləri onlayn aldım. Əvvəlki həngamə - bileti onlayn al, sonra bir saat əvvəl gəl - yoxdur artıq.
Qiymətlər belədir: ekonom 15 AZN, biznes 33 AZN. Sirli "komfort" sinifi da var, 100 manata, amma məncə, dəmir yolu tarixində hələ o tarfilə gedən olmayıb.
Uşaqlarla gedirəm, rahat olsun deyə, biznes klassı seçdim. Bakıdan 8.45-də çıxdıq, Gəncəyə 12.25-də çatdıq.
Personal - iki xanım - çox mehriban idilər. Yolda su, çay, kofe verdilər. Qatar yarıboş idi.
Keçən həftə Almaniyada olanda, qatarla 3-4 dəfə səyahət etdim. Sizə deyim ki, komforta görə bizim qatarımız heç də geridə qalmadı.
Kaş ki qatarın pəncərəsindən də mənzərə almanlarda olduğu kimi olardı - böyük əkin sahələri, fermalar, gözəl evlər...
Bir şey də qeyd edim - yol boyu stansiyaya yaxın olan yerlərdə gözəl qədim binalar var idi. Onlar restavrasiya olunsaydı, çox yaxşı olardı.
Aynur Camal, jurnalist:
- Elə toplantılar, iclaslar var ki, vaxt itkisidir. Xüsusən də bütün dünyanın onlayn rejimə keçdiyi indiki zamanda. Getməməyə cəhd edirəm.
AYB-nin qurultayına dəvət ediləndə isə çox sevindim və düşündüm ki, mütləq iştirak etməliyəm. Yağış yağırdı, yəqin ki, səbəbsiz yağmırdı, işlərim vardı, amma qurultaya həvəslə getdim. Bilirsiz niyə? O insanlar ki, Azdramada Rəyasətdə əyləşmişdilər, onlar canlı tarixdirlər; üzü qüruba gedən nəhəng bir tarix. Zalda əyləşənlərin də bir çoxu. Əslində səhnədəkilərin də, zaldakıların da hər gün bir az vaxtı daralır. Hamımızın. Allah uzun-uzun ömürlər versin! Amma... Bu dəyərli, son dərəcə qiymətli insanları bir arada bir də görə biləcəyikmi?
Mən o insanlara çox gözəl bir film seyr edəcəkmiş kimi baxmağa getdim və elə baxdım. Keçmişimi, ən çox da uşaqlığımın, gəncliyimin fraqmentlərini gördüm, unutduqlarımı, uzun zamandır düşünmədiyim çocuqluq, gənclik xəyallarımı, arzularımı - nağıllarımı xatırladım; vaxtilə əzbər bildiyim, sonra fərqində olmadan yaddan çıxardığım mətnləri. Ruhumuzun hər kərpicində olan, mövcudluğunu yaddaşımızın uzaq bir küncündə daşıdığımız, ancaq önəmsəmədiyimiz həqiqətləri.
Heç vaxt sönməyən işıqlar yenidən gözümün önünə gəldi...
Onlar danışdılar, mən dinlədim, ürəkləndim və gülümsədim. Onların səslərini, sözlərini yaddaşıma, qəlbimə, gözümə hopdurmaq niyyətilə var gücümü toplayaraq diqqətlə dinlədim.
Onlar - o parlaq simalar həqiqətən bizim bəsirət gözümüz, keçmişimiz və gələcəyimizdirlər.
Onlar bizim gizli və açıq dünyamız, ədəbiyyatımız, kitabımızdırlar. Onlar bizim həm birlikdə, həm də ayrı-ayrılıqda Azərbaycanımız, Vətənimizdirlər.
Onlar bizi böyüdüblər. Bizə Günəşi göstəriblər. Elə əsərləri, elə obrazları var ki, çoxumuzdan yaşca böyükdürlər. O əsərlər, o obrazlar bizə dost, sirdaş, müəllim, tərbiyəçi olublar. Həyatı kitab qədər nə öyrədə bilər insana?! Biz bizə doğma olan hər şeyi kitabdan tanımışıq. Sevməyi kitabdan öyrənmişik. Azadlığa canatımı öyrənmişik. Özünü, özünün olanı qorumağı, sahiblənməyi kitab öyrədib. Öyrənməyi də kitab öyrədib. Yaşamağı da.
Riyaziyyat bütün elmlərin atası sayılır. Ancaq ədəbiyyatdakı alqoritmlər gözlə görünməsə, barmaqla sayılmasa belə, daha mürəkkəbdir, işarələr, informasiyalar, ismarıclar daha qəliz, eyni zamanda, daha sadə, daha aydın, daha durudur. Mətn möcüzədir, Tanrının möcüzəsi... Gözəl mətn qədər, şeir qədər, söz qədər heyrətləndirən nə var, daha nə var?! Bəzən beş-altı cümləlik mətndə nə hikmətlər görürsən, energetikası, mistikası kainat boyda... Və o energetikanı, o mistikanı mətnə çevirən, ədəbiyyata, kitaba köçürən insanlar əvəzsizdirlər, yerlərini yalnız özləri doldura bilirlər, təkrarsızdırlar. İllərdir ikinci bir Anar, ikinci bir Elçin, ikinci bir Sabir yetişmir bu ölkədə. Yeni mətnlər yazılır, əlbəttə, ədəbiyyat yaranır. Ancaq Anar yazan kimi yox. Elçin yazan kimi, yenə də yalnız Elçin özü yaza bilir. Sanki hərəsi bir ulduzdur bu ucsuz-bucaqsız qalaktikada. Sayrışa bilərlər, amma qeyb ola bilməzlər...
Yazıçıların hamısını bir yerə toplayan qurultayla bağlı söz-söhbətin davam etdiyi bu günlərdə mənə elə gəldi ki, biz bu hadisədə, məhz hadisədə bir vacib məqamı önəmsizcə unuduruq: o məqam o insanların bir araya gəlməsidir və bu, sözün əsl mənasında, hadisədir. Yerdə qalanlarsa təfərrüatdı və xırdalıqları yaddan çıxarmaq lazımdır. Vəssalam. Mən çox xoşbəxtəm ki, bu qədər qiymətli və doğma insanları bir yerdə, bir arada görmək, gözlərimə, ürəyimə, ruhuma toplamaq imkanım oldu...
Elxan Şükürlü, jurnalist:
- Sosial şəbəkələrdə başladılan "İlham Əliyev Soçiyə getməkdən imtina etməlidir!" çağırışı növbəti dəfə erməni informasiya-təbliğat maşınının təsiri altına düşmək deməkdir və nəticə etibarilə, Qərbin maraqlarına xidmət edən davranışlardır.
Məhz Nikol Paşinyan və onun Qərbdəki himayədarları daha çox istəyir və çalışırlar ki, bu görüş baş tutmasın, pozulsun.
Çünki indiyədək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan, Ukrayna üzərindəki Qərb-Rusiya savaşının nəticəsini gözləyən Paşinyan üçün budəfəki Soçi görüşünün çox ağır keçəcəyini və onun siyasi qədərini müəyyənləşdirəcəyini yaxşı bilirlər.
Putinin "Valday"da birbaşa Ermənistana ünvanlanan mesajlarından sonra Paşinyanın 1 sutka ərzində Ermənistanda zəlzələ effekti yarada biləcək ardıcıl açıqlamaları - Rusiyanın təklif etdiyi sülh sənədini imzalamağa, Qarabağdakı sülhməramlılarının mandatını uzatmağa və Ermənistan Sərhəd Xidmətinin səlahiyyətlərini Rusiya FTX-na verməyə hazır olduğunu deməsi təkcə öz əhalisini razılaşmalardan xəbərdar etmək istəyindən yox, həm də canına düşmüş qorxu hissindən qaynaqlanır.
Azərbaycan heç bir halda bu görüşdən yayınmamalı, əksinə, Ermənistanın cəzalandırılması üçün daha sərt, o cümlədən, təzminat tələbləriylə çıxış etməlidir!
8 aydır efirlərimizdən "Rusiya Ukraynada 3 aya dağılacaq, Putin öldürüləcək" deyən qərbpərəstlərdən isə soruşmaq gərəkdir: Rusiya tezliklə dağılırsa, Soçidə hansı razılaşmaların olacağından niyə narahatsınız? Yox, əgər Rusiya hələ sandığınızdan güclüdürsə, o halda niyə Azərbaycanı Rusiya ilə toqquşdurub əzdirmək, qazandığımız uğurları heçə-puça çevirmək istəyirsiniz?!
Əzizə İsmayılova, jurnalist:
- Qurultay məsələsi müzakirə mərhələsindən çıxıb oldu acı bağırsaq. Məsələyə isti-isti reaksiya verənlərin (istər tənqid, istər təqlid edənlər) fikri anlaşılan və normaldır - razılaşdıqlarımız da, razılaşmadıqlarımız da. Ortada müzakirə mövzusu varsa, hər cür fikirə açıq olmaq lazımdır. Amma müzakirə də, mübahisə də gərək əndazədən çıxmasın axı.
Bir var tənqid və ya təqdir, bir də var, türklər demiş, saldırı, hücum. Artıq qurultay məsələsi saldırı mərhələsindədir. Sanki "Anarın, Çingizin ünvanına kim daha sanballı aşağılayıcı fikir yazar" yarışması gedir.
Ümumiyyətlə, Feysbukda iki maraqlı toplum müşahidə etmişəm:
1-cisi, yalnız bu məsələdə yox, istənilən bu tip geniş müzakirə mövzusu olan məsələlər haqda qızğın müzakirə gedəndə kənardan seyr edib "hansı tərəf üstün olsa, o tərəfdən yanaşaram" yanaşması sərgiləyən, özünün heç bir şəxsi fikri olmadığı halda hərənin statusundan xoşuna gələn bir cümləni, bir fikri götürüb "mən də varam" deyənlərdir, 2-cisi də, aranın qarışdığını görüb ağlna-bozuna baxmadan gözünü yumub, ağzını açanlar.
Müzakirə mövzuları qalıb bir tərəfdə indi də bir tərəf çox aşağılayıcı şəkildə Anarın, Çingizin yazıçı, tanınmış filan olmasını şübhə altına alır, ikinci tərəf də ciddi cəhdlə Anarın ədəbiyyatda çox önəmli fiqur, virtuoz, Çingiz Abdullayevin dünyada tanınan yazıçı olduğunu sübut etməyə çalışır. Tanınmış, söz sahibi bildiyimiz adamların da qatıldığı dəxilsiz qarşılıqlı "atışma" gedir.
Axı nə müzakirə, nə mübahisə mövzumuz bu deyildi. Yeni nəsə deyə bilmiriksə, bəlkə bitirək?
Söhbətin belə uzadılması kimlərinsə maraq dairəsinə göydən düşmə kökə olmuş olmasın? Sanki yenə "siz savaşa, biz tamaşa" səhnəsi qurulub, qışqırmaqdan fərqinə vara bilməmişik...
İnciməyin, ağıl vermək fikrindən çox uzağam. Lentimdə yazılanları oxuyub gəldiyim qənaətdir.
çap et