525.Az
YAP-dan İŞİD-in girov götürdüyü türk diplomatlarına dəstək
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında ölkənin hakim partiyası Türkiyə diplomatlarının İŞİD təşkilatı tərəfindən girov götürülməsinə parlamentdən dəstək verilməsini tələb edib.
Lent.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov söz alaraq bildirib ki, Türkiyə Azərbaycan üçün qardaş ölkədir və əgər bu gün türk diplomatlarına qarşı belə addımlar atılırsa, deməli, bu hərəkət Azərbaycana qarşı da edilir.
O qeyd edib ki, buna görə də NATO PA-nın 86-cı “Rose-Routh” seminarının yekununda Assambleyanın prezidenti də NATO ölkələrindən xahiş etdi ki, bu məsələyə dəstək göstərsinlər: “Hesab edirəm ki, biz də hansısa formada bu məsələyə dəstək göstərməliyik”.
S.Novruzov həmçinin deyib ki, seminarda müzakirə olunan məsələlərdə Ermənistandan gələn deputatların əsas informasiya mənbəyi Azərbaycanda olan bir sıra müxalifət partiyalarıdır: "Erməni deputatlar bir sıra QHT-lərin materiallarını misal gətirərək Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən fikirlər səsləndirirdilər. Dəfələrlə dediyimiz kimi, bu da onu göstərir ki, müxalifət heç vaxt Azərbaycan xalqı haqqında düşünmür. Onlar həmişə erməni və digər düşmənlərlə əlbir olmağa hazırdırlar ki, Azərbaycan haqqında hər hansı bir mənfi informasiya yayılsın. Həmin seminarda da bunun şahidi olduq. Müxalifət partiyaları parlamentdə QHT-lərlə bağlı qanun layihəsinə edilən dəyişiklikləri tamam başqa bir formada müxtəlif beynəlxalq təşkilatlara çatdırırlar ki, guya QHT-lər hüquq mühafizə orqanlarının nəzarəti altına düşür, hər dəqiqə onlara hesabat verirlər. Həmin qanunda konkret olaraq şəffaflıq məsələsi ortaya qoyulub ki, QHT-lər xaricdən aldığı qrantı hansı formada xərcləməyi barədə ictimaiyyətə məlumat versinlər. Hesab edirəm ki, qanun layihəsi aydın şəkildə bir daha ictimaiyyətə şərh olunmalıdır”.
20.06.2014
çap et