"Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir". Bunu mətbuata açıqlamasında millət vəkili Mübariz Qurbanlı Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarında Azərbaycan tərəfinin Ermənistan nümayəndə heyətinin təşkilatdan çıxarılması təklifinə münasibətini bildirərkən dilə gətirib. "Nəzərə alaq ki, NATO PA, eləcə də AŞPA bəzi dövlətləri beynəlxalq hüququ pozduğuna görə cəzalandırıb. Amma nəyə görə işğalçı Ermənistan cəzalandırılmamalıdır?"- deyən millət vəkilinin sözlərinə görə, odur ki, Azərbaycan tərəfinin irəli sürdüyü təklif tamamilə ədalətlidir. M.Qurbanlı hesab edir ki, NATO PA kimi nüfuzlu beynləxlaq təşkilat bu məsələdə obyektiv qərar qəbul etməlidir. "Doğrudur, bu gün beynəlxalq təşkilatların əksəriyyəti münaqişənin sülh yolu ilə həllinə, tərəflər arasında etimad mühtinin yaradılmasına və sair, ümumi formada çağırışlar edir. Təbii ki, Azərbaycan sülhün tərəfdarıdır və münaqişənin tezliklə həllini istəyir"-deyən millət vəkilinin fikrincə, amma qeyri-konstruktiv mövqeni işğalçı Ermənistan nümayiş etdirir və bu səbəbdən də, işğalçını beynəlxalq ictimaiyyət cəzalandırmalıdır ki, sülhə gəlməyə məcbur olsun. "Qeyd etdiyim kimi Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsinə maraqlıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində görüş təşkil etmək təşəbbüslərini də müsbət qarşılayırıq. Amma ölkəmizin mövqeyi bundan ibarətdir ki, bu görüşlər konkret nəticə verməlidir. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistan təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildirir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur. Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır. Ölkəmiz isə belə vəziyyətin davam etməsini qəbuledilməz sayır".
KAMİL
çap et