525.Az

Soçi görüşündə nələr əldə edildi? 


 

POLİTOLOQ SERGEY MELKONYAN: "BU, ERMƏNİSTANIN NÖVBƏTİ DİPLOMATİK FİASKOSUDUR"

Soçi görüşündə nələr əldə edildi? <b style="color:red"></b>

Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri - İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi. Bu, ay ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə sayca ikinci görüş idi. Bundan əvvəl oktyabrın 7-də Praqada Prezident İlham Əliyev, baş nazir Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Fransa lideri Emmanuel Makronun iştirakı ilə dördtərəfli danışıqlar aparılıb. Bu görüş ümumilikdə müsbət qiymətləndirilir.

Bəs Soçidə nələr əldə olundu? Yekun bəyanat Azərbaycanın maraqlarına nə dərəcədə cavab verir?  Əvvəlcə onu vurğulayaq ki, Putin üçtərəfli görüşdən öncə ayrı-ayrılıqda İlham Əliyevlə və Nikol Paşinyanla görüşdü, daha sonra iki saatdan çox üçtərəfli danışıqlar aparılıb. Görüşü faydalı adlandıran Putin deyib ki, bu, bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı. Birgə bəyanatı razılaşdırılsa da, Putin etiraf edib ki, hər şeyi razılaşdırmaq mümkün olmadı.

Azərbaycan lideri bir daha bəyan etdi ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb, o, iki il əvvəl həll edilib: "Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır".

Ermənistan tərəfinin həm görüşdən əvvəl Azərbaycanın Xankəndi şəhərində mitinq adı ilə təşkil etdiyi tamaşaya, bir sıra digər  təxribat xarakterli addımlarına baxmayaraq, Soçi bəyanatı Bakının irəli sürdüyü 5 prinsipi və Qarabağ münaqişəsinin tarixdə qalmasını əks etdirdi.

Məlumata görə, Paşinyan görüşdə bəzi iddialarla çıxış edərək müəyyən pozucu cəhdlərə əl atıb. Belə ki, o, Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də bəyanatda əksini tapmasına çalışıb. Lakin onun bu cəhdləri nəticəsiz qalıb. Belə olan halda, Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Onun bu cəhdi də nəticə verməyib. Rusiya liderinin təkidi ilə bəyanat qəbul olunub. Sənəddə əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir. Belə ki, bəyanatda Qarabağla bağlı bir kəlmə belə yoxdur. Bundan başqa, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırılıb. Sənəddə Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi üçün bütün razılaşmalara riayət edilməsi vurğulanır.

 

İrəvanın uğursuzluğu

 

Erməni siyasətçilər, ekspertlər Soçi bəyanatını, ümumilikdə üçtərəfli görüşü İrəvanın uğursuzluğu kimi qiymətləndirir. Politoloq Vigen Akopyana görə,  Soçi sammitinin nəticələri, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin qəbul etdikləri bəyanat həm İrəvanın, həm də Moskvanın uğursuzluğuna dəlalət edir. Onun fikrincə, İrəvanla Bakı arasında münasibətlərin həllinə dair Rusiya modeli qəbul edilməsə də, tərəflər arasında şifahi razılaşmaların olması mümkündür: "Yaxın günlərdə biz öyrənəcəyik ki, qərb layihəsi ətrafında iş Praqada müəyyən edilmiş qrafik üzrə davam edir, yoxsa tərəflər arasında başqa variantlar və razılaşmalar var".

Akopyan Soçi bəyanatının mətnində Qarabağ, ordakı ermənilərin "öz müqəddəratını təyin etməsi" barədə bir kəlmə də olmadığını vurğulayıb: "Nəticə etibarilə bu, Ermənistan tərəfi üçün kifayət qədər ciddi geriləmədir. Danışıqlarda fasilədən sonra Soçidə sammit keçirməklə böyük oyuna qayıtmağa və prosesdə keyfiyyət dəyişiklikləri etməyə ümid edən Rusiya tərəfinin də uğursuzluq elementi var. Bir çox ekspertlər Soçidə belə nəticənin olacağını proqnozlaşdırırdılar".

Politoloq Sergey Melkonyan isə Soçidəki üçtərəfli görüşü Ermənistanın növbəti diplomatik fiaskosu adlandırıb: "Soçi görüşü başa çatdı. Kremlin saytı görüşdən sonra bəyanat yayıb. Mətndə Qarabağdan bəhs edilmir. Heç biri. Hətta sülhməramlı kontingentin yerləşdirildiyi bölmədə də. Məhkumların qaytarılmasından bəhs edilmir. Bu, görünür, "humanitar məsələlər bloku"na daxildir.

Sənəddə Ermənistanın maraqlarından irəli gələn heç bir şey əksini tapmayıb".

 

"Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu"

 

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu: "Cənubi Qafqazda sülhün əldə edilməsində vahid yanaşma bir daha təsdiq edildi: istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Bunu Ermənistan bir daha qəbul etdi.

Tərəflər sülhün əldə edilməsi yollarını müzakirə etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq münaqişə yoxdur. Münaqişə 2 il öncə həll edilib.

Bu dəfə də Almatı Protokoluna istinad edildi. 21 dekabr 1992-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzladığı bu sənədlə dövlətlər, o cümlədən, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar.

Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Bu Azərbaycan diplomatiyasının gücüdür. Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq. Görüşdə çəkilən şəkillər də çox həqiqətləri deyir".

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı isə hesab edir ki, açıqlanan birgə bəyanatda Azərbaycanı narahat edən, Ermənistan tərəfinin gözləntilərini ifadə edən hər hansı məqama yer verilmədi: "Putin normallaşmanın regionun bütün ölkələrini və xalqlarını əhatə etməli olduğunu bildirdi. Burada Türkiyənin təklif etdiyi 3+3 modelinin nəzərdə tutulduğu yoxsa sətiraltı başqa mənada işlədildiyi tam aydın olmadı. Son təxribatlara (Rusiya vətəndaşı erməni milyarderin rus sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gəlməsi, Putinin Valdaydakı açıqlamaları, Paşinyanın sülhməramlılarla bağlı təklifi, Xankəndidəki "mitinq", İranın təxribat xarakterli addımları) görə Azərbaycan cəmiyyətinin müəyyən hissəsində bu görüşlə bağlı narahatlıq var idi. Amma İlham Əliyevin Vladimir Putinlə ilk görüşdəki açıqlamaları həmin təbəqəni də əsasən rahatlaşdırdı. Açıqlanan birgə bəyanatda Azərbaycanı narahat edən, Ermənistan tərəfinin gözləntilərini ifadə edən hər hansı məqama yer verilmədi, eyni şəkildə Azərbaycanın gözləntisinin əksinə olaraq kommunikasiya xətlərinin (Zəngəzur dəhlizinin) açılması ilə bağlı məqama da. Yenilik demək olar ki, yox idi. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi məqamlar yenidən vurğulandı. Ümumi götürəndə üçtərəfli bəyanatı son günlərin gərginliyi və təzyiqli atmosferi fonunda Azərbaycan üçün uğurlu saymaq olar.

Amma təbii ki, bəyanatdan daha vacibi detallarını bilmədiyimiz 3 lider arasındakı qapalı 2 saatdan artıq davam edən görüşdür. Ondan daha vacibi isə 44 günlük müharibədə başlayan xətti qorumaq və sülh prosesini mümkün qədər tez yekunlaşdırmaqdır. Sadəcə Azərbaycan üçün deyil. Elə Ermənistanın özü üçün də, əslində isə ümumilikdə bölgəmiz üçün".

 

"Nikolun və "nikolaların" ümidləri Praqadan sonra Soçidə də çilik-çilik oldu"

 

Siyasi şərhçi Elçin Mirzəbəyli: "Soçidə keçirilən görüşdən öncə oynanılan bütün oyunlar, çeşidli qütblərdən üzərimizə hücum çəkən hikkəli maraqlar bir neçə cümləlik deyimlə ayaqlarına atıldı: "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur". Vəssalam! Kimsə özünü boş yerə yormasın, media resurslarında gün keçirən miskin təbliğatçıların ağzını köpükləndirməsin… Bu yolları 30 ilə yaxın bir zaman kəsiyində qarış-qarış keçmişik, izinə də, tozuna da bələdik. Haqqımız olanı dilimizlə-dırnağımızla, canımızla-qanımızla almışıq və alacağımız var, verəcəyimiz yoxdur...

Soçidə keçirilən görüşdən sonra yayılan bəyanat sübuta yetirdi ki, heç bir hikkə, heç bir hiylə, ikibaşlı, üçbaşlı baxış bucağı milli iradəmizin tozuna belə toxuna biləcək gücdə deyil.

Beləliklə, Nikolun və "nikolaların" ümidləri Praqadan sonra Soçidə də çilik-çilik oldu. Görüşün yekun bəyanatında nə bəzilərinin bir neçə gün öncə ağız dolusu havaya üfürdüyü "münaqişə", nə də sahibi ilə birlikdə ağ günlərinə qovuşan, Vətənimizin və canımızın bir parçası olan Qarabağın yad dilləri qançır edən adı yer almadı. Pasinyana və onu ümidləndirməyə çalışanlara da açıq mətnlə izah olundu ki, üçtərəfli sənədlərdə yer alan öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur.

 

 





02.11.2022    çap et  çap et