525.Az

Təhdidlərə boyun əyilməz - Qafar Əsgərzadə yazır


 

Təhdidlərə boyun əyilməz - <b style="color:red"> Qafar Əsgərzadə yazır</b>

Prezident İlham Əliyevin ölkə rəhbəri seçildiyi gündən apardığı xarici və daxili siyasət ölkəmizin yüksək templə inkişafına təkan verdi. Azərbaycan inkişaf, tərəqqi yoluna qədəm qoydu. Ölkə iqtisadiyyatı, bütövlükdə, həyatımızın bütün sahələri sürətlə inkişaf elədi. Hərbi islahatlar, hərbi sənayemizin inkişafı respublikamızın qüdrətini daha da artırdı.

Regional və qlobal təşkilatlara rəhbərlik, Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın dünya birliyində xüsusi çəkisi və nüfuzunu göstərdi. Bu həm də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın uğuru kimi dəyərləndirilir. Məhz bu fonda Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə işğalçı Ermıənistanı məğlub edərək tarixi Zəfərə imza atdı. 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımız Prezident, Ali Baş Komandan  İlham Əliyevin qətiyyəti ilə işğaldan azad olundu.

Əlbəttə, iqtisadi dirçəliş, düşmən üzərində qalibiyyət Azərbaycanı sevməyən dövlətləri qıcıqlandırmaya bilməzdi. Başda sabiq həmsədr ölkə Fransa olmaqla, bəzi xoşməramı olmayan dövlətlər, respublikamıza qarşı böhtanlar, hədələr yağdırmağa başladılar. Belə xoşagəlməz hərəkətlərə bəzi dövlətlərin, xüsusilə, Rusiyanın dövlət telekanallarında tez-tez rast gəlinir.

Gözləmək olardı ki, 2020-ci ildə noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan öz qanunsuz silahlı birləşmələrini Qarabağdan çıxaracaq, Zəngəzur dəhlizinin açılması, iki dövlət arasında delimitasiya və demorkasiya işlərinin görülməsi, nəhayət, sülh sazişinin imzalanması yönündə iş ortaya qoyacaq. Lakin Ermənistan bu öhdəliyini də nəinki yerinə yetirmir, üstəlik təxribatlardan, revanşist hərəkətlərindən əl çəkmir. Fransa və İran kimi dövlətlər isə Ermənistandan alət  kimi istifadə edir.

Zəngilanda yeni hava limanının açılışı, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirakı fonunda bu təhdidlər daha da intensivləşdi. Fransa Prezidenti Makronun Azərbaycana qarşı yönəlmiş sərsəm bəyanatları, ittihamları, Fransa senatının bir çox sanksiyaları  ehtiva edən qətnamə layihəsi qəbul etməsi xalqımız tərəfindən haqlı olaraq hiddətlə qarşılanıb. Bu, sabiq həmsədr kimi neytral mövqe tutmalı olan Fransanın əslində ermənipərəst dövlət qismində çıxış etməsini göstərir. Layihədə ölkəmizə qarşı ittihamlarla yanaşı, haqsız tələblər də öz əksini tapıb. Əslində, burada həm xristian təəssübkeşliyi, həm də erməni sevgisi vardır. Bu aydındır...

Dünyada sözdə özünü islamın, müsəlmançılığın müdafiəçisi kimi təqdim edən İran İslam Respublikasının Azərbaycana qarşı tutduğu münasibətə nə ad vermək olar? 30 il öncə torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda, bu illər ərzində həmin ərazilərdə azərbaycanlılara məxsus tarixi, mədəni abidilərimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın dağıdılmasına, Xocalıda və digər məntəqələrdə soydaşlarımıza qarsı aparılan soyqırıma göz yumaraq, Ermənistanın yanında olmasına nə ad vermək olar? İran rejimi  bu gün də o çirkin siyasətindən əl çəkmir. İranın məsul şəxsləri, o cümlədən, ölkə rəhbərliyi dəfələrlə, Azərbaycanın Naxçıvan-Zəngəzur dəhlizinin açmasına qarşı yönələn bəyanatlar verir. Zəngilan hava limanının açılış mərasimi ərəfəsində İran İslam Respublikasının xarici işlər naziri Abdullahianın Ermənistanda danışıqlar aparması və Qafanda İİR-nın konsulluğunun açılması, eləcə də Arazboyu ərazilərdə "Qüdrətli İran" adlı hərbi təlimlərin keçirilməsi antiazərbaycan siyasətinin tərkib hissəsidir.. Bu təlimlər kimə qarşıdır? Axı, Azərbaycandan İrana qarşı heç bir təhlükə yoxdur. Əlbəttə ki, bu təlimlər Azərbaycana qarşı təhdiddir, Ermənistana olan sevgidir. Azərbaycanın Qarabağ torpaqlarını işğaldan azad etməsini İranın mollakratiya rejimi həzm edə bilmir. Bunu  İran Televiziyasının "Səhər" proqramında Azərbaycan əleyhinə verilən sujetlərdə də görmək olur. Amma unudurlar ki, Azərbaycanda belə bir el deyimi var: "İt hürər karvan keçər, yel qayadan nə aparar?" .

Yeri gəlmişkən, şah rejimindən start götürən və indiki molla rejminə kimi davam etdirilən antitürk, antiAzərbaycan siyasəti bu gün də xalqımız tərəfindən hiddətlə qarşılanır. 35  milyona yaxın cənublu bacı-qardaşımızın hüquqları kobudcasına pozulur. Soydaşlarımız doğma ana dilimizdə məktəbi, mətbuat orqanları belə yoxdur. İllər boyu milli zülmə, istibdada qarşı haqq səsini qaldıranlara amansız divan tutulur, zindanlara salınır, edam olunurlar. Amma etnik ermənilər üçün hər cür şərait yaradılır. Bu ayrı-seçkiliyin əsasında şübhəsiz ki, fars sovinizmi, azərbaycanlılara qarşı nifrət, kin durur. Zaman-zaman sənət adamları İran rejiminin bu antihumanist hərəkətinə qarşı öz haqq səsini qaldırmışdır:

 

Ey dilimdən, millətimdən, sübhəli söhbət açan...

Sən məni dansan da milləttək, bölünməzdir Vətən,

Təbrizin bir daşına İranı versən, vermərəm...

 

Əlbəttə ki, biz digər bölgələrdə olduğu kimi, İranda yaşayan həmvətənlərimizin taleyinə biganə qala bilmərik. Bütün səviyyələrdə, eləcə də, dövlət səviyyəsində bu sahədə hərtərəfli işlər görürməlidir. Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş Katibini qəbul edərək çox doğru olaraq vurğulamışdır: "...Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı- on milyonlarla qan qardaşlarımızı- dəstəkləyəcəyik.  Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin, bizim qardaş türk dövlətinin digər xalqların dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik..".

Ötən il, 2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Şuşa bəyannaməsi imzalanıb. Burada hərbi dəstək də öz əksini tapib. Bunu dünya nəhayət ki, anlamalıdır.

Qoy, bu gün bütün dünya, o cümlədən, İran, Fransa, Ermənistan bilsin və duysun! Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan inkişaf etmiş,dünyada tanınan, sayılan, hesablaşan, bölgədə lider ölkələrdən biri, Qalib ölkədir. Qalib ölkənin prezidenti məhz dünya şöhrətli, qətiyyətli, müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyevdır. Azərbaycanda möhkəm Xalq - Prezident - Ordu birliyi vardır. Xalq öz Prezidentinə inanır, güvənir, onu dəstəkləyir.

 





02.11.2022    çap et  çap et