525.Az

Rusiyadan Britaniyaya ittiham  - Xaqani Cəfərli yazır


 

Rusiyadan Britaniyaya ittiham  - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumunda Böyük Britaniyadan olan mütəxəssislərin birbaşa iştirak etdiyini bildirib. Qalmaqallı açıqlamaları ilə tanınan Mariya Zaxarovanın bu açıqlamasına önəm verməmək də olardı. Ancaq bu, Rusiya  rəsmilərinin ötən həftə ərzində Böyük Britaniyanın ünvanına səsləndirdikləri ikinci, oktyabr ayı ərzində dördüncü ittiham idi. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisindən öncə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Britaniyanı "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərini zədələmək üçün terror aktının planlaşdırılması, təmin edilməsi və həyata keçirilməsində iştirakda ittiham etmişdi. Qeyd edək ki, sentyabrın 26-da baş vermiş qəza nəticəsində Baltik dənizinin dibindən keçən "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin dörd xəttindən üçü məhv olmuşdu.

Müdafiə Nazirliyinin rəsmindən öncə isə Rusiya prezidenti Vladimir Putin ABŞ və Böyük Britaniyanı - "anqlosaklar"ı Ukraynanı Rusiyaya qarşı silahlandırmaqda və müharibəni uzatmaqda ittiham etmişdi.

Prezident Putindən bir müddət öncə isə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Ukrayna nümayəndə heyəti ilə İstanbulda aparılan danışıqlar Vaşinqton və Londonun bilavasitə göstərişi ilə dayandırılıb. Nazir deyib ki, bu müharibəni Zelenski rejiminə tam nəzarət edən anqlosakslar idarə edir.

Prezident və xarici işlər nazirinin ittihamları ümumi xarakterli olduğu halda, Xarici İşlər və Müdafiə nazirliklərinin rəsmi şəxsləri Böyük Britaniyanı Rusiyanın terror aktı kimi dəyərləndirdiyi hərbi əməliyyat və qəzada iştirakda ittiham ediblər.

Rusiya tərəfinin ittihamlarına cavab verən Böyük Britaniyanın Müdafiə Nazirliyi Moskvanı diqqəti Ukraynaya qarşı qeyri-qanuni işğaldan yayındırmağa cəhdə günahlandırıb. Böyük Britaniya və ABŞ-ın Rusiyaya qarşı müharibədə Ukraynaya yardım etməsi istisna olmaqla, birbaşa iştirakını təsdiqləyən heç bir dəlil mövcud deyil. Ukraynanı maliyyə və silah yardımı ilə dəstəkləyən ABŞ-ın Kiyevə kəşfiyyat məlumatları ilə yardım göstərdiyi də inkar edilmir. Son bir həftə əzrində isə ABŞ Hərbi Hava Qüvvələrinin yeni nəsil kəşfiyyat təyyarəsi olan "Challenger 650 Artemis" Rumıniya və Qara dəniz üzərində uçuşlar edib. Ukraynalı hərbi ekspertlərin iddiasına görə, oktyabrın 31-də Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi raket və dron hücumunun qarşısını almaqda "Challenger 650 Artemis" kəşfiyyat təyyarəsinin xüsusi rolu olub. Çox maraqlıdır ki, ABŞ Silahlı Qüvvələri tərəfindən rəsmən istifadəyə alınmamış kəşfiyyat təyyarəsindən artıq fəal şəkildə istifadə edilir. "Challenger 650 Artemis" sonuncu nəsil kəşfiyyat təyyarəsi hesab olunur və ABŞ hərbi sənayesinin ən son təkmilləşdirmələrdən biridir. Bu təyyarə yüzlərlə kilometr məsafədə kəşfiyyat aparmağa imkan verən avadanlıqla təchiz edilib. Rəsmi olmayan başqa bir məlumata görə, kəşfiyyat təyyarəsi elektron döyüş sistemi ilə təchiz olunub. Hələlik iki ədəd olan "Challenger 650 Artemis" kəşfiyyat təyyarəsindən biri Rumıniyada yerləşdirilib və artıq Qara dəniz üzərində də uçuşlar etməyə başlayıb. Əsasən, Rumıniya hava məkanında olan Challenger 650 ARTEMIS təyyarəsi Ukrayna ordusuna ölkə ərazisinə atılan çoxsaylı raket hücumlarını dəf etməkdə ciddi yardım göstərir. Bunun nəticəsində Ukrayna Rusiyanın atdığı qanadlı raketlərin böyük əksəriyyətini zərərsizləşdirə bilib. Oktyabrın 31-də Ukraynanın Hava hücumundan müdafiə sistemi Rusiyanın atdıı 50 raketin 44-nü məhv edib. Ukraynanın HHM sistemi tərəfindən vurulan raketlərdən birinin parçaları Moldova ərazisinə düşüb.

Rusiyanın "taxıl müqaviləsi"ndən çıxmasından sonra ABŞ Avropada dəniz qüvvələrinin mövcudluğunu genişləndirmək qərarı verib. "Cerald Ford" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika donanmasının zərbə qrupu Avropa istiqamətinə yön alıb və noyabrın ortalarında İngiltərənin cənubundakı Portsmut bazasına çatacaq. Beşinci nəsil F-35-qırıcı-bombardmançı təyyarələr də daxil olmaqla, 90 təyyarə və vertolyot daşıyan və dünyanın ən böyük təyyarədaşıyan gəmisi hesab olunan "Cerald Ford"u raket kreyseri, esmineslər və nüvə başlığı daşıyan sualtı qayıq müşayiət edir. "Cerald Ford"un  başçılqı etdiyi  zərbə qrupunun Avropa sahillərinə gəlməsi ilə ABŞ-ın bu regiondakı hərbi qüvvəsi xeyli güclənəcək. Məlum olduğu kimi, "George Buş" nüvə təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu avqust ayının sonundan bəri Xorvatiya sahillərindədir. Tezliklə Avropa istiqamətində üçüncü təyyarədaşıyan gəminin də göndəriləcəyi haqqında məlumat yayılıb. Belə məlumatlar var ki, bununla həm də Ukrayna taxılının ixracının təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Rusiya Sevastopoldakı hərbi dəniz bazasına zərbə endirməsindən sonra taxıl müqaviləsində iştirakını qeyri-müəyyən müddətə dayandırdığını bildirsə də, taxıl daşınması davam edir. Taxıl daşınmasını təmin etmək üçün İstanbulda qurulan Birgə Koordinasiya Mərkəzi Rusiyanı məlumatlandırıb ki, proses onun iştirakı olmadan davam edəcək. Ukrayna isə ümumiyyətlə, Rusiyanın iştirakı olmadan Türkiyə ilə birlikdə taxıl ixracını həyata keçirməyi təklif edir. İstisna deyil ki, ABŞ və Avropa dövlətləri də bu prosesə qoşulacaq. Bu isə heç şübhəsiz ki, Rusiyanı qıcıqlandıracaq və Moskva taxıl daşınmasının qarşısını almaq üçün hərbi gücdən istifadə edə bilər. Belə olacağı halda bölgəyə göndərilən ABŞ Dəniz Donanmasının zərbə qrupunun müdaxiləsi qaçılmaz olacaq. Aydın görünür ki, müharibənin sərhədlərinin genişlənməsi və daha geniş coğrafiyaya yayılması ehtimalı çox yüksəkdir. Elə vəziyyət yaranıb ki, təsadüfi bir mərmi müharibənin sərhədlərini təsəvvür ediləndən də çox genişləndirəcək.

 





02.11.2022    çap et  çap et