525.Az

Yaddaşımdan boylanan Şəki və... Məşədi Muxtar - Hikmət Əbdülhəlimov yazır


 

Yaddaşımdan boylanan  Şəki və... Məşədi Muxtar - <b style="color:red"> Hikmət Əbdülhəlimov yazır</b>

(Əvvəli ötən sayımızda)

 

Məşədi Muxtar ortaboy, dolubədən, çopur, uzunsov, qırmızı, sağlam sifətli, yaşı 50-ni keçmiş bir adam idi. Xırda, lakin qətiyyətli addımlarla hərəkət edir, sanki daim harasa tələsirdi. Başındakı milli papaq da sanki sifətinin davamı kimi ona çox yaraşırdı. Şəhərin Gəncəli məhəlləsində yaşayırdı. Bu məhəllədə yaşayanlar vaxtilə Gəncədən köç etmiş şiə təriqətli insanlardı. Yerli sünnilər onlara "Qəcərlər" deyirlər. Bu, həmin toplumun Qacar şahlarının tərəfdarları, yaxud vaxtilə İrandan köçmüş qohumları olduqlarını fərz etməyə əsas verir... Bu məhəllədən pərvazlanaraq Azərbaycan elminin, mədəniyyətinin, ictimai - siyasi həyatının görkəmli nümayəndələri sıralarına qoşulmuş önəmli simalar yetişmişlər. Bu sırada məşhur Salman Mümtaz, AMEA müxbir üzvü, professor Yaşar Qarayev və onun qardaşı, Əməkdar rəssam Ənvər Qarayev, AMEA-nın müxbir üzvü, professor Mahmud İsmayılov, milli jurnalistikamızın patriarxı professor Şirməmməd Hüseynov, Nuxada Sovet hakimiyyəti qurulandan sonra Qəza Kommunist Firqəsinin məsul katibi vəzifəsində işləmiş, "bolşevik Qulam" ləqəbli Qulam Axundov və qızları - Xalq artisti, bəstəkar Şəfiqə Axundova, bacısı - ilk azərbaycanlı qadın elmlər namizədi, akademik Məmməd Arifin həyat yoldaşı, şair Araz Dadaşzadənin anası Zümrüd Axundova, Xalq artisti, məşhur müğənni Əlövsət Sadıqov, Şəki Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini olmuş Cəmilə Məmmədova, mahir folklor bilicisi, yumor ustası, dəyərli ziyalı kimi tanınan mədəniyyət xadimi Mirzə Abdulcabbar Əliyev (Alaqanski kimi də tanınır. O, vəsiyyət etmişdi ki, vəfat edəndən sonra başdaşına bu sözləri yazdırsınlar: "Məndən narahat olmayın, yerim rahatdır". Məhəllə komitəsinin sədri, dülgər Ələskərin mənə dediyinə görə yerliləri onun bu son arzusunu da yerinə yetiriblər), görkəmli maarif xadimi Ağabala Zeynalov, uzun illər Şəki Şəhər Maliyyə Şöbəsinin müdiri vəzifəsində işləmiş, şəhərin sayılıb-seçilən simalarından olmuş, məşhur "Qızılonluqlar" nəslini təmsil edən Abbas Nəcəfov, onun oğlu, respublikamızın rabitə sistemində özünəməxsus xidmətləri olan, yüksək intellektual səviyyəli ziyalımız Akif Nəcəfov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini olmuş, istedadlı jurnalist Teymur Xəlilov və başqalarının adları fəxrlə çəkilir. Güldəstə piri (Gəncəli məhəlləsinə bəzən Güldəstə də deyilir) camaatın müqəddəs saydığı inanc yerlərindəndir. Görkəmli ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyevin mənə dediyinə görə, bu pir onun ana xəttilə babası, böyük babası, yəni anasının babası Hacı Mirbabanın qəbridir. Hacı Mirbaba çavuş olub, zəvvarları Həcc, Kərbəla və Məşhəd ziyarətinə aparırmış. Deyilənə görə 40 dəfə Kərbəlada, 25 dəfə Məkkədə olub. Bəzi məlumatlara görə 113 yaşında, başqa bir rəvayətə görə isə 117 yaşında axırıncı dəfə ziyarətdən qayıdanda 1918-ci ildə Ağdaşdakı Türyançayda batıb, atla birlikdə onu sel aparıb. Hacı Mirbabanı Güldəstədə basdırıblar, camaat onun qəbrini pirə çevirib. Gəncəli məhəlləsindən danışarkən buranın 103 yaşında bir neçə il bundan əvvəl dünyasını dəyişmiş, Böyük Vətən Müharibəsinin fəal iştirakçısı olmuş adlı-sanlı sakini, dost münasibətində olduğum rəhmətlik Molla oğlu Mənəfi xatırlamasam, ruhu məni bağışlamaz. O, baməzə, hazırcavab, ədəb-ərkanlı, müdrik bir insan idi. Əsasən, alqı-satqı, xırda ticarətlə ailəsini dolandırır, xüsusən hazırladığı südlü dondurmanın şöhrəti dillər əzbəri olardı. Özünün qoşduğu deyimlərlə dondurmanın tərifləməsinə tamaşaya gələn azarkeşləri də öz yerində. Məni harada görsə, "Ay dünya malında gözü olmayan insan", - deyə ucadan səsləyərdi.

Novruz bayramının Güldəstədə necə böyük təntənə ilə qeyd edilməsi isə başqa bir söhbətin mövzusudur. Şəhərin hər yerindən, hətta yaxın kəndlərdən də bu möhtəşəm tamaşaya baxmağa yüzlərlə insan axışıb gəlirdi. Bu yerdə guya Sovet dönəmində Novruz bayramının keçirilməsinə qoruq-qadağa qoyulmasına dair söz-söhbətlər təəccüb və təəssüf doğurur. Atalar yaxşı deyib ki, yıxılan ağaca balta çalan çox olar.

Məşədi Muxtarla bağlı söhbətə qayıdıram. Qəssab Muxtar Məşhəd ziyarətindən sonra Məşədi Muxtar oldu. O dövrdə Həcc, Kərbəla və Məşhəd ziyarətlərinə gedənləri barmaqla saymaq olardı. Elə Məşədi Muxtarı yerlilərin gözündə yüksəldən həm də onun Məşhədi ziyarət etməsi idi. Ətrafında yalnız bazarda yox, bazara gedib-gəldiyi yolboyu da, necə deyərlər, "azarkeşləri" olardı. Xətrini çox istədiklərindən bəziləri sataşar, cırnatmaya, atmacalara əl atar, bəziləri əti bazara çatdırmaqda kömək etmək istərdi, ayaq saxlayıb onu rəğbətlə müşahidə edənlər də olurdu. Şəhərin prokuroru, milis şöbəsinin rəisi, hərbi komissar və başqa rəhbər vəzifəlilərin də onunla səmimi, dost münasibətləri vardı. Xülasə, onun şəxsiyyətinə laqeyd qalan tapılmazdı. Satışa çıxardığı ətin tərifini yalnız öz üslubuna uyğun ifadələrlə göylərə qaldırırdı, qeyri-standart davranışı, yerişi-duruşu ilə bir əsərə mövzu ola bilərdi. Hətta bazarlığa, ət almağa yox, yalnız Məşədi Muxtarı görmək üçün onun başına yığılanlar da olurdu. Üç qızını və bir oğlunu tanıyırdım. Kiçik qızı Həqiqət fəhlə-gənclər axşam məktəbində mənim sinif yoldaşım idi. Sonralar Şəki dükanlarının birində satıcı işləyirdi. Oğlu Nəriman ucaboy, pəhlivan qamətli, heybətli sifəti olan (lakin qəlbən təmiz, həlim və yumşaq təbiətli) bir gənc idi. Güləşdə ona qalib gələn tapılmazdı. İdmanın bu növü üzrə respublika yarışlarında mukafat alardı. Xalq arasında "Qoçu Nəriman" ləqəbi ilə tanınırdı. Nə yazıq ki, o ilahidən verilən bu vergidən məqsədli, yerində istifadə edə bilmədi, həyatda layiq olduğu zirvəyə çatmadı...

Sahəsi 8000 kv.m., 243 otaqlı, XVIII-XIX əsrin möhtəşəm tarixi-memarlıq abidəsi, vaxtilə Nuxada tikilmiş 5 karvansaradan biri olan Aşağı Karvansarada fəaliyyət göstərən bazarda Məşədi Muxtarın da qəssab dükanı vardı. Karvansaranın bir hissəsində müharibədən sonra repressiyadan canını qurtararaq Şimali Azərbaycana mühacirət etmiş Azərbaycan Milli Hökumətinin (1945 -1946) sədri Seyid Cəfər Pişəvərinin tərəfdarları yerləşdirilmişdi. Bu möhtəşəm bazar şəhərdə yeganə idi və rayonun bütün kəndlərindən buraya cürbəcür matahlar, ad-san çıxarmış məşhur Zəyzid, Qoxmuq, Göynük və Baltalı düyüsü, süd və süd məmulatları, meyvələr, toyuq - cücə, taxıl və taxıl məhsulları, bəhməz, bal, ağacdan hazırlanmış nehrə, beşik, nərdivan, təhnə, tabaq, xüsusi quyularda ağacları yandırmaqla alınan kömür, və sair gətirir, qayıdanda da özlərinə lazım olan şeyləri alıb aparırdılar. Şəhər sənətkarları öz işlərini, qadınlar isə gözəl ornamentli, poetik ad qoyduqları və öz əlləri ilə toxuduqları çeşniləri, corab və əlcəkləri satışa çıxarırdılar. Burada hər şey - "quş iliyi, can dərmanı" tapmaq olardı. Nuxa bazarı hələ XIX əsrin 50-ci illərinin sonunda məşhur ipək yolu marşrutu ilə buraya səfər etmiş fransız yazıçısı Aleksandr Dümanın (ata) da diqqətini cəlb etmişdi: "Mənim gördüyüm bazarlar içərisində ən yaxşısı, ən zəngini, üçü - Dərbənd, Bakı və Nuxa bazarlarıdı; hətta Tiflis bazarı da bunlardan geri qalır". Şəki bazarı həm də şifahi xalq ədəbiyyatının - folklorun zəngin mənbəyi sayıla bilərdi. Yerli şirin dialektdə dilə gətirilən bazar tərifləməri, atmacalar, lətifələr, deyimlər, cırnatmalar, atalar sözləri və məsəllər və başqa folklor nümunələrini toplamaq üçün bura münasib məkan idi. Bir neçə nümunə ilə fikrimi tamamlayıram: - Gəl, ay müştəri, qızıldandı dişdəri. Əliyar lovyəsi, yaylaq suyu, quzu əti. Sarı inəyin südü, qaragöz camışın qaymağı. Ə, ədə, gədə, həmşəri, getmə ora, gəl bəri. Ət suyu yi, kiftə yi, pulun yoxdu, müftə yi. Pulu ver mala, qızı ver keçala. Mən dimirəm mənnən alın, mən diyirəm maldan alın. Darçın -zəncəfil çayı, Qəndabınan Söhrabdı. Gəl, badı-budu qurtardı, alça çiçəyin tez açan, qızların saçın uzadan, uşaqları aldadan, qızların baxtın açan badı-budu...

Rəhmətlik Məşədi Muxtarı yadıma salan və onun obrazını qələmə almağa vadar edən bir əhvalat oldu. "Bir cüt papuş" adlı gerçək əhvalat üçün material toplayarkən vaxtilə Şəki milisinin rəisi, sonralar Respublika Daxili İşlər Nazirliyinin Ağır Cinayətlər üzrə Baş İdarəsinin rəisi və ədliyyə nazirinin birinci müavini vəzifələrində işləmiş Ərzuman Zülfüqarovun Daxili İşlər Nazirliyinin A. Heydərov adına hospitalında həkim işləyən qızının mənə verdiyi, atasının müəllifi olduğu "Ömrümün 80 illik anları" kitabında Məşədi Muxtarla bağlı bir maraqlı epizoda rast gəldim və bu, yuxarıda qeyd etdiyim, onun şəxsiyyətinə xas təkrarolunmaz qəribəliklərə əlavə də ola bilər. Həmin kitabdan sitat: "Baladadaş Əliməmmədov İkinci Dünya müharibəsindən sonra Nuxa şəhər milis idarəsinin rəisi olmuşdu. Az müddətdə böyük hörmət qazanmış, cinayətkarlıqla mübarizədə müəyyən nailiyyətlər əldə etmişdi. Onun haqqında Şəkidə əfsanə və nağıllar danışılırdı. Bir gün Baladadaş Əliməmmədovun qonağı olur. Xörək bişirmək üçün əti həmişə şəhər ağsaqqalı Muxtar kişidən alarmış. Qonaq gələndə milis (polis) nəfərini göndərib Muxtardan təzə ət gətirdir. Ətin az olduğunu görən rəis, milis nəfərini bir də ət satan Muxtarın yanına göndərir. Axşamdan xeyli keçdiyindən Muxtar kişidə ət olmur. Milis nəfəri boş qayıdıb rəisə məruzə edir ki, ət yoxdur. Əliməmmədov milis nəfərini bir də Muxtarın hüzuruna göndərir ki, bəs get denən ki, rəis əmr edir. Muxtar kişi Baladadaşın xətrini o qədər çox istəyirmiş ki, milis nəfərinin gözü qarşısında ət doğrayan baltanı götürüb əlini kötüyün üstünə qoyaraq baş barmağını balta ilə çapıb milis nəfərinə verir ki, apar ver rəisə və denən ki, Muxtar kişidə ət yoxdur. (Bu əhvalatı rəhmətlik kişi özü mənə danışmışdır. Həqiqətən də, onun baş barmağı yox idi". (bax: Ərzuman Zülfüqarov. Ömrümün 80 illik anları. Xatirələr. Bakı, 2004, səh.77).

Qətiyyən şübhə etmirəm ki, Məşədi Muxtarın bu hərəkətini çılğın və emosional təbiətindən daha çox, adı gələndə hamını titrədən milis rəisi Baladadaş Əliməmmədovdan qorxduğuna görə də deyil, ona olan sədaqətinin, sevgisinin, qəlbən bağlılığının canlı ifadəsi, həm də illərin sınağından çıxmış etibarının itirilməsindən ehtiyatlanması kimi yozmaq olar.

Güman edirəm ki, yuxarıda qəssablarla bağlı Akif Nəcəfovdan gətirdiyim sitatın Məşədi Muxtara aid olan hissəsi onun sözlə portretinin tamamlanmasına kömək edərdi: "Məşədi bir gün Səkinin "Voyenkomunu" evinə qonaq çağırır. O da bir neçə dostu və oğlu ilə Məşədinin evinə təşrif gətirir. Qonaqlar getdikdən sonra Məşədinin əsəbiliyini hiss edən arvadı: "Bəlkə xörəklər qonaqların xoşuna gəlməyib", - deyə narahatlığını bildirdikdə Məşədi: - Arvad, xörəklərin əla idi, amma oğlumuz Pota (oğlu Nərimanı nəzərdə tuturmuş. H.Ə.) ... -batırdı.Voyenkom oğlu ilə Potanı güləşdirdi, oğlumuz qonağı yerə çırpdı və kişi pərt oldu".

Biz, məhəllə uşaqları çox vaxt bazarla əlaqəli bir işimiz olmasa da sözləşərək Məşədi Muxtarı "görməyə" gedərdik; onun yanında 2 -3 nəfər ət alan vardısa da, onlarla məzəli danışığına, matahını tərifləməsinə, sataşanlara cavab verməsinə tamaşa edənlər olardı. Və bu səhnə hər gün təkrarlanırdı. Biz bir gün yenə ona "baş çəkməyə" gedəndə iş başında görmədik. Dükanının həndəvərində də qeyri-adi sükut hökm sürür, adət etdiyimiz qələbəliyi görmədik. Bazardakı dükanların da, demək olar, hamısı bağlı idi. Ürəyə damma, intuitiv hisslər nə isə mühüm bir hadisənin baş verdiyini bildirirdi. Ehtiyatla bazar əhlindən nə baş verdiyini soruşduqda onlar bu axşam Məşədi Muxtarın haqq dünyasına qovuşduğunu, bazar əhlinin də onu son mənzilinə yola salmağa getdiyini bildirdilər. Onu Gəncəli məhəlləsinin yuxarı hissəsində, dağın yamacındakı böyük Sona qəbiristanlığında dəfn etdilər...

Artıq ciddi lüzum olmayanda bazara getmir, gedəndə də qeyri-ixtiyari nəzərlərlə onu axtarırdıq...Elə bil onsuz bazarın dadı-duzu getmişdi, yeri boş idi. Səsi qulağımızda, siması gözümüzün önündə idi. Qeyri-adi varlığı yoxluğunda görünürdü.

Yaddaşıma həkk olunmuş rəhmətlik Məşədi Muxtar haqqında bu xatirəmi qələmə alarkən doğrudan da hər bir insanın bir dünya olduğunu, bu dünyanın onunla doğulduğunu və onunla öldüyünü söyləynin nə qədər haqlı olduğunu bir daha gördüm. Və həyata bu rakursdan baxanda "əvəzedilməz insan yoxdur" iddiasında olanların nə qədər məntiqsiz və əsassız fikirlərlə yaşadıqlarına təəssüf edirsən...

Məşədi Muxtar cismən torpağa qarışsa da, mənən xatirələrdə yaşayır. İndi də onu xatırlayanda üzlərdə təbəssüm görürük. Və vaxtilə həddi-buluq yaşına çatmamış bir uşaq onun varlığını müşahidə edərək 70 il yaddaşında hifz edib bu gün haqqında xatirə-hekayə yazırsa, deməli o mənən ölməyib, yaddaşlarda yaşayır.

Dekabr, 2020.

 

 





02.11.2022    çap et  çap et