Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Adil Əsədlinin fərdi yaradıcılıq sərgisi açılıb.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə açılan sərgi rəssamın 60 illik yubileyinə həsr edilib. Sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 70-dən çox rəngkarlıq və qrafika əsəri nümayiş olunub. Sərginin açılış mərasimində Adil Əsədlinin həyat və yaradıcılığından söhbət açılıb: "Adil Əsədli 1954-cü il iyulun 21-də Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirib.1986-cı ildən Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışır".
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyev bildirib ki, Adil Əsədli Lənkəranda yaşayıb-yaratsa da onun uğurları çoxdan respublikamızın sərhədlərini aşıb: "Onun indiyədək üç fərdi sərgisi təşkil olunub, müxtəlif beynəlxalq və respublika miqyaslı sərgilərdə iştirak edib, dəfələrlə mükafatlara layiq görülüb. Rəssamın bir çox əsərləri Türkiyə, İran, Rusiya, ABŞ, İngiltərə, Fransa, Polşa, Gürcüstan və sair ölkələrin vətəndaşlarına məxsus nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır. Adil Əsədli, həmçinin bir rəssam-pedaqoq kimi də böyük uğurlar qazanıb. 1986-cı ildən bu günədək Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinə başçılıq edən rəssamın yetirmələri Misir, Çexiya, Yaponiya, Polşa, Özbəkistan, Türkiyədə və başqa ölkələrdə keçirilən sərgi və müsabiqələrdə uğurla iştirak edib, medal, diplom, fəxri fərmanlar qazanıb. Bu gün Adil Əsədlinin rəhbərlik etdiyi məktəbin yüzə yaxın məzunu Azərbaycanın və xarici ölkələrin rəssamlıq akademiyalarında, məktəblərində təhsilini davam etdirir".
Sonda Adil Əsədli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Sərgi iyunun 22-dək davam edəcək.
S.ABDULLAYEVA
çap et