525.Az

Qazaxıstan Rusiyadan imtina edir


 

Qazaxıstan Rusiyadan imtina edir<b style="color:red"></b>

Qazaxıstan Rusiya ilə birgə həyata keçirdiyi kibertəhlükəsizliyin təmin edilməsi layihəsini dondurub. Qazaxıstanın ən böyük telekommunikasiya operatorlarından biri "Transtelecom" Səhmdar Cəmiyyəti ilə bu ilin iyun ayına kimi "Sber"in strukturunun bir hissəsi olan "Təhlükəsiz İnformasiya Zonası" (Bizon) şirkəti arasında kibertəhlükəsizlik xidmətlərinin göstərilməsi üçün platforma yaradılmasına 2019-cu ilin iyun ayında başlanılmışdı. Məqsəd insidentlərin monitorinqi və operativ reaksiyası üçün təcrübələrin birləşdirməsi, habelə Qazaxıstanda kibertəhlükələrdən qorunmanın təmin edilməsini mümkün edən platformanın yaradılması idi.

Altı illik müddət üçün bağlanmış müqavilənin dəyəri 2,4 milyard rubl idi. İndi Qazaxıstan tərəfi layihədən imtina etmək qərarına gəlib. "Bizon" Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilin iyul ayına qədər "Sber"in tərkibinə daxil idi. "Sber" şirkəti isə keçmiş "Sberbank"ın əsasında yarılıb. İnformasiya Texnologiyaları sahəsində böyük layihələr həyata keçirən "Sberbank" rəhbərliyi qurumu bankdan şirkətə çevirmişdi. Buna görə "Sber"i Rusiyanın "Silikon vadisi" adlandıranlar da vardı. Hər il bank işçilərini sürətlə ixtisar edən "Sber" rəhbərliyi daha sürətlə İT mühəndislərini və proqramçılarını işə cəlb edirdi. "Sber"in İT sektorunda minlərlə mühəndis və proqramçı çalışırdı. "Bizon" MMC isə 2016-cı ildə "Sberbank" tərəfindən qeydiyyatdan keçirilmişdi. "Bizon" Rusiyada "Rəqəmsal İqtisadiyyat" milli layihəsinin və "İnformasiya Təhlükəsizliyi" federal layihəsinin yol xəritəsinin həyata keçirilməsinə cavabdeh təşkilatlar siyahısına daxildir. 

"Bizon"la işbirliyi quran Transtelecom Səhmdar Cəmiyyəti 1998-ci ildə yaradılıb və Qazaxıstanın ən böyük telekommunikasiya operatorlarından biridir. Şirkətin səhmlərinin 25 faizi Qazaxıstanın magistral dəmir yolu şəbəkəsinin ən böyük operatoru olan Qazaxıstan Temir Yoluna, 75 faizi isə keçmiş prezident Nursultan Nazarbayevin nəvəsi Nurəli Əliyevin "Unit Telecom" şirkətinə məxsusdur.

Rusiyanın Ukraynada hərbi əməliyyatları başlayandan Qazaxıstan "Sberbank" və onun strukturları ilə əməkdaşlığı məhdudlaşdırıb. Çünki Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra bir çox şirkət və banklar kimi “Sber"ə də sanksiyalar tətbiq edilib. Qazaxıstan sanksiyaların tətbiq olunduğu Rusiya şirkətləri ilə iş birliyinin təhlükəli olduğunu anlayır. Buna görə prezidentlər Vladimir Putin və Kasım-Jomart Tokayevin iştirakı ilə WEF-2021-də dövlət sektorunun rəqəmsallaşdırılması sahəsində tərəfdaşlığı nəzərdə tutan imzalanmış müqavilədən imtina edilib.

Qazaxıstanlı ekspertlər  bildirirlər ki, Qazaxıstan Rusiya ilə dost ölkə olsa da, özünü qorumaq məcburiyyətindədir. "Bizon"la əməkdaşlıqdan imtina edilməsi də bu məcburiyyətdən yaranıb. Çünki Qərb sanksiya tətbiq etdiyi Rusiya şirkətləri ilə əməkdaşlıq edən biznes strukturlara qarşı da məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Siyasi təhlilçilər baş verənləri Qazaxıstanın siyasi seçiminin dəyişməsi ilə izah edirlər.

 





03.11.2022    çap et  çap et