525.Az

"Allahlar üçün təam"


 

LATINCA ADI "ALLAHLAR ÜÇÜN TƏAM" MƏNASI DAŞIYAN ZƏNGİN TƏRKİBLİ MEYVƏ - "XURMA" DEDİYİMİZ XİRNİK  YÜKSƏK SƏNAYE PERSPEKTİVLƏRİNƏ MALİKDİR 

"Allahlar üçün təam"<b style="color:red"></b>

Təbii, hər hansı meyvə haqda onun yetişdiyi dövrdə daha çox söhbət gedər. Bu baxımdan, biz də Azərbaycanın bir sıra bölgələrində geniş yayılan, Sovet dövründə maşın-maşın "Ruset"ə göndərilərək neçə-neçə ailənin yüksək qazancını təmin edən, son onilliklərdə qədri o qədər də bilinməyən, amma şükür, deyəsən, axırıncı bir neçə ildə əvvəlki nüfuzunu qaytarmaq fikrində olan, indi çox vaxt "xurma" adlandırılan, əsl adı isə, Azərbaycan elmi ədəbiyyatında da  "xirnik" olan meyvə haqda söhbət açmaq istərdik.

Gəncədə yəqin indi artıq hamısı rəhmətə getmiş qocaların dilindən gördükləri çətin dövrləri xarakterizə edə bilən bir ifadə eşitmək olardı: "A bala, xirnik dəydisə, artıq aclıq qorxusu yoxdur".

Nənəm də bu kəlmələri payızda tez-tez xatırlamağı sevərdi. O, həmçinin, yəqin uşaqlığından vərdiş etdiyi, dəymiş xirniyi çörəklə yemək adətini saxlamış və bunu bizə də aşılamışdı. Xüsusən bu şipşirin "yumru marmelad"ı çay qaşığı ilə qaşıqlayıb çörəklə yeməyin ləzzəti başqadır. 

Azərbaycanda xirniyin həm "əcdadı", yəni yabanı (girdə meyvəli) həm də mədəni növləri bitir. Haqqında söhbət gedən, qədimdən geniş yayılan Şərq xirniyi (ona yapon xurması da deyilir, görünür, "xurma" kimi tanınma da bu amilə söykənir) çox zəngin tərkibə, yüksək qidalılıq xüsusiyyətlərinə görə mədəni meyvələr içərisində ən aparıcı mövqedə qərar tutub. Xirniyin uzun müddət ərzində xarab olmadan qalması və bununla da payızdan ta yaza kimi süfrələrin bəzəyi olması da onun yüksək keyfiyyətindən xəbər verir.

"Bu meyvənin elmi adına fikir verin -"Diospyros kaki" latınca "allahlar üçün seçilmiş təam" mənasını verir. Həqiqətən də olduqca zəngin tərkiblidir, tanin, antioksidantlar, vitaminlər, xüsusən də yod elementinin miqdarının yüksək olması orqanizmdən sərbəst raikalların çıxarılmasında böyük rol oynayır, radioaktiv şüalanmanın təsirini aradan qaldırır. Maraqlıdır ki, xirnik meyvəsi başqa meyvələrdən fərqli olaraq, mikrobioloji xəstəliklərə tutulmur. Azərbaycanda bol ehtiyatı olan, qiymətli və faydalı tərkib xüsusiyyətlərinə malik xirnikdən sənaye üsulu ilə geniş çeşiddə və iri miqyasda qida məhsulları istehsal olunmaması təəssüf doğurur. Halbuki "Allahın seçdiyi" bu meyvə daha həssas münasibətə layiqdir", - deyə meyvəçi-professor Zaur Həsənov bildirir.

Həmsöhbətimiz Azərbaycanın bir çox yerlərində olduğu kimi, Gəncədə də xirniyin ənənəvi olaraq, geniş yayıldığını vurğulayaraq, maraqlı bir fakta da diqqət çəkir. Onun sözlərinə görə, ötən əsrin 60-cı illərində Gəncədə işə salınan və o vaxt şəhərin ekoloji bəlasına çevrilən Alüminium zavodunun havaya buraxdığı zərərli maddələrin əhalinin orqanizminə təsirlərinin neytrallaşdırılmasında məhz xirniyin böyük rolu olub.

Doğrudan da, yəqin Allahın işidir ki, məhz 60-cı illərdə Gəncədə xirniyin əksər həyətlərdə geniş miqyasda becərilməsinin yeni dalğası vüsət alıb. Bu dalğa əsasən, maddi gəlir əldə etmək məqsədi daşısa da, dolayısı ilə əhalinin sağlamlığının bərpasına da xidmət etmiş olub.

"Vaxtilə Alüminium zavodun istehsal tullantısı olan, təmizləyici filtrlərdən keçirilməyərək birbaşa havaya püskürdülən zəhərli tüstüsü Gəncə əhalisinin sağlamlığına kəskin təsir edirdi. Xirnik meyvəsini istər-istəməz, əhali hər il yeyir. Məhz onun hesabına gəncəlilər həmin ziyanlı, kanserogen maddələrin orqanizmə ölümcül təsirindən hifz olunub", - deyə Zaur Həsənov fikrini bildirir.

Alim-mütəxəssis qeyd edir ki, istər zəngin qidalılıq xüsusiyyətləri, istər də daşınması və emalının asan olması xirniyin sənayedə istifadəsinə geniş imkanlar aça bilər.

"Bu yüksək göstəricilərə malik bitki emal sənayesində geniş istifadə oluna bilər. Məsələn, onun qənnadı məmulatları, şərab və digər içkilər, eləcə də spirt istehsalı sahələrində tətbiqi barədə düşünmək olar. Həmçinin, vaxtilə Azərbaycan əczaçıları bu  Şərq Xirniyinin şirəsini hazırlayırdılar. Ondan "zob xəstəliyi"nin orta və ağır formalarının müalicəsində istifadə edirdilər", - deyə Z.Həsənov qeyd edir.

AMEA Gəncə Bölməsinin Bioresurslar İnstitutunun laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov da xirniyin insan orqanizminə fizioloji faydaları ilə bağlı bu elm ocağında, həmçinin, şəhərdəki ali təhsil müəssisələrində tədqiqatlar aparıldığını qeyd edir.

"Tədqiqatlar bu meyvənin tərkibindəki fizioloji aktiv maddələrin ayrılması və onların terapevtik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində gedib. Həmçinin, ondan alınan bəhməzin qida sənayesində şəkər əvəzedicisi kimi istifadə edilməsinin iqtisadi, eləcə də insan orqanizminə faydası baxımından üstünlükləri tədqiq edilib", - deyə İ.Qasımov bildirir.

Son dövrlərdə ölkəmizdə xirnik istehsalının artması və onun ixracının həcminin ildən-ilə genişləndirilməsi sevindirici haldır. Ölkədə hətta 2017-ci ildən Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası (AXİİA) da fəaliyyət göstərir. Həmçinin, yaxın gələcəkdə xirniyin sənaye emalı məsələlərinin də həlli üzrə işlər aparılacağı gözlənilir.

İstehsal həcminin perspektivləri barədə mənzərəni aydınlaşdırmaq üçün yazımızda Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun bu günlərdə Gəncənin "Kəpəz" telekanalına verdiyi müsahibədən sitat gətirməyi faydalı saydıq.

"Respublikamızda hazırda 13 min hektardan çox sahədə xurma bağları salınıb. Bunların da böyük bir qismi intensiv bağlardır. Fermerlərə hər hektara görə, adi bağlar üçün  250 manat, intensiv bağlar üçünsə ilk 4 il ərzində 730 manat subsidiya verilir. Hazırda ölkədə olan xurma bağlarının 11700 hektarı bar verən yaşdadır. 2021-ci ildə Azərbaycandan xaricə 125 milyon dollar dəyərində xurma meyvəsi məhsulu ixrac edilib. Bununla da Azərbaycan xurma ixracatına görə Çini ötərək, İspaniyadan sonra dünyada ikinci yerdə olub. Təkcə Rusiyaya ötən il 117 milyon dollarlıq məhsul göndərilib", - deyə V.Hüseynov bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə isə xirnik (xurma) ixracatının bu günü və gələcəyi üçün perspektivlərə toxunub.

"Hazırda xurmanın bazara çıxarılması faraş formada, yəni emala məruz qalmadan həyata keçirilir. Gələcək illərdə xurmanın aqrar sənaye məhsullarının tərkib hissəsi kimi ixracı əsas hədəflərdən biridir. Bu da özünü Azərbaycanın qeyri-neft sektorunda valyuta mənbələrindən biri kimi göstərilə bilər", - deyə o vurğulayıb.

Amma Azərbaycan xirniyini iki əsas tələbatçısı olan Rusiya və Ukraynada hazırda bəlli müharibə səbəbindən bazarın perspektivi qeyri-müəyyən hala düşüb. AXİİA-nın rəhbəri Qadir Yusifovun məsələ ilə bağlı iqtisadi yönümlü fed.az saytına bu günlərdə verdiyi müsahibədəki məlumatları da burada xatırlatmaq yerinə düşər.

"Hər il Ukraynaya birbaşa yolla 25-30 min ton xurma ixrac edirdi. Digər tərəfdən, məhsul Rusiyanın Rostov şəhərinə tədarük edidikdən sonra, ixracatçılar Rostovdan da məhsulu rahatlıqla Ukrayna bazarına göndərirdilər. Ukraynaya həm Rusiya ərazisindən keçən, həm birbaşa ixrac edilən məhsulun həcmi ildə 40-50 min ton təşkil edirdi. Lakin Rusiya-Ukrayna münaqişəsinə görə Ukrayna bazarını demək olar ki, itirmişik. Həmçinin, Rusiyada da insanların maddi vəziyyəti ağırlaşıb. Odur ki, Rusiya bazarı üçün də ixracla bağlı dəqiq proqnoz vermək çətindir. Hələlik Rusiyaya gündəlik 400-500 ton xurma ixrac edirik. Lakin bu, heç də böyük rəqəm deyil", - deyə Q.Yusifov vəziyyəti aydınlaşdırıb.

Amma dünyamızın yönü sülh olacağı təqdirdə, başqa sahələrdəki gərginliklər kimi ölkələrarası aqrar münasibətlər də nizama düşdükcə, güman etmək olar ki, xirnik və ya xurmanın yuxarıda toxunduğumuz qiymətli statusu, faraş meyvənin, eləcə də onun müxtəlif emal məhsullarının ixracının artımının mümkünlüyü bu bitkinin becərilməsini kənd təsərrüfatı istehsalı və sənayesinin perspektivli sahəsinə çevrilməsinə imkan verəcək.

 

 

 





03.11.2022    çap et  çap et