525.Az

Lənkəranda əks olunan Mirzə Cəlil işığı


 

Lənkəranda əks olunan Mirzə Cəlil işığı<b style="color:red"></b>

Müxtəlif fasilələrlə 25 ilə yaxın nəşr olunan "Molla Nəsrəddin" jurnalı fəaliyyətə başladığı gündən yüzlərlə fəhlə-kəndli müxbiri ətrafına toplamışdı. Jurnal lənkəranlı müxbirlərin yazılarına da xüsusi əhəmiyyət verirdi. Lənkəran qəzasından göndərilən məktublar, felyetonlar, satirik şeir parçaları "Uzaq görən", "Şeytan", "Millət", "Qara gülsüm", "Quyruğu belində", "Bacı oğlu", "Lənkəran fırıldaqçısı", "Qardaşoğlu", "Sarsaqqulu", "Sancaq", "Yoldan keçən", "Mücərrəd", "Söz yığan" və sair imzalarla dərc olunurdu. Jurnalda "Bacı oğlu", "Qara gülsüm", "Quyruğu belində", "Lənkəran fırıldaqçısı" imzaları Mirzə İshaq Mövsümzadəyə, "Şeytan", "İfrit", "Millət" imzaları İbrahimxəlil İsazadəyə, "Qardaşoğlu", "Sarsaqqulu" imzaları Mirzə Ağəli Əziz oğluna mənsub idi (Respublika Əlyazmaları Fondunun Əsərləri, II cild, B., 1963, səh.129).

"Molla Nəsrəddin"in Lənkəran müxbirlərini iki qismə ayırırlar. Eyni amalın yolçusu olan bu adamların bir qismi inqilabdan əvvəl, digər qismi isə Sovet hakimiyyəti illərində fəaliyyət göstərmişdi. Mirzə Ağəli Əliyev, İbrahimxəlil İsazadə, Abbas Axundov, Musa Nurullayev, İsmayıl Qənbərov, Hüseyn Atakişiyev, Mirzə İshaq Mövsümzadə və Mirzağa Əhmədbəyli ilk molla-nəsrəddinçilər sırasında olmuşlar. Fərəculla Daşdəmirov, Mütəllim Məmmədov, İsgəndər Səmədzadə, Əliağa Qənbərov, Nəsrulla Qənbərov, Məmi Kazımov, Qəzənfər Nəsirli və İman Əliyev müxbirlik fəaliyyətlərinə Sovet hakimiyyəti illərində başlamışlar.

Jurnalın redaktoru Cəlil Məmmədquluzadə Lənkərana hər gəlişində müxbirləri ilə görüşərək, məsləhət və tövsiyələrini verərdi.

Cəlil Məmmədquluzadə 1926, 1927 və 1929-cu illərdə Lənkəranda olmuş, ictimaiyyətin nümayəndələri, o cümlədən, lənkəranlı mollanəsrəddinçilərlə görüşmüşdü. 1927-ci il sentyabrın 24-də Lənkəranda keçirilən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ikinci sessiyasında (beşinci çağırış) çıxış edərək xalq maarifi, fanatizmlə mübarizə yolları, torpağın zəhmətkeşlərə məxsus olması və sair haqqında qəza icraiyyə komitəsinin etdiyi məruzəyə dair münasibətini bildirmişdi (Q.Məmmədli. C.Məmmədquluzadə - deputat, "Ədəbiyyat və incəsənət" qəzeti, 31 mart 1965).

 

CƏLİL MƏMMƏDQULUZADƏDƏN MƏKTUBLAR

 

Nəsrulla Qənbərov "Molla Nəsrəddin" jurnalının fəal müxbirlərindən idi. Jurnalda onun yazıları "Uzaqgörən", "Qarnıcırıq", "Sancaq", "Yoldan keçən", "Qənbərli" imzaları altında verilib. "Hoqqabazlar", "İdarəyə məktub", "Üləmalar məclisi", "Rehlət", "Ara həkimin fırıldağı", "Qolçomaq keşiş" və sair məqalələrdə Nəsrulla Qənbərov gördüyü, şahidi olduğu hadisələri qələmə almış, fırıldaqçı mollaları, cəhaləti tənqid etmişdi.

Nəsrulla müəllimi yaxşı tanıyırdım. Tez-tez görüşərdik. Bir dəfə evlərində olarkən Cəlil Məmmədquluzadə ilə dostluğundan danışdı və çoxdan saralmış bir neçə məktubu mənə uzatdı.

- Mirzə Cəlildən xatirədir, - dedi. - Vaxtaşırı məktublaşardıq.

Xoş bir təsadüf üzündən onların fotosurətini çıxartdıra bilmişdim.

Bu günlərdə şəxsi arxivimi araşdırarkən Cəlil Məmmədquluzadənin həmin məktublarına rast gəldim.

Mollanəsrəddinçi-müəllim Nəsrulla Qənbərov Mirzə Cəlildən üç məktub alıb. Birinci məktub Mirzə Cəlilin Lənkərana səfərinə bir-iki həftə əvvəl yazılıb:

"Lənkəranda Nəsrulla Qənbərli yoldaşa!

Məlumunuz olsun ki, bu günlərdə Mərkəzi İcraiyyə Komitəsi üzvləri ilə bahəm Lənkəran şəhərinə gələsiyəm. Sizdən xahiş edirəm: əvvəlan biz oraya gələn vaxt sizə mümkün olsun ki, bəndəni tapasınız ki, görüşək. Və saniyən mən oraya gələn vaxtdan həmin məlumatı toplayasınız ki, görüşdüyümüz zaman mənə verə biləsiniz.

1. Lənkəranda bu saat neçə məscid var?

2. Orada neçə molla var? Bunların vaizi neçədir, mərsiyəxanı neçədir?

3. Həmçinin, qəzada, hansı qəsəbədə və hansı kənddə məscid var və nə qədər molla var?

4. Cəmi mollaların adları.

5. Harada təhsil tapıblar?

6. Bu qədər mollaların nə qədər iranlı və nə qədəri azərbaycanlıdır?

7. Bunların hansı bu saat ev məktəbi saxlayır?

8. Mümkünsə, onların məktəblərindən və dərslərindən bir qədər məlumat toplayasınız, cəmaətimizin maarifinə xidmət naminə bu məlumatı toplayasınız ki, Lənkəranda mana verə biləsiniz.

Sizin dostunuz Cəlil Məmmədquluzadə, Bakı, 18 sentyabr, 1928"

Cəlil Məmmədquluzadə Nəsrulla Qənbərova növbəti məktubda yazırdı:

"Ən istəkli cavan yoldaşlarımdan hesab etdiyim Nəsrulla Qənbərli yoldaş!

Bu ayın 12-də yazdığın məktubu oxuyanda doğrusu, bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan, əmma mən sana yazmıram. Əlbəttə - adət beylədür ki, mən gərək deyəm "vaxtım yoxdur". Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdur, indi bəs niyə kağız yazmağa vaxt tapdın və sair. Bununla bərabər sən həmişə yadımdasan və səni və İsmail (N.Qənbərlinin böyük qardaşı - E.Ə.) qardaşıvı həmişə könlüm istər və arzuluram. Məndən İsmailə dua yetir. Məktublarıvı bu saat Əli Nəzyə göstərirəm ki, bə qədr imkan istifadə etsin.

Və bundan sonra da məni gah-gah yad etməgivə də ümidvaram.

Sağ ol, əzizim, çox yaşa!

Cəlil, Bakı, 20 oktyabr, 1930"

 

Cəlil Məmmədquluzadə Nəsrulla Qənbərliyə üçüncü məktubda yazırdı:

"Nəsrulla Qənbərli yoldaşa! Lənkəranda bu övqat idarəmizə məktub və məqalə göndərən çoxdur. Ancaq mən onların bəzilərinə inanmıram. Onunçün da səndən məqalə gözləyirəm, bu şərtlə ki, müxtəsər olsun.

İsmailə dua göndərirəm.

Cəlil, Bakı, 13 iyul, 31"

 

Nəsrulla Qənbərov 1925-1930-cu illər arasında "Molla Nəsrəddin" jurnalı redaksiyasında olmuş, burada Mirzə Cəlil və Əli Nəzmi ilə görüşüb söhbət etmişdi.

Nəsrulla Qənbərov 1925-ci ildə Azərbaycan müəllimlərinin birinci qurultayında Cəlil Məmmədquluzadə ilə yanaşı oturmuş, bir yerdə çəkilmiş şəkil qurultayın davam etdiyi günlərdə "Kommunist" qəzetində verilmişdi.

 

İKİLİKDƏ SÖHBƏT

 

1976-cı ilin yazı təzə gəlmişdi. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin son kursunda oxuyurdum. "Molla Nəsrəddin jurnalının Lənkəran müxbirləri" mövzusunda diplom işi üzərində işləyirdim. Elmi rəhbərim, Azərbaycan mətbuatının görkəmli tədqiqatçılarından biri, professor Nəriman Zeynalovun məsləhətilə mollanəsrəddinçi Nəsrulla Qənbərovla yenidən görüşdüm və bir neçə sualla müraciət etdim.

- Mirzə Cəlillə ilk görüşünüz yadınızdadırmı?

- Onda 23 yaşında idim, - Nəsrulla müəllim bildirdi. - Astraxanbazar (indiki Cəlilabad) rayonunun Privolnı kəndində müəllim işləyirdim. 1924-cü il idi. Günortaya az qalmış məktəbimizə rayon dairə icraiyyə komitəsinin sədri Fərzi Babayevlə hündürboy, enlikürək, xoş simalı bir nəfər də gəldi. O, məktəbin vəziyyəti, uşaqların təhsili ilə maraqlandı. Sonra qonağın xahişi ilə valideynləri iclasa dəvət etdik. O, çox təmkinlə danışırdı. Deyirdi ki, məktəbdən bir nəfər də kənarda qalmamalıdır. Gələcək uşaqlarındır, qızları da məktəbə cəlb etmək lazımdır.

Qonaq özünü tanış verməmişdi. Odur ki, mən də adını soruşmağa cəsarət etmirdim. İclasdan sonra o, mənə bir neçə zərf uzatdı və tapşırdı ki, mədəni-maarifin inkişafına mane olanlar haqqında yazıb bu zərfə qoyum və Bakıya göndərim. Zərfin üstündə "Molla Nəsrəddin" adını görəndə qonağın Mirzə Cəlil olduğunu başa düşdüm. Onunla ilk tanışlığım belə başlandı.

- Yəqin ki, "Molla Nəsrəddin" jurnalı redaksiyasında da olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

- Redaksiya onda Starı Poçtovı küçəsində yerləşirdi. Sonra küçəyə N.Ostrovskinin adı verildi. Dəfələrlə redaksiyada olmuş, Mirzə Cəlil və Əli Nəzmi ilə görüşüb söhbət etmişəm. Böyük ədibə "Cəlil dadaş" deyə müraciət edərdim. "Kənd kooperativlərində" adlı felyetonum jurnalda gözəl bir illüstrasiya ilə verilmişdi. Felyetonda Lənkəran rayonunun Veravul kənd mağazasında əhaliyə lazım olan zəruri tələbat mallarının olmaması tənqid edilirdi. Mağazanı təsvir edən şəklin altında bu sözlər yazılmışdı:

 

Azsoyuzdur - ərşini var, bezi yox,

Narkomlardır özün bəzir, bizi yox.

 

(Ardı var)

 

 





03.11.2022    çap et  çap et