525.Az

Kürdlər İraq ordusunun texnikasını Ərbilə daşıyır


 

Kürdlər İraq ordusunun texnikasını Ərbilə daşıyır<b style="color:red"></b> İŞİD qüvvələrinin Mosulu işğalından sonra İraq ordusundan qalma zirehli texnikanın bir hissəsi peşmərgələr tərəfindən mənimsənilib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, onlarla avtomobil və tank  TIR-larla Ərbilə aparılır.
 
Mosuldan Ərbilə daşınan texnikanın təmir olunduqdan sonra təkrar cəbhəyə göndəriləcəyi deyilir. Peşmərgələr, texnikanın İŞİD talanından qurtarmaq məqsədilə Kürdüstana aparıldığını açıqlayıb: “İraq ordusu əlindəki texnikayla İŞİD-ə qarşı mübarizə aparsaydı, İŞİD rahat şəkildə Mosula girə və şəhəri ələ keçirə bilməzdi. Əllərində bu qədər texnika ola–ola, bir güllə atmadan geri çəkilmələri təəccüb doğurur”.
 
İraq ordusuna aid texnikanın bir qismində İraq bayrağı dalğalansa da, bir qismindən bayraqlar çıxarılıb. Tanklardakı Kürdüstan bayraqları da diqqətdən yayınmayıb.
 
 
Bu arada İraq Kürdüstan bölgəsinin lideri Məsud Barzani sünnilərin lideri və İraq parlamentinin sədri Usame El-Nuceyfi ilə görüşüb. M.Bərzani Nuceyfi ilə Səlahəddindəki görüşdə İraqda baş verən hadisələri müzakirə edib.
 
İraqın Kürdüstan bölgə nazirliyinin saytında görüşlə bağlı yerləşdirilmiş açıqlamada iki liderin İraqda baş verən problemlərin siyasi yollarla həll olunmasını və terrorla mübarizədə birgə hərəkət etməli olduqlarını bildiriblər.
 
M.Bərzani terrorçulara qarşı birlikdə mübarizə aparmağa tərəfdar olduqlarını qeyd edib: “Kürdüstan sünni və şiə qardaşlarıyla birlikdə terrorçulara qarşı vuruşmağa hazırdır. Ancaq terrorla mübarizə adı altında məzhəb savaşı aparılmasının tamamilə əleyhinəyik. Belə bir qarşıdurmada kiminsə tərəfini tuta bilmərik. Bu böhran hərbi yollarla yox, siyasi yollarla həll olunmalıdır”.
 





20.06.2014    çap et  çap et