Son dövrlərdə regional və qlobal miqyasda Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi ətrafında ziddiyyətli proseslərin getdiyi haqqında ekspert dairələrində daha çox danışmağa başlayıblar. Rusiya-Ukrayna münaqişəsinin daha da kəskinləşməsi fonunda bu, təbii olaraq bir neçə sual yaradırdı. Cənubi Qafqaz geosiyasi turbulentliyə sürüklənə bilərmi? İranın destruktiv fəaliyyəti Rusiyanın burada mövqeyini zəiflədib, Qərbin əl-qolunu aça bilərmi? Region dövlətləri bu situasiyada hansı addımları ata bilərlər? Bu və bu kimi digər suallara cavab axtarılırdı. Bunun digər əsas arqumenti Fransa başda olmaq üzrə Avropa İttifaqının özünü regiona atmağa çalışmasıdır. Artıq Ermənistana Aİ-nin "mülki nümayəndələri" gediblər. Bunun davamı ola bilərmi? Bu sual da ekspertlər üçün aktualdır. Bütün bunların fonunda Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Soçi görüşündə müzakirələrinin məzmunu və istiqaməti maraq doğurur, bununla bağlı müxtəlif fikirlər irəli sürülürdü. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, məharətli və əsaslı addımları hər şeyi yoluna qoydu. Məsələnin bu tərəfi üzərində geniş dayanmağa ehtiyac duyuruq.
Azərbaycan-Gürcüstan-Ermənistan platforması: Azərbaycan Prezidenti regional nizamın memarı kimi
Ekspertlər hazırda dünyada çox mürəkkəb geosiyasi proseslərin getdiyinə şübhə etmirlər. Rusiya-Ukrayna müharibəsinin fonunda böyük geosiyasi güclərin mübarizəsi getdikcə daha təhlükəli xarakter almaqdadır. İndi müxtəlif siyasi səviyyələrdə nüvə silahının tətbiqi imkanından danışırlar. Ekspertlərə görə, bu ssenarini istisna etmək olmaz. Dünyanın müxtəlif regionlarında, o cümlədən, Cənubi Qafqazda da geosiyasi mənzərə xeyli mürəkkəbləşib. Bunun əsas səbəbi Ermənistanın normallaşma və sabitləşmə proseslərinə süni əngəllər törətməkdə davam etməsi və onun havadarlarının bölgə dövlətlərinə təzyiq göstərməyə cəhd etməsidir. Konkret olaraq, Fransa və İranın Ermənistanı tam müdafiə etmələri və həmin əsasda da Azərbaycana qarşı əsassız addımlar atmağa çalışmaları ekspertləri rahatsız etməkdədir.
Bütün bunlar istər-istəməz sabitlik, sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni təşəbbüslərin irəli sürülməsini zəruri edir. Lakin belə ziddiyyətli və mürəkkəb vəziyyətdə yeni təşəbbüslər irəli sürmək asan deyildir. Burada başlıca məqsəd irəli sürülən təkliflərin reallaşdırılması ilə bağlıdır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlar, reallaşdırdığı proqramlar diqqəti çəkir. Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın təmini aspektində İlham Əliyevin iki səfərini vurğulamaq lazımdır.
Onlardan biri Azərbaycanın dövlət başçısının Gürcüstan, digəri isə Soçi səfəridir. Hər iki səfərdə İlham Əliyev tarixi əhəmiyyəti olan fəaliyyət nümayiş etdirib. Gürcüstana səfərindən öncə, Praqa səfəri zamanı Azərbaycan Prezidentinin regionda yeni əməkdaşlıq formatını - Azərbaycan-Gürcüstan-Ermənistan formulunu təklif etməsi ekspertlərin böyük marağına səbəb olmuşdu. Bu təklifin reallaşması istiqamətində İlham Əliyevin Gürcüstana səfəri mühüm rol oynayır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan rəhbərinin təklifini yüksək qiymətləndirdiyini ifadə edib, bu formulun region ölkələrini bir sıra təhlükələrdən xilas edə biləcəyini söyləyib. Azərbaycan, Gürcüstan və Ermənistan kənar müdaxilə olmadan öz aralarında müstəqil şəkildə problemləri müzakirə edib, yekun qərara gələ bilərlər.
Burada çox maraqlı və əhəmiyyətli bir geosiyasi məqam vardır. Məsələ ondan ibarətdir ki, kənar böyük qüvvələrin regiona müdaxiləsi arzuolunan deyil. Məsələn, Azərbaycan heç bir qüvvənin müdaxiləsini arzulamır. Gürcüstan Rusiya ilə münasibətlər qurmaq fikrində deyil, Ermənistan isə ancaq özünə dəstək verən böyük dövlətlərin müdaxiləsini arzulayır. Bu qarışıq situasiyadan ən yaxşı çıxış yolu region dövlətlərinin özlərinin əməkdaşlığının təşkilidir.
Lakin rəsmi İrəvan bu təklifə də lazımi reaksiya verməyib. Çünki onun əsl niyyəti Cənubi Qafqazda sabitlik və təhlükəsizlik deyil. Buna baxmayaraq, Azərbaycan Prezidenti, faktiki olaraq, Ermənistan rəhbərliyini dilemma qarşısında qoyub - regionda kənar təsir olmadan sülhü və təhlükəsizliyi təmin etmək mümkündür. Ermənistanla Azərbaycanın fəaliyyətinin vurğulanan aspektləri fonunda regionun gələcəyi ilə bağlı üç mühüm geosiyasi qənaət əldə etmək olar. Birincisi, Azərbaycan 44 günlük Zəfər savaşından sonra Cənubi Qafqazda pozitiv geosiyasi rolunu oynamaqda davam edir. Azərbaycan bu məsələdə regionun aparıcı gücüdür.
İkincisi, Azərbaycan regionda liderlik funksiyasını yerinə yetirmək üçün kifayət qədər gücə malikdir. İstənilən ekstremal situasiyada rəsmi Bakı regionun maraqlarına cavab verən təkliflə çıxış edə bilir. Azərbaycan Prezidentinin bu istiqamətdə kreativ potensialı tükənməzdir. İlham Əliyev kifayət qədər səmərəli və fəal addımları ilə regionun xaosa və qarşıdurmaya sürüklənməsinin qarşısını alan liderdir. Bu reallığın indi daha aydın hiss edilməsi olduqca vacib məqamdır. Çünki mürəkkəb bir situasiyada Cənubi Qafqazda hansı dövlət başçısının hansı addımları ata bildiyini bütün dünya görür.
Üçüncüsü, aydın olur ki, regionda yalnız Ermənistan pozucu fəaliyyət göstərir. Rəsmi Tbilisi Azərbaycanın bu təklifinə kifayət qədər müsbət yanaşır. O cümlədən, absurd Hindistan-İran-Ermənistan nəqliyyat marşrutunun perspektivsizliyini dərk edir. İrakli Qaribaşvili regionda Azərbaycanla yaxın strateji tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərəcəklərini bəyan edib. Prezident İlham Əliyev də iki ölkə arasında münasibətlərin, faktiki olaraq, müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. Bu məqam da regionun gələcəyi baxımından çox əhəmiyyətli bir geosiyasi faktı gündəmə gətirir.
Tarixdə ilk dəfə olaraq Azərbaycan region çərçivəsində üç dövlətlə - Türkiyə, Rusiya və Gürcüstanla strateji müttəfiqlik münasibətləri qurmağa nail olub. İran və Ermənistan isə bu prosesdən kənarda qalmaqdadırlar. Deməli, Azərbaycan faktiki baxımdan regional miqyasda davamlı sülh, barış və əməkdaşlıq üçün olduqca faydalı formul yaratmaqdadır. Bu ideyanın inkişafı yeni səviyyədə Cənubi Qafqazı inkişafa motivə edəcəkdir.
Bunlar Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü Azərbaycan-Gürcüstan-Ermənistan əməkdaşlıq platformasının regional və qlobal miqyasda faydalı formul olduğunu təsdiq edir. Əgər Ermənistan həqiqətən bu təşəbbüsə qoşulsa, Cənubi Qafqaz uzunmüddətli sabit və inkişaf edən regiona çevrilə bilər. Bu baxımdan Azərbaycan Prezidentinin Soçi görüşündə nümayiş etdirdiyi mövqe böyük əhəmiyyət kəsb edir.
Çünki Azərbaycanın dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı açıq bəyan etdi ki, "Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb". Bu, üç aspektdə tarixi bir tezisdir. Əvvəla, Azərbaycan Qarabağ məsələsini öz gücünə həll etmiş dövlətdir və bu statusunu heç vaxt itirməyəcək.
İkincisi, Azərbaycan müstəqil siyasətində davam edir və ona bununla bağlı heç bir qüvvə təzyiq edə bilməz. Həmin səbəbdən nə Qərb, nə də Rusiya və ya İran heç bir şeyə ümid etməməlidirlər.
Üçüncüsü, Azərbaycan müzakirələri ancaq Azərbaycanla Ermənistan arasında normalaşma müstəvisinə atmaqla indi aktual olan məsələnin Cənubi Qafqazın rifahı və təhlükəsizliyi olduğunu bir daha ortaya qoyub. Deməli, İlham Əliyev siyasi-diplomatik ustalıqla Gürcüstan səfərinin başlıca məqsədi ilə Soçidəki müzakirələrin strategiyasını vahid məqsədə xidmət müstəvisinə gətirə bilib. Bu iki görüş-müzakirələr həmin mənada bir-birini tamamlayır. Onları birləşdirən ana xətt Cənubi Qafqazda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın təmin edilməsidir. Hazırkı mürəkkəb geosiyasi şəraitdə bunu İlham Əliyevin regional lider kimi böyük uğuru hesab etmək olar!
Soçiyə aparan yollar: İlham Əliyevin qürurlu duruşu və Paşinyan Putinin çətiri altında
Soçidə aparılan danışıqlar və qəbul edilən birgə bəyanatın mətni də həmin tezisin doğruluğunu təsdiqləyir. Bəyanatın məzmunu tam olaraq İlham Əliyevin qələbəsini nümayiş etdirir.
Öncə vurğulayaq ki, müxtəlif ölkələrin ekspert dairələrində Soçi görüşü ilə bağlı bir sıra hallarda spekulyativ fikirlər səsləndirilməsi müşahidə edilmişdi. Onlar görüşdə Nikol Paşinyanın "yeni şərtlər" qoyacağından bəhs edirdilər. Məsələn, guya Rusiya sülhməramlılarının mandatı 10-15 il də uzadıla bilər. Və yaxud məsələni hansı geosiyasi gücün - Qərb, yoxsa Rusiyanın dominantlığının təsdiq olunacağı aspektində təqdim etməyə çalışırdılar. Qərb tərəfdən də müəyyən informasiya axını vardı, Rusiyanın regionda dominantlığını itirdiyi və Qərbin regiona müdaxiləsinin qaçılmaz olduğu təəssüratını yaratmağa çalışırdılar.
Bu kontekstdə N.Paşinyanın da saxta bir "oyun" oynamaq istəyi üzə çıxdı. O, Qərblə Rusiya arasında uğursuz bir manevr edib bəyan etdi ki, "Vaşinqton planı" yoxdur, "Azərbaycan planı vardır". Bununla o, bir tərəfdən, Azərbaycanla Rusiya arasında narazılıq yaratmağa çalışır, digər tərəfdən isə, Ermənistanın Rusiyanın planına uymaq istədiyini nümayiş etdirirdi. Məsələnin kökü isə Rusiya Prezidentinin "Valday" beynəlxalq diskussiya klubunun plenar iclasında çıxışı zamanı söylədiyi müəyyən fikirlərlə bağlıdır. Həmin tədbirdə bir erməni analitik V.Putinə Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı sual vermişdi. V.Putinin cavabı bir qədər qeyri-müəyyən olmuşdu. Belə ki, Rusiya Prezidenti Ermənistan və erməni xalqının qəbul edəcəyi hər bir sazişə razı olacağını bəyan etmişdi. Əgər Ermənistan rəhbərliyi Vaşinqtonun təklif etdiyi planı qəbul edib, Qarabağın Azərbaycan tərkibində qalmasına etiraz etməsə, Moskva da məmnuniyyətlə buna razı olacaq.
Əslində, burada V.Putin diplomatik hiyləyə əl atmış və onsuz da aksiom olan bir faktı ermənilərə onu dəyişə biləcəyinin işarətini vermişdi. Ekspertlər bununla, faktiki olaraq, V.Putinin N.Paşinyana onun əsl mövqeyini bildiyinin siqnalı kimi qiymətləndirirdilər. Çünki V.Putin dəqiq bilir ki, münaqişə həll edilib və Qarabağ onsuz da Azərbaycanındır. Burada hər hansı bir üsulla (hərbi və ya siyasi-diplomatik) vəziyyəti dəyişmək qeyri-mümkündür. Lakin primitiv erməni diplomatiyası bu şirnikdirici tələyə düşdü.
Xatırladaq ki, həmin məqamda N.Paşinyan V.Putinin söylədiklərinə reaksiya verərək "Ermənistan üçün əsas olanı Rusiyanın planıdır" dedi. Rəsmi İrəvan onu qəbul edir və deməli, işarə vermək istəyir ki, Rusiyanın planında Qarabağın Azərbaycanın tərkibində olması şərti yoxdur. Bundan başqa, N.Paşinyan Rusiya sülhməramlılarının regionda qalması müddətinin 10-15 il uzadılması təklifini irəli sürəcəyini bəyan etdi.
Və bütün bunların fonunda yağışlı-çiskinli Soçidə N.Paşinyanın V.Putinin böyük qara çətiri altına sığınması Ermənistanın tam olaraq yenə də Rusiyadan asılılığı kimi qiymətləndirilir.
Burada bir məqamı da vurğulamağa ehtiyac görürük. Soçi görüşündən əvvəl keçirilən KTMT-nin iclasında Belarus Prezidenti Aleksandr Lukaşenko sözün həqiqi mənasında N.Paşinyanın dərsini verdi. O, açıq dedi ki, "get problemini İlham Əliyevlə razılaşmaqla həll et". KTMT bu kimi məsələlərlə məşğul olmamalıdır. Həm də Azərbaycan KTMT üzvlərinin strateji tərəfdaşıdır. Onun da maraqlarını gözləmək lazımdır.
Görünür, bu dərsdən də nəticə çıxara bilməyən N.Paşinyan eyni səhvləri Soçi görüşü ərəfəsi də təkrar etdi. Ancaq onun bütün səhvlərini İlham Əliyev ustalıqla "düzəltdi"!
Azərbaycan Prezidenti Soçidə aydın mövqe ortaya qoydu. Göstərdi ki, Azərbaycan Qarabağ məsələsini həll edib və bu, üç sənəddə öz təsbitini tapıb. Onlar 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlardır. Həmin bəyanatlarda həm münaqişənin sona çatdığı, həm də postmünaqişə mərhələsində atılmalı olan addımlar müddəalarla təsbit edilib. Ona görə də 2022-ci ilin oktyabrında Soçidə yalnız postmünaqişə mərhələsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasından danışıldı. Həmin danışıqlar da vurğulanan sənədlərdə nəzərdə tutulan istiqamətdə və punktlar kontekstində aparıldı. Məsələn, erməni silahlı dəstələrinin hansı səbəblərdən Azərbaycan ərazisini tərk etmədiyi ilə bağlı müzakirələr aparıldı. Digər tərəfdən, hansı səbəblərdən Ermənistan tərəfi kommunikasiyaların açılmasını ləngidir. Niyə yenə də Ermənistan ərazisindən Azərbaycana atəş açılır. Nə üçün Zəngəzur dəhlizinin açılışı ləngidilir və s.
Bütün bunların qarşısında N.Paşinyan heç bir tutarlı mövqe ortaya qoya bilməyib və birgə bəyanatı bloklamağa cəhd göstərib. Onun bu yersiz cəhdinin də qarşısı alınıb. Bəyanatın mətninə nəzər saldıqda, orada Azərbaycan Prezidentinin nəzərdə tutduğu bütün müddəaların yer aldığını görmək olur. O cümlədən, bəyanatda tərəflərin məsələyə ümumi yanaşması aşağıdakı kimi ifadə edilib: "Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik. Qalan məsələlərin, o cümlədən, humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq".
"Əlvida münaqişə!":
"Salam Azərbaycanın Qarabağı!"
Aydın görünür ki, söhbət nə Qarabağdan, nə də kiminsə mandatının uzadılmasından deyil, məhz "Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi"ndən gedir. Bu, N.Paşinyanın görüşlə bağlı əsas tezisinin iflasını ifadə edir.
Bəyanatda daha sonra deyilir: "Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğuladıq.
Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəldik".
Bu müddəadan da görünür ki, tərəflər regionda əsas sülhməramlı qüvvə kimi Rusiyanı qəbul edirlər və buna görə əlavə "sülhməramlılar"a ehtiyac yoxdur. Konkret olaraq, tərəflər Qərbin vasitəçiliyinin bu çərçivədən kənara çıxa bilməyəcəyini ifadə edirlər. Rusiya əsas vasitəçidir və sabitliyi təmin etməkdə aparıcıdır. Fransa, Avropa İttifaqı və ya Amerikanın müdaxiləsi yolverilməzdir. Bu da N.Paşinyana ağır bir "tərs şapalaq"dır. Üstəlik, münasibətlərin normallaşması BMT Nizamnaməsinə və ərazi bütövlüyünün təminini nəzərdə tutan sənədlərə uyğun olmalıdır. Bu isə delimitasiya və demarkasiya prosesinə kənar müdaxiləyə yol verilməyəcəyi deməkdir.
Və nəhayət, bütün bunların fonunda daha bir əhəmiyyətli məqam: "Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğuladıq. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşdıq. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək".
Bu müddəanın da mənası Ermənistanın əsas fikrini Azərbaycanla sülh müqaviləsini imzalamağa yönəltməkdən ibarətdir. Başqa təxribatlarla məşğul olmasın, o cümlədən, Qarabağ məsələsinin tam həll edildiyini birmənalı qəbul etsin.
Ekspertlərin Soçi görüşünün bu nəticələrini qiymətləndirməsi də çox maraqlıdır. Onlar hesab edirlər ki, Soçi görüşü bir sıra geosiyasi məqamı aydınlaşdırır. Birincisi, məsələ böyük mənada Qərblə Rusiyanın region uğrunda mübarizəsinin yeni bir mərhələsinin başlanması ilə bağlıdır. V.Putin nümayiş etdirdi ki, Cənubi Qafqazda regional məsələlərin həllində aparıcı rolu saxlamaq niyyətindədir və birgə bəyanat onun təsdiqidir.
İkincisi, buna baxmayaraq, bir sıra ekspertlər əmindirlər ki, Rusiya regionda yeganə dominant güc deyildir və bura Türkiyənin ciddi təsiri var, İran faktorunu istisna etmək olmaz və üstəlik, Qərbin də təsiri mümkündür. İsrailin potensial olaraq regionda qüvvələr nisbətinə təsiri arxa plana atılmamalıdır.
Üçüncüsü, N.Paşinyanın növbəti dəfə rus diplomatiyasını aldatmaq planı baş tutmadı. Əksinə, ona xəbərdarlıq edildi ki, vəzifəsini və başını itirə bilər. Ekspertlər bu baxımdan Soçi görüşü ərəfəsi Xankəndidə separatçıların mitinq təşkil etməsini arqumentlərdən biri kimi göstərir, həmin bağlılıqda da "Vardanyan faktoru"na diqqət çəkirlər.
Dördüncüsü, bir sıra ekspertlər hesab edirlər ki, Soçidə Azərbaycan və Ermənistana güclü təzyiqlər olub. Lakin əsas olaraq Azərbaycan buna tab gətirib və öz mövqeyini qəti şəkildə ortaya qoyub. Bu isə növbəti dəfə Azərbaycan Prezidentinin yüksək liderlik keyfiyyətinin təsdiq olunması deməkdir.
Nəhayət, Soçi görüşü göstərdi ki, Qərb-Rusiya qarşıdurması Cənubi Qafqazda yeni məzmun çaları kəsb edir. ABŞ və Avropa İttifaqı rəsmilərinin dəfələrlə Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşməsi onu göstərir ki, Qərbin əl çəkmək fikri yoxdur. O, Rusiyanı regiondan sıxışdırmağa çalışır və buna davam edəcək. Deməli, növbəti görüşü Brüsseldə görə bilərik. Və orada hansı bəyanatın veriləcəyi maraqlı olacaq. Ancaq bütün hallarda Azərbaycan müstəqil və qalib mövqeyindən zərrə qədər də geri çəkilməyəcək. Çünki Azərbaycan tarixi ədaləti, barışı, sülhü, əməkdaşlığı reallaşdırmağa çalışır. Qələbə yenə də Bakınındır!
Kamal ADIGÖZƏLOV
çap et