525.Az

Molla rejiminin erməni sevgisi


 

DEPUTAT ELMAN MƏMMƏDOV: "HEYİF Kİ, BU REJİMİN RƏHBƏRLİK ETDİYİ DÖVLƏTİN ADINDA İSLAM RESPUBLİKASI VAR"

Molla rejiminin erməni sevgisi<b style="color:red"></b>

Adında islam sözü olan əslində isə molla rejiminin hakim olduğu dövlət illərdir ki, Azərbaycana qarşı mənfur siyasət sərgiləməkdədir. Bu, özünü ölkəmiz müstəqilik əldə etdikdən bu yana göstərir. Tehran rejimi Azərbaycanın müstəqilliyindən daim qorxuya düşüb və bunu gizlədə bilməyib. Torpaqlarımızın işğalda olduğu 30 ilə yaxın müddət ərzində İran nəinki müsəlman, islam həmrəyliyi nümayiş etdirməyib, əksinə işğalçı Ermənistana hər cür dəstək verib. İqtisadi blokada da olan Ermənistanın vəziyyətini yüngülləşdirmək üçün "köməyini" əsirgəməyib. Eyni zamanda, insanlarımızın işğal zamanı qoyub çıxdıqları mal-mülklərini ermənilərlə birgə talayıb. Sözdə isə vasitəçilik təklif edib. İranın "vasitəçiliyini" də unutmamışıq.

1992-ci ildə bu vasitəçilik Şuşanın işğalı ilə nəticələndi. Nəhayət, torpaqlarımız azad edildikdən sonra İran sonuncular sırasında Azərbaycanı təbrik etməyə məcbur qaldı. Eyni zamanda, 44 günlük müharibədə də Ermənistana dəstəyini davam etdirdi. Tehran rejimi əvvəllər Azərbaycana qarşı mollaların, deputatların, siyasətçilərin dili ilə "xox" gəlməyə çalışırdısa, sonradan bir az da irəli gedib rəsmi səviyyədə təhdidlərə başladı. Amma Bakı məhz qonşuluq, orda yaşayan soydaşlarımızı, müsəlman, islam amillərini nəzərə alaraq İranın mənfur əməllərinə qarşı açıq bəyanatlar vermədi. Bu da görünür qonşumuzu "cəsarətləndirib" və Azərbaycanın münasibətini başqa cür anlayıb.

Sərhədimizdə hərbi təlim keçirib, Qafanda konsulluq açmaqla bizə əzələ nümayişini düşünür. Amma əslində özünü daha da gözdən salır. Çünki özünü islam dövləti adlandıran necə işğalçıya, məscidləri təhqir edən, Xocalı kimi dəhşətli soyqırım törədən Ermənistana qucaq aça bilər. Son günlər qarşılıqlı səfərlər də bunu göstərir. Ermənistanın baş naziri Nikol Paşinyan Soçidəki üçtərəfli görüşdən dərhal sonra İrana getdi, ağalarına hesabat verdi. Bir neçə gün əvvəl  İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri isə təxirə salınıb. Məlumata görə, məhz İran tərəfi son anda səfərdən imtina edib. Ermənistanın əvvəlki liderlərinin də İran rəhbərləri ilə mehriban görüşlərinu hər birimiz yaxşı xatırlayırıq. İran rejiminin əli müsəlmanların qanına batan Ermənistan rəsmilərinə qucaq açması utancvericidir.

 

"HEYİF Kİ, MOLLA REJİMİNİN RƏHBƏRLİK ETDİYİ DÖVLƏTİN ADINDA İSLAM RESPUBLİKASI VAR"

 

Milli Məcıisin deputatı Elman Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, bütün bunlar İran rejiminin yeni hərəkətləri deyil: "Elə əvvəldən İranın müstəqil Azərbaycan dövlətinə qarşı olan düşmənçilik siyasəti, düşmənçilik hərəkətləridir ki, bu gün də davam edir. Biz İran rejiminin 30 il müddətində torpaqlarımızın işğalı zamanı hərəkətlərini gözdən keçirək. Ermənilərin işğal etdiyi ərazilərimizi kim talan etdi, kim daşıdı? Əlbəttə ki, İran. Erməniləri enerji daşıyıcıları ilə - qaz, neft, benzin, elektrik enerjisi ilə kim təmin etdi? Hamısını İran edirdi. Yəni İran rejimi Azərbaycan müstəqillik qazanandan bəri ölkəmizə qarşı düşmənçilik mövqeyi sərgiləyib, Ermənistanla dost-qardaş münasibətdə olub. İranın bu mövqeyi bu gün də davam edir. Bu, İran xalqının günahı deyil. İran xalqı böyük xalqdır, orda bizim 30 milyondan çox soydaşımız yaşayır. Bu, İranda hakimiyyətdə olan molla-fars rejiminin mövqeyidir. Molla rejimi ilə Ermənistan dövlətində mövcud faşist rejiminin heç bir fərqi yoxdur. Azərbaycana qarşı düşmənçilik hərəkətləri, ermənilərin silah-sursatla, bütün hər şeylə təminatı, Azərbaycana hədə-qorxu gəlməyi, sərhəddə bizi təhdid etmək, guya qorxutmaq məqsədilə keçirdiyi təlimlər. Bir nəfər də olsun iranlının yaşamadığı Qafanda konsulluğun açılması, əhalisinin 99 faizi azərbaycanlılardan ibarət olan Təbriz şəhərində ermənilərin konsulluq açmaq niyyəti və sair. Saymaqla qurtarması mümkün olmayan bu əməllər İran rejiminin münasibətini bir daha ortaya qoyur. Çox heyif ki, molla-fars rejiminin rəhbərlik etdiyi dövlətin adında islam respublikası var".

O əlavə edib ki, ermənilər bu illər ərzində islam dininə aid olan bütün müqəddəs abidələri məhv edib, dağıdıb, murdarlayıblar: "60-dan çox məscidimizi dağıtdılar, müqəddəs yerlərdə mal-heyvan, donuz saxladılar, ziyarətgahlarımızı murdarladılar, məzarlıqları dağıtdılar. Əgər İran müsəlman dövlətidirsə, İslam Respublikasıdırsa, gərək Ermənistanın bu mənfur hərəkətlərinə qarşı çıxaydı. Əksinə ermənilərin bunları etməsinə bir növ yardım etdi, kömək göstərirdi. Hətta 44 günlük Vətən müharibəsi dövründə də bu hərəkətlərindən əl çəkmədi. Yenə erməniləri silahla, yanacaqla təmin etmək və İranın Ermənistana dəstəyi, eyni əməlləri bu gün də davam edir".

E.Məmmədov hesab edir ki, molla rejiminin bu hərəkətləri İran ictimaiyyəti tərəfindən də müsbət qarşılanmır: "Yəni molla rejimi öz əhalisinin, istimaiyyətinin qəzəbinə gələcək. Necə ki, gəlibdir. Artıq bu ölkədə etirazlar 2 aya yaxındır davam edir. Xalq nə istəyir? Azadlıq istəyir, demokratiya istəyir, hüquq istəyir. Bəs molla fars rejimi nə ilə məşğul olur? Azadlıq, hüquq istəyən öz əhalisini edam edir, güllələyir, işgəncə verir, həbsxanalara doldurur. Ancaq İran bir məqamı unutmamalıdır - Azərbaycan müstəqil, suveren dövlətdir". Deputat onu da bildirib ki, Azərbaycan və İran qonşu dövlətlərdir. Tehran rejiminin bu istiqamətdə apardığı siyasət İrana nə başucalığı gətirəcək, nə də xeyir verəcək.

 

"İRAN MOLLALARI AZƏRBAYCANA DƏDƏLİK ETMƏK İSTƏYİRLƏR"

 

Deputat Rasim Musabəyov isə "525"ə bildirib ki, münasibətlərin bu həddə çatmasında İran tərəfi günahkardır: "İran sərhədlərimizdə təlimlər keçirməklə əzələ nümayiş etdirməyə çalışdı. Onların müəyyən iddiaları var, eyni zamanda, Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Gedib ermənilərə qucaq açırlar. Bütün bu əməllərindən sonra anladılar ki, onların parlament sədrlərinin səfəri münasibətləri dəyişdirmək üçün kifayət deyil. Bizim münasibətlərimiz təəssüf ki, xoşagəlməyən bir mərhələdədir. Bunda da İran tərəfi günahkardır. İstənilən halda İran özünün səbəbkar olduğu bu gərginlikdən heç nə qazanası deyil. İran mollaları Azərbaycana dədəlik etmək istəyirlər, biz də bunu təbii ki, rədd edirik". 

Milli Məclisin deputatı Əziz Ələkbərli deyib ki, İranın anti-Azərbaycan və ermənipərəst siyasəti bu günün hadisəsi deyil. 1925-ci ildə qərbin dəstəyi ilə hakimiyyətə gələn Pəhləvi fars rejimi daim bu siyasəti yeridib.

Onun sözlərinə görə, məhz bu rejim 1946-cı ildə paytaxtı Təbriz olan Azərbaycan Milli Hökumətini qan gölündə boğdu: "1979-cu ildə Pəhləvi hakimiyyəti devrilib, yerinə molla rejimi gəlsə də, dəyişən forma idi, məzmun eyni ilə qaldı, Avropa kostyumunu çıxaran fars rejimi başına molla əmmaməsi qoyub, əyninə molla əbası geyməklə kifayətləndi. Qarabağ müharibəsi başlayan gündən İranın fars-molla rejimi öz düşmənçiliyini aydın şəkildə ortaya qoydu, Azərbaycana torpaq iddiası irəli sürən, ərazilərimizi işğal edən, insanlarımızı dədə-baba yurdlarından vəhşicəsinə qovub, qaçqın-köçkün vəziyyətinə salan işğalçı Ermənistanı bütün vasitələrlə dəstəklədi, ərzaqla, yanacaqla və s. vacib resurslarla təmin etdi. Bütün vasitələrlə çalışdı ki, Azərbaycan işğal altında qalsın, bu münaqişə uzansın.

44 günlük müharibə zamanı isə İran Azərbaycana qarşı açıq şəkildə düşmənçilik mövqeyi tutdu. Bu gün də bu mövqeyini davam etdirir. Əvvəl bunu guya gizli görürdü, indi açıq şəkildə Azərbaycanı hədələyir, sərhədlərimizdə hərbi təlimlər keçir, Ermənistan sərhədlərini özləri üçün qırmızı xətt hesab edirlər. Amma bunun Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur və heç kəs də Azərbaycanla hədə dilində danışa bilməz. Necə ki, 44 günlük müharibə zamanı danışa bilmədi. O cümlədən və xüsusilə İranın fars-molla rejimi.

Biz isə bir şeyi yaddan çıxarmamalıyıq, "qarı düşmən dost olmaz". Bəzən bizim politoloqlar, ermənilərin ağıllanacağını, 44 günlük müharibənin nəticələrindən dərs çıxaracağını, Azərbaycanla, Türkiyə ilə sülhə gələcəyini, yenə də "hinger Hayastan" olacağını güman etdiyi kimi, elə güman edirlər ki, İranın fars rejimi də nə vaxtsa Azərbaycanla mehriban dost olacaq. Amma olmayacaq, nə erməni, nə də fars rejimi. Regionda siyasətimizi də buna uyğun qurmalıyıq".

 

 





05.11.2022    çap et  çap et