|
|
|
|
ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı dəstəkləyənlərin Konqressə seçkilərinin legitimliyini şübhə altına almağa cəhd göstərə biləcəkləri ilə bağlı xəbərdarlıq edib. Dövlət başçısı hesab edir ki, vətəndaşların səsvermə hüququnun boğulmaq və seçki sisteminin sarsılmaq təhlükəsi var. Sabiq prezident Donald Tramp 2020-ci il seçkilərinin nəticələrinin saxtalaşdırıldığı haqqında cəmiyyətin müəyyən kəsmində qənaət yarada bilib. Respublikaçılar Partiyasının tərkibində də şərti olaraq MAGA adlandırılan fraksiyaya mənsub olanlar da Trampın iddialarına inanırlar. MAGA Trampın 2016-cı il seçki kampaniyasındakı "Make America Great Again" (Amerikanı Yenidən Böyük Et) şüarından götürülüb və sabiq prezidentin güzəştsiz tərəfdarlarına yönəlik işlənir.
MAGA-çılar reallıqda Respublikaçılar Partiyasında azlıqda olsa da, hərəkətverici qüvvəyə çevrilib. Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə edilən hücum da məhz MAGA-çılar tərəfindən həyata keçirilib. Prezident Co Bayden bu hadisəyə işarə edərək son iki ildə siyasi zorakılıq və seçicilərin qorxudulması hallarının artdığını bildirib. Dövlət başçısı deyib ki, bu halların artmasına sabiq prezidentin seçkinin nəticələrinin oğurlanması ilə bağlı yalan iddiaları təkan verib.
Co Bayden siyasi zorakılığa göz yuman və ya sadəcə olaraq səssiz qalan insanların sayında narahatlıq doğuran artımın olduğunu da qeyd edərək demokratiyanın təhlükədə olduğunu bildirib: "Biz demokratiyanın təhlükədə olduğunu sümüklərimizlə hiss edirik, lakin bunu da bilirik ki, demokratiyamızı qorumaq bizim gücümüzdədir".
Siyasi şərhçilər prezident Co Baydenin qarşısında iki vəzifənin durduğuna diqqət çəkirlər. Co Bayden dövlət başçısı kimi demokratiyanın əsaslarının müdafiəsində dayanmalı, digər tərəfdən də Demokratlar Partiyasının lideri kimi partiyadaşlarının seçkidə qələbəsini təmin etməlidir. Aparılan rəy sorğuları Demokratlar Partiyasının qalib ola bilməyəcəyini göstərir. Prezidentin komandası və Demokratlar Partiyasının rəhbərliyi Konqressin aşağı palatasının itirilməsi ilə artıq razılaşıblar. Demokratlar Partiyasının Nümayəndələr Palatasında üstünlüyünü saxlaması möcüzə nəticəsində ola bilər. Buna görə də Co Baydenin komandası və Demokratlar Partiyasının rəhbərliyi Konqressin yuxarı palatasını, Senatı itirməməyə çalışırlar.
ABŞ tarixində Ağ evin partiyalardan birinin, Konqressin isə onun rəqibinin nəzarətində olduğu hallar çox olub. Lakin indi tamamilə fərqli vəziyyətdir. Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün dünyada gərginliyi artırıb. ABŞ Avropadakı müttəfiqləri ilə birlikdə Ukraynanı dəstəkləyərək Rusiyanın təcavüzkar siyasətinin qarşısını almağa çalışır. Prezident Co Baydenin və Konqresdəki demokratların Ukraynanın dəstəklənməsində rolu çox böyükdür.
Respublikaçılar qalib gələcəkləri halda Ukraynaya yardımı azaldacaqlarını bildirirlər. Əgər ABŞ Ukraynaya yardımını azaltsa, bu, Rusiyanın mövqelərinin güclənməsinə səbəb olacaq. Rusiyanın hərb meydanında vəziyyəti dəyişməsi isə ABŞ-ın dünyadakı liderliyini sarsıtmış olar. Rusiyanın uğurlarından ruhlanan Çinin də eyni yolla gedərək Tayvanı güc yolu ilə ilhaq edəcəyilə bağlı ehtimallar da gerçəkləşə bilər. Bu isə ABŞ-ın dünyadakı liderliyini tamamilə sarsıda, Vaşinqtonun müttəfiqlərini fərqli seçim etməyə sövq edər. Bütün bunlar Vaşinqtonun siyasi və fikir mərkəzlərində narahatlıqla müzakirə olunur. Sabiq prezident Donald Trampın "Make America Great Again" şüarının əsasını da məhz ABŞ-ın beynəlxalq məsələrdən daxili məsələlərə çəkilməsi təşkir edirdi. MAGA-çılar hesab edir ki, Vaşinqtonun qarşısında duran əsas məsələ Ukrayna və yaxud Avropanın təhlükəsizliyin təmin edilməsi deyil, Meksika ilə sərhədin təhlükəsizliyinin təmin edilməsidir. Bu, Trampın Meksika ilə sərhədə hasar çəkmək niyyəti ilə üst-üstə düşür.
Konqressə seçkinin məlum iğtişaşlardan, Trampın 2020-ci il prezident seçkilərini ləğv etmək cəhdlərindən sonra ilk federal seçki olduğunu vurğulayan Co Bayden seçiciləri Trampın mövqeyinin qatı müdafiəçisi olan namizədlərə səs verməməyə çağırıb. Seçiciləri ciddi düşünməyə çağıran Co Baydenin demokratiyanın qorunub saxlanılmasının onların seçimindən asılı olduğunu bildirib.
Co Baydenin narahatlıqlarının əsassız olmadığını göstərən məqamlardan biri də seçicilərin önəmli hissəsinin demokratiyaya inamının itməsidir. Aparılan araşdırmalar və rəy sorğuları ABŞ-da demokratiyaya münasibətdə ciddi fikir dəyişikliyinin yaşandığını göstərir. "The Associated Press-NORC"un oktyabr ayında keçirdiyi sorğuya görə, rəyi soruşulanların 52 faizi demokratiyanın pis işlədiyini düşünür. Bütün dünyada populist və radikal qüvvələrin iqtidara yolunu açan cəmiyyətin məhz demokratiyaya inanmayan hissəsidir. ABŞ-da isə artıq 52 faiz seçicinin demokratiyanın effektli olmadığı qənaətinə gəlməsi Tramp kimi populist siyasətçilərin iqtidara gəlmək imkanlarının artması deməkdir.
Trampa və MAGA-çılara qarşı isə Demokratlar Partiyası və onların təmsilçisi prezident Co Baydenlə yanaşı, Respublikaçılar Partiyasının bir hissəsi dayanır. Keçmiş vitse-prezident Mayk Pens və tərəfdarları hesab edir ki, Trampın populizminə qarşı "Reyqan mühafizkarlığı" dayanmalıdır. Belə görünür ki, Tramp iki cəbhədə mübarizə aparmalı olacaq. Bu mübarizə Konqressə bir neçə gündən keçiriləcək seçkidən sonra daha da güclənəcək. Bu mübarizənin sonunda Trampın Respubikaçılar Partiyası ilə yollarını ayıraraq özünün partiyasını yaradacağı da istisna deyil.