525.Az

Bizim İlqar - Hikmət Sabiroğlu yazır


 

Bizim İlqar - <b style="color:red"> Hikmət Sabiroğlu yazır</b>

Şuşalılar bəzən soyadı əvvələ çəkir. Onun da qismətinə düşüb: yeniyetməliyində və ilk cavanlığında Kərimov Vaqifin oğlu deyə tanınıb, sonra Kərimov İlqar kimi.

Yaş fərqimiz var İlqarla, nə Şuşada yaxınlığımız olub, nə qaçqınlığın siftə illərində, yalnız xeyirdə-şərdə hal-əhval tutmuşuq.

Son səkkiz ildə isə ayrı günümüz az olar. İlqarın xalası oğlu Abuzər köhnə dostumuzdur, onlar ayrı durmaz, beləcə yaxınlıq eləmiş, isinişmiş, dostlaşmışıq.

Ərköyün, şuluq olub İlqar. İndi də hərdən tərs damarı tutar, amma söz də eşidər, böyük-kiçik yeri bilər.

Üç bacının tək qardaşıdır. Gah birinin, gah o birinin qayğısı dalınca qaçar. Qohum-əqrəbanın, dost-qardaşın da hər işinə yarayar. Adama canı yanar, hava bir az çönəndə gəlib işdən götürər səni, maşını evin qapısına sürər.

Bir şərdən qalmaz, dostları bir-bir götürüb yasa aparar, sonra gətirib bir-bir düşürər.

Xəstə yatan var, İlqar düzüb-qoşar, gedib baş çəkərik. Həbs olunan var, İlqar bilir nə bazarlıq eləmək gərəkdir.

Evində bir əskiyi olan adama ən sərfəli dükanı nişan verər, qonaqlığa hər şeyin ən yaxşısını alar, evdə bişən mürəbbənin ilkini dostlara gətirər İlqar.

Hər üzünə söhbət eləmək olur, məlumatlıdır, biliklidir. Darıxmırsan onunla.

...Məni Şuşaya aparan oğlandır İlqar. Görürdü xiffət çəkirəm, bilirdi hər adama ağız açmaram, ona görə "Səni Şuşaya özüm aparacam" deyərdi. Dediyini də elədi. Neçə ay əlləşib icazəmizi aldı, maşına oturdub yurdumuza apardı.

Viran qalmış dədə evlərinin həyətində babası Hüseyn kişini xatırladım onda. Soyadı ilə tanınırdı o zabitəli kişi: Kərimov. Köhnə kişilərdən.

Atasının direktor olduğu kombinatın uçuqlarına da getdik. Vaqif Kərimov Şuşanın işğalından səkkiz il sonra vəfat edib. Cəmi 55 yaşında. Sayılıb-seçilən kişi olub.

İlqarın anası da Şuşanı azad görməmiş dünyadan köçüb. Qələbə savaşına bircə il qalmış.

Ata-ananın yurdunda yurdçu qalıb İlqar. Hamıdan çox bacıları zəng vurar ona, o da hamıdan çox bacılarını arayar.

İki oğluna bağlılığı da bir ayrı bağlılıq...

lll

Ürəyində problem varmış. Son vaxtlar bilinib, tez də üstünə düşüb, yüngül əməliyyat keçirib.

"Yaxşıyam" deyir, yaxşı bilirik.

Oktyabrın 30-u gündüz saat 2-də zəng vurur. Axşam çayxanada görüşməyə razılaşırıq. Hər gün olduğu kimi.

5-in yarısında xəbər eləyirəm gəl.

Dəstə cəm olur: Vasif Quliyev, Elçin, Abuzər, İlqar, mən...

Çox rahat gün. Arada beynimdən keçir noyabrın 27-si İlqarın 49 yaşı tamam olur, o vaxtacan lap yaxşılaşar...

lll

Səkkizə işləmiş evə gedirəm.

Məndən bir neçə dəqiqə sonra da İlqar evə yollanır.

Qalan dostlar bir az da oturası olur.

lll

Çox az keçib ayrılmağımızdan. Baxıram Elçindən zəng gəlib. İki zəng. Bir zəngin xatası yoxdur.

...Ölüm-itimin hər üzünü görmüş adamların da əlini üzündə qoyan ölüm. Evə çatmamış, yoldaca qəfil keçinib İlqar.

lll

Neçə dosta-simsara inanmadığım xəbəri mən çatdırası oluram.

Hər zəngə eyni sarsıntı:

- Bizim İlqar???

Hamının dilindədir:

- Bizim İlqar...

 





05.11.2022    çap et  çap et